Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-637/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və iddiaçının övladı ilə birlikdə mənzilə köçürülməsi barədə ilkin və Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(060)-5953/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən, 19 saylı yataqxananın 1-ci mənzilindən çıxarılması, onun azyaşlı övladı X3 ilə birlikdə həmin mənzilə köçürülməsi və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən, 19 saylı yataqxananın 1 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı ildə rəsmi nikaha girmiş, bu izdivacdan xx.xx.2017-ci il təvəllüdlü Leyla adlı övladları doğulmuş, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Sözügedən mənzil onunla Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli sosial kirayə müqaviləsi əsasında ona məxsusdur. O, Leyla adlı övladı ilə pasport qeydiyyatında olmaqla 2022-ci ilin mart ayına qədər həmin mənzildə yaşamışdır. Həmin ilin mart ayında Cavabdeh qapının kilidini sındıraraq ora yenisini qoymuş və bu zaman qapının açarını ona verməkdən imtina etmişdir. O, məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinə və Polis orqanlarına müraciət etmiş, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh onun razılığı olmadan mənzilə soxulmuş və orada qeyri-qanuni yaşamışdır. Cavabdeh mənzili zəbt edərək oradan çıxmır. Halbuki sözügedən mənzilin sonuncuya heç bir aidiyyəti yoxdur və həmin ünvanda qeydiyyatda deyildir. Mənzildə o və qızı qeydiyyatdadır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilkin iddianı qəbul etmir. Sözügedən mənzil birgə nikah dövründə əldə edilmişdir. Belə ki, xx.xx.2019-cu ildə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 ilə İddiaçı arasında 05 saylı sosial kirayə müqaviləsi bağlanmışdır. Həmin vaxt ailə kimi bir yerdə yaşamışlar. Lakin müqavilədə nə onun, nə də qızının adı İddiaçı ailə üzvü kimi qeyd olunmuşdur. Halbuki müqavilədə qeyd olunmuşdur ki, həmin yaşayış sahəsi Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz kirayəçinin və ailə üzvlərinin istifadəsinə verilir. Həmin vaxt rəsmi nikahda olduqlarından onun İddiaçı ailə üzvü olduğu şübhəsizdir. Hesab edir ki, müqavilədə iddiaçının ailə üzvü kimi onun da adı qeyd olunmalı idi. Əslində müqavilə bağlanarkən onun və qızının həmin müqavilədə adının qeyd olunması barədə razılığa gəlmişdirlər. Lakin hazırkı iş materillarına əlavə edilmiş müqavilədən görünür ki, sonuncuların adı qeyd olunmamışdır. O, müqavilə bağlandığı vaxtdan İddiaçı ailə üzvü kimi sonuncu və qızı ilə birlikdə həmin mənzildə yaşamışdır və hazırda da o, həmin mənzildə yaşayır. Müqavilənin şərtlərinə görə İddiaçı onun həmin mənzilə köçürülməyinə razılıq vermişdir. Hazırda cavabdeh həmin mənzildən çıxarılmağını tələb edir. Hesab edir ki, bu qanunsuz və əsassızdır. Onun mübahisəli mənzildə hüququ vardır. Ona görə də o, ilkin iddia tələbi ilə razılaşmır. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, sözügedən mübahisəli ev Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal X1nin balansındadır. Ev xüsusi təyinatlı yaşayış sahəsidir. O, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(060)-5953/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən, 19 saylı yataqxananın, 1 saylı mənzilindən çıxarılması, İddiaçı həmin evə xx.xx.2017-ci il təvəllüdlü övladı X3 ilə birlikdə köçürülməsi, Cavabdeh 100 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən, 19 saylı yataqxananın, 1 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim Əfqan Ələkbərov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: ünvan 1, 19 saylı yataqxana, mənzil 1-i birgə nikah dövründə əldə etmişlər. Belə ki, xx.xx.2019-cu ildə Sumqayıt şəhəri, Mənzil Kommunal X1 ilə cavabdeh arasında 05 saylı sosial kirayə müqaviləsi bağlanmışdır. Həmin vaxt ailə kimi bir yerdə yaşamışlar. Lakin müqavilədə nə onun, nə də qızının adı cavabdehin ailə üzvü kimi qeyd olunmayıb. Halbuki müqavilədə qeyd olunub ki, həmin yaşayış sahəsi Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz kirayəçinin və ailə üzvlərinin istifadəsinə verilir. Həmin vaxt rəsmi nikah olduğundan cavabdehin ailə üzvü olduğu şübhəsizdir. Müqavilədə cavabdehin ailə üzvü kimi onun da adı qeyd olunmalı idi. Müqavilə bağlandığı vaxtdan cavabdehin ailə üzvü kimi cavabdeh və qızı ilə birlikdə həmin mənzildə yaşamış və hazırda da həmin mənzildə yaşayır. Müqavilənin şərtlərinə görə (kirayəçinin hüquqları: A) bəndi bölməsi) cavabdeh həmin mənzilə köçürülməyinə razılıq verib. Hazırda cavabdeh həmin mənzildən çıxarılmağını tələb edir. Hesab edir ki, bu qanunsuz və əsassızdır. Mübahisəli mənzildə hüququ var. Müqavilə bağlanan zaman onun və qızının adı kirayəçinin ailə üzvü kimi yaşayış sahəsinin sosial kirayə müqaviləsində qeyd olunmayıb və bununla da Mənzil Məcəlləsinin 68.3-cü maddəsinin tələbi pozulub. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(060)-5953/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-300/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X2 ananın yanında qalması və xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” 05 №-li sosial kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 19 saylı yataqxananın, 1 saylı mənzili Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, müddətsiz kirayəçinin istifadəsinə verilmişdir. Ailə üzvləri kimi heç kim qeyd olunmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1nin 1 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, 19 saylı yataqxananın, 1 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1nin 1 saylı Mənzil-Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən, 19 saylı yataqxananın, 1 saylı mənzilində yaşayır. Mənzil 1 otaqlı, sahəsi 12 m2dir. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin etmiş və hesab etmişdir ki, qanunvericilik keçmiş ailə üzvünün mübahisəli yaşayış sahəsində yaşayışının qanuni əsasları kimi məhz iki halı – şəxsin ailə üzvü olaraq sosial kirayə müqaviləsində göstərilməsini və kirayə verənin yazılı razılığını nəzərdə tutmuşdur. Belə ki, kirayəçinin ailə üzvləri tərkibindən çıxan şəxs kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülən zaman ailə üzvü hesab olunan – digər qohum, əmək qabiliyyəti olmayan deyil, artıq Mənzil Məcəlləsinin 69-cu maddəsində göstərilən digər vətəndaş statusunu qazanır. Qarşılıqlı iddia tələbini rədd edərkən məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı (kirayəçinin) ailə üzvləri tərkibindən çıxdıqdan sonra mübahisəli yaşayış sahəsində yaşayışını qanuni əsaslarla davam etdirmədiyindən o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara, eləcə də istifadə hüququna malik deyildir. İddiaçı isə sosial kirayə müqaviləsinə əsasən mübahisəli yaşayış sahəsinin kirayəçisi kimi həmin mənzilə dair sahiblik və istifadə hüquqları vardır. Odur ki, ilkin iddia əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25.2-ci maddəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1.1-ci maddəsinə əsasən yaşayış evi yaşayış sahəsinə aiddir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 1983-cü il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 40-cı maddəsinə əsasən Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına on iki kvadratmetr müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında 459 saylı, 27 noyabr 2019-cu il tarixli Qərarına görə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, kirayəçi ilə bərabər yaşayış sahəsinə hüquq əldə olunmasının iki şərti – ailə üzvlüyü, yəni kirayəçi ilə birgə yaşayan müvafiq şəxslər qrupuna məxsusluğu və həmin ailə üzvünün sosial kirayə müqaviləsində göstərilməsi müəyyən olunmuşdur. Digər vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında onun yaşadığı yaşayış sahəsinə köçürülməsinin şərti isə kirayə verənin yazılı razılığının mövcudluğudur. Həmçinin, qanun kirayəyə verənə belə köçürməni, onun nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olduğu təqdirdə qadağan etmək səlahiyyəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik keçmiş ailə üzvünün mübahisəli yaşayış sahəsində yaşayışının qanuni əsasları kimi məhz bu iki halı – şəxsin ailə üzvü olaraq sosial kirayə müqaviləsində göstərilməsini və kirayə verənin yazılı razılığını nəzərdə tutmuşdur. Belə ki, kirayəçinin ailə üzvləri tərkibindən çıxan şəxs kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülən zaman ailə üzvü hesab olunan – digər qohum, əmək qabiliyyəti olmayan deyil, artıq Mənzil Məcəlləsinin 69-cu maddəsində göstərilən digər vətəndaş statusunu qazanır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh sosial kirayə müqaviləsində kirayəçinin ailə üzvü kimi göstərilməmiş, habelə onun mübahisəli yaşayış sahəsinə köçürülməsi üçün kirayə verənin yazılı razılığı alınmamışdır. Bundan başqa, müvafiq yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi (12 m2) uçot normasından (12 m2, 16 m2) çox deyildir. Bu isə kirayə verənin sözügedən mənzilə digər vətəndaşın köçürülməsinə razılığını istisna edir. Beləliklə kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(060)-5953/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-637/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-637/2023
20.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver