Məhkəmə qərarları › İş №2(004)-1951/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1951/2024

01.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1951/2024 01.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cəlb etməklə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cəlb etməklə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmanın qanunsuz hesab edilməsi, Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 16 saylı əmrin ləğv edilməsi və müvafiq kompensasiyanın hesablanaraq birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 noyabr 2007-ci ildən Cavabdeh Doviətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyində, Nümayəndəliyin direktoru, X2 Paşazadənin sürücüsü işləmişdir. 15 iyun 2023-cü il tarixində nümayəndəliyin Baş mühasibi otağına dəvət edərək işdən azad olunmağı ilə bağlı ərizə yazmağını tələb etdi. O, buna etiraz etdikdə, kiminləsə məsləhətləşib bildirdi ki, o zaman çalışdığı sürücü vəzifəsini ixtisara salacaq. Təxminən bir il əvvəl təsərrüfat şöbəsinin əməkdaşı Zöhrab Mehdiyevə də İdayət Əliyev təzyiq edərək ixtisara salıb işdən kənarlaşdırdı. Xatırladı ki, 16 il ərzində ildə bir dəfə 13-cü əmək haqqı alsa da, bir dəfə də olsun məzuniyyətə çıxmamışdır. Eyni zamanda idarənin tabeliyində 3 maşın olmasına baxmayaraq, yalnız o sürücü kimi çalışmışdır. Pozulmuş hüquqların bərpası üçün ilkin olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Cavab olaraq xx.xx.2023-cü il tarixli 3-17- 5/2-14-40645/2023 saylı məktubla bildirilmişdir ki, Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətə Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətdə qeyd etdiyi pozuntuların dəqiqləşdirilməsi, izahatın alınması və Sizdə olan sübutların təqdim olunması məqsədilə DOST Mərkəzinə dəvət olunmağınızla bağlı ünvanınıza xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixində X1 Xidmətinin Bakı şəhər İdarəsinə əmək haqqına dair bank hesabı çıxarışını təqdim etsə də, lakin müraciətlə bağlı izahat təqdim edilməmişdir. Telefon əlaqəsi (055-760- 82-92) zamanı əmək kitabçasını işəgötürəndən təhvil aldığını, eyni zamanda müraciətdə qeyd etdiyi digər məsələlərlə bağlı Mediasiya Şurasına müraciət etdiyini, mediasiya prosesi zamanı işəgötürənlə razılıq əldə olunmadığı təqdirdə isə müvafiq qaydada məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bildirir ki, müraciətilə bağlı Cavabdeh Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanlarına 3-17-5/2- 32984/2023 nömrəli, 31,08.2023-cü il tarixli (SS867147407AZ,SS867147398AX) məktublarla müraciət olunaraq aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin poçt xidmətinə məxsus F-20 formasında “köçüb" qeydi edilərək məktub geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən “Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əmək müqaviləsinin bağlanmasına dair bildirişin işə başlama tarixi xx.xx.2010-cu il qeyd edilməklə xx.xx.2014cü il tarixində qeydiyyata alındığı və həmin bildirişin xx.xx.2023-cü il tarixdə qüvvədən düşdüyü müəyyən edilmişdir. Hal-hazırda hesab edir ki, işdən çıxarılmağı qanunsuz hesab olunduğundan Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin işdən çıxarılmağı barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və müvafiq kompensasiyanın verilməsi zəruridir. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi iddia ərizəsinə yazılı etirazla məhkəməyə müraciət edərək İddiaçı iddia ərizəsinin əsassız olduğuna görə təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, belə ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə sürücü ştat vahidinin ixtisarı ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad olunması haqda xəbərdarlıq bildirişi ilə tanış olmuş, imzası ilə təsdiq etmiş və xəbərdarlıq bildirişinin bir nüsxəsin almışdır. İddiaçı isə cavabdehə bir ay müddəti ötürdükdən sonra mediasiya təklifi göndərmişdir. Artıq mediasiya təklifi göndərən zaman iddiaçı tərəfindən iddia müddəti bir neçə ay ötürülmüşdür. İlkin mediasiya sessiyası barədə arayış xx.xx.2023-cü il tarixdə verildikdən sonra yenə də iddia müddətini buraxmaqla 5 ay sonra, yəni 05 mart 2024-cü il tarixdə iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmədən iddianın əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tərəfindən iddia müddətini buraxmışdır. Belə olan halda iddia müddəti keçdiyi üçün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır və bu səbəbdən iddia rədd edilməlidir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsi barədə qərar çıxarması üçün əsasdır. İddiaçı tərəfindən iddia tələbini qanunla nəzərdə tutulmuş müddət keçdikdən sonra vermişdir. Göstərilənlərə əsasən məhkəmədən xahiş edir ki, iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alıb, “Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə qarşı iddia tələblərinin iddia müddətinin tətbiq edilməsi üçün ərizənin qəbul edilməsi və iddia tələbləri üzrə iddia müddətinin keçməsinə görə iddiasını rədd edilsin. Eyni zamanda cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətini tətbiq edərək İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cəlb etməklə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 16 iyun 2023-cü ildə işdən çıxarılmışdır. Ərizə yazmağını istəyiblər, lakin o yazmadıqdan sonra ştat ixtisara düşmüşdür. Sürücü ştatı hər yerdə lazımdır. Həmkarlara müraciət etmişdir. Elə düşünürdü ki, məhkəməyə onlar tərəfindən müraciət ediləcək. 16 il 8 ay həmin vəzifədə işləmişdir, pensiya yaşına 2-3 il qalmış işdən çıxarılmışdır. Həmin vaxt 2 nəfər işdən çıxarılmışdır. İşdən çıxarılmasının qərəzli olduğunu düşünür. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək iddia müddətinin tətbiqi barədə ərizə ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçı hazırki tələblə bağlı iddia müddətini ötürmüşdür. İddiaçının qanunu bilməməsi onu məsuliyyətdən azad etmir. Eyni zamanda bildirir ki, əmr qanunidir. Belə ki, göründüyü kimi sürücü ştatı ləğv edilmişdir. Ona qarşı hər hansı qərəz yoxdur. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2007-ci il tarixli 44 nömrəli əmrinə əsasən İddiaçı 01 oktyabr 2007-ci il tarixdən ştat cədvəlinə uyğun olaraq 70 manat aylıq maaşla və aylıq əmək haqqına 60 manat əlavə əmək haqqı verilməklə sürücü vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin direktoru X2 Paşazadə tərəfindən “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının Cavabdeh Dövlətlərarası Teleradio Şirkətində nümayəndəsi Mübariz Hacılıya göndərilən 08 iyun 2023-cü il tarixli 35-01-23 saylı məktubundan görünür ki, zəruri istehsalat ehtiyacı ilə bağlı sürücü ştat vahidinin ixtisara salınması ilə əlaqədar təşkilatın üzvlərinin münasibətinin bildirilməsi xahiş olunmuşdur. Daha sonra “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının Cavabdeh Dövlətlərarası Teleradio Şirkətində nümayəndəsi Mübariz Hacılı cavab məktubu göndərək bildirmişdir ki, 12 iyun 2023-cü il tarixdə keçirilən Həmkarlar İttifaqının iclasında nümayəndəliyin sürücü ştat vahidinin ləğvinə heç bir etirazı olmamışdır. İş materiallarında olan “Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidentinin İddiaçı göndərilən 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı sürücü kimi çalışdığı ştat vahidinin ləğv olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77ci maddəsinin tələblərinə uyğun olaraq icra edilmişdir. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Ştatın ixtisar edilməsi barədə N-1 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyində aparılan ştat ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilmə barədə İddiaçı xəbərdar edilmişdir. Bildirilmişdir ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xəbərdarlıq təqdim ediləndən 9 həftə sonra və ya xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad olunacaq. İş materiallarında olan Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 16 saylı ştatın ləğvi barədə əmrinə əsasən xx.xx.2023-cü il tarixində Nümayəndəliyin sürücü ştatının ləğv edilməsi, xx.xx.2023-cü il tarixində ştatın ləğv olunması ilə əlaqədar həmin vəzifəni tutan işçi İddiaçı işdən azad edilməsi, əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilən işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 26 nömrəli əmrinə əsasən xx.xx.2023-cü il tarixdən nümayəndəliyin ştat cədvəlində “hüquqşünas”, “sürücü” və “xadimə” vəzifələrinin çıxarılması və “hüquqşünas”, “baş inzibatçı” və “xadimə” vəzifələri əlavə edilməsi əmr edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, prosesdə İddiaçı iştirak etmiş, Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi isə iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi arasında bağlanan müqaviləyə əsasən İddiaçı sürücü vəzifəsinə təyin olunmuşdur. “Xidmət-İş” Hİ Federasiyasının vitse-prezidentinin İddiaçı göndərilən 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı sürücü kimi çalışdığı ştat vahidinin ləğv olunması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq icra edilmişdir. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Ştatın ixtisar edilməsi barədə N-1 nömrəli xəbərdarlığına əsasən Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyində aparılan ştat ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilmə barədə İddiaçı xəbərdar edilmişdir. Bildirilmişdir ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xəbərdarlıq təqdim ediləndən 9 həftə sonra və ya xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad olunacaq. Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 16 saylı ştatın ləğvi barədə əmrinə əsasən xx.xx.2023-cü il tarixində Nümayəndəliyin sürücü ştatının ləğv edilməsi, xx.xx.2023-cü il tarixində ştatın ləğv olunması ilə əlaqədar həmin vəzifəni tutan işçi İddiaçı işdən azad edilməsi, əmək müqaviləsinə xitam verilməsi və işdən azad edilən işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi əmr edilmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün mediasiyaya müraciət etmiş və Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına və həmçinin Mediasiya arayışı xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, 2024-cü ilin fevral ayında Binəqədi Rayon Məhkəməsinə, daha sonra xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyini, həmçinin Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən arayış xx.xx.2023-cü il tarixdə qəbul edilməsini nəzərə alaraq, hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışından xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehin nümayəndəsi və vəkili R.Əmirova yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cəlb etməklə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cəlb etməklə Cavabdeh Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar