Məhkəmə qərarları › İş №2(004)-1891/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1891/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1891/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 12000 manat və ödədiyi 126 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X4 onun əmisidir. Təxminən 2022-ci ci ilin fevral-mart aylarında əmisi cavabdeh X4 ona bildirdi ki, onu DİN-in polis orqanlarına işə düzəldə bilər. Əmisi özü DİN-də işlədiyi üçün ona inanıb evinə qonaq çağırdı, çağırmamışdan qabaq qardaşı Elgizə telefon verdi ki, əmisi Hafizə pul verəndə çəkiliş apararsan demişdi. Həmin vaxt bir süfrə arxasında o, əmisi Hafiz və atası Mübariz oturub çörək yeməyə başlamışdılar. Biraz çörək yedikdən sonra o, evdən 12000 manat pulu gətirib əmisinə verdi, həmin vaxt şahidləri qardaşı Elgiz və atası orda olmuşdur. Əmisi Hafiz ona bildirdi ki, narahat olma səni 5-10 günə çağıracaqlar və sən işə çıxacaqsan. Əmisi Hafiz pulu götürüb cibinə qoydundan bir müddət sonra çıxıb getmişdir. O, 5-10 gün gözlədikdən sonra əmisi Hafizə zəng vurdu ki, işin nə yerdə olduğunu soruşdu. Əmisi ona bildirdi ki, narahat olma səni çağıracaaqlar. O və atası Mübariz 2024-cü ilə qədər gözlədikdən sonra əmisi Hafizdən heç bir xəbər çıxmadığını görüb, atası X7 Nazirliyinin 102 xidmətinə şikayət etmişdir. Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə arası Mübarizi və onu çağırmışlar. Əmi Hafiz atasına və ona yalvararaq bildirdi ki, ərizəni geti götürsün onların pulunu 5-10 günə qaytaracaq, əgər ərizə geri götürülməsə onu DİN-dən çıxardacaqlar Atası məcbur olun ərizəsini geri götürdü. Üzərindən 2 ay keçdikdən sonra o yenə DİN-in 102 xidmətinə müraciət etdi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə onu çağırdılar və ordan bildirdilər ki, araşdırılıb ona məlumat veriləcək, lakin o dəfələrlə Xətai Rayon Polis İdarəsinin əməkdaşından soruşsa da, heç bir məlumat almamışdır. Sonradan əmisi Hafizdən pulunu istəsə də, o hər dəfə bir bəhanə edərək onu aldadaraq 12000 manat pulu verməkdən yayınmışdır. O da məcbur olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, 2022-ci ilin mart aylarında iddiaçının 12000 manat məbləğində borc pul verməsi iddia olunur. Hesab edir ki, iddia tələbi tam əsaslandırılmayıb. Bu məbləğin verilməsinə dair sübut məhkəməyə təqdim olunmamışdır. Hətta yazılı bir sənəd də yoxdur. İddiaçı qeyd edir ki, bu məbləğ işə düzəltmək adı ilə verilib, lakin Cəbrayılov Hafizin elə bir səlahiyyəti yoxdur ki, İddiaçı DİN orqanlarının birində işə düzəltsin. Bu iddia tələbi mülki icraat qaydasında baxılmamalıdır. Cinayət əməlinin olması ilə bağlı da hər hansı bir sənəd yoxdur və bu onu deməyə əsas verir ki, bu faktla bağlı cinayət əməli olaraq da araşdırılmayıb. Video-çəkiliş aparılması da ayrı bir cinayət əməlidir. Şəxsin bundan xəbəri olmayıb.

4. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın növbəti tarixə təyin edilməsini xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2021ci ildə ailə həyatı qurmuş, həyat yoldaşı Kürdəmir rayonunda “Asan Xidmət”də işləmiş, həmin vaxt əmisi X4 onlarla Bakıda yaşamış, əmisi ona onun yoldaşının təyinatını Bakıya yerdəyişmə edə biləcəyini demiş, 2022-ci ilin fevral ayında onlar əmisinə 8000 manat pul vermişlər, həmin pulu da bankdan kreditlə götürmüşdür. O vaxtdan bu vaxta qədər nə işi düzəlib, nə də pulu qaytarıb. Əmisinə 8000 manat vermişdi. 12000 isə kredit götürdüyü üçün gələn faizlərin miqdarıdır. 8000 manat pulu verəndə atası, qardaşı, əmisi və o olmuşdur.

6. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziyaya əsasən X4 12000 manat məbləğində borcun 10 gün müddətində ödənilməsi ilə bağlı xəbərdar edilmişdir.

9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü X4 barəsində Xətai Rayon Polis İdarəsində inzibati məsuliyyətə cəlb olunma və məhkumluğun olmaması müəyyən olunmuşdur.

10. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

11. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

16. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

17. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

18. İddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə sübut kimi bir ədəd video görüntü əks olunmuş CD disk təqdim etmişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında “N.Əsədovanın şikayəti üzrə Ali Məhkəmənin 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”.

20. Məhkəmə iclasında tərəflərin iştirakı ilə həmin videogörüntüyə baxış keçirilmiş, videogörüntüdə olan şəxsin cavabdeh olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə həmin videogörüntünü sübut qismində qəbul edir.

21. Lakin videogörüntüyə baxış keçirilərkən iddiaçı tərəfindən məhz 12000 manat məbləğində pulun verilməsi aydın olmur. Həmçinin, təqdim olunan videogörüntüdə pul məbləğinin İddiaçı tərəfindən deyil, videoda olan digər şəxs- atası tərəfindən verildiyi aydın olur.

22. Məhkəmə baxış iclasında videogörüntüyə tərəflərin iştirakları ilə baxış keçirildikdən sonra iddiaçı həmin videoda cavabdehə 8000 manat məbləğində pul verildiyini, həmin pulu bankdan kredit götürərək verdiyini bildirmiş, qalan 4000 manat məbləğində pulun isə kredit borcuna görə gələn faiz məbləği olduğunu bildirmişdir. Bundan sonra məhkəmə tərəfindən iddiaçıya sözügedən kredit müqaviləsinin təqdim olunması təklif olunsa da, lakin iddiaçı növbəti məhkəmə iclasında gəlməmiş, məhkəmənin baxış iclası olmasına və kifayət qədər vaxt verilməsinə baxmayaraq zəruri sübutlarını təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia üzrə subyektiv hüquqa malik deyil.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir:

24. “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

25. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

26. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

27. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən məhkəməyə müvafiq ünvanda yerləşən mübahisəli mənzilin onun mülkiyyətində olması barədə iddia ərizəsində qeyd edilənlərə dair sübutlar təqdim edilmədiyindən və iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

28. Beləliklə, iddiaçı cavabdehə 12000 (on iki min) manat məbləğində pul vəsaiti verdiyini iddia etsə də, bu vəsaitin borc münasibətləri çərçivəsində təqdim olunduğunu təsdiqləyən inandırıcı və yetərli sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş elektron daşıyıcıda (diskdə) əks olunan videoyazı məhkəmə tərəfindən araşdırılmış, lakin həmin videomaterial əsasında cavabdehə konkret hansı məbləğdə pulun borc kimi verildiyini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində cavabdehə 12000 manat məbləğində borc verdiyini bəyan etməsinə baxmayaraq, məhkəmə baxışı zamanı verdiyi izahatda cavabdehə faktiki olaraq 8000 manat təqdim etdiyini və bu məbləğin bankdan götürdüyü krediti hesabına təmin edildiyini bildirmişdir. İddiaçı 12000 manat məbləğinin isə əsas borc məbləği ilə yanaşı, həmin kredit üzrə yaranmış faiz öhdəliklərini də əhatə etdiyini bildirsə də, bu iddianı təsdiqləyən hüquqi cəhətdən əsaslandırılmış və etibarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

32. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

33. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

34. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

35. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

36. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

37. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

V Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar