Məhkəmə qərarları › İş №2(004)-1862/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1862/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1862/2022 28.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh və onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qadir oğlundan 24.000 manat əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 161 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 24.264 (iyirmi dörd min iki yüz altımış dörd) manat pul tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Qadir oğlunu əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Toğrul 2021-ci ilin sentyabr ayında ona müraciət edərək ailə vəziyyəti ilə əlaqədar təcili pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün 24 sentyabr 2021-ci il tarixdə Toğrula 24.000 (iyirmi dörd min) manat pul borc vermişdir. Aralarında olan razılaşmaya görə Toğrul borcu 2021-ci ilin oktyabr ayının sonunadək tam qaytarmalı idi. Toğrul bu barədə şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağıza öz xətti ilə qəbz yazıb imza etmiş və qəbzi ona vermişdir. Lakin, vaxt bitməsinə baxmayaraq Toğrul borcu qaytarmamışdır. Ondan gizlənərək telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də ondan borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. Məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanda yerləşən X9 müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 162 manat, notariusda şəxsiyyət vəsiqəsinin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də cavabdehdən tutulub ona ödənilməlidir. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, İddiaçı ilə əvvəllər hər hansı tanışlığı və yaxın münasibəti olmamışdır. Onunla xidmət yoldaşı gizir Mürşüd Allahverdiyev vasitəsi ilə tanış olmuşdur. Ona təcili pul lazım olduğu üçün aylıq faizlə borca pul götürmək istədiyini Mürşüd Allahverdiyevə demişdir. O isə faizə pul verən bir nəfəri tanıdığını, lakin şərtlərinin çox çətin olduğunu demişdir. O, çıxılmaz vəziyyətdə olduğu və təcili pula ehtiyacı olduğu üçün hər hansı şərtlə olsa da, razılaşacağını ona bildirmişdir. Mürşüd ona “əgər borca 100 manat pul verirsə, 1000 manat yazır” demişdir. Mürşüd həmin adama zəng vurmuş, telefonda görüşəcəkləri barədə razılığa gəlmişlər. Onlar birlikdə İddiaçı evinə getmiş, ona 2.000 manat məbləğində pul lazım olduğunu demişdir. O razılaşaraq 400 manat faiz verəcəyini demişdir. O da razılaşmışdı. O, şəxsiyyət vəsiqəsini almış, ona bir vərəq verərək diktə etdirib qəbz yazdırmışdır, “2.400” əvəzinə “24.000” manat yazdırdı. Ondan məbləği nə üçün belə yazdırdığını soruşmuş, o isə cavabında həmişə borc verəndə belə yazdırdığını, pulu faizi ilə vaxtında qaytaranda, qəbzi ona verəcəyini demişdir. O, Zamiqdən 2.000 manat məbləğində pulu əlavə 400 manat ödəmək şərti ilə borc almışdır. Ayrılanda ona “hərbçisən, xidmət yoldaşlarından borca pul istəyən olsa, mənə deyərsən, neçə nəfər gətirsən, hər adamın hesabından hər ay sənin hesabına 5 manat pul siləcəyəm” demişdir. Sonra İddiaçı onun əmək haqqı kartını almış, hər ay kartından pul çıxarır, həm də özü də borcundan qaytarırmış. Hazırda aldığı 2.000 manat pulun məbləğində İddiaçı 5.000 manatdan artıq pul qaytarmışdır. Xidmət yoldaşlarından bir neçəsinə İddiaçı faizə pul verdiyini demiş, həmin şəxslərə də eyni şərtlərlə borca pul vermişdir. Həmin şəxslərdən bir neçəsi borclarını vaxtında qaytara bilmədiyi üçün onlarla İddiaçı arasında problemlər yaranmışdı. İddiaçı həmin adamların borclarını ondan tutmağa başlamış, o isə etiraz etmiş, İddiaçı ona həmin adamları onunla tanış etdiyi üçün onların borclarını da ondan çıxdığını demişdir. O, isə əmək haqqı kartının qaytarmağı tələb etsə də, o, əmək haqqı kartını qaytarmaqdan imtina etdiyindən məcbur olub əmək haqqı kartını bağlatdırmışdır. İddiaçı hərbi hissənin komandirinə zəng vuraraq ondan borc aldığını, borcu qaytarmadığını demişdir. Sonradan ona məhkəməyə verəcəyi və ondan məhkəmə vasitəsi ilə 24.000 manat məbləğində pul alacağını demişdir. Zamiq X1 və X7 da eyni şərtlərlə borca pul vermiş, hazırda da onlara qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı faizlə pul verən şəxsdir, onun kimi adamların ağır vəziyyətindən suiistifadə edərək ağır şərtlərlə borc vermiş, kredit verməyə hüququ olmayan iddiaçı onun hesabına varlanmışdır. Hazırda onun borcu yoxdur. Həmin faktı şahidlər də təsdiq edə bilərlər. O, borc aldığı 2.000 manat məbləğində pulun əvəzində 5.000 manatdan artıq pul qaytarmışdır. Hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, pulunun çox olması səbəbindən ondan borc istəyən şəxslərə pul verir, bununla bağlı hər hansı lisenziyası yoxdur və ya vergi ödəmir. Votsap yazışmasının ona aid olduğunu bildirən iddiaçı qeyd etmişdir ki, 10,240 manat ümumilikdə adları qeyd olunan şəxslərə verdiyi ümumi borc məbləğidir. Həmin şəxsləri Toğrul vasitəsilə tanımışdır. 1542 manat Toğrulun uşaqlardan yığmalı olduğu puldur, 617 manat ona qalan, 925 manat isə Toğrula qalası pul idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat vermiş və Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən ona cəmi 2000 manat pul verilmiş, lakin qəbzdə 24000 manat yazmağı tələb edilmişdir. Əslində faizləri ilə birlikdə ona olan borcunu qaytarmışdır. Votsap yazışmasından da aydın olduğu kimi, borclu olan şəxslərin borc məbləği 10,240 manat olduğundan o həmin məbləği 5 faizə vuraraq 617 manatı onun borcundan silmişdir və cəmi 925 manat faiz borcu qalmışdır. O, həmin borc məbləğinə ayrı-ayrı vaxtlarda 1100 manat, 160 manat, 30 manat və 30 manat olmaqla ödəniş etmişdir. Lakin 1100 manatı Anar Hüseynov onun əvəzindən onun borcu üçün ödəyib. O, pul borcunu ödəyib bitirsə də Zamiq ona nə maaş kartını, nə də 24.000 manatlıq qəbzi qaytarmamışdır. Səbəbini soruşduqda isə digər hərbçilər də borcunu ödədikdən sonra qəbzi qaytaracağını demişdir. Lakin həmin hərbçilərə qarşı da məbləğlərin qaytraılması barədə iddia qaldırmışdır. Vermədiyi pulları həm ondan, həm də digər hərbçilərdən tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazın məzmununa uyğun izahat vermiş, çıxışında iddiaçının qanunsuz olaraq sələmçiliklə məşğul olunmasının nəzərə alınaraq barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, o, iddiaçını faizə pul verən sələmçi kimi tanıyır. Cavabdeh isə onun rəisidir. Onları özü şəxsən tanış etmişdir. 24 sentyabrda 2021-ci il tarixdə pul verilən zaman cavabdehlə birlikdə "xxxx" ASC-nin qarşısında olmuşlar. Həmin vaxtı iddiaçı Toğrula 24.000 manat yox, cəmi 2000 manat pul vermişdir. İddiaçı sələmçi olduğu üçün hər 100 manat üçün 1000 manat yazır və faizlə birlikdə 24.000 manata qol çəkdirirdi. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, o, Toğrulu Anar vasitəsilə hərbçi kimi tanımışdır. Anara borc pula ehtiyacı olduğunu bildirmiş, o da onu sələmçi kimi Zamiqlə tanış eləmişdir. Daha sonra o, X10 görüşmüş və aylıq 300 manat faizlə 1500 manat borc almış, o 1500 manat pul üçün ona 18.000 manatlıq qəbzə qol çəkdirmiş, əks təqdirdə borca pul verməyəcəyini, həmçinin 1500 manatı tam qaytardığı halda 18.000 manatlıq qəbzi yox edəcəyini və bunun formal xarakter daşıdığını demişdir. Qəbzi öz dəsti xəttiylə yazmış, eyni zamanda hərbi vəsiqəsini də təminat kimi özünə götürmüşdür. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının cavabdehə nə 24.000 manat nə də 2000 manat borc verdiyini görməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, Toğrul onun qohumudur. Zamiqi isə faizə pul verən sələmçi kimi tanıyır. O, əvvəllər hərbçi olmuş, o da Zamiqdən faizə pul götürmüşdür. Ona 20 faizlə 1000 manat borc verib lakin 12000 manatlıq qəbz yazdırmış, borcu ödədikdən sonra qəbzi cırıb atacağını demişdir. 2 ay borca ödəniş etsə də, daha sonra maddi imkanı borca ödəniş etməyə imkanı olmamışdır. İddiaçı hərbi hissədə bir çox insana faizlə borca pul verib. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 03.08.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 03.08.2021-ci il tarixdə 6000 manat borc pul almış və 2021-ci ilin avqust ayının sonunda qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.08.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 05.08.2021-ci il tarixdə 12000 manat borc pul almış və 2021-ci ilin avqust ayının sonunda qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 24.09.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 24.09.2021-ci il tarixdə 24.000 manat borc pul almış və 2021-ci ilin oktyabr ayının sonunda qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.02.2022-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehə 24.000 manat borcun qaytarılması ilə bağlı müraciət etmiş, əks təqdirdə məhkəməyə müeraciət edəcəyini bildirmişdir. İş materiallarında 09.11.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı hesabına 1100 manat pul köçürülmüşdür. İş materiallarında 01.10.2021-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı hesabına 30 və 160 manat pul köçürülmüşdür. İş materiallarında olan 17.12.2021-ci il tarixli votsap yazışmasında qeyd olunur ki, “Taleh Quluyev 1600, Nihad Qarayev 1400, Tural Osmanov 500, Fərid Məmmədhəsənli 600, Xəyal Hacıəliyev 1500, Asif Məmmədov 1500, Elməddin Rəhimov 1500, Etibar Məmmədov 500, Kamil Məmmədov 500, Elvin Əliyev 640, obşu 10.240”. 10.240x5=512 512+105=617m-məndə Lətifov Mehman 225m Anar Hüseynov 150m+340=490m Seyidağa 32m Elman Ağayev 23m Toğrul səninki 795 obşu 1542 edir. 1542-617məndə olan =925 Seyidağanə 15 faizdən vurmuşam 133 götürmüşəm 32m qalıb 1100x5=165” İş materiallarında olan 21.02.2022-ci tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi xidmətlərə görə “X13” MMC-ə 100 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 19.02.2022-ci il tarixli 968 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 161 (yüz altmış bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı faizlə müxtəlif şəxslərə borca pul verir. Belə ki, iddiaçı votsap yazışmasının ona aid olduğunu və onun tərəfindən Toğrula göndərildiyini bildirmişdir. Odur ki, votsap yazışmasının həqiqiliyinin əlavə araşdırılmasına lüzum yoxdur. İddiaçının faizlə borca pul verməsini məhkəmədə ifadə vermiş şahidlər də təsdiq etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 03.08.2021, 05.08.2021 və 24.09.2021-ci il tarixli borc müqavilələrinə münasibətdə hesab edir ki, göstərilən məbləğlər şişirdilmiş məbləğlərdir. Belə ki, 03 avqustda 6000 manat pulun həmin ayın sonuna kimi ödənilməsi şərtilə verilməsinə baxmayaraq, həmin borc ödənilmədən 2 gün sonra təkrarən 12.000 manat borc pulun verilməsi absurddur və məhkəmədə inam yaratmamışdır. Belə ki, cavabdeh tərəfindən də ona 24000 manat deyil, 2000 manat pulun verildiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin pula olan ehtiyacını bildiyindən şişirdilmiş məbləğləri yazaraq qəbzləri imzalatmışdır. Lakin iddiaçının cavabdehə pul verdiyi işin mübahisəsiz halıdır. Belə ki, 17.12.2021-ci il tarixli votsap yazışmasından və cavabdehin etirafından müəyyən olunur ki, cavabdehin 925 manat borcu qalmışdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh və şahid A.Hüseynov cavabdehin borcu üçün iddiaçıya 1100, 30 və 60 manat məbləğində pullar ödədiyini bildirsə də göstərilən məbləğlərin kimin tərəfindən ödənilməsi aydın olmadığından sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə iddiaçının istifadə etdiyi hüquqi xidmətin dəyəri 100 manat təşkil edir. Odur ki, iddia tələbi hüquqi xidmətin dəyəri 100 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ödənilmiş 161 manat ödənilmiş dövlət rüsumuna və şəxsiyyət vəsiqəsinini notarial qaydada təsdiq olunması üçün ödənilmiş 3 manata münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə və notariat hərəkəti üçün ödənilmiş 3 manat da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.04.2021-ci il tarixli Qərarında qeyd olunur ki, Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 200-cü maddəsinə görə şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər. Şərh olunan maddədəki şəxsi yazışmalar və teleqraf məlumatları anlayışı hərfi olaraq deyil, Konstitusiyanın 32-ci maddəsində olduğu kimi, yəni “şəxsi yazışma, telefon danışıqları, poçt teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlar” kimi başa düşülməlidir. İcazə alınmalı şəxs yazan və teleqraf məlumatlarını göndərən şəxs (müəllif) yox, onların ünvanladığı şəxsdir. Şəxsi yazışmaları və teleqraf məlumatları daşıyan sübutlar məhkəməyə verildikdə hakim həmin sübutları şərh olunan maddədə göstərilən şəxslərin razılığı olmadan iş materiallarına əlavə edə və başqa şəxslərin onlarla tanış olmasına imkan yarada bilməz. Məhkəmənin şəxsi yazışma və teleqraf bilgisini açıqlamsı və araşdırmasından ötrü həmin yazışma və teleqrafın ünvanladığı şəxsin yazılı razılığı olmalıdır. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 925 (doqquz yüz iyirmi beş) manat borc, hüquqi xidmətə görə ödənilmiş 100 (yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 161 manat məbləğində dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar