Məhkəmə qərarları › İş №2(004)-1867/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1867/2025

18.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1867/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürtmə, yaşayış sahəsindən istifadəsi qaydalarına maneə törədilməsinin qadağan olunması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı "mənzilə köçürtmə, yaşayış sahəsindən istifadəsi qaydalarına maneə törədilməsinin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X3 əsl Cavabdeh ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ünvan 1 ünvanı iddiaçının babasının, daha sonra isə atasının mülkiyyəti olmuşdur. İddiaçı həmin evdə uzun illər yaşamışdır. Həmin əmlak vərəsəlik qaydasında iddiaçının mərhum əmisinin mülkiyyətinə (atası daha əvvəl vəfat etmişdir), əmisinin mülkiyyətindən onun arvadı X3 mülkiyyətinə keçmişdir. Əmlak sonuncu olaraq X6 tərəfindən öz oğlu, hazırki cavabdeh (iddiaçının əmisi oğlu) Cavabdeh mülkiyyətinə keçirilmiş və hazırda sonuncunun mülkiyyətindədir. Sözügedən əmlak iddiaçının ata-baba mülkü olduğundan iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı Cavabdeh paylı mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)2031/2024 nömrəli qərarına əsasən müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı X1 cavabdehlər X5 və X10 qarşı “ümumi mülkiyyətdən payın ayrılması” və qarşılıqlı iddia üzrə iddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı və Cavabdeh Ağaməmməd oğlu cəlb edilməklə cavabdehlər X6 və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı “qeydiyyat vasiqəsinin ləğv edilməsi, payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-400/1999 nömrəli 15 mart 1999-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-244/2024 nömrəli 14 mart 2024-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmişdir. Apellyasiya məhkəməsinin həmin qərarından müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin, şikayət təmin edilməmişdir. Sözügedən qərara əsasən müəyyən edilir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən mirasın qəbul edilməsi ilə bağlı 6 aylıq müddət ötürülmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlak hazırda cavabdehin paylı mülkiyyətindədir. Həmin əmlaka dair İddiaçı mirasın qəbul edilməsi ilə bağlı müddəti ötürməsi preyudisial əhəmiyyətə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)2031/2024 nömrəli qərarına əsasən müəyyən edilir. Həmin qərarın 28-33-cü bəndləri hazırki mülki iş üzrə xüsusi preyudisial əhəmiyyət daşıyır. Mənzildə qeydiyyatda olmaq öz-özlüyündə mülkiyyət hüququnun (istifadə, sahiblik) mövcudluğuna əsas vermir. İddiaçının mənzilə qeydiyyatı formaldır. Nəticə etibarilə, iddiaçının hazırki tələb üzrə subyektiv hüququ mövcud deyildir. Məhkəmə qərar qəbul edərkən faktiki ictimai münasibətlərə, adət-ənənəyə deyil, qanuna və sübutlara əsaslanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürtmə, yaşayış sahəsindən istifadəsi qaydalarına maneə törədilməsinin qadağan olunması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar