Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1941/2022 26.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 01.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 45100 manat borc, 10000 manat əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumunun əvəzi olan 256 manat məbləğində pulun onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 izahat verərək bildirir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2020-ci ildən tanışdır. Belə ki, özünə mənzil almaq məqsədilə Xətai rayonu ərazisində yerləşən “Ağ Şəhər” yaşayış kompleksinə gedərək orada tikilən mənzillərlə maraqlanmağa başlamışdır. Təsadüfən cavabdehlər Cavabdeh1 və Nicat qardaşları ilə tanış olmuşdur. Onlar ona orada tikinti işləri aparan MTK-ya tikinti materialları verərək əvəzinə MTK rəhbərliyi tərəfindən mənzillər aldıqlarını, hazırda isə qeyd edilən mənzilləri dəyərindən ucuz qiymətə satmaq istədiklərini bildirmişlər. Cavabdehlərlə mənzillərin birinə baxış keçirdikdən sonra həmin mənzili almaq barədə razılığa gəlmişlər. Bundan təxminən, 6 ay sonra Cavabdeh1 onunla əlaqə saxlayaraq "xxxx" MTK-dan tikinti materiallarının əvəzinə onlara verilmiş 250 m2 sahəsi olan mənzili 296000 manata satmaq istədiklərini bildirdilər. Onlara hal hazırda nəğd qaydada ödəniş edə bilməyəcəyini dedikdə, sonuncular həmin mənzili hissə-hissə ödəmək şərti ilə ona sata biləcəklərini təklif etmişlər. 19 may 2020-ci il ildə aralarında olan razılaşmaya əsasən həmin mənzilin dəyərindən 59500 manat ödəniş etməklə MTK tərəfindən adına müqavilə və ilkin ödəniş qəbzi təqdim edilmişdir. Bundan sonra cavabdehlər mənzilin dəyərinin bir hissənin də ödənilməsini ondan xahiş etmişlər. O da etiraz etməyərək ayrı ayrı vaxtlarda ümumilikdə 45100 manat məbləğində pulu işlədiyi məkanda cavabdehlərə vermişdir. Lakin cavabdehlər hər dəfə ona müxtəlif bəhanələr gətirərək ödəniş qəbzi verməməklə, həmin məbləğləri almaları barədə razılıq əqdi vermişlər. Bir müddət sonra cavabdehlər mənzili aldıqları MTK ilə münasibətlərinin pisləşdiyini və ondan aldıqları ödənişləri MTK-ya ödəmədiklərini, qısa müddətdə onlara ödədiyi pulları qaytaracaqlarını bildirmişlər. Sübut olaraq 31 oktyabr 2020-ci il tarixdə cavabdehlər ondan aldıqları 45100 manat məbləğində borcun etirafı barədə sazişi öz əl yazıları ilə ərizə yazmış və öz imzaları ilə təsdiq etmişlər. Dəfələrlə cavabdehlərə borcun ödənilməsi üçün müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələr gətirməklə cavabdehlər borcu ödəməkdən yayınmışlar. Məcburiyyət qarşısında qalaraq cavabdehlərin hərəkətlərindən Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis tərəfindən müvafiq araşdırma aparılmaqla cavabdehlərin izahatları alınmış, izahatlarında borcu tam etiraf etməklə qısa müddətdə borcu ödəyəcəklərini bildirmişlər. Aparılmış araşdırmanın nəticəsi olaraq Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işinin başlanması rədd edilmiş, baş vermiş mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Əlavə olaraq bildirir ki, o, Cavabdeh2 4000 manat da əlavə vermişdir. Suala cavab olaraq bildirir ki, iki ilə yaxındır ki, pul dövriyyədən çıxmışdır. Eyni zamanda hüquqi xidmət və digər xərclər olduğundan əlavə 10000 manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh2 4000 manat məbləğində pul verilməsi ilə bağlı yazılı sənəd 2020-ci ilin oktyabr ayından əvvəl imzalanmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, onun iddiaçı ilə ticarəti və iş birliyi olmuşdur. O, həmin 45000 manat dəyərində borcun etirafı barədə müqaviləni sadəcə şahid kimi imzalamışdır. Buna görə də hazırki iş üzrə cavabdeh deyil, şahid kimi tanınmasını xahiş edir. 55000 manat məbləğində pulun tutulmasını qəbul etmir. Əslində aralarında 45000 manat məbləğində borc olmuşdur, lakin Daxili İşlər Nazirliyində hazırki mübahisə ilə bağlı araşdırma aparılmış və borcun 30-35 min manat olması sübut olunmuşdur. Onun xatırladığı qədəriylə, ümumiyyətlə aralarında 104000 manat məbləğində borc olmuş, həmin borcdan təxminən 68900 manatı ödəmişdir. Geriyə qalan məbləğin nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2020-ci il tarixli borcun etirafına dair sazişin surətinə əsasən Cavabdeh1 22.05.2020-ci il tarixdə İddiaçı 45100 manat məbləğində borc aldığını etiraf etmiş və borcu bir ay müddətinə ödəyəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 Eldıniz oğlu həmin sazişi şahid qismində imzalamışdır. İş materiallarında olan DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30.12.2021-ci il tarixli qərarının surətinə əsasən Cavabdeh2 və Cavabdeh1 barəsində cinayət işinin başılanması rədd edilmişdir. Beləliklə, işin mübahisəsiz halı odur ki, iddiaçı ilə Cavabdeh1 arasında 45100 manat borcun etirafı barədə müqavilə bağlanmış və Cavabdeh2 həmin müqaviləni şahid qismində imzalamışdır. Hazırda iddiaçı 45100 manat borc və əldən çıxmış fayda kimi 10000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh2 isə iddiaçı ilə bağlanmış sazişi şahid qismində imzaladığını bildirərək iddia tələbinin ona münasibətdə rədd olunmasını xahiş edir. Cavabdeh1 isə məhkəmə iclasına gəlməmiş və işin halları ilə bağlı heç bir etiraz və ya sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Çünki iddiaçı ilə Cavabdeh1 arasında borcun etirafına dair saziş bağlanmışdır və cavabdeh 31.11.2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də, bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas borcun Cavabdeh1 tutulması hissəsində əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etsə də, iş materiallarında olan borcun etirafına dair sazişdən müəyyən olunur ki, Cavabdeh2 sazişi şahid qismində imzalamışdır. Bu halda onun həmin müqavilə üzrə borc öhdəliyi olmadığından borcun Cavabdeh2 Eldəniz oğlundan tutulması hissəsində iddia təmin edilə bilməz. İddiaçı qeyd edir ki, 4000 manat məbləğində pulun Cavabdeh2 götürməsi ilə bağlı yazılı sübutu vardır. Lakin onu məhkəməyə vaxtında təqdim edə bilməmişdir. Suala cavab olaraq bildirir ki, 4000 manat dedikdə 45100 manatdan 4000 manatı nəzərdə tutur. Suala cavab olaraq bildirir ki, 4000 manatın verilməsi ilə bağlı sənəd 31.10.2020-ci il tarixdən əvvələ təsadüf edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd etdiyi qəbzi məhkəməyə təqdim etməmişdir. Habelə, iddiaçı özü də qeyd edir ki, borcun etirafına dair saziş ən sonda bağlanmışdır. Həmin sazişdən də görünür ki, tərəflər borcun Cavabdeh1 tərəfindən ödənilməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı eyni zamanda, əldən çıxmış fayda olaraq 10000 manat tələb edir. Məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki bu tələbin təmin edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 45100 (qırx beş min yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 226 (iki yüz iyirmi altı) manat məbləğində pul iddiaçı X1 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən 256 manat rüsum ödəməli olduğu halda, 226 manat rüsum ödəmişdir. İddiaçıdan tələbin təmin edilməyən hissəsi üzrə dövlət rüsumunun kəsiri, yəni 30 manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 45100 (qırx beş min yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 226 (iki yüz iyirmi altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddiaçı 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1941/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1941/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver