Məhkəmə qərarları › İş №2(004)-189/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-189/2025

17.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-189/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli, ev 159-un iddiaçıya məxsus 4/6 hissəsinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 avqust 2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində istifadədə olan 0,017470 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 183,30 kv.m ibarət xüsusi mülkiyyətdə olan 159 nömrəli fərdi yaşayış evinin 4/6 hissəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə ona evin Texniki Pasportu və xx.xx.2021-ci il tarixdə mənə **********10-10301 nömrəli çıxarış da verilmişdir və onun xüsusi mülkiyyətindədir. Həmin evin 1/36 hissəsi Cavabdeh1, 1/36 hissəsi Cavabdeh2, 1/12 hissəsi cavabdeh X5, 1/12 hssəsi Cavabdeh4 qızma, 1/12 hissəsi Cavabdeh5 və 1/36 hissəsi isə Cavabdeh6 məxsusdur və onların xüsusi mülkiyyətindədir. Evin ona məxsus olan payını nə sata,nə dəyişdirə bilmir və həmin pay barədə hər hansı bir hərəkət edə bilmir. Çünki qonşuluqda yaşayan digər payçılar mane olurlar. Buna görə də, mənzilin natura qaydasında bölünməsini istəyir. Evin ona aid olan payını satmaq istəyir və onu almağı cavabdehlərə yazılı məktubla müraciət də etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 183.30 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi 4/6 hissədə İddiaçı adına xx.xx.2021-ci il tarixdə, 1/36 hissədə Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Digər pay hüququ olan şəxslər: Cavabdeh2 1/36 hissədə, Cavabdeh3 1/12 hissədə, X6 1/12 hissədə, Cavabdeh5 1/12 hissədə, Cavabdeh6 1/36 hissədə. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən İddiaçı ünvan 2 ünvanında 25 avqust 2005-ci il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X12, xx.xx.1950; X42, xx.xx.1991; Cavabdeh3 Bınyamın qızı, xx.xx.1966; X43, xx.xx.1964; X7, xx.xx.1953; X4, xx.xx.1952; X13, xx.xx.1957; X25, xx.xx.1978; X26, xx.xx.1977; Cavabdeh4, xx.xx.1975; X14, xx.xx.1978; X29, xx.xx.1979; X32, xx.xx.1999; Cavabdeh5, xx.xx.1964; X44, xx.xx.1998; X8, xx.xx.2000; X15, xx.xx.1967; X33, xx.xx.2011; X34, xx.xx.2014; X16, xx.xx.2007; X17, xx.xx.1981; Cavabdeh6, xx.xx.1988; X18, xx.xx.1998; X23 qızı, xx.xx.1965; X19, xx.xx.1990; X35, xx.xx.1983; X36, xx.xx.1993; X9, xx.xx.1972; Cavabdeh2, xx.xx.1987; X27, xx.xx.1987; X1, xx.xx.1984; X20, xx.xx.2002; X30, xx.xx.1994; Cavabdeh1, xx.xx.1989; X28, xx.xx.1973; X10 qızı, xx.xx.2022; X21, xx.xx.2007; X24 oğlu, xx.xx.1990; X37, xx.xx.1978; X22, xx.xx.1972. İş materiallarında olan Cavabdeh3 Bunyamin qızına ünvanlanmış pretenziya (xəbərdarlıq) məktubuna əsasən mülki iş üzrə İddiaçı məlumat olaraq bildirir ki, ona məxsus ünvan 3 ünvanını çıxarışda qeyd olunan payçılardan ayırmaq istəyir. Buna səbəb olaraq bildirir ki, onun həyətindən çıxarışda adları qeyd olunan payçıların həyətinə giriş yolu yoxdur.Bu səbəbdən çıxarışda adları qeyd olunan payçıların razılıq ərizəsi lazımdır. Könüllü olaraq İddiaçı əmlakının qonşuların payından ayrılması üçün razılıq ərizəsinin verilməsini xahiş etmişdir. Əks halda məhkəməyə müraciyət olunacağı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin 10/7950 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri və fərdi yaşayış evinin faktiki olaraq bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı 4/6 hissə paydan 2.3 kv.metr kənara çıxmaqla yəni, texniki pasport üzrə “A” tikilisi tam şəkildə və “B” tikilisinin isə sahəsi 11.8 kv.metr olan yaşayış otağının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli 02/2024 saylı Qərardadına əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014- cü il 4 aprel tarixli Qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı (4/6 hissə), cavabdehlər Cavabdeh1 (1/36 hissə), Cavabdeh2 (1/36 hissə), Cavabdeh3 (1/12 hissə), Cavabdeh4 (1/12 hissə), Cavabdeh5 (1/12 hissə), Cavabdeh6 (1/36 hissə) ümumi mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərə qarşı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus 4/6 hissəsinin naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə payın naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7950 nömrəli ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı 4/6 hissə paydan 2.3 kv.metr kənara çıxmaqla yəni, texniki pasport üzrə “A” tikilisi tam şəkildə və “B” tikilisinin isə sahəsi 11.8 kv.metr olan yaşayış otağının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci, 2.4-cü, 2.9-cu bəndlərinə və metodik əsasların Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə uyğun olaraq təcrid mənzillər şəklində texniki cəhətdən naturada ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, ümumi paylı mülkiyyətdə olan əşyanın naturada ayrıla bilən olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı 4/6 hissə paydan 2.3 kv.metr kənara çıxmaqla yəni, texniki pasport üzrə “A” tikilisi tam şəkildə və “B” tikilisinin isə sahəsi 11.8 kv.metr olan yaşayış otağı təcrid mənzillər şəklində naturada ayrılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı 4/6 hissə paydan 2.3 kv.metr kənara çıxmaqla yəni, texniki pasport üzrə “A” tikilisi tam şəkildə və “B” tikilisinin isə sahəsi 11.8 kv.metr olan yaşayış otağı təcrid mənzillər şəklində naturada ayrılsın. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO********************44, S.W.İ.F.T. BİK: CTREAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar