Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-194/2022 06.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 14 dekabr 2018-ci il tarixli, 101840-622082/1 nömrəli kredit müqaviləsi üzrə 6157,48 manat əsas borc, əsas borca hesablanmış 1009,89 manat faiz borcu olmaqla, cəmi 7167,37 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30,40 manat dövlət rüsumunun tutularaq Epressbank" ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 14 dekabr 2018-ci il tarixli, 101840-622082/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə Expressbank" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 30 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzil 14 dekabr 2018-ci il tarixli, 101840-622082/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipoteka predmetinə tutmanin yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi iddia ərizəsini qismən qəbul etdiyini bildirdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış 14 dekabr 2018-ci il tarixli, 101840-622082/1 nömrəli kredit müqaviləsinə əsasən Expressbank" ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 30 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. İş materiallarında olan 09.08.2021-ci il tarixli Maliyyə Arayışına əsasən Cavabdeh1 banka 09 avqust 2021-ci il tarixə 6157,48 manat əsas borc və 1009,89 manat faiz borcu olmaqla, cəmi 7167,37 manat borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 238 gün təşkil edir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. 21.04.2022-ci il tarixli, 9/1622 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka 14.06.2021-ci il tarixə əsas borc üzrə 9170,18 manat, faiz borcu üzrə 843,20 manat, 17.11.2021-ci il tarixə (sonuncu ödəniş tarixinə) əsas borc üzrə 5898,31 manat borcu vardır. Həmçinin ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən maliyyə arayışının təqdim edildiyi tarixdən (09.08.2021-ci il tarixdən) sonra da 17.11.2021-ci il tarixdə 2100 manat olmaqla ödəniş aparılmışdır. Bu baxımdan Cavabdeh1 09.08.2021-ci il tarixli Maliyyə Arayışında nəzərdə tutulmuş 7167,37 manat məbləğində ümumi borc yox, 5067,37 (beş min altmış yeddi manat otuz yeddi qəpik) manat məbləğində əsas borc tutulmalıdır. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış 14 dekabr 2018-ci il tarixli, 101840- 622082/1 nömrəli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6, 3.1, 10.4, 11.1, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. 24.11.2021-ci il tarixli “X3 Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzilin hazırki likvid dəyəri 121.600 manat təşkil edir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh1 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər Cavabdeh1 aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh1 tutulmalıdır. Belə ki, 21.04.2022-ci il tarixli, 9/1622 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150 manat, “X3 Mərkəzi” MMC tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli mütəxəsis rəyindən görünür ki, ekspertiza tətqiqatının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatlarının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 5067,37 (beş min altmış yeddi manat otuz yeddi qəpik) manat əsas borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərc, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzilin ilkin satış qiyməti 121.600 (yüz iyirmi bir min altı yüz) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2 verilməli, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh2 həmin mənzildən çıxarılmalı və həmin mənzil boşaldılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 5067,37 (beş min altmış yeddi manat otuz yeddi qəpik) manat əsas borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10 (on) manat və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərc, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzilin ilkin satış qiyməti 121.600 (yüz iyirmi bir min altı yüz) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh2 verilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat, məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq “X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.50 kv.m olan 3 saylı mənzil açıq hərracda satıldıqdan sonra Cavabdeh2 həmin mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-194/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-194/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver