Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1935/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Məhkəmə iclas katibi X10, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 103 ünvanda yerləşən 14 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsində yerləşən 103 saylı, sahəsi 30.8 kv.m. olan 2 otaqlı 14 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Onun həmin mənzilə mülkiyyət hüququ MH seriyalı 094985 saylı qeydiyyat vəsiqəsi ilə xx xxxx 1997-ci ildə qeydə alınmışdır. Həmin mənzildə o, arvadı, 1949-cu il təvəllüdlü X1, oğlu 1981-ci il təvəllüdlü X5, digər oğlu 1986-cı il təvəllüdlü X6, 1978-ci il təvəllüdlü Cavabdeh1, Eminin arvadı 1986-cı il təvəllüdlü Cavabdeh2, 2013-cü il təvəllüdlü Cavabdeh3 və 2016-cı il təvəllüdlü X7 qeydiyyatdadırlar. Hazırda həmin mənzildə o, arvadı, oğulları X5 və X6 yaşayırlar. O, öz şəxsi vəsaiti hesabına oğlu Emin üçün 2009-cu ildə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində bələdiyyə sənədi ilə almış olduğu 170 kv.m torpaq sahəsində ümumi sahəsi 110 kv.m təşkil edən, bütün kommunal şəraitləri olan fərdi yaşayış evi inşa etdirmiş və Emin 4 nəfər: özü, arvadı Cavabdeh2 və qızları Mədinə və Emiliya ilə birlikdə həmin evdə yaşayırlar. Bu səbəbdən, o Emin və arvadı Tamaradan ona məxsus olan mənzildən qeydiyyatdan çıxmalarını dəfələrlə tələb etmişdir. Onlar buna razılıqlarını bildirsələr də, sözlərinə əməl etməmişlər, ona məxsus mənzildən qeydiyyatdan çıxmaqdan yayınmışlar. Cavabdeh1 və ailə üzvlərinin qeydiyyatda olduqları mənzildə yaşamamaları müvafiq surətdə tərtib edilmiş və ərizəyə əlavə olunan aktla bir daha təsdiq edilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh1 münasibətdə ona məxsus mənzilə aid münasibətlər 2009-cu ilin oktyabr ayından əvvəl yaranmışdır, onun ailə üzvləri isə bu mənzildə ümumiyyətlə yaşamayıblar. Belə olan halda, onların onun mənzilinə istifadə hüquqları itirilmişdir və bu səbəbdən Cavabdeh1 və ailə üzvlərinin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciətinə İdarənin xx.xx.2021 -ci il tarixli 091-3618M-3221 saylı məktubu ilə həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməli olmağı bildirilmişdir. Cavabdeh1 ailə üzləri ilə birlikdə ona məxsus mənzildə qeydiyyatda qalmaları ona əlavə məhdudiyyətlər yaradır. Belə ki, artıq neçə illərdir ki, o onların hesabına əlavə kommunal xərclər ödəməli olmuş və bu xərcləri bu gün də ödəməyə məcbur olur. Onların bu mənzildə qeydiyyatda qalması mənzilə dair qanunvericiliklə ona verilmiş hüquqlardan öz istəyinə uyğun istifadə edə bilmir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh1 münasibətdə ona məxsus mənzilə aid münasibətlər 2009-cu ilin oktyabr ayından əvvəl yaranmışdı, onun ailə üzvləri isə bu mənzildə ümumiyyətlə yaşamayıblar. Belə olan halda, onların onun mənzilinə istifadə hüquqları itirilmişdir və bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etməli olur. Cavabdehlər ona məxsus mənzildə qeydiyyatda qalmaqla onun bu mənzilə dair bütün hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 -ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericiliklə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericiliklə nəzərədə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsində yerləşən 103 saylı, sahəsi 30.8 kv.m. olan 2 otaqlı 14 saylı mənzilə onun hüquqları tam təsdiq olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 məhkəmə tərəfindən onların faktiki yaşayış yeri və qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən cavabdehlərin faktiki yaşayış ünvanı aşkar olunmadığından, bildirişin onlara çatdırılması mümkün olmadığından geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsində qeyd olunur: cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 103 ünvanda yerləşən 14 saylı mənzilə İddiaçı adına Seriya MH, 094985 nömrəli, xx.xx.1997-ci il tarixli Qeydiyyat Vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 40 nömrəli Mənzil Komunal İstismarı Sahəsinin xx xxxxxx 2021-ci il tarixli 41 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsindəki 103 nömrəli evin 14 saylı mənzilində İddiaçı 1997-ci ildən, X1 2013-cü ildən, X5 1997-ci ildən, X6 1997-ci ildən, Cavabdeh1 2000-ci ildən, Cavabdeh2 2014-cü ildən, Cavabdeh3 2013-cü ildən və X7 2016-cı ildən qeydiyyatdadırlar. İş materiallarında olan X8, X9 və X11 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X7 ünvan 2 ünvanında 2013-cü ildən faktiki olaraq yaşamırlar. İş materiallarında olan Cavabdeh1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Cavabdeh1 və ailəsi həqiqətən ünvan 3 ünvanda yaşamırlar. Onlar Xocasən qəsəbəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşayırlar. İddiaçının ona qarşı olan iddiasını qəbul edir. Qeydiyyatda olduğu mənzilə heç bir iddia və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 103 ünvanda yerləşən 14 saylı mənzil İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X7 iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, 103 nömrəli evin 14 nömrəli mənzilində qeydiyyatdadırlar. Cavabdehlərin hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Məhkəmə cavabdehlərin mübahisəli yaşayış evində yaşamamalarının səbəblərini araşdıraraq qeyd edir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Ona görə ki, işin materialları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdehlər mübahisəli evdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqələrini kəsmişlər. Onların mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehlərin mənzildə yaşamadıqlarına baxmayaraq, onların mənzilə formal qeydiyyatının və istifadə hüququnun saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Buna görə də, cavabdehlərin iddiaçıya məxsus yaşayış evindən istifadə hüquqları itirilməlidir. Bundan başqa, yaşayış sahəsindən istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Həmin maddəyə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, istifadə hüququ olan şəxsin digər yaşayış sahəsinə könüllü surətdə daimi olaraq köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.2-ci maddəsinin mənasına görə, yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər daimi yaşamaq üçün başqa yerə getdiklərindən, onların iddiaçıya məxsus evdə uzun müddət yaşamamaları müəyyən edildiyindən, onların həmin evdən əvvəllər mövcud olan istifadə hüquqları artıq itirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 103 ünvanda yerləşən 14 saylı mənzildən istifadə hüquqları itirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsində yerləşən 103 saylı evin 14 saylı mənzilindən istifadə hüquqları itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Xudayev Kərim
Məhkəmə qərarları › İş №2(004)-1935/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1935/2021
08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver