Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1902/2021 26.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pozulmuş əmək hüquqların ilə bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk iddiası; Cavabdeh MMC-nin İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pozulmuş əmək hüquqların ilə bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsilə 08.02.2021-ci il tarixdə və sonradan iddia tələbinin təqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən pozulmuş əmək hüquqların ilə bağlı vurulmuş maddi ziyanın əvəzi olaraq 50.000 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat olmaqla, cəmi 70.000 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh MMC İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC-nin barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pulun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, 2010-cu ildən Dövlət Neft Şirkətində, 2012-ci ildən “xxxx” MMC-də, 2017-ci ildən Cavabdeh MMC-də sanitar işləmişdir. Onun xidməti vəzifəsi dezinfeksiya etməkdən ibarətdir. Neft daşlarında tibb məntəqəsinə müraciət edən xəstələrin tibbi qeydiyyatını aparırır, xəstəyə yemək və paltar verir. Çünki, ondan başqa şəxs olmadığına görə bu işləri də böyük tibb qardaşının və həkimlərin göstərişi ilə yerinə yetirir. O, böyük tibb qardaşına və həkimə tabedir, onların tapşırıqlarını yerinə yetirməyə borcludur. Əmək müqaviləsinə əsasən onun əsas işi dezinfeksiya etməkdən və böyük tibb qardaşının göstərişlərini yerinə yetirməkdən ibarətdir. Tibbi qeydiyyatçı, təsərrüfat bacısı olmadığına görə, həmin işləri də o, yerinə yetirir. İşlədiyi müddət ərzində əmək haqqını kəsiblər, əmək haqqı düzgün ödənilməyib. Neft daşlarında işdə olarkən 2015-ci ildə və 2020-ci ildə hamiləliyi pozulmuş, uşağı tələf olmuşdur. 28.11.2020-ci ildə Neft Daşlarında işdə olarkən saat 15:00 radələrində halı pisləşmiş, hamiləliyi pozulmuşdur. Onu 29.11.2020-ci ildə vertalyotlara təxliyə etmişlər. Vertalyotda oturaq vəziyyətdə sahilə gəlmişdir. Çünki, uşanıqlı vəziyyfətdə olanda vertalyota minməyə icazə yoxdur. 29.11.2020-ci il tarixdə Pirallahidakı xəstəxanaya getmiş və 03.12.2020-ci ilə kimi xəstəxanada qalmışdır. 03.12.2020-ci il tarixdə şəhərdəki poliklinikada qeydiyyata alınmışdır. Cavabdeh onu 28.11.2020-ci il tarixdə sahilə təxliyə etməli idi. Əgər 28.11.2020-ci il tarixdə təxliyə edilsəydi, uşağını saxlamaq mümkün olardı. O, Neft Daşlarında olarkən covid-19 xəstələrinə qulluq etmişdir. Lakin ona buna görə əlavə vəsait ödənilməmişdir. Məzuniyyət hüququ pozulub, vaxtında məzuniyyətə buraxılmayıb. 2017, 2018, 2019-cu illərdə məzuniyyətdə olmuşdur. O, 25.04.2017-ci il tarixli əmək müqaviləsinə əsasən sanitar işinə qəbul edilsə də, sonradan razılığı olmadan 29.04.2017-ci il tarixdən xadimə işinə keçirilmişdir. Əmək müqaviləsindəki imzalar və xadimə işinə keçirilməsinə dair 28.04.2017-ci il tarixli ərizədəki imza ona məxsusdur. Lakin ərizənin mətnini o, yazmamış və xadimə işinə keçirilməsinə razılıq verməmişdir. Cavabdehin tibbi xidmət göstərməyə icazəsi yoxdur. Onun xidməti vəsiqəsində sanitar yazılsa da, sonradan xadimə vəzifəsinə keçirilmişdir. Onun əmək haqqı əvvəlcə 167 manat, sonra 253 manat müəyyən edilsə də, artıq işlədiyinə görə hər ay 600-700 manat əmək haqqı almışdır. Əvvəllər ona 20 % əlavə əmək haqqı əlbəəl ödənilmiş, sonradan isə bu kəsilmişdir. O, evdə olduğu müddətdə 22.07.2020-ci ildən 08.09.2020-ci ilə kimi Totimed MMCdə covid-19 xəstələrinə qulluq etmiş və əlavə əmək haqqı almışdır. Sonradan qrip olmuş və oradan işdən çıxmışdır. Onun tibbi təhsili yoxdur, sanitar kimi xəstələrə qulluq etmişdir. Neft Daşlarında işdə olarkən hər gün üçün 15 manat əvəzinə ona 10 manat əlavə pul verilmişdir. 2018-cii ildə dörd dəfə məzuniyyətə çıxmışdır. Əmək haqqı, şənbə və bazar günlərinin pulu düzgün hesablanmayıb DSMF yığılmaları düzgün ayrılmayıb. Ondan 1,83 manat, 80,14 manat artıq pul tutulub. 2020-ci ilin dekabr ayında 160 manat pul ödənilib, fevral ayında 639 manat pul tutulub. 2018-ci ilin aprel, may, iyun və iyul aylarında məzuniyyətə olmuşdur, ona sanitar kimi 30 gün məzuniyyət verilmişdir. Onun bir günü 11 saat hesablanır, 16 gün işdə olanda ona hər gün üçün 11 saat hesabı ilə əmək haqqı verilməlidir. Ona 1211 manat əmək haqqı yazılıb, ğbir aya 160 manat olmalı idi, ödəniş əmsalı düzgün hesablanmayıb. Bayram günləri 2 qat olmaqla, günə 22 saat hesablanmalı idi. Onun işə gediş-gəliş saatları düzgün yazılmayıb. İşdə olanda tibbi maska ilə təmin edilməyib, o, cavabdehdən hədə-qorxu ilə pul tələb etməmişdir. Pozulmuş əmək hüquqlarının müdafiəsi üçün 11.11.2019-cu ildən başlayaraq dövlət orqanlarına şikayətlər etmişdir. Hesab edir ki, qarşılıq iddia əsassızdır. O, cavabdehin işgüzar nüfuzuna zərər vurmamışdir. Odur ki, onun iddiasının təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, İddiaçı izahatına əlavə olaraq bildirdi ki, cavabdeh qarşılıqlı iddia tələbi verərək, ilk iddia üzrə iddiaçı tərəfindən həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatların yayılmasını qeyd edir, lakin həmən məlumatları öz qarşılıqlı iddia ərizəsində qeyd edərək fikir vermir ki, iddiaçının qeyd etdiyi məlumatları yalnız iddiaçının hesab etdiyi əmək münasibətləri üzrə pozulmuş hüquqlarına aidiyyatı vardır. İddiaçı pozulmuş hüquqların bərpa edilməsi ilə bağlı məhkəməyə, dövlət orqanlarına və işəgötürənə müraciət edərək, yalnız onun pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. İddiaçı öz konstitusiyon hüququndan, müraciət etmək hüququndan istifadə edərək cavabdeh tərəfindən pozulmuş hüquqlarının araşdırılmasını dövlət orqanlarına müraciət edərək xahiş etmişdir. İddiaçı demək olar ki, bütün müraciətlərində tibb işçisinə aid olan hüquqlarının pozulmasını vurğulayır. Çünki, əmək müqaviləsini işəgötürənlə 25.04.2017-ci il tarixdə bağladığı zaman “sanitar” olaraq işə qəbul edilmişdir, 3 gün sonra xadimə vəzifəsinə işə götürən tərəfindən keçirilsə də, faktiki olaraq “sanitar” vəzifələrini icra edirdi. Bu faktı işə götürən özü də dolayı yolla təsdiq edir. Cavabdeh MMC-nin direktoru tərəfindən 30.12.2016-cı il tarixdə təsdiq edilən və məhkəməyə təqdim edilən vəzifə təlimatlarından görünür ki, xadimə qeyd olunsa da, mötərizədə “sanitar” olaraq qeyd olunur. Həmən cəmiyyətdə çalışan işçilər həmin vəzifə təlimatlarına uyğun olaraq vəzifələrini yerinə yetirməli idilər və əsaslı olaraq özlərini tibb işçisi sayırdılar və bu səbəbdən tibb işçilərinə aid olan əlavə ödənişlərini tələb edirlər və hüquqlarını pozulduğunu qeyd edirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1” X2 tərəfindən sorğu əsasında verilmiş və məhkəməyə təqdim edilmiş 10 mart 2021-ci il tarixli 08/3873 saylı məktubuna əsasən Cavabdeh MMC-nin tibbi xidmət göstərilməsi ilə bağlı xüsusi icazəsi yoxdur və xüsusi icazə olmadan məhkəməyə təqdim edilmiş, həkimin, tibb bacısının, sanitarın vəzifə təlimatları olması və həmin vəzifə təlimatlarına uyğun olaraq çalışmaları nə qədər düzgündür və cəmiyyətin qanun qarşısında inzibati və ya cinayət məsuliyyəti yaratmırmı və əgər Cavabdeh MMC tərəfindən tibb işçilərini işə götürmək hüququ yoxdursa, onda iddiaçı ilə bağlanmış əmək müqaviləsi ümumiyyətlə etibarsız hesab olunmalıdır və belə olan halda iddiaçı əmək müqaviləsi olmadan işləmiş sayılmalıdır. Buda bir daha cavabdehin qanunları pozmasına gətirib çıxarır. Məhz iddiaçı öz vəzifə təlimatlarını yerinə yetirməsinə görə pozulmuş hüquqlarının bərpası ilə öz konstitusiyon hüququndan istifadə edərək müraciət etmişdir. Cavabdehin nümayəndəsi də bildirir ki, cavabdehə faktiki olaraq maddi zərər dəyməyib, üçün şəxslərlə müqavilə bağlanmasından imtina edilməyib. İddiaçı dövlət orqanlara müraciət edərək, öz pozulmuş hüquqlarını qeyd edərək və maddi normaları ilə əsaslandıraraq, həmin müraciət ərizələrini yaymamışdır. İddiaçı heç bir kütləvi informasiya vasitəsində, internetdə, televiziya, radio və digər informasiya platformalarında öz pozulmuş hüquqları ilə bağlı məlumat verməmişdir. Dövlət orqanlarına müraciətlərində iddiaçı təhqirə və böhtana yol verməmişdir, yalnız pozulmuş hüquqları barədə qeydlərini etmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçı cavabdehin işgüzar nüfuzuna xələl gətirməyib. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı 2012-2017-ci illərdə işləmiş olduğu “xxxx” MMC tərəfindən bütün əmək hüquqlarının pozulduğunu, həmin pozulmuş hüquqlarla bağlı qeydlərin bir başa Cavabdeh MMC-yə aidiyyatının olduğunu qeyd edir. Daha sonra “xxxx” MMC-də pozulmuş hüquqlarına dair qeydləri sadalamağa başlayır. 2012-ci ildən 2017-ci ilədək “xxxx”MMC qanunsuz olaraq onunla əmək müqaviləsi bağlamadan işə qəbul etmişdir. Bunu onunla əsaslandırır ki, əmək müqaviləsinin surəti ona təqdim edilməmişdir və o, əmək müqaviləsini imzalamamışdır. Həmin dönəmdə əmək haqqı ona və digər işçilərə əlbəəl verilib. Həmin dönəmdə onun pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Həmin dönəmdə ezamiyyət pulu, məzuniyyət pulu və digər əlavə ödənişlər “xxxx” MMC tərəfindən ödənilmirdi. Bununla əlaqədar bildirir ki, iddiaçı, heç olmasa onun nümayəndəsi və vəkili bilməli idi ki, “xxxx” MMC hüquqi şəxsdir. Ona qarşı iddialara cavab verməsi üçün məhkəmədə tərəf (cavabdeh) olaraq müəyyən edilməli idi. “xxxx” MMC ona qarşı iddia və ittihamlara özü, təmsil olunduğu orqanlar və nümayəndələri vasitəsi ilə cavab verməlidir. Bir şeyi də iddiaçıya, onun nümayəndəsi və vəkilinə xatırlatmaq istəyir ki, 2012-2017-ci illər arası, yəni iddiaçının “xxxx” MMC-də işlədiyi dönəmə dair pozulmuş hüquqları ilə əlaqədar (əgər belə pozuntular varsa) qanunvericiliyin müəyyən etdiyi müddət ərzində, yəni Əmək Məcəlləsinin 296-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürmədən və ən əsası bu tələblərə cavabdeh kimi “xxxx” MMCyə qarşı iddia qaldırmalı idilər. Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi kimi iddiaya gəldikdə bildirir ki, tərəflər arasında bağlanmış 25.04.2017-ci il tarixli əmək müqaviləsinin 10.2 bəndinə əsasən müqavilənin bir surəti işçidə saxlanılır və işçi həmin müqavilə və onun şərtləri ilə razılaşaraq imzalamış, işə başlamış və illərlə buna görə maaş almışdır. 2017-ci il tarixli əmək müqaviləsi ilə tanış olmadığı, bir surətinin ona verilmədiyi 2021-ci ildə iddiaçının yadına düşdü?! Necə ola bilər ki, işçi imzalayıb işə başladığı əmək müqaviləsindən xəbərsiz olsun. İddiaçı xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, hər hansı hadisə baş versəydi, müalicəsini öz hesabına məcbur olaraq ödəyəcəyini qeyd edir. İddiaçi əsaslandırmır ki, qanunvericiliyin hansı müddəasına əsasən Cavabdeh MMC qeyd olunan tibb personalını sığortalamalıdır? Belə bir qanuni göstəriş yoxdur. Amma belə bir qanuni məcburiyyət olmadığı halda, işəgötürən bütün işçiləri, o cümlədən iddiaçını “xxxx” ASC-də öz vəsaiti hesabına sığortalamış və iddiaçı ilin əvvəlində sığortadan külli miqdarda vəsait almışdır. İddiaçı işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edildiyini qeyd edir. Həmçinin təcili tibbi yardım fəaliyyəti olmasına baxmayaraq, buna görə maaşa əlavə olunan faizlərin verilmədiyini qeyd edir. Əlbəttə ki, bu iddiaçının boş, əsassız, təsdiq edilməyən iddiasıdır. Qeyd edilən məsələlər yəni, işçinin əlavə iş saatlarına cəlb edilməsi, başqa işçinin işlərini görməsi halları işəgötürənin əmri ilə əsaslandırıldığı halda tətbiq edilə bilər. İşəgötürənin müvafiq əmrləri olmamış, yerlərdə əlavə işlərə və saatlara cəlb olunması üçün əsas olmamışdır. İş münasibətləri davam etdiyi bir dönəmdə, durmadan yalan və uydurmalarla, dəfələrlə əsassız ittihamlarla işəgötürənindən şikayətlər edən birinin - “maaşımı kartdan deyil, əlbəəl alıram” deyib işlədiyi yeri şikayət edən birini əlavə iş saatına cəlb edilməsi və başqa işçinin işlərini görməsi inandırıcı deyildir. Maraqlıdır ki, iddiaçı hansı əsasla, əmək müqaviləsinin hansı bəndi ilə təcili tibbi yardım fəaliyyəti göstərdiyini iddia edir və hansı qanuni əsasa görə faizlər tələb edir. Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli qərarını nəzərdə tutursa, həmin qərar büdcədən maliyyələşən səhiyyə işçilərini nəzərdə tutur. Həmçinin həmin qərarın 2.2.2 maddəsinin (Sağlamlığı üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) ğ) bəndinə əsasən təcili tibbi yardım stansiyalarının (bölmələrinin) psixi xəstələrə tibbi yardım göstərən və onları daşıyan ixtisaslaşmış briqadalarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də avtomobil sürücülərinə vəzifə maaşının 20 faiz miqdarında əlavə haqq ödənilir. İddiaçı büdcədən maliyyələşən səhiyyə işçisi olmadığı kimi, həm də təcili tibbi yardım stansiyasının tibb heyəti olmayıb, psixi xəstələrə tibbi yardım göstərilməsi sahəsində işləməyib. Yəni bu hissədə də iddiaçının tələbi əsassız və məntiqsizdir. İddiaçı əmək məcəlləsində müəyyən edilən əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını qeyd edir. Deməli iddiaçı bu vaxta qədər özəl sektorda işləməklə, əmək müqaviləsi ilə müəyyən edilən əmək haqqından əlavə olaraq işəgötürənin lütfu olan əlavəyə təşəkkür əvəzinə, əlbəəl aldığına etiraz edir. Və həmin əlavənin təyinatını belə bilmir. Bildirir ki, Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli qərarının 2.2.2 maddəsində (Sağlamlığ üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) vəzifə maaşının 20 faizi hissəsində əlavə almalı olan səhiyyə işçilərinin siyahısı verilmişdir. Bir daha bildirir ki, iddiaçı ilk olaraq büdcədən maliyyələşdirilən səhiyyə işçisi deyil, həmçinin siyahıda göstərilən şərtləri (misal taun, QİCS, psixatriya və s. xəstələrə xidmət) şərtlərini daşımır. İddia bu hissədə də əsassızdır. İddiaçı məzuniyyət hüququ şəklində, yəni məzuniyyət hüquqlarımız pozulur, əlavə 2-4-6 məzuniyyət günlərinin bizə verilmədiyini qeyd edir. Anlamaq mümkün deyil ki, iddiaçı nə səbəbə hər kəsin adından danışmaq haqqını özündə görür. Konkret olaraq hansı məzuniyyəti əksik verilib. Yəni, ümumi deyil, konkret halları göstərməklə, faktlarla, hər kəsin adından deyil, izahlı iddiasına bu hissədə aydınlıq gətirməlidir. “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndinə əsasən Neft çıxarılmasının süni adalarındakı ambulatoriyalarda və sağlamlıq bölmələrində həkim, orta və kiçik tibbi heyətinə 6 gün əlavə məzuniyyət verilir. Əmək Məcəlləsinin 136-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Bildirir ki, iddiaçı əmək fəaliyyətində olduğu 2017-2018 iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət olmalı olduğu halda 30 təqvim günü; 2018-2019 iş ili üzrə 21 təqvim günü bir, 2 təqvim günü də bir, 2019- 2020 iş ili üzrə 23 təqvim günü, 2020-2021 iş ili üzrə 25 təqvim günü məzuniyyətdə olub. İddiaçı tibbi heyət üçün ona Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndi şamil edilməmişdir. İddia bu hissədə də əsassızdır. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini qeyd edir. Nə vaxt, hansı rəsmi müraciətlə, kimə müracit etdiyini təsdiq etməlidir. Davamında bu səbəbdən maddi ziyanın dəqiq hesablanmasının mümkün olmadığını qeyd edir. İddiaçı açıq şəkildə etiraf edir ki, tələb olunan 50.000 manat dəqiq hesab deyildir. Absurd iddia tələbi azmış kimi, həm də utanmadan etiraf edilir ki, tələb olunan maddi ziyan dəqiq deyildir. Həmçinin iddiaçı özü nə istədiyini bilmir. Maaş haqqında haqq-hesab sənədi nədir? İşçinin əmək müqaviləsi ilə maaşı özünə məlumdur. Kartına köçürülmüş əmək haqqı özünə məlumdur. Digər ödənişlər özünə məlumdur. Davamında gecə vaxtı, bayramda, təcili tibbi yardım, covidlə bağlı əlavələrin dəqiq hesablanı tələb edir. Axı bu gülüncdür. Hansı covidlə bağlı, hansı təcili tibbi yardım, hansı bayram və gecə işindən söhbət gedir? Prezidentin 18 mart 2020-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək iddiaçı dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu qeyd edir. İşin maraqlı tərəfi odur ki, sərəncamı özləri qeyd edir və sərəncamın başlığı da belədir ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam. Sərəncamın başlığı belə izah verir ki, koronavirusla mübarizə tədbirlərində iştirak etmək üçün, bunun üçün ayrılan xüsusi hospitallarda fəaliyyət göstərilməli və 3-5 mislində maaşı da həmin xüsusi xəstəxanalarda ala bilərdilər. Yəni, Cavabdeh MMC koronoviruslu xəstələr üçün ayrılmış xəstəxana deyildir. Burada viruslu xəstələr müalicə olunmur. Bunu anlamaq o qədərmi çətin idi?! Həmin sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 saylı qərarının 1-ci bəndinə əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: Göründüyü kimi əlavələr infeksiya ilə əlaqəli dövlət tibb müəssisələrində çalışan işçilərə şamil edilib. İddiaçı sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu qeyd edir. Ardınca Əmək Məcəlləsinin 67-1 maddəsinə istinad edir. Əhalinin sağlamlığı haqqında qanunun 46 və 49-1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxslər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin müvafiq icra hakimiyyəti, işlədikləri tibb müəssəsi deyil, işəgötürən deyil, Səhiyyə Nazirliyidir. Həmçinin Cavabdeh MMC-də iddiaçı 2017-ci ildən işləyir. Yəni 5 il belə tamam olmayıb. İddiaçı ona əmək funksiyalarının icrası ilə bağlı maneələrin törədildiyini qeyd edir. Həmin bu iddiaçı dəfələrlə əmək funksiyasının icrasından yayınıb, sonuncu dəfə izahatında uşağıyı yanında qoyacaq dayə tapa bilmirəm deyə işə çıxmıram yazıb. Maaşım azdı dayənin pulunu verə bilmirəm deyə işə çıxmıram yazıb. Bu işçi işə dəvət olunur, işə çıxmır. Axı ona hansı əmək funksiyasının icrasına maneələr torədilir onu desin. İddiaçı işdə, adada olarkən 5-ci ay hamiləliyinin pozulduğunu, uşağı itirdiyini və buna səbəbdən xəstəxanaya yerləşdirilmədiyini qeyd edir. Yəni həmin sancıların baş verdiyi anda kimə müraciət edib, hadisə nə vaxt baş verib, uşağın itirilməsində şirkətin günahı nədir, anlam vermək çətindir. Niyə bununla bağlı şirkətə rəsmi müraciətini etməyib, niyə mübahisələndirməyib başa düşmək olmur. Belə bir hadisənin 2015-ci ildə də olduğunu qeyd edir. O, vaxt da onu xəstəxanaya yerləşdirmədiklərini və uşağın düşdüyünü qeyd edir. Anlam vermək çətindir. İddiaçının ezamiyyə xərcləri ilə əlaqədar qeyd etdikləri ilə əlaqədar bildirir ki, işçi növbədə olduğu bütün müddət və günlər üzrə ezamiyyə əvəzi məbləğlər kart hesabına köçürülmüşdür. Belə ki, Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında qərarının 6-ci bəndinə əsasən Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir. Həmin məbləğ 01 iyul 2018-ci ilə qədər 10 manat təşkil edirdi. Məlumat üçün bildirir ki, Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlamış iddiaçı və özü kimi 3 nəfər də (həmin 3 nəfərdən biri iddiaçının həyat yoldaşıdır) eyni iddia ilə məhkəməyə müraciət ediblər. Məhkəməyə müraciət edənə qədər iddia ərizəsi ilə eyni məzmunlu bir çox şikayətlər ediblər. Rəsmi qaydada məktubla şirkətə müraciət edərək, hədə qorxu gələrək həmin bu 4 nəfər şirkətdən milyon manatdan çox pul tələb ediblər. Adını da qoyublar ki, biz zərərə uğramışıq. Bu 4 nəfərin bir hədəfi var. Şirkətdən necə pul alaq? Tələbləri də iddia ərizəsində qeyd edildiyi kimi əsassız, heç bir hüquqi tutarı olmayan tələblərdir. Son olaraq bildirir ki, iddiaçı iddia tələbində haqlı, qanuni və əsaslı olmadığı kimi, məhkəməyə müraciəti də qanunvericiliyin tələblərindən uzaqdır. İddia ərizəsindən də anlaşılır ki, iddiaçı haqlı olmayan iddiasının əsası kimi keçmiş dönəmlərə, illər öncəsinə və ümumi hallara əsaslanır. Lakin iddiaçı bilməli idi ki, Əmək Məcəlləsinin 296-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Yəni, həmin müddətlər ötürüldükdən sonra məhkəməyə müraciət edə bilməzdi. Belə ki, Əmək Məcəlləsinin 296cı maddəsi ilə həmin müddətlər məhkəməyə müraciət edə bilmə müddətləri kimi müəyyən edilib. Hesab edir ki, iddiaçının iddiası tamamilə əsassızdır. İddiaçının əmək müqaviləsində əmək haqqı 253 manat qeyd olunsa da, hər ay ona 700-800 manat, bəzi hallar da isə 1200 manat əmək haqqı ödənilib. Bu isə onu itəsdiq edir ki, iddiaçıya qanunla hesablanmalı olan bütüen əlavələr tam şəkildə artıqlaması ilə hesablanaraq ödənilib. İddiaçı 25.04.2017-ci il tarixli əmək müqaviləsinə əsasən bir il müddətinə sanitar işinə qəbul edilib, 28.04.2017-ci il tarixli ərizəsinə əsasən əmək müqaviləsinə dəyişiklik edilib və 29.04.2017-ci il tarixli əmrlə 29.04.2017-ci il tarixdən xadimə vəzifəsinə keçirilmişdir. Hər il üçün əmək məzuniyyəti tam olaraq verilmişdir. Bütün ödənişləri hesablanaraq iddiaçının kartına köçürülmüşdür. İddiaçının işə girdiyi vaxtdan hazırkı vaxta kimi bütün ödənişlərini özündə əks etdirən mühasibatlıqdan verilmiş çıxarışları məhkəməyə və iddiaçıya təqdim etmişdir. Cavabdeh iddiaçıya hər hansı bir maddi və ya mənəvi zərər vurmamışdır. İddiaçının hərəkətləri nəticəsində cavabdehə birbaşa maddi zərər dəyməyib və əldən çıxmış faydası yoxdur. Lakin iddiaçı əsassız şikayətlər yazmaqla cavabdehin işgüzar nüfuzuna xələl gətirir. Cavabdeh həmin şikayətlərin araşdırılmasına və eyni məzmunlu cavablar yazmağa məcbur olur. Cavabdeh tibbi fəaliyyətlə məşğul olmur, cavabdeh tibbi koordinasiya xidmətini həyata keçirir. İddiaçı 29.11.2020-ci il tarixdə vertalyotla sahilə təxliyə edilib. Sığorta məbləği 100 manat təşkil edir, 14 manatını cavabdeh ödəyib, 86 manatı isə iddiaçıdan tutulub. İlin sonunda iddiaçıya 3.600 manat sığorta ödənişi edilmişdir. Səhiyyə Nazirliyi, ƏƏSMN və Prezidentin Administrasiyası tərəfindən iddiaçının şikayətləri tam və hərtərəfli araşdırılıb, şikayətdə göstərilənlər öz əksini tapmamyıb, iddiaçının əmək hüquqlarının pozulmadığı müəyyən edilmişdir. Həmin inzibati orqanların qərarları qüvvədədir. İddiaçı bu qərarları məhkəmədə mübahisələndirməyib. İddiaçı gözəllik salonunda dırnaq böyaçısı işləyir. İddiaçı cavabdehə əsas iş yerinə məlumat vermədən 22.07.2020-08.09.2020-ci ilə kimi Totimed şirkətində işləmiş və korona xəstələrinə qulluq etmişdir. Bu səbəbdən 11.08.2020-ci ildən işə gəlməmişdir. Bütün bunlara baxmayaraq cavabdeh iddiaçının hər hansı bir hüququnu pozmamışdır. Hesab edir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk və qarşılıqlı iddialar rədd edilməlidir. Belə ki, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 25.04.2017-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı 25.04.2017-ci il tarixdən 8 ay müddətinə 31.12.2017-ci il tarixə kimi Cavabdeh MMC-yə sanitar vəzifəsinə işə qəbul edilmişdir. İşçiyə hər ay 167 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş 15 günlük növbəli iş qrafikinə uyğun növbəlidir. əsas məzuniyyətinin müddəti 21 gün, əlavə məzuniyyəti staja görə 2 gün müəyyən edilmişdir. 04.01.2018-ci il tarixdən əmək haqqı 248,97 manat müəyyən edilmişdir. 29.04.2017-ci tarixdən vəzifəsi xadiməyə dəyişdirilmişdir. Əmək haqqı 03.01.2019-cu il tarixdən 253,96 manat müəyyən edilmişdir. Əmək müqaviləsinə edilmiş dəyişiklik işçi İddiaçı və işəgötürənin əmək müqaviləsinə etdikləri imzaları ilə təsdiq edilmişdir. İddiaçı məhkəmə iclasında əvvəlcə imzanın ona məxsus olmadığını bildirsə də, sonradan əmək müqaviləsindəki dəyişiklikdəki və xadimə vəzifəsinə keçirilməsinə dair 28.04.2017-ci il tarixli ərizədəki imzaların ona məxsus olduğunu təsdiq etmişdir. İddiaçı tərəfindən imzalanmış 28.04.2017-ci il tarixli əridən müəyyən edilir ki, İddiaçı ərizə ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə müraciət edərək, onu 29.04.2017-ci il tarixdən Cavabdeh MMC-yə xadimə vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni imzalamış və öz xətti ilə soyadını, adını və atasının adını yazmışdır. Cavabdeh MMC-nin direktoru Nümayəndə 29.04.2017-ci il tarixli 281K nömrəli “vəzifə dəyişikliyi haqqında” əmri ilə İddiaçı 29.04.2017-ci il tarixdən Cavabdeh MMC-yə xadimə vəzifəsinə keçirilmişdir. Vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq təyin edilmişdir. Əmrin verilməsinə əsas ərizəsi olmuşdur. İddiaçı əmək müqaviləsində və 30.12.2016-cı il tarixdə və 01.04.2017-ci il tarixdə təsdiq edilmiş (sanitar, xadimə) vəzifə təlimatında nəzərdə tutulmuş işlərdən başqa əlavə işlərin görülməsinə cəlb edilməmişdir. Cavabdeh MMC-nin 21.05.2018-ci, 20.08.2018-ci, 01.07.2019-cu, 08.01.2021-ci il tarixli əmrləri ilə İddiaçı öz ərizələrinə əsasən əmək növbəti məzuniyyətləri verilmişdir. Əmək məzuniyyəti günləri hesablanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş mühasibat sənədlərindən müəyyən edilir ki, 2017-ci ilin may ayından 2021-ci ilin fevral ayına kimi olan dövr ərzində İddiaçı aylıq əmək haqları güzət, vəzifə maaşı, faktiki iş günləri, faktiki iş saatları, əlavə iş saatları, gecə növbəsi üzrə satları, yola sərf olunan vaxt, vaxtamuzd ödəniş, 75% dəniz əmsalı, əlavə saatlar, məzuniyyət, məzuniyyətin kompensasiyası, gündəlik (maya dəyəri), gediş haqqı, karantin, gecə növbəsi 40%, xəstəlik kağızı, cəmi hesablanıb, gəlir vergisi, DSMF 10%, DSMF işsizlik sığortası 0,5%, 3 illik həyatın yığım sığotası, avans, cəmi tutulub, yekun məbləğ qrafalarından ibarət olan izahlı cədvəlhesabatlarda öz əksini tapmaqla, tam şəkildə Cavabdeh MMC tərəfindən hər ay İddiaçı bank kartı hesabına köçürülmüşdür. Bunu “ABB” tərəfindən 15.04.2021-ci il tarixdə İddiaçı verilmiş bank hesabından çıxarış bir daha təsdiq edir. Cavabdeh MMC-nin İddiaçı ödənilməmiş əmək haqqı və digər ödənişlər üzrə borcu yoxdur. İddiaçı 28.11.2020-ci il tarixdə qarnının aşağı hissəsində ağrıların baş verməsi və hamiləliyinin pozulması ilə nəticələnməsində Cavabdeh MMC-nin təqsirli olmasını təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Cavabdeh MMC məlumatı əldə etdikdən dərhal sonra 29.11.2020ci il tarixdə vertalyot vasitəsilə İddiaçı sahilə təxliyə etmiş və vəzifə borcunu yerinə yetirmişdir. Cavabdeh MMC ilə “xxxx” ASC arasında 13.11.2017-ci il tarixdə bağlanmış 1126-17 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” əsasən Cavabdeh MMC-nin işçiləri “xxxx” ASC-də sığotalanmışlar. Sığorta müqaviləsinə 1 nömrəli əlavədəki siyahıda İddiaçı adı sığortalananlar sırasında 26-cıdır. “xxxx” ASC tərəfindən İddiaçı 31.01.2018-31.01.2021-ci il tarixə kimi qüvvədə olan HYS- 00677/18 nömrəli həfyat yaşam sığortası şəhadətnaməsi verilmişdir. Cavabdeh MMC İddiaçı sığorta olunması üçün “xxxx” ASC-yə 3.600 manat sığorta haqqı ödəmişdir. Cavabdeh MMC ilə “xxxx” ASC arasında 27.03.2017-ci il tarixdə PMA-M/17/01 nömrəli, 29.12.2017-ci il tarixdə M-PMA-025 nömrəli, 28.12.2018-ci il tarixdə M-PMA-046 nömrəli və 30.12.2020-ci il tarixdə M-PMA-102 nömrəli “tibbi sığorta müqavilələri üzrə assistans xidmətlərinin göstərilməsi haqqında” müqavilələri bağlanmışdır. Cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması sübuta yetirilməmişdir. Eyni zamanda İddiaçı özünün pozulduğunu güman etdiyi əmək hüquqlarının müdafiə edilməsi ilə bağlı dövlət orqanlarına şikayət ərizələri göndərməsi və bunun nəticəsində Cavabdeh MMC-də araşdırma aparılması və şikayətdə göstərilən halların, yəni İddiaçı əmək hüquqlarının pozulmasının öz təsdiqini tapmaması, cavabdehin işgüzar nüfuzuna xələl gətirilməsi kimi qiymətləndirilə bilməz. Bu hal cavabdehə işgüzar nüfuzuna xələl gətirildiyini güman etməklə, iddiaçıdan 50.000 manat pul tələb etməsinə əsas verə bilməz. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində əmək hüquqlarının pozulmasını, ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutları, həmçinin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzuna xələl gətirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Yəni, iddiaçı və cavabdeh öz sübutetmə vəzifələrini yerinə yetirməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ilk və qarşılıqlı iddialar əsassız olduğundan rədd edilməlidir, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə xüsusi qərarda çıxarılmaqla prokurora məlumat verilməsi ilə bağlı iddiaçı və cavabdeh tərəfindən verilmiş vəsatətlərlə bağlı qeyd edir ki, həmin vəsatətlərdə göstərilənlər iddia tələbləri deyildir. İddiaçı və cavabdeh vəsatətlərində qeyd etdikləri halların cinayət xarakterli məlumatlar olub-olmamasının araşdırılması və hüquqi qiymət verilməsi üçün müstəqil şəkildə hüquq-mühafizə orqanlarına müraciət etmək hüquqları vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC tərəfindən pozulmuş əmək hüquqların ilə bağlı vurulmuş maddi ziyanın əvəzi olaraq 50.000 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat olmaqla, cəmi 70.000 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Cavabdeh MMC-nin İddiaçı qarşı “İddiaçı Cavabdeh MMC-nin barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pulun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1902/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1902/2021
26.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver