Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1850/2025 27.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh, X9, X3, X13 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi, payın tanınması tələbinə dair iş üzrə (açar sözlər: vərəsəlik hüququna dair şəhadətnamənin ləğv edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, cavabdehlər X9, X3, X20, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X9, X3, X13 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydin ləğv edilməsi, payın tanınması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 Cavabdeh adına ¼ hissə, X1 adına ¼ hissə, X4 adına ¼ hissə, X5 adına 1/12 hissə, X10 adına 1/12 hissə, X14 adına 1/12 hissə olmaqla qeydiyyata alınmışdır.
2. "xxxx" ASC, "xxxx" ASC, “Azəriqaz” İB tərəfindən verilmiş hesab-fakturalardan görünür ki, ünvan 1 ünvanı üzrə X6 adına abonent kodu verilmişdir.
3. 64 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli arayışdan görünür ki, X6 ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır.
4. Ölüm haqqında şəhadətnamədən görünür ki, Şəfiqə İsa qızı xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
5. xx.xx.2013-cü il tarixli, 2V-1\185 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Şəfiqə İsa qızından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh, X3, X9, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X15 münasibətdə isə X11, X20 və X22 irs almalıdır.
6. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən xx.xx.2013-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanı üzrə 1928-ci ildə tikilmiş “A” literli, 2 mərtəbəli, 2 yaşayış otağı olan, ümumi sahəsi 271.4 kv.m və 1959-cu ildə tikilmiş “B” literli 1 mərtəbəli, 2 yaşayış otağı olan, ümumi sahəsi 40.6 kv.m-dən ibarət tikililər mövcuddur.
7. Məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli ərazidə bir neçə yaşayış sahəsi mövcuddur. Giriş hissədən içəri girərkən sol tərəfdə qapısı bağlı 2 otaq mövcuddur, içərisinə əşyalar yığılmışdır. Həmin otaqları keçdikdən sonra sol tərəfdə qapısı bağlı bir otaq və yanında və yanında yuxarı otağa qalxmaq üçün pilləkan mövcuddur. İddiaçı yaşadığı hissə həmin tikiliyə bitişik olmaqla giriş qapısı digər tərəfdəndir. Onun yaşadığı hissədə binanın çöl divarları təmirlidir. Həmin ərazinin “Fəridə və Pərviz Abbasovalar küçəsi” olduğunu bildirən lövhə asılmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.2013-cü il tarixdə 37 saylı Notariat kontoru tərəfindən cavabdehlərə verilmiş “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamə və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparıılmış qeydlərin ləğv edilməsi, iddiaçının ünvan 2 ünvanında yerləşən mərhum anasına məxsus əmlak üzərində digər cavabdehlər ilə bərabər miqdarda payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən iddiaçının da mərhum anası Şəfiqa İsa qızının ölümündən sonra qalan mülkiyyətinə bərabər pay hüquqlu varisdir. Lakin cavabdehlər iddiaçının bacı-qardaşı olsa da belə ondan xəbərsiz vərəsəliyi qəbul etmiş və analarından qalan əmlakı öz adına rəsmiıəşdirmişlər. X21 2007-ci ildə vəfat etmiş, onun ölüm gününə qədər və ölümündən hazırkı vaxta qədər iddiaçı anasına məxsus evdə yaşamışdır. Şəfiqə İsa qızı öldükdən sonra nə iddiaçı nə də ki, digər cavabdehlər qanun ilə nəzərdə tutulmuş müddət ərzində vərəsəliyi qəbul etməklə bağlı notariat kontoruna müraciət etməmişlər. Mərhumun ölümündən 6 il keçdikdən sonra, yəni 2013-cü ildə Cavabdeh, X3 və X9 bacıları və mərhum qardaşları X12 arvadı X11, X20 və X2 xəbərsiz mirası qəbul etmişlər digər bacıları X16 isə onu düşən paydan imtina etmişdir. Beləliklə göründüyü kimi, bütün varislər eyni vaxtda mirasın qəbul etmə prosesində iştirak etsələr də, iddiaçını bu barədə bilərəkdən məlumatlandırılmayaraq ondan xəbərsiz vərəsəlik haqqında şəhadətnamə alıb və mülkiyyəti öz adlarına rəsmiləşdirmişdirlər. İddiaçı öz ailə üzləri ilə birlikdə 1986-cı ildən bugünkü tarixə qədər həmin ünvanda yaşayır. Buna dair məhkəməyə əraziyə baxan 64 nömrəli mənzil komunal istismar sahəsi tərəfindən verilmiş yaşayış yeri haqqında arayışlar sübut kimi göstərilir. Bundan başqa xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclasında cavabdehlərdən X3 bacısının 2001-ci il tarixdən bu günkü günədək həmin ünvanda yaşadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında o, cavabdehlərə və onların vəkillərinə sual ünvanlayaraq soruşmuşdur ki, niyə miras əmlakının yerləşdiyi Yasamal rayon ərzisində deyil məhz Günəşlii qəsəbəsində yerləşən 37 nörmrəli notariat kontorunda həyata keçirilib, cavab olaraq onlar bildirmişdirlər ki, miras qəbul edənlərdən biri Xanım Babayevanın səhhətində problemlər olduğu səbəbindən notariat hərəkətləri məhz mübahisə predmeti olan evdə həyata keçirilmişdir. Belə olan halda həmin ünvanda yaşayan iddiaçının mirasa dair münasibət bildirilməsinə cəlb edilməməsi bir daha sübut edir ki, bu hərəkətlər bilərəkdən onu paydan məhrum etmək üçün yönəldilən hərəkətlərdir. Miras iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir və bu səbəbdən də mülkiyyətdə onun da payı müəyyən edilməlidir. Belə ki, işin mübahisəsiz halı odur ki, iddiaçının anası vəfat edəndə iddiaçı öz ailə üzvləri ilə birlikdə miras əmlakında yaşamışdır (arayışlar, cavabdehlərin etirafı). Bu isə o deməkdir ki, o mirası faktiki olaraq qəbul etmişdir. Mülki Məcələnin 1243.2-ci maddəsində qeyd edilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin həmin vaxtı qüvvədə olan Mülki Məcəllənin 1255-ci maddəsində qeyd edilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu o deməkdir ki, iddiaçı miras açıldığı andan faktiki olaraq mirası qəbul etdiyi səbəbindən miras əmlakı artıq onun mülkiyyətindədir. Mülkiyyət hüququnun qeydiyyata alınmaması ilə bağlı notarial qaydada müraciət etmə bu halda işin formal, sənədləşdirilmə ilə bağlı hissəsidir. Oxşar məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında qeyd edilir: “Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.”
b) iddiaya qarşı etiraz
10. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyib göstərdi ki, iddiaçı miras əmlakı nə notariat orqanına ərizə verməklə, nə də faktiki qəbul etməmişdir. İddiaçının yaşadığı mənzil iddiaçının əmisinə məxsus sahə olmuş, xahişi əsasında əmisi qızı Aygün mənzili yaşamaq üçün iddiaçıya vermişdir.
13. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh vəkili və nümayəndəsinin dedikləri ilə razılaşdıqlarını bildirdilər.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, İddiaçı onun əmisi qızıdır. Məhkəməyə müraciət edənə qədər münasibətləri normal olmuşdur. İddiaçı onun evində yaşayır. Dilbərin yaşadığı evdə onun atası və anası yaşamışdır. O ailə qurduğu vaxtdan yaxınlıqdakı başqa ünvanda yaşayır. 2003-cü ildə Dilbərin anası ona müraciət edərək, evi müvəqqəti yaşamaq üçün Dilbərə verməyi xahiş etmişdir. Uşaqlıqdan həmin evləri mənzil 1 və mənzil 2 olaraq fərqləndirmişlər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür; Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir; Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
17. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Maddə 99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; ... Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; ... Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).”
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
21. Məhkəmə iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir.
22. İşin faktiki hallarından görünən odur ki, Şəfiqə İsa qızının xx.xx.2007-ci il tarixdə vəfat etməsi ilə ünvan 1 ünvanında yerləşən əmlaka münasibətdə miras açılmış, cavabdehlər 2013-cü ildə Bakı şəhəri 37 saylı Notariat kontoruna ərizələr təqdim edərək vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişlər. Şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilmişdir.
23. İddiaçı cavabdehlərdən Cavabdeh, Zivər Babayeva və Mətanət Cavanşirova ilə doğma bacı-qardaşdırlar. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı, onun özünün bildirdiyinə görə 1983-cü ildən, cavabdehlərin və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin bildirdiyinə görə isə 2000-ci illərin əvvəllərindən həmin ünvanda yaşayır. Hər bir halda, mirasın açıldığı xx.xx.2007-ci il tarixdə iddiaçının sözügedən ünvanda yaşadığı mübahisəsizdir.
24. Cavabdehlərin mübahisə etdikləri məqam iddiaçının yaşadığı hissənin miras əmlak - ünvan 1 ünvanı olmadığı, onun yaşadığı hissənin cavabdehlərin əmisinə məxsus olan başqa bir ev olması, yəni iddiaçının miras əmlakı faktiki qəbul etməməsi ilə bağlıdır.
25. Hazırkı halda da mübahisənin həlli baxımından araşdırılmalı məqam iddiaçının miras əmlakı faktiki qəbul edib-etməməsidir ki, bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir.
26. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsinölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
27. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
28. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub- olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elanedilməsi anından başlamış olur.
29. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
30. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.39. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MülkiMəcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
31. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” 2022-ci il 16 mart tarixli Qərarları).
32. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları).
33. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr Qərarı).
34. Hazırkı işin halları baxımından müəyyən olunur ki, miras qoyanın ölümü ilə miras açılmasına baxmayaraq, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürüldükdən sonra vərəsələr notariat orqanına müraciət etmiş, qanun üzrə birinci dərəcəli vərəsələr mirasın qəbulu üçün ərizələr təqdim etsələr də, digər birinci dərəcəli vərəsə - iddiaçı barəsində ümumiyyətlə məlumat təqdim edilməmişdir.
35. Lakin həmin vaxt iddiaçı da ünvan 1 ünvanı üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. Cavabdehlər iddiaçının yaşadığı hissənin miras əmlakın tərkibinə daxil olmadığını, həmin evin onların əmisinə məxsus ev olmaqla müvəqqəti yaşamaq üçün iddiaçıya verilməsini irəli sürürlər.
36. Məhkəmə cavabdehlərin bu dəlillərini əsaslı saymır ona görə ki, həmin ünvanda başqa bir mülkiyyət obyektinin olması iş materialları ilə təsdiqini tapmır. Belə bir ayrıca evin mövcud olması, digər şəxsin adına mülkiyyət obyekti kimi qeydiyyata alınması barədə hər hansı sənəd təqdim edilməmişdir.
37. Məhkəmə tərəfindən yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən ev bir neçə yaşayış sahəsindən ibarətdir. İddiaçının yaşadığı hissə cavabdehlərin yaşadığı hissədə mülkə daxil olmaq üçün istifadə edilən qapının üst-sol hissəsində yerləşir. Cavabdehlərin yaşadığı hissədən mülkə daxil olmaq üçün nəzərdə tutulmuş qapı ilə iddiaçının yaşadığı hissənin giriş qapısı fərqlənsə də bu hissələr bütövlükdə ünvan 4 ünvanın əhatə edən hissədir. Növbəti ünvan Fəridə və Pərviz Abbasovalar küçəsi 2 adlanır və iddiaçı və cavabdehlərin yaşadığı hissədən kənarda bu barədə lövhə quraşdırılmışdır.
38. İş materiallarında olan daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən xx.xx.2013-cü il tarixli arayışdan (notariat işinə əlavə edilmişdir) isə görünür ki, ünvan 1 ünvanı üzrə 1928-ci ildə tikilmiş “A” literli, 2 mərtəbəli, 2 yaşayış otağı olan, ümumi sahəsi 271.4 kv.m və 1959-cu ildə tikilmiş “B” literli 1 mərtəbəli, 2 yaşayış otağı olan, ümumi sahəsi 40.6 kv.m-dən ibarət tikililər mövcuddur.
39. Göründüyü kimi, həmin ünvan üzrə mülkiyyət obyekti kimi vahid mülk olaraq qeydiyyata alınmış sahədə iki fərdi yaşayış evinin mövcudluğu təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aygün Babayeva da iddiaçının yaşadığı evin ayrı ev olduğu fikrini izah edərkən ifadəsində bildirmişdir ki, keçmişdə həmin ünvandakı evləri mənzil 1 və mənzil 2 olaraq fərqləndirmişlər.
40. Yəni görünən odur ki, Fəridə və Pərviz Abbasovalar küçəsi 1 ünvanı üzrə miras əmlaka iddiaçının yaşadığı və faktiki sahibliyində olan hissə də daxil olmuş, iddiaçı həm hissədə uzun illər yaşamış, evdə yaxşılaşmalar aparmış, kommunal xidmətlər iddiaçının əri ilə bağlanmış müqavilələr üzrə göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı da miras əmlakın bir hissəsinə sahiblik etməklə mirası faktiki qəbul etmişdir.
41. “Notariat haqqında” Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.
42. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
43. Odur ki, hazırda mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə mirası qəbul etmiş bütün başqa vərəsə nəzərə alınmadan verildiyindən, onun mirasdan pay almaq hüququnu məhdudlaşdırdığından ləğv edilməlidir.
44. Verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edildiyindən, ünvan 1 ünvanı üzrə Cavabdeh və digərlərinə adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeyd də ləğv edilməli, iddiaçının həmin əmlaka cavabdehlərlə bərabər pay hüquqları tanınmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 5ru) tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 2V- 1\185 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, həmin əmlaka dair Cavabdeh və digərlərinə adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2013-cü il tarixli, ********** nömrəli qeyd ləğv edilməli, İddiaçı Fəridə və Pərviz Abbasovalar küçəsi 1 ünvanında yerləşən əmlak üzərində cavabdehlər Cavabdeh, X9, X3 ilə bərabər miqdarda payları tanınmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 5ru) tərəfindən verilən 01 oktyabr 2013-cü il tarixli, 2V-1\185 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh və digərlərinə adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 26 oktyabr 2013-cü il tarixli, ********** nömrəli qeyd ləğv edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh, X9, X3 ilə bərabər miqdarda payı tanınsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə