Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1922/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və yaşayış sahəsində istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və yaşayış sahəsində istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Bakı şəhəri, Yasamal rayonu. X4 Naxçıvani küçəsi, ev 15, mənzil 131 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmaqla bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına tam pay hüququ ilə ********** qeydiyyat nömrəli, RX ******* seriyalı, 01.11.2018-ci il tarixli çıxarış verilmişdir. Həmin mənzili 19 oktyabr 2018-ci il tarixdə Cavabdeh 46 saylı Notariat Kontorunda aralarında təsdiq edilmiş 222İK/2018 saylı alğı-satqı və ipoteka müqaviləsi əsasında 140000 manat məbləğində dəyərini ödəməklə almışdır. Mənzil eyni tarixli və eyni saylı alğısatqı və ipoteka müqaviləsi əsasında “xxxx" ASC-nin Səbail Filialında girov saxlanılmış. 18 oktyabr 2018-ci il tarixdə iddiaçı ilə “xxxx" ASC-nin Səbail Filialı arasında 222İK/2018 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən kreditora 300 (üç yüz) ay müddətinə, illik səkkiz faiz dərəcəsi olmaqla 112.000 (yüz on iki min) manat məbləğində pul qaytarılmalıdır. Cavabdehlə iddiaçı arsında mənzilə dair alğı-satqı müqaviləsi başa çatandan sonra alğı-satqı müqaviləsinin 2.2.4-cü bəndinə əsasən cavabdeh Bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən otuz gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmalıdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən cavabdeh bu müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra 30 (otuz) gün ərzində ipoteka predmetini yardımçı vasitələri ilə birlikdə Alıcı-İpoteka qoyana onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətdə təhvil verməlidir. Cavabdeh bu günə kimi mənzildən qeydiyyatdan çıxmayaraq mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdehə dələlərlə məznildən çıxmaq tapşırığı verilsə də, o, buna əməl etməmişdir. Hesab edir ki, iddia tələbi təmin olunmaqla Cavabdeh mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi. 15 saylı evin. 131 saylı mənzilindən çıxarılmalı və həmin mənzildə olan istifadə hüququna xitam verilməlidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 izahat verməyə hazır olmadığını bildirir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətinə əsasən, Bakı şəhəri, M.İ.Hinduşah Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 01.11.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan satıcı qismində Cavabdeh, ipoteka saxlayan qismində “xxxx” ASC və alıcı qismində İddiaçı arasında bağlanmış 19.10.2018-ci il tarixli, 222İK/2018 saylı alğı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən Cavabdeh Bakı şəhəri, M.İ.Hinduşah Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzili 140000 manata İddiaçı satmış, İddiaçı isə həmin əmlakı “xxxx” ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı-Cavabdeh müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən otuz gün müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı, 2.2.5-ci bəndinə əsasən isə müqavilə üzrə pul vəsaitini tam həcmdə qəbul etdikdən sonra otuz gün ərzində ipoteka predmetini yardımçı vasitələri ilə birlikdə alıcıya onun bəyəndiyi və qiymətində razılaşdığı vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzil Cavabdeh tərəfindən alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Həmin mənzil İddiaçı mülkiyyətində olsa da cavabdeh həmin mənzildən çıxmır. Hazırda iddiaçı cavabdehin mənzilə istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddia əsaslıdır. Çünki Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzil İddiaçı mülkiyyətindədir, Cavabdeh isə həmin mənzilə dair heç bir hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalı və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, X4 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılsın və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1922/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1922/2021
03.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver