Məhkəmə qərarları › İş №2(004)-1908/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1908/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1908/2024 08.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1459,50 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-ci il tarixində 213CRL********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş 7000 (yeddi min) manat məbləğində kreditə zamin durmuşdur. Cavabdeh 7000 manat məbləğdən 5540 manat ödəyərək məbləğin qalan hissəsinin ödəməkdən boyun qaçırtmışdır. Bu səbəbdən də Azərbaycan Beybəlxalq Bankı ASC Yasamal rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir. 2(004)-514 saylı xx.xx.2019-cu il tarixdə iddia qismən təmin edilərək, Cavabdeh və İddiaçı müştərək qaydada cərimə və faiz borcunun hesablanaraq, cəmi 1901,50 (bir min doqquz yüz bir manat əlli qəpik) manat borc, 16.20 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.22 manat ödənilmiş bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmuşdur. Cavabdeh borcu ödəmədiyinə görə həmin kredit üzrə iddiaçının təqaüd kartından 1459.50 manat vəsait tutulmuşdur. Dəfələrlə cavabdehdən pulunu istəməyinə baxmayaraq, cavabdeh pulun iddiaçıya qaytarılmasından boyun qaçırır. Borclu pulu qaytarmaq istəmir. Cavadehlə bu barədə dəfələrlə söhbət etməyinə baxmayaraq iddiaçının sözlərinə hörmətsiz yanaşmışdır. Cavabdehə şifahi şəkildə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh pulu qaytarmadığına görə məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-514/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1503,31 manat əsas borc, 136,31 manat faiz borcu, geçikdirilmiş vaxt üçün illik 5% hesablanmış 111,88 manat əldən çıxmış fayda və 150 manat cərimə borcu olmaqla, cəmi 1901,50 (bir min doqquz yüz bir manat əlli qəpik) manat borc, 16,20 manat məbləğində ödənilmiş dövlət rüsumu, 0.22 manat ödənilmiş bank xidmət haqqının tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, İddiaçı Oli oğlu xx.xx.2014-cü il tarixində 2İ3CRL********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş 7000 (yeddi min) manat məbləğində kreditə zamin durmuşdur. Həmin kredit üzrə müştərinin təqaüd kartından 1459,50 manat vəsait tutulmuşdur. Təqaüd kartından çıxarış arayışa əlavə olunmuşdur. İş materiallarında olan Elektron icra sistemindən çıxarışdan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-514/2019 saylı icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə hər iki tərəfdən müştərək qaydada tutulan borcdan 1459,50 manat ödəniş etmiş, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcu ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 1459,50 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin vəkilə çəkilən xərclərin və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 (otuz beş) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 1459,50 (bir min dörd yüz əlli doqquz manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 35 (otuz beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1459,50 (bir min dörd yüz əlli doqquz manat əlli qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar