Məhkəmə qərarları › İş №2(004)-1876/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1876/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1876/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 3500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, iddiaçı usta kimi fəaliyyət göstərir. 2020-ci ilin ortalarında Cavabdeh ilə razılaşaraq ona məxsus obyektdə təmir işləri aparmışlar. Sonradan cavabdeh təmir pulunu ödəməmişdir. Təmir materialları ilə birlikdə 3500 manat maddi ziyana uğramışdır. Təmir işlərini apardıqdan sonra cavabdeh həmin obyekti onlara icarəyə verməyi söz vermişdir. Lakin həmin obyektin sənədləri olmadığından təmir-tikinti işləri yarımçıq qalmışdır. Onlar tərəfindən təmir aparıldıqdan sonra həmin obyektdə başqa şəxslər tərəfindən əlavə heç bir təmir işləri aparılmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında göstərdi ki, iddiaçı və onun fəhlə yoldaşları tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində müəyyən təmir işləri görülmüş, lakin razılaşdırılmış təmir işləri tam yekunlaşdırılmadığından, o, iddiaçıya 700 manat pul ödəmişdir. İddiaçı və onun fəhlə yoldaşlarından sonra ona məxsus sahədə hər hansı əlavə təmir işləri görülməmişdir. Sahə təmirdən sonra çörəkbişirmə sexi kimi fəaliyyət göstərməli idi. Onlar arasında razılığa əsasən sahənin təmir pulları sonradan icarə pullarından çıxılmalı idi. Sahə təmir olunmamışdan əvvəl orada hər hansı təmir və tikinti işləri aparılmamışdır, iddiaçı sahəni təhvil alarkən orada yalnız suvaq işləri görülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə iddiaçı tərəfindən dəvət olunmuş şahidlər X2 və X3 ifadələrində iddiaçı ilə birgə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir işlərini apardıqlarını təsdiq etmişlər. Şahid X3 cavabdeh tərəfindən təmir işlərinə görə 700 manat ödənildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 avqust 2021-ci il tarixli, 10/3069 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 3882,5 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflərin izahatları, şahid ifadələri ilə cavabdehə məxsus özbaşına tikili - qeyri-yaşayış sahəsinin təmiri barədə tərəflər arasında şifahi razılığın olması, iddiaçı tərəfindən həmin razılığa əsasən təmir işlərinin aparılması, lakin cavabdeh tərəfindən görülmüş işlərin dəyərinin tam ödənilməməsi, görülmüş işlərin ekspert rəyinə əsasən 3882,50 manat təşkil etməsi, cavabdeh tərəfindən həmin borcdan 700 manat ödənilməsi təsdiq edildiyindən iddia qismən təmin edilməli və cavabdehdən 3182,50 manat tutularaq iddiaçıya ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3182,50 (üç min yüz səksən iki manat əlli qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərcinin 45 (qırx beş) manatı Cavabdeh, 5(beş) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar