Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1886/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki iş (açar sözlər: əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və son haqq-hesabın ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və son haqq-hesabın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ilə son haqq-hesabın edilməsi, iddiaçıya 3 aylıq əmək haqqının (oktyabr ayı üzrə 2500 AZN, noyabr ayı üzrə 2500 AZN, dekabr ayı üzrə 918 AZN), istifadə olunmamış məzuniyyətə görə ödənişlərin (1331 AZN), ümumilikdə, 7249 AZN pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçı ilə son haqqı-hesabın edilməsi, iddiaçıya 3 aylıq əmək haqqının (sentyabr, oktyabr və dekabr ayları üzrə) və istifadə olunmamış məzuniyyətə görə ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh işəgötürən Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində “Təchizat üzrə direktor” vəzifəsinə işə qabul edilmişdir. İddiaçı işlədiyi dövr ərzində 2841,14 AZN (vergilər və məcburi tutulmaları daxil olmaqla, 2500 AZN vergilər xaric) əmək haqqı almışdır. İddiaçı xx.xx.2024-cü il tarixində öz ərizəsi ilə işdən azad olmuşdur. Buna baxmayaraq, iddiaçı ilə son haqq-hesab edilməmiş, 3 aylıq əmək haqqı (oktyabr ayı üzrə 2500 AZN, noyabr ayı üzrə 2500 AZN, dekabr ayı üzrə 918 AZN), istifadə olunmamış məzuniyyətə görə ödənişlər (1331 AZN), ümumilikdə 7249 AZN pul ödənilməmişdir. İddaçı bu vəziyyətə görə dəfələrlə rəhbərliyə müraciət etsə də, ödənişlər həyata keçirilməmişdir. Odur ki, cavabdehoşəgötürən tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə ödənişlər ödənilməlidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı məxsus olan xx.xx.2016-cı il tarixli əmək kitabçasına əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə həmin tarixli, 01 saylı əmrinə əsasən Cavabdeh MMC-də təchizatçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə həmin tarixli əmrlə təchizat üzrə direktor vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin tarixli əmrə əsasən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir.
9. İddiaçıya məxsus "xxxx" ASC-də olan **********2119237142 nömrəli bank hesabından xx.xx.2024-xx.xx.2025-ci il dövrünü əhatə edən çıxarışdan görünür ki, iddiaçıya əmək haqqı qismində xx.xx.2024-cü il tarixdə 1827,30 manat, xx.xx.2024-cü il tarixdə 2318,18 manat, xx.xx.2024-cü il tarixdə isə 2500 manat məbləğində pul köçürülmüşdür.
10. İddiaçıya məxsus elektron hökümət portalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi üzrə iddiaçı təchizatçı vəzifəsində işləməklə aylıq əmək haqqısı 2269,71 manat olmuşdur.
11. İddiaçıya məxsus elektron hökümət portalından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli əmək müqaviləsi üzrə iddiaçı təchizat üzrə direktor vəzifəsində işləməklə aylıq əmək haqqısı 2841,14 manat olmuşdur.
12. Məhkəmə tərəflərin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır.
14. Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir.
15. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
16. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
17. Həmin Məcəllənin 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
18. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
19. Həmin Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
20. Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
21. Həmin Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
22. Həmin Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
23. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
24. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
25. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
26. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.
27. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdə həmin tarixli əmrə əsasən AR ƏM-nin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddia tələbi məhkəməyə müraciət edərək son haqq-hesabın aparılmasını, 3 aylıq əmək haqqının və məzuniyyətə görə ödənişlərin ödənilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesabın aparılmasına, habelə iddiaçının tələb etdiyi ayların əmək haqqısının ödənilməsinə dair sübutlar təqdim etməmişdir.
28. İddiaçı tərəfindən təqdim olunmuş bank hesabından çıxarışdan görünür ki, iddiaçıya işə başladığı xx.xx.2024-ci il tarixdən sonra xx.xx.2024-cü il tarixdə iyul ayı üçün, xx.xx.2024-cü il tarixdə avqust ayı üçün, xx.xx.2024-cü il tarixdə isə noyabr ayı üçün nəzərdə tutulmuş əmək haqqı ödənilsə də, lakin sentyabr, oktyabr və dekabr ayları əmək haqqı ödənilməmiş, habelə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də, iddiaçıya son-haqq hesab ödənilməmişdir.
29. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC tərəfindən İddiaçı 2024-cü ilin sentyabr, oktyabr və dekabr ayları üzrə ödənilməli olan əmək haqqı, son haqq-hesab və istifadə olunmamış məzuniyyətə görə ödənişlər hesablanaraq ödənilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı 2024-cü ilin sentyabr, oktyabr və dekabr ayları üzrə ödənilməli olan əmək haqqı, son haqq-hesab və istifadə olunmamış məzuniyyətə görə ödənişlər hesablanaraq ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil