Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1898/2025 21.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun sığorta hesabına ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun sığorta hesabına ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun sığorta hesabına ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, DKM/020N05A02554323 nömrəli kredit müqaviləsinə əsasən bank borc alana 36 ay müddətinə, illik 13 faiz ödənilmək şərti ilə 15000 manat məbləğdə kredit verilməsini öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BPA100493456 nömrəli fərdi qəza sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 6865,50 manat və ümumi sığorta haqqı 30,89 manat olmaqla sığortalı X3 qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam və daimi itirilməsi risklərindən sığorta təminatı altına alınmışdır. Sığorta müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyənləşdirilmişdir.
3. Şəhadətnamənin 6 və 7-ci bəndlərinə görə sığorta ödənişi yalnız sığorta müddəti ərzində baş vermiş və bildirilmiş hadisələr üzrə həyata keçiriləcəkdir. Sığortaçı yalnız sığortalının bank qarşısında olan borcunun qalan hissəsi qədər sığorta ödənişini hazırkı sığorta şəhadətnaməsinə əlavə olunmuş 1 nömrəli qoşmaya əsasən həyata keçirəcəkdir.
4. Şəhadətnaməyə əlavə 1 nömrəli qoşmaya əsasən ölüm hadisəsi üçün 100% sığorta təminatı müəyyənləşdirilmişdir.
5. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatla xx.xx.2025-ci il tarixə 7749,24 manat məbləğdə əsas borc, 41,98 manat məbləğdə faiz borcu olmaqla cəmi 7791,22 manat məbləğdə borcun qaldığı bildirilmişdir.
6. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 389163 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə gicgah payının bədxassəli yenitörəməsi səbəbindən Bakı şəhərində vəfat etmişdir.
7. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə xəstəxanası publik hüquqi şəxsinin X3 barəsində xəstənin stasionar tibbi kartından 2529 nömrəli çıxarışdan (ölüm epikrizi) görünür ki, Elnurə Şərifova xx.xx.2023-cü il tarixdə xəstəxanaya yerləşdirilmiş, ona “sağ alın payının beyindaxili şişi, baş beynin və beyin kötüyünün işemiyası” diaqnozu qoyulmuşdur. Şikayətləri baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma və ümumi halsızlıqdan olmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qızı X2 adına olan borcun sığorta şəhadətnaməsində göstərilən 6865,50 manat sığorta məbləği hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, qızı Elnurə xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-dən 15000 manat məbləğdə kredit götürmüşdür. Həmin ilin noyabr ayında qəflətən iş üstündə olarkən halı pisləşmiş, başından ağrı tutmuş, xəstəxanaya aparmışlar və xx.xx.2023-cü il tarixdə başın gicgah payının bədxassəli yenitörəməsindən xəstəxanada vəfat etmişdir. Qızıın iki uşağı: xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X4 ataları Rəşadın himayəsində yaşayırlar. Rəşadın aylıq əmək haqqı 650 manat olduğunda, himayəsində həmçinin yaşlı ata-anası olduğundan borcu ödəməyə imkanı yoxdur. Qızı kredit götürərkən "xxxx" ASC müqavilə bağlayıb, sığorta haqqı ödənilməklə sığorta şəhadətnaməsi vermişlər. "xxxx" ASC sığorta şəhadətnaməsində göstərdiyi 6865,50 manat pulu mərhum Elnurə Şərifovanın borcu hesabına ödəməkdən imtina edir.
b) iddiaya etiraz
10. Cavabdeh "xxxx" ASC iddia tələbinə münasibətinin dəlillərinə əsasən X3 ilə ASC arasında xx.xx.2023-cü il tarixli, BPA100493456 nömrəli “Fərdi Qəza” sığorta müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən sığortalı sığorta müddəti ərzində məruz qalacağı bədbəxt hadisələrin nəticələrinə qarşı sığorta təminat almışdır. Tərəflər arasında bağlanmış sözügedən sığorta müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmış şirkətin “Fərdi Qəza Sığorta”sı qaydalarından ibarətdir. Həmin qaydanın 5.1.10-cu maddəsinə əsasən bütün növ xəstəliklər və onların nəticələri ilə bağlı baş vermiş hadisələr bədbəxt hadisə kimi nəzərdə tutulmamış və sığorta təminatına daxil edilməmişdir. İddia ərizəsinə əlavə olunmuş AZ-İİ 389163 nömrəli ölüm haqqında şəhadətnamədə X2 xx.xx.2023-cü il tarixində gicgah payının bədxassəli yenitörəməsi nəticəsində öldüyü qeyd edilmişdir. Göründüyü kimi mərhum xəstəlik nəticəsində ölmüşdür.
c) məhkəmə icraat iştiakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh "xxxx" ASC əsassız olaraq sığorta ödənişini ödəməkdən imtina edir. Halbuki, mərhum qızının ölümü “ani ölüm” olmuşdur. Qızının əvvəllər heç bir xəstəliyi, bu barədə hər hansı şikayəti olmamışdır. O, avtomobil idarə edərkən qəfil halı pisləşmiş, xəstəxanaya yerləşdirildikdən sonra vəfat etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi göstərmişdir ki, iddia tələbinə cavab verməli əsl şəxs "xxxx" ASC-dir. Sığorta ödənişi sığorta şirkəti tərəfindən həyata keçirilərsə onlar ödənişi borca yönəldə bilərlər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
14. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.19. sığorta hadisəsi – icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal.
15. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış "xxxx" ASC-nin İdarə heyətinin sədri tərəfindən təsdiq edilmiş Fərdi qəza sığortasının Qaydaları: Bənd 5.1. Sığorta təminatı aşağıdakı hallar nəticəsində baş verən bədbəxt hadisələri əhatə etmir: 5.1.10 Bütün növ xəstəliklər və onların nəticələri.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. İşdəki faktiki halları ilə müəyyən edilir ki, "xxxx" ASC ilə X3 arasında kredit müqaviləsi bağlanmış, həmin tarixdə Elnurə Şərifova ilə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmış, Elnura Şərifovaya fərdi qəza sığorta şəhadətnaməsi verilmişdir. Şəhadətnaməyə əsasən sığorta təminatı olaraq qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam və daimi itirilməsi hadisəsi müəyyən edilmişdir. Elnurə Şərifova xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.
19. "xxxx" ASC-nin sığorta ödənişini etməkdən imtina əsası Elnurə Şərifovanın ölümünün sığorta şəhadətnaməsi ilə müəyyənləşdirilmiş sığorta hadisəsi hesab edilməməsidir.
20. İddiaçı isə mərhum qızı Elnurə Şərifovanın ölümün “ani ölüm” kimi qiymətləndirilməli olmasını, ölümün sığorta şəhadətnaməsi ilə sığorta təminatına altına düşən hadisə olduğunu irəli sürür.
21. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, BPA100493456 nömrəli fərdi qəza sığorta şəhadətnaməsinə əsasən qəflətən və gözlənilmədən baş verən hadisələr nəticəsində ölüm və əmək qabiliyyətinin tam və daimi itirilməsi sığorta hadisəsi olaraq sığorta təminatı altına alınmışdır.
22. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış "xxxx" ASC-nin İdarə heyətinin sədri tərəfindən təsdiq edilmiş “Fərdi qəza sığortası”nın Qaydalarının 5.1.10-cu bəndinə əsasən sığorta təminatı bütün növ xəstəliklər və onların nəticələri səbəbi ilə baş verən bədbəxt hadisələri əhatə etmir.
23. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə xəstəxanası publik hüquqi şəxsinin mərhum Elnurə Şərifova barəsində xəstənin stasionar tibbi kartından 2529 nömrəli çıxarışından görünür ki, Elnurə Şərifova xx.xx.2023-cü il tarixdə xəstəxanaya yerləşdirilmiş, ona “sağ alın payının beyindaxili şişi, baş beynin və beyin kötüyünün işemiyası” diaqnozu qoyulmuşdur. Şikayətləri baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma və ümumi halsızlıqdan olmuşdur.
24. Ölüm haqqında şəhadətnaməyə əsasən də Elnurə Şərifovanın ölümü gicgah payının bədxassəli yenitörəməsi səbəbindən baş vermişdir.
25. Göründüyü kimi, Elnurə Şərifovanın ölümünün xəstəlik səbəbindən baş verməsi işdəki sübutlarla öz təsdiqini tapır.
26. Həm sığorta şəhadətnaməsində, həm də əsasında sığorta şəhadətnaməsinin şərtləri müəyyən edilmiş “Fərdi qəza sığortası”nın qaydlarında isə bütün növ xəstəliklər və onların nəticəsində baş vermiş ölüm halları sığorta təminatının istisnası kimi müəyyənləşdirilmiş, ölümlə nəticələnən xəstəliyin heç bir növü sığortalıya münasibətdə qəflətən və ya gözlənilmədən baş verən ölüm halı kimi qiymətləndirilməmişdir.
27. Məhkəmə iddiaçının mərhum qızının xəstəliyi barədə əvvəllər hər hansı məlumatlarının olmaması barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, xəstəlik barədə məlumatın olmaması xəstəlik nəticəsində ölüm halının qəflətən baş vermiş hadisə kimi qiymətləndirilməsinə əsas vermir.
28. Eyni zamanda məhkəmə iddiaçının “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” Qaydasına istinad etməsini də əsassız hesab edir.
29. Ona görə ki, hazırkı iddianın əsasını təşkil edən sığorta şəhadətnaməsi “Fərdi qəza sığortası” növündə şəhadətnamədir və tərəflər fərdi qəza sığorta qaydalarına istinadən öz öhdəliklərini müəyyən etmişlər.
30. Digər tərəfdən sığorta şəhadətnaməsi xx.xx.2023-cü ildə verilmiş, iddiaçının istinad etdiyi qaydalar isə tərəflərin sığorta münasibətləri yarandığı vaxtdan sonra, xx.xx.2024-cü il tarixdə təsdiq edilmişdir.
31. Göründüyü kimi, iddiaçının iddia tələbi faktiki və maddi-hüquqi əsaslar baxımından öz təsdiqini tapmır.
32. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun sığorta hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə