Məhkəmə qərarları › İş №2(004)-1958/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1958/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1958/2020 16.03.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Adil oğlu və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5.100 manat pul, 4.080 manat əldən çıxmış fayda, 1.020 manat dəbbə pulu və 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 2013-cü ildə bankdan götürdüyü kredit hesabına “Chevrolet Niva” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Öhdəlikləri yerinə yetirə bilmədiyi üçün həmin avtomobili açıq hərracdan satılmışdır. Yaranmış zərurətlə əlaqədar o, tanışı Cavabdeh2 vasitəsilə Cavabdeh1 ilə tanış olmuş və işlərin aparılmasını ona həvalə etmişdir. İşlərin aparılması üçün Azad cəmi 5.100 manat pul ondan istəmişdir. O, 5.100 manat pulu İlhama vermişdir, İlham isə pulları Azad çatdırmalı idi. Lakin cavabdehlər onun işlərini həll etməmiş və aldıqları pulu geri qaytarmamışlar. Bununla bağlı o, Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai RPİ İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı Tuqay Allahverdizadənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun verdiyi şikayət üzrə cinayət işinin başlanması rədd edilmiş, məsələnin mülki xarakterli olduğu bildirilməklə, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh2 xx.xx.2019cu il tarixdə verdiyi yazılı iltizamı ona 2800 manat borcu olduğunu etiraf etmişdir. Qalan 2300 manata dair yazılı sübutu yoxdur. Həmçinin 5100 manat pulunun hazırkı vaxta kimi qaytarılmaması nəticəsində ona 4080 manat əldən çıxmış fayda kimi zərər dəymişdir, o cümlədən 1020 manat dəbbə pulu tələb edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, həmçinin, “AZEMİS” vasitəsilə +**********72 və +**********35 mobil nömrələrinə “SMS” bildirişi göndərilməklə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırılması zamanı iddiaçının izahatı, Cavabdeh2 özünün yazdığı və imzaladığı xx.xx.2019-cu il tarixli iltizamla, işin faktiki halları ilə müəyyən edildi ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli iltizam yazmaqla İddiaçı 2.800 manat pul almış və həmin məbləği 2019-cu ilin aprel ayın sonunadək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 hazırkı vaxta kimi iddiaçıdan aldığı borcu qaytarmamışdır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin (əldən çıxmış faydanın) ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin (əldən çıxmış faydanın) ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı pulun vaxtında qaytarılmaması üçün əldən çıxmış fayda kimi 4.080 manat pul tələb etsə də, məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında pulun hansı şərtlərlə verilməsinə dair hər hansı mötəbər subutu yoxdur. Bu səbəbdən iddiaçı əldən çıxmış fayda kimi 4.080 manat pulun, həmçinin dəbbə pulunun ödənilməsi iltizamda öz əksini tapmadığına görə 1020 manat dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edə bilməz. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göründüyü kimi, İddiaçı və Cavabdeh2 arasında yaranmış münasibətlər Mülki Məcəllənin 386-cı maddəsinə əsasən cavabdehin verdiyi sadə əl yazılı borcun götürülməsinə dair iltizamdan irəli gəlmişdir. İddiaçı cavabdehə pul verərkən götürdüyü öhdəliyini icra etmiş, lakin Cavabdeh2 aldığı pul vəsaitini vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2019-cu il tarixli iltizama əsasən Cavabdeh2 iddiaçıya 2.800 manat borcu vardır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Adil oğlundan 2.800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.830 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan, yəni - “Cavabdeh2 Adil oğlundan 2.300 manat pul, 4.080 manat əldən çıxmış fayda, 1.020 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməlidir. Çünki, iddiaçı iddia tələbini bu hissədə sübuta yetirə bilməmişdir. Həmçinin, iddia tələbi Cavabdeh1 qarşı hissədə tamamilə rədd edilməlidir. Belə ki, İddiaçı Cavabdeh1 pul verməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Adil oğlundan 2.800 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.830 (iki min səkkiz yüz otuz) manat pul tutularaq İddiaçı qızına ödənilsin. İddia tələbi qalan, yəni - “Cavabdeh2 Adil oğlundan 2.300 manat pul, 4.080 manat əldən çıxmış fayda, 1.020 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə tam rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar