Məhkəmə qərarları › İş №2(004)-190/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-190/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-190/2022 03.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh BOKT "xxxx" QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X6, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin ilk iddia üzrə Cavabdeh qarşı “icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə ünvan 1 ünvandakı binanın birinci mərtəbəsində 105,3 kv.m sahənin icarəsinə dair 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı BOKT "xxxx" QSC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" QSC ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvandakı binanın birinci mərtəbəsində yerləşən, mülkiyyətindəki 105,3 kv.m sahəsinin icarəsinə dair 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsilə eyni şərtlərlə icarə müqaviləsi bağlamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması, BOKT "xxxx" QSC-yə dəymiş 164325,56 manat zərərin Cavabdeh alınıb BOKT "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 mart 2020-ci ildə notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsi bağlanmaqla, mülkiyyətçi X3 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən, mülkiyyətindəki 105,3 kv.m sahəni BOKT "xxxx" QSC-yə 5 il müddətinə icarəyə vermişdir. 2021-ci ilin iyul ayında Cavabdeh BOKT "xxxx" QSC-yə müraciət edərək, icarə sahəsini aldığını bildirmiş, icarəçidən sahənin boşaldılaraq ona təhvil verilməsini tələb etmişdir. Bundan sonra, dəfələrlə obyektə müdaxilə edilmiş, reklam yazıları cırılmış, qapının üzərinə müəsissənin bağlanmasına dair yazılar yapışdırılmışdır. Ona görə də, onlar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Çünki, onlar beş illik müqavilə bağlamaqla həmin obyektə istifadə hüququ əldə etmiş və buna uyğun olaraq kommersiya fəaliyyətini həyata keçirmək üçün təmir işləri görülmüş, reklam işləri aparılmış, işçilər cəlb edilmiş, icarə haqqı verilmək müəyyən müddət ərzində müştəri kontingenti toplamağa çalışmışlar. İstənilən bir biznesin dərhal gəlir əldə etməsi inandırıcı deyil, bunun üçün müəyyən zaman keçməli və bunun üçün də kifayət qədər xərclər tələb edilir. Beləliklə, onlar həmin biznesin qurulması, inkişaf etdirilməsi üçün təmir xərcinə 18000 manat xərc çəkmişlər, 03 mart 2020-ci il tarixdən başlayaraq ilk altı ayı birdəfəlik (33000 AZN) ödəməklə hər ay 6395.35 manat icarə haqqı ödəmişlər. Bununla da, təkcə bizneslərini qurmaq üçün bu müddət ərzində 102325,6 manat icarə haqqı ödəmişlər. Bundan əlavə, həmin filialın fəaliyyəti üçün aşağıdakı işçiləri götürməklə əmək haqqılar ödəmişlər: X9 ilə 04 fevral 2020-ci il tarixli müqavilə bağlanmış və hər ay 100 manat olmaqla cəmi 2400 manat əmək haqqı ödənilmişdir; X16 ilə 01.10.2020-ci il tarixli əmək müqavilə bağlanmış və hər ay 770 manat olmaqla, cəmi 11550 manat əmək haqqı ödənilmişdir; X17 ilə 01.10.2021-ci il tarixli əmək müqavilə bağlanmış və hər ay 1000 manat olmaqla, cəmi 4000 manat əmək haqqı ödənilmişdir; X18 ilə 03.07.2020-ci il tarixli əməк müqavilə bağlanmış və hər ay 400 manat olmaqla, cəmi 7150 manat əmək haqqı ödənilmişdir; X4 ilə 29.09.2020-ci il tarixli əmək müqavilə bağlanmış və hər ay 500 manat olmaqla, cəmi 8800 manat əmək haqqı ödənilmişdir; X10 ilə 29.09.2020ci il tarixli əmək müqavilə bağlanmış və hər ay 100 manat olmaqla cəmi 1600 manat əmək haqqı ödənilmişdir; X1 ilə 01.02.2021-ci il tarixli əmək müqavilə bağlanmış və hər ay 1000 manat olmaqla, cəmi 12000 manat əmək haqqı ödənilmişdir. Göründüyü kimi, işçilərlə əmək müqavilələri bağlanmış və onlara ümumilikdə 47500 manat məbləğlərdə əmək haqları ödənilmişdir. Lakin, həmin işçiləri filiallarında tam işləməsi mümkün olmamışdır. Belə ki, 02.07.2021-ci il tarixdən hazırkı iş üzrə cavabdeh oğlunu və digər şəxsləri göndərməklə kobud hərəkətlər etməklə fəaliyyət göstərməklərinə, müştərilərini qəbul etməyə imkan verməmişlər. Buna görə də, həmin obyektdə 2021-ci il noyabr ayınadək qalmış olsalar da 02.07.2021-ci il tarixdən hər hansısa bir kommersiya fəaliyyətləri olmamışdır. Orada qalmaqda və məhkəmə müraciət etməkdə məqsədləri isə bu müddət ərzində barışığa gələcəklərinə və kifayət qədər vəsait xərclədikləri bizneslərinin davam etdirə biləcəklərinə ümid etmələridir. Eyni zamanda da, həmin müddət ərzində, eləcə də obyektdən çıxdıqdan sonra 2022-ci ilin fevral ayındadək işçiləri üçün əmək haqqlarını da ödəmişlər. Lakin sonda, işçilərlə əmək müqavilələrinə xitam vermək qərarına gəlmişlər. Eyni zamanda, həmin obyektdə fəaliyyətə başlayarkən təmir işləri həyata keçirmişlər və ümumilikdə 14500 manat xərcləri çıxmışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, alıcı hər hansısa bir əşyanı alarkən onun üçüncü şəxslərin yükülüyündən azad olmasını bilməliydi, əgər bunu bilərək əşyanı almışsa, o halda həmin riskləri daşımalıydı. Göründüyü kimi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 148 ünvanında yerləşən obyekti alarkən onlara aid biznesin olduğunu görmüşdür və açıq-aydın bilirdi ki, burada artıq bir biznes fəaliyyət göstərir, yəni burada başqa bir şəxsin hüquqları var, istifadəsi var. Lakin buna baxmayaraq, həmin obyekti satın almışdır. Bundan sonra isə, yuxarda qeyd etmiş olduğu hərəkətləri davam etdirmişdir. Bundan əlavə, Cavabdeh obyekti satın aldıqdan sonra onlara heç bir icarə haqqına dair təklif verməmişdir. Bəlkə artırmış olduğu onlara təklif etmiş olsaydı həmin təklifi qəbul edib fəaliyyətlərinə davam edəcəkdirlər. Çünki, qeyd olunduğu kimi onlara həmin biznesin inkişaf etməsi üçün kifayət qədər vəsait xərcləmişlər. Lakin cavabdeh şəxs bunları heç birinə məhəl qoymadan, zorakı qaydada onları həmin obyektdən çıxarmağa çalışmaqla onları sanki bütün işlərinin üstündən bir xətt çəkmiş oldu. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "İnternational” QSC ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m qeyri yaşayış sahəsinin əvvəlki mülkiyyətçi olmuş X3 arasında bağlanmış 03.03.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m. qeyri-yaşayış sahəsindən, qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia ərizəsi üzrə iddiaçı BOKT "İnternational” QSC qeyd-şərtsiz və dərhal çıxarılması, qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia ərizəsi üzrə iddiaçı BOKT "İnternational” QSC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 20 000 manat maddi zərər və 5000 manat mənəvi zərər olmaqla, ümumilikdə 25000 manat məbləğində pulun BOKT "İnternational” QSC-dən Cavabdeh xeyrinə tutulması və hüquqi yardım üçün vəkilə ödənilmiş 310 manat xidmət haqqının, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun və 11,50 manat Etibarnamənin təsdiq edilməsi üçün notariat haqqının BOKT "İnternational” QSC-dən Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, BOKT "İnternational” QSC ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m qeyri yaşayış sahəsinin əvvəlki mülkiyyətçi olmuş X3 arasında bağlanmış 03.03.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia ərizəsi üzrə iddiaçı BOKT "İnternational” QSC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 55.352,50 manat məbləğində faktiki zərər və 6000 manat mənəvi zərər olmaqla, ümumilikdə 61.325,50 manat məbləğində pulun BOKT "İnternational” QSC-dən Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m. qeyri yaşayış sahəsinin alğı-satqısına dair onunla X2 arasında Bakı şəhəri 21 saylı Notariat Ofisində 02.07.2021-ci il tarixli, AN-1№ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan alğı-satqı müqaviləsi bağlanılan zaman, yəni 02.07.2021-ci il tarixdə, həmçinin həmin Daşınmaz əmlakın təxminən bir ay əvvəl, yəni 04.06.2021-ci il tarixdə keçirilmiş alğısatqısı ilə əlaqədar Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən 02.07.2021-ci il tarixli və 04.06.2021-ci il tarixli “Mülkiyyət haqqında məlumat” və "Yüklülük haqqında məlumat" barədə FORMA 1№-li arayışlarda ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m. qeyri yaşayış sahəsinin üzərində hər-hansı məhdudiyyət və yüklülüyün qeydiyyata alınmadığı göstərilmişdir. Qeyd edilən arayışa əsasən onunla ilə X2 arasında qeyd edilən əmlak 1.150.000 manat dəyərində qiymətləndirilərək alqı-satqısına dair 02.07.2021-ci il tarixli, AN-1№ ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə uyğun olaraq, Bakı şəhəri 21 saylı Notariat Ofisində təsdiq olunduqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.07.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırki qarşılıqlı iddia üzrə cavabdehin, ilkin iddia ərizəsi üzrə iddiaçının iddia ərizəsində istinad olunan nömrəsiz və seriyasız 03.03.2020-ci il tarixli icarə müqaviləsi, məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.8-ci maddəsinə zidd olduğundan, reyestrdə qeyd edilmədiyindən və İnformasiya sisteminə daxil edilmədiyindən etibarsız hesab edilməlidir. Məhz bu səbəbdən yuxarıda göstərilən obyektin 2 dəfə keçirilmiş alqı-satqı zamanı, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən FORMA 1 №-li arayışı çıxararkən sözügedən Daşınmaz əmlakın üzərində məhdudiyyət və yüklülüyün qeydiyyata alınmaması göstərilmiş və məhz bu səbəbdən də onunla X2 arasında 02.07.2021-ci il tarixli, AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsi notariat qaydada təsdiqlənmiş, Reyestrdə qeydiyyata alınmış, İnformasiya sisteminə daxil edilmiş və DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08.07.2021-ci il tarixli, ********** Qeydiyyat nömrəli çıxarış verilmişdir. O, ailə biznesi qurmaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1.150.000 manat məbləğində pul ödəyərək sözügedən ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m. qeyri-yaşayış sahəsini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun qaydada almış və bir mülkiyyətçi olaraq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş mülkiyyətçinin, mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından hazırkı qarşılıqlı iddia üzrə cavabdehin, ilkin iddia ərizəsi üzrə iddiaçının istəyi ilə məhrum edilmişdir. Ona həmin obyektə mülkiyyət hüquqi əldə etdikdən sonra məlum olmuşdur ki, X5 ilə BOKT "İnternational” QSC arasında bağlanmış İcarə müqaviləsi Reyestrdə qeydiyyata alınmamış və informasiya sisteminə daxil edilməmişdir, həmçinin həmin icarə müqaviləsinin surətinin təqdim olunmasını qarşı tərəfdən dəfələrlə istəsələrsə də, BOKT "İnternational” QSC onu təqdim etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bundan sonra, o və etibarnamə üzrə nümayəndəsi X19 iş üzrə iddiaçı BOKT "İnternational” QSC-nin rəhbərliyini daşınmaz əmlakın boşaldılması barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq etmiş və sonuncular da boşaldacaqlarına vəd vermişlər və qısa müddətə möhlət istəmişlər. Eyni zamanda məlum olmuşdur ki, həm 1-ci mülkiyyətçi (icarə müqaviləsi bağlamış X3), həm də 2-ci mülkiyyətçi X2 Daşınmaz əmlakın satılması-özgəninkiləşdirilməsi ilə bağlı qeyri yaşayış sahəsinin boşaldılması barədə BOKT "İnternational” QSC-nin rəhbərliyini qabaqcadan həm rəsmi, həm də şifahi qaydada xəbərdar etmişlər. Göründüyü kimi, BOKT "İnternational” QSC-nin rəhbərliyi icarəçisi olduqları daşınmaz əmlakı boşaltmalı olduqlarını qabaqcadan bilə-bilə ona və etibarnamə üzrə nümayəndəsi X11 obyekti ən qısa müddətdə boşaldacaqları barədə yalan vəd verməklə, məhkəmədə iddia qaldırmaq, məhkəmə vasitəsi ilə vaxtı uzatmaq və bununla da Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrində, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş mülkiyyətçinin, mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırmaq və ya məhrum etmək məqsədi daşıyır. Qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia ərizəsi üzrə iddiaçı BOKT "İnternational” QSC-nin yuxarıda göstərilən qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində ona Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində əsasən zərər vurulmuşdur. Qeyd olunan Daşınmaz əmlak “Obyekt” 02.07.2021-ci il tarixdən artıq onun sahibliyində və istifadəsindədir və bu əsasla da o, hər ay üçün ƏDV daxil olmadan manat olmaqla üçüncü tərəflə, (icarəçi X13 ilə 05.07.2021-ci il tarixdə bağlanmış “İlkin icarə müqaviləsi” və 28.08.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 11 saylı Notariat ofisinin xüsusi notariusu X20 tərəfindən təsdiq olunmuş İcarə müqaviləsi) ilkin razılaşma bağlamış, eyni zamanda həmin razılaşma üzrə tərəf zəmanət olaraq Mirvari Kazimovaya beh qismində 5000 manat pul vermişdir. Məhz BOKT "İnternational” QSC-nin yuxarıda göstərilən qanunsuz hərəkətləri nəticəsində Cavabdeh həm almış olduğu behi ikiqat məbləğində 5000+5000=10000 manat qaytarmalıdır, həm də 2021-ci ilin iyul - 2022-ci ilin yanvar ayları üçün ƏDV-siz 7500 x 6 =45.000 manat aylıq icarə haqqından məhrum olmuşdur. Eyni zamanda, BOKT "İnternational” QSC tərəfindən açılmış məhkəmə çəkişməsi üzrə Cavabdeh tərəfindən 310 manat hüquqi yardım üçün vəkil xərci, 31 manat dövlət rüsumu və 11,50 manat etibarnamənin təsdiq edilməsi üçün notariat haqqı olaraq faktiki xərc çəkilmişdir. Həmçinin 6000 manat mənəvi zərər vurulmuşdur. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbinin həcminin artırılması barədə ərizəyə dair etiraz əizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, ilkin iddia tələbi tamamilə qanunsuz və əsassızdır. BOKT "İnternational” QSC-nin Cavabdeh da əvvəlki mülkiyyətçidən də əvvəlki mülkiyyətçisi ilə bağlanmış icarə müqaviləsinə əsasən hər-hansı xərcin çəkib çəkməməsinin Cavabdeh nə hüquqi baxımdan, nə də işgüzar adətlər baxımından heç bir aidiyyəti yoxdur. Belə ki, Cavabdeh sözügedən qeyri yaşayış sahəsini (mülkü) əldə edərkən qanunvericiliyin bütün tələblərinə riayət etmiş və həmin mülk üzərində heç-bir yüklülük olmamış və barədə üzərinə öhdəlik götürməmişdir. Eləcə də, həm 02.07.2021-ci il tarixdə, həm də ondan əvvəl 04.06.2021-ci il tarixdə sözügedən Daşınmaz əmlakın alqı- satqı müqaviləsi bağlanılan zaman Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən 02.07.2021- ci il tarixli və 04.06.2021-ci il tarixli “Mülkiyyət haqqında məlumat” və “Yüklülük haqqında məlumat” barədə FORMA 1№-li arayışlarda ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m. qeyri yaşayış sahəsinin üzərində hər-hansı məhdudiyyət və yüklülüyün qeydiyyata alınmadığı göstərilmişdir. BOKT "İnternational” QSC tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin tərtib etdiyi hesabat tamamilə saxtadır. Həmin “hesabatın” 1-ci və sonrakı səhifələrində “ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 105,3 kv.m olan qeyri yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərinin dəyərinin müəyyən edilməsi barədə” qeydə əsasən, əgər söhbət ona məxsus obyektdən gedirsə bu “qapı 10 ünvanı” onun üçün bir yenilikdir. Həmin “hesabatın” 2-ci və sonrakı səhifələrində sözügedən qeyri yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərinin dəyərinin 14500 manat təşkil etdiyi göstərilmişdir, bu məbləğin hansı meyarlara və hansı normativ sənədlərə əsaslanmaması göstərilməmişdir. Hesabatın 3-cü səhifəsi üzrə 1.1-ci qrafada BOKT "İnternational” QSC-nin-nin müraciəti qeyd edilsə də, lakin müraciətin tarixi, nömrəsi göstərilməmişdir; 1.2-ci bənddə yenə də “ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 105,3 kv.m olan qeyri yaşayış sahəsi göstərilmişdir. 1.4-cü bənddə "Qiymətləndirilməsi” aparılan obyektin mülkiyyətçisi BOKT "İnternational” QSC göstərilmişdir, bu qrafada yazılanlardan belə məlum olur ki, bu hesabat Cavabdeh deyil, məhz BOKT "İnternational” QSC-nin mülkiyyətində olan obyektinə aiddir; 1.7-ci bənddə “daxilolma tarixi” və 1.8-ci bənddə “Hesabat tarixi” qrafalarından belə qənaətə gəlinir ki, BOKT "İnternational” QSC bu “Qiymətləndirmə haqqında məlumatın” 1.4-cü bəndinə əsasən mülkiyyətində olan obyektin qymətləndirilməsi üçün 04.02.2022-ci il tarixdə, həftənin cümə günü "xxxx" MMC-yə müraciət etmiş və sonucu da 05-06 fevral 2022-ci il tarixlər şənbə və bazar gününə təsadüf etmiş və bazar ertəsi, yəni 07.02.2022-ci il tarixdə "xxxx" QSC-yə təhvil verilmişdir. Bu mülahizə ilə bağlı bildirir ki, nə göstərilən tarixlərdə, nə ondan öncə, nə də ondan sonra heç bir qiymətləndirici Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsindəki 105,3 kv.m. olan qeyri-yaşayış sahəsinə gəlməmiş və heç-bir qiymətləndirmə aparılmamışdır. Eyni zamanda, BOKT "İnternational” QSC tərəfindən iddia həcminin artırılması barəsində irəli sürdüyü tələblər biri-birinə ziddiyyət təşkil edir. Belə ki, BOKT "İnternational” QSC bir tərəfdən icarə müqaviləsi bağlanılmasını tələb edir, digər tərəfdən isə onun biznesinin qurulmasına, inkişaf etdirilməsinə heç bir aidiyyəti olmayan və heç-bir hüquqi öhdəliyi olmayan şəxsdən (Cavabdeh) kompensasiya tələb edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh BOKT "xxxx" QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat vermiş, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X19, nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin və qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02.07.2021-ci il tarixli AN-İ seyiyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsini surətindən müəyyən edilir ki, X2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 105,3 kv.metr olan qeyri-yaşayış sahəsini ******* manata Cavabdeh satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların surətindən görünür ki, qeyi-yaşayış sahəsi üzərində 04.06.2021-ci il tarixə və 02.07.2021-ci il tarixə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakının Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 105,3 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə 08.07.2021-ci il tarixdə Cavabdeh adına qeydiyatdan keçmişdir. İş materiallarında olan 03.03.2020-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən edilir ki, X3 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 105,3 kv.m. olan qeyri-yaşayış sahəsini BOKT "xxxx" QSC–yə aylıq icarə haqqı 6395,35 manat razılaşdırılmaqla 5 il müddətinə icarəyə vermişdir. Müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İş materiallarında olan Cavabdeh ilə X14 arasında bağlanmış 05.07.2021-ci il tarixli ilkin icarə müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 ünvanında yerləşən sahəsi 105,3 kv.m. olan qeyri-yaşayış sahəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən gələcəkdə müqavilə (əsas müqavilə) bağlamaqla X7 icarəyə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəçi icarə obyektini qəbul etdikdən sonra aylıq icarə haqqını ƏDV-siz 7500 manat hər ay icarəyə verənə nağd və ya köçürmə yolu ilə ödəyir. İş materiallarında olan Cavabdeh tərəfindən BOKT "İnternational” QSC-yə ünavablanmış 09 iyul 2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh BOKT "İnternational” QSC-dən mülkiyətində olan ünvan 5 ünvanında yerləşən sahəsi 105,3 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 iyul 2021-ci il tarixə kimi boşaldaraq təhvil verilməsini tələb etmişdir. İş materiallarında olan 28.08.2021-ci il tarixli icarə müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh və X14 arasında ünvan 6 ünvanında yerləşən sahəsi 105,3 kv.m. olan qeyri-yaşayış sahəsininın icarəyə verilməsinə dair müqavilə bağlanmış, müqavilə notarial qaydada təsdiq edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 07.02.2022-ci il tarixli QM- 04 nömrəli “çəkilmiş xərclərin dəyərinin müəyən edilməsi barədə” hesabatdan görünür ki, ünvan 7 ünvanında yerləşən sahəsi 105,3 kv.m. olan qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərin dəyəri 14500 manat müəyyən edilmişdir. İş materiallarında olan BOKT "İnternational” QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünavablanmış 10 dekabr 2021-ci il tarixli ərizənin surətindən görünür ki, BOKT "İnternational” QSC-nin Müşahidə Şurasının iclasının 01 dekabr 2021-ci il tarixli 01/21 nömrəli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanında yerləşən BKT-12/5 saylı icazəli İnşaatçılar filialının adı dəyişdirilərək Yevlax filialı, ünvanının isə ünvan 8ax şəhəri, Heydər Əliyev prospekti, bina 24, mənzil 7A, 1-ci giriş qapısı, 1-ci mərtəbəsi ünvanına köçürülməsinə dair qərar qəbul edilmişdir. Bu səbəbdən BOKT "İnternational” QSC-nin Yevlax filialının ünvanın Azərbaycan Respublikası qanunvericliyinin tələblərinə uyğun olaraq dəyişdirilməsinə icazə verilməsi xahiş edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətindən görünür ki, X4 ilə 29.10.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 29.09.2021-ci il tarixdə, X10 ilə 01.02.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 29.10.2021-ci il tarixdə və X1 ilə ilə 28.09.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 01.02.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və arayışdan görünür, X18 ilə 03.07.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 01.02.2022-ci il tarixdə xitam verilmişdir. Onun son 12 ay ərzində əmək haqqısı 400 manat olmuşdur. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və arayışdan görünür, X16 ilə 01.10.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 01.02.2022-ci il tarixdə xitam verilmişdir. Onun son 12 ay ərzində əmək haqqısı 770 manat olmuşdur. İş materiallarında olan əmək müqaviləsinin və arayışın surətindən görünür, X17 ilə 01.10.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Onun son 4 ay ərzində əmək haqqısı 1000 manat olmuşdur. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən və arayışdan görünür, X9 ilə 04 fevral 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 01.02.2022-ci il tarixdə xitam verilmişdir. Onun son 12 ay ərzində əmək haqqısı 100 manat olmuşdur. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli mədaxil orderlərinin surətindən görünür ki, Cavabdeh nümayəndəsi X19 tərəfindən hüquqi yardım göstərilməsi “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 300 manat və vəkil orderi üçün marka pulu olaraq 10 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə ilkin iddia tələbinin icarə müqaviləsi bağlamaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi, X3 ilə BOKT "xxxx" QSC arasında bağlanmış icarə müqaviləsi notarial qaydada təsdiq edilsə də, Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Əmlaka dair X2 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə edilmiş arayışa əsasən qeyri-yaşayış sahəsi üzərində məhdudiyyət və və yüklülüyün qeydə alınmadığı müəyyən edilmişdir. Cavabdeh Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsalanaraq müqavilə bağlamış və mlükiyyət hüququ ələ etmişdir. Belə olan halda, yeni müqavilənin bağlanması cavabdehin vəzifəsi deyil, hüququdur və onun iradəsinə zidd olaraq üzərinə belə vəzifə qoyula bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iş materaiallarında olan ərizədən görünür ki, BOKT "İnternational” QSC-nin Müşahidə Şurasının iclasının 01 dekabr 2021-ci il tarixli 01/21 nömrəli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 148 ünvanında yerləşən BKT-12/5 saylı icazəli İnşaatçılar filialının adı dəyişdirilərək Yevlax filialı, ünvanının isə ünvan 8ax şəhəri, Heydər Əliyev prospekti, bina 24, mənzil 7A, 1-ci giriş qapısı, 1-ci mərtəbəsi ünvanına köçürülməsinə dair qərar qəbul edilmişdir. Bu da artıq yeni müqavilənin bağlanmasının iddiaçı üçün əhəmiyyət kəsb etmədiyini göstərir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilkin iddia üzrə iddiaçının pul tələbinə dair iddiasi ilə bağlı qeyd edir ki, iddia tələbinin maddi zərərin ödənilməsi hissəsinin əsaslılığı o zaman əhəmiyyət kəsb edə bilərdi ki, tələbin əsas hissəsi təmin edilmiş olsun. Ancaq tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələb də təmin edilə bilməz. Belə ki, icarə müqaviləsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamış, cavabdeh isə onun yüklülüyünün olmasına münasibətdə vicdanlı olmuşdur. Bu səbəbdən onun yeni müqavilə bağlamaması iddiaçıya qarşı qanunsuz və təqsirli hərəkət sayıla və üzərinə zərərin ödənilməsi (həmçinin, işçilərə ödənilmiş əmək haqqının və qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərin ödənilməsi) öhdəliyi qoyula bilməz. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçının, həm ilkin iddia üzrə cavabdeh əmlakı əldə etməmişdən əvvəl işləmiş işçilərə ödənilmiş əmək haqqını həm də ilkin iddia üzrə cavabdehin onunla yeni müqavilə bağlamaq niyyətinin olmadığı və məhkəmə prosesinin getdiyi dövrdə işə götürülmüş və ya işləyən işçilərə ödədiyi əmək haqqını ilkin iddia üzrə iddiaçıdan tələb etməsi absurddur. Həmçinin, 03.03.2020-ci il tarixli icarə müqaviləsinin 9-cu bəndinə əsasən icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İddiaçı 14500 manat qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərcləri tələb etsə də, həmin təmir işlərinin nə vaxt, kim tərəfindən aparılması, iddiaçı tərəfindən aparıldığı halda mülkiyyətçinin razılığının olması barədə sübutları da məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində idiaçıya zərər vurulması təsdiq edilmədiyindən ilkin iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcələnin 144.3-cü maddəsinə əsasən, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Həmin Məcələnin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcələnin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcələnin 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə qarşıqlı iddia tələbinin BOKT "İnternational” QSC ilə qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçi olmuş X3 arasında bağlanmış 03.03.2020-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı əqdin Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamasına istina edərək, onun etibarsızlığını tələb edir. Qeyd edilən müqavilə mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Əqdin qanunvericilikdə müəyən edilmiş şərtləri pozmaqla bağlanması onun etibarsızlığına əbəb ola bilər. Müqavilənin bağlanması zamanı isə hər hansı pozuntuya yol verilməmişdir. Əqdin Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması onun etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə qarşıqlı iddia tələbinin dəymiş zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı BOKT "İnternational” QSC-nin qeyri-yaşayış sahəindən çıxmaq niyyəti olmamasına və 13.08.2021-ci il tarixdə yeni müqavilə bağlaması öhdəliyinin qoyulması barədə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq, Cavabdeh X13 ilə 05.07.2021-ci il tarixdə İlkin icarə müqaviləsi və 28.08.2021-ci il tarixdə İcarə müqaviləsi bağlamışdır. Bununla da o, həmin müqavilə üzrə öhdəliyin icrası ilə bağlı riski öz üzərinə götürmüşdür. Ona görə də, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki qarşılıqlı iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi digər hissələrdə təmin edilmədiyindən, hüquqi yardım üçün ödənilmiş pulun tutulması hissəsində də təmin edilə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin ilk iddia üzrə Cavabdeh qarşı “icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ikin və qarşılıqlı iddia rədd edilməli olduğundan, iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu tərəflərə aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin ilk iddia üzrə Cavabdeh qarşı “icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar