Məhkəmə qərarları › İş №2(004)-1870/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1870/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1870/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 114 saylı həyət evinin onun şəxs mülkiyyətində qalmasına, Cavabdeh1 ailəsi ilə birlikdə mənzildən istifadə hüququna son qoyulması və qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisənin predmetində olan ev İran vətəndaşı tərəfindən tikilmişdir. Sonradan nənəsi X3 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 114 saylı həyət evi alınmışdır. Nənəsi həmin həyət evinin alınması üçün evi tikən İranlı vətəndaşının əmisi oğluna 47 min rubl məbləğində evi almaq üçün pul ödəmişdir. Nənəsi və uşaqlar həmin evdə qeydiyyatda olmuşlar. Nənəsinin 3 oğlu, 1941- 1945-ci illərdə müharibədə həlak olmuşdur. Digər oğlu isə avtomobil qəzasında həlak olmuşdur. Nənəsi tərəfindən ona qəyyumluq verilmişdir. Həmin ev ona vəsiyyət edilmişdir. O, ailə həyatı quraraq Ermənistan Respublikasında uzun müddət yaşamışdır. 1988-ci ildə hamı kimi o da, Ermənistandan qaçqın kimi çıxarılmışdır. Gəlib evinə nəzər salanda görmüşdür ki, anasının kirayəçi kimi qoyduğu Cavabdeh1 nənəsinin ona vəsiyyət etdiyi evdə yaşamaqla bərabər, onu 1984-cü ildə özbaşına məhkəmə qətnaməsi olmadan ona məxsus olan evdən Qədirli küçəsi 114 saylı ünvandan qeydiyyatdan çıxartmış, evin mülkiyyətini ələ keçirdərək məskunlaşmışdır. Cavabdeh1 bildirmişdir ki, sözü gedən evi alqı-satqı yolu ilə əldə etmişdir. Lakin, heç bir alqı-satqı müqaviləsi yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2(103)-4151/2018 saylı qətnaməsinə əsasən, Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatı ləğv edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Kollegiyasının 2-(103)-1123/2008 saylı qətnaməsinə əsasən, Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi iddiası ləğv edilmişdir. Yasamal rayon Mənzil İstismar Sahəsinin verdiyi 2 nömrəli formada arayışlarda da həmin mübahisəli evin nənəsinin mülkiyyətçi olduğu göstərilir. Əvvəl ki, bütün məhkəmə prosesləri onun xeyrinə qətnamələr qəbul etmiş, digər şəxslərə Cavabdeh1 verilən kupça ləğv edilmişdir. İşə məhkəmə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 114 saylı evdən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sözü gedən ev onun nənəsinə məxsus olmuşdur, nənəsinin oğlanları oldüyündən o tək vərəsə olmuş və ona nənəsindən miras kimi qalmışdır. O, evlənəndən bir neçə il həmin mənzildə yaşamış, sonra 1984-cü il tarixdə həmin evi tərk edərək, Ermənista Respublikasına köçmüşdür. Məlum hadisələrdən sonra geriyə qayıtdıqda isə onlara məxsus evin cavabdehlər tərəfindən özgəninkiləşdirilərək mülkiyyət hüququ əldə etdikləri məlum olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, hüquqlarını təmsil etdiyi və müdafiə etdiyi cavabdehlər tərəfindən mübahisəli əmlak 1975ci ildə əldə olunmuş və həmin vaxtdan da sonuncular fasiləsiz olaraq ailə şəklində orada yaşamaqdadırlar. Bu qədər müddət ərzində həmin əmlak cavabdehlər tərəfindən tam şəkildə olmaqla dəfələrlə təmir olunaraq abadlaşdırılmışdır. İddiaçının hazırkı tələbinə sübut kimi əlavə etdiyi materialların siyahısından görünür ki, bunlar Yasamal Rayon Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsinin qətnamələrinin surətləri və qaçqınlıq statusunu təsdiq edən sənəddir. Məlum olduğu kimi, həmin sənədlərdə mübahisəli evin iddiaçıya hər hansı bir şəkildə məxsusluğu barədə heç bir sübut mövcud deyildir, ümumiyyətlə, mübahisəli ev heç bir vaxt iddiaçıya məxsus olmamışdır. Belə olan halda hesab edir ki, söküntü olacağı təqdirdə cavabdehləri öz aləmində kənarlaşdıraraq əmlaka qanunsuz şəkildə sahib olmaq niyyəti ilə məhkəməyə verilmiş olan bu cür əsassız iddia tələbi məhkəmə tərəfindən rədd olunmalıdır. Belə ki, ilk olaraq qeyd edir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur. O, əmlakın mülkiyyətçisi olmamaqla bərabər nə hüquqən, nə da faktiki sahibidir. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4151/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı şəhəri, Qədirli küçəsi, 114 saylı evə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-608/09 saylı, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4151/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.1998-ci il tarixli məktubundan görünür ki, Qədirli küçəsi, 114 saylı ev X7 və Heydər Qasım oğlunun adlarına ilkin hüquqi qeydiyyatdan keçmişdir. Beləliklə işin halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Qədirli küçəsi, 114 saylı ev X7 və Heydər Qasım oğlunun adlarına ilkin hüquqi qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin evə dair sonuncunun adına 29.04.199-cu il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4151/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı şəhəri, Qədirli küçəsi, 114 saylı evə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 608/09 saylı, xx.xx.2009-cu il tarixli qərarına əsasən isə, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4151/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qız mübahisə predmeti olan Bakı şəhəri, Qədirli küçəsi, 114 saylı evdə qeydiyyatda olmaqla hal-hazırda həmin evdə yaşayırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı mübahisə predmeti olan evin vaxti ilə onun nənəsinə məxsus olmasını, nənəsindən ona miras qalmasın və evin mülkiyyətçisi olmasını bildirsə də, bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq iş materillarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4151/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Qədirli küçəsi, 114 saylı evin ilk dəfə tarixsiz olaraq X7 və Heydər Qasım oğlunun adlarına bərabər paylarda qeydiyyatdan keçməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ilə Qədirli keçəsi, 114 saylı evin X7 və Heydər Qasım oğlu ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin evə dair Cavabdeh1 xx.xx.1999-cu il tarixdə qeydiyyat vəsiqəsinin verilməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4151/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh X1 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı şəhəri, Qədirli küçəsi, 114 saylı evə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır. Belə ki, iş materialları ilə iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmaması, həmin ünvanda qeydiyyatda olmamaqla, Bakı şəhəri, X6 küçəsi, ev 96, mənzil 36 ünvanında qeydiyyatda olması və mübahisıi mənzildə 1984-cü il tarixdən hal-hazıradək yaşamaması müyyən edilmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarınıı ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar