Məhkəmə qərarları › İş №2(004)-1958/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1958/2024

24.05.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1958/2024 24.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “əmlakın söküntüsünun qanunsuz hesab edilməsi, kompensasiya ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın söküntüsü qarşılığında kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı “əmlakın söküntüsünun qanunsuz hesab edilməsi, kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadə və sahibliyində olan 22 saylı jekin balansındakı, Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl qəsəbəsi ünvanında mövcud olan 111 №-li həyətin, 10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 72 kv.m evin və 40 illik meyvə ağaclarımın söküntüsünün və məhv edilməsinin qanunsuz hesab edilməsi, əmlakın söküntüsü qarşılığında aralarında kompensasiya müqaviləsinin bağlanılması və müvafiq kompensasiyanın hesablanılaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı istifadə və sahibliyində olan 22 saylı jekin balansındakı, Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl qəsəbəsi ünvanında mövcud olan 111 №-li həyətin, 10 ha torpaq sahəsinin üzərində inşa edilmiş 72 kv.m evin və 40 illik meyvə ağaclarımın söküntüsünün və məhv edilməsinin qanunsuz hesab edilməsi, əmlakın söküntüsü qarşılığında aralarında kompensasiya müqaviləsinin bağlanılması və 35000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 22 saylı jekin ərazisində olan Qanlıgöl qəsəbəsində 111 №-li həyətə qeydiyyatı, 10 sot torpağın içində 72 kv.m evi və 40 illik zəhmət çəkib böyütdükləri meyvə ağacları var. 2 ilə yaxın olar ki, Bakı Kristal Abşeron şirkətinin nümayəndəsi Məmmədov Fikrət onun xəbəri olmadan, bağının əhatəsini yəni çəpərini sökdürərək həyəti viran vəziyyətinə düşməsinə səbəbkar olub. Belə ki, zaborsuz qalan bağı kimlərsə tərəfindən talan edilib. Evin dəmir qapısı, damörtüyünün dəmir atmaları 1,5 metrdən bir vurulmuşdur, heç biri yoxdur. Həyətdə olan bir çox əşya aparılıb. Bunların hamısının günahkarı zaborunu sökdürərək ona ziyan vuran (maddi və mənəvi ziyan) Fikrət Məmmədovdur. Hal-hazırda isə həmin şəxs ona “sənin evin yarım tikili sayıldığı üçün sənə heç nə düşmür” demişdir. 2 ilə yaxındır ki bağının meyvələrini yığa bilmir. Açıqda qaldığı üçün yoldan ötən dərib aparır. Halbuki, iddiaçı o bağın meyvələrini sataraq illərdir dolanır. X6 qəbulunda olmuşdur. Onun şikayətini təmin etmədən, boş vədlər verərək onu yola salıb. Məhayət Nəbiyevin də qəbuluna getmişdir amma onu köməkçisi qəbul edərək şikayətini dinləyib və onun yanında Fikrət Məmmədova zəng edərək onun şikayətini nəzərə almasını tapşırsa da bir nəticə əldə etməmişdir. Yekun olaraq o, səlahiyyətli orqanlara müvafiq şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Müraciətinə cavab olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ona xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublarla cavab olaraq bildirilmişdir ki; Yasamal rayonu "Qanlı göl'ün ərazisində yerləşən yaşayış məntəqəsində 111 saylı həyətin və tikintinin "Kristal Abşeron" tikinti şirkəti tərəfindən sökülməsi və kompensasiya ödənilməsi ilə bağlı yaranmış problemlər barədə Bakı Şəhər İcra Hakimiyyətindən Yasamal Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə baxaraq bildirilib ki, "Qanlı göl" adlanan ərazidə köçürmə və tikinti işləri müvafiq sənədlər əsasında aparılır. Mövcud yaşayış və qeyri-yaşayış sahələri Bakı şəhərinin Baş Planına uyğun olaraq sökülməsi nəzərdə tutulan ərazilərə aiddir. "Qanlı göl'ün qərbində yerləşən ərazi "xxxx" ASC-nin istifadəsinə verilmişdir. Hazırda ərazinin bir hissəsində yaşayış kompleksinin tikintisi aparılır. Köçürülmə ilə bağlı tikinti şirkəti ilə ümumi razılıq əldə edilmədiyi təqdirdə məsələnin hüquqi müstəvidə həll edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz. Hazırda hesab edir ki, ərazidə sökülən bağ evlərinin sakinlərinə verildiyi kimi onun da bağ evinin yerinə onu da evlə təmin etmələri və ya müvafiq kompensasiya verilməsi zəruridir. Qeyd edir ki, bağın qeydiyyatı 22 saylı MKİS də olsa da onlar tərəfindən müvafiq sənədlər (ev dəftərçəsi və sair) ona təqdim edilməmişdir. Bildirilmişdir ki, məhkəməyə müraciət etdikdən sonra onları sizə təqdim edə bilərik. Əlavə olaraq təkrarən qeyd edir ki, 2 ildir ki, onun həmin ünvanda yerləşən bağının söküntüsü ilə bağlı söhbətlər gedirmiş. Tərəfindən cavabdehin hərəkətlərinə etiraz edilmişdir. Daha sonra həmin ünvanda yerləşən ev naməlum şəkildə bir gecənin içində yararsız vəziyyətə salınmışdır. Tərəfindən müvafiq orqanlara şikayət edilsə də məsələnin həlli üçün ona Kristan Abşeron şirkətinə müraciət etməyi tövsiyyə edilib. Onlar tərəfindən bildirilib ki, ev yarımçıq olduğundan ona kompensasiya verə bilməzlər. Bu zaman tərəfindən onlara bildirilib ki, ev tam idi lakin son danışıqlarından sonra ev yararsız vəziyyətə salınmışdır. Demək ki, bu da yəni evin yararsız vəziyyə salınması elə bununla əlaqəlidir. Qeyd etməyi zəruridir ki, həmin torpaq sahəsi onun mərhum həyat yoldaşı X1 adında 22 saylı MKİS-də qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi 1983-cü ildən onların ailənin istifadə və sahibliyindədir. Son günlərədək orada təsərrüfat apararaq abadlıq işləri görmüş və öz əmlaklarından yararlanmışlar. Həmin torpaq sahəsində 40 illik meyvə ağacları və digər təsərrüfatları var idi. Qonşuluqda onun bacısı X5 da torpaq sahəsi var. Onlar da bütün bu qeyd etdikləri təsdiq edə bilərlər. Oğlu həbsxanadadır. Gəlini isə İİ qrup dərəcəsində əlildir. Ailə başçıları olan həyat yoldaşı vəfat edib. Nəvələri isə onun himayəsindədir. Onlar, o bağın məhsulları ilə dolanırlar və orada çox xatirələri var. X7 təsərrüfat müdiri Fikrət Məmmədovun qəbulunda olsa da onu müxtəlif bəhanələrlə yubatmışdır. Hesab edir ki, həmin torpaq sahəsi və orada inşa edilmiş ev xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmasa da ev üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaması və evin özbaşına tikili olması onun həmin ev üzərində sahiblik və istifadə hüququna malik olmamağı faktını istisna etmir. Özbaşına tikili qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda müsbət hüquqi nəticə yarada bilər və həmin tikili üzərində hüquq da "qanuni gözlənti" kimi əmlak dəyərinə malikdir. Ona görə əmlakın titul sahibi kimi o sahiblik və istifadə hüququ mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunmalı, rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlaka mülkiyyətçinin hüquqlarının müdafiəsinə yönəlmiş normalar eyni qaydada özbaşına tikili üzərində sahiblik və istifadə hüququna malik şəxsə münasibətdə tətbiq olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, cənab prezidentin müvafiq sərəncamı ilə özbaşına tikililərin də siyahıya alınması və reyestrdə qeydiyyata alınması proseduru icra edilir. Onun torpaq sahəsində qeydiyyatı alınmış və növbəlilik prinsiplərinə əsasən öz növbəsini gözləyir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın söküntüsü qarşılığında kompensasiya ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən cavabdeh İddiaçı 2500 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə ona məxsus özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Kristal Bakı” ASC tərəfindən cavabdeh İddiaçı 5000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə ona məxsus özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və onun iddia tələbi ilə bağlı mülki iş hazırda icraatdadır. İddiaçı iddia ərizəsində guya onun istifadəsində torpaq sahəsinin və həmin torpaq sahəsində 72 kv metr sahəsi olan evinin, eləcə də meyvə ağaclarının və hasarının olduğunu göstərmişdir. Qeyd etmək istəyirlər ki, bütün bunlar, eləcə də iddia ərizəsində göstərilən digər məlumatlar tamamilə yalan olmaqla yanaşı, həqiqətə uyğun deyildir və iddiaçının öz uydurmalarıdır. Belə ki, ümumiyyətlə həmin ərazidə ona məxsus hər hansı bir torpaq sahəsi, ev, hasar, meyvə ağacları mövcud olmamışdır. Yalnız həmin ərazidə iddiaçıya məxsus qeydiyyata alınmayan, qanunsuz inşa edilmiş yarımçıq tikili mövcud olmuşdur. Əgər həqiqətən də ona məxsus ev və yaxud digər tikili mövcud olsa idi, həmin tikiliyə kommunikasiya xətləri, yəni qaz, su, işıq xətləri çəkilmiş olardı ki, bu barədə də iddiaçı məhkəməyə müvafiq sübutlar təqdim edərdi. Həmçinin Yasamal rayon MİS-də qeydiyyatı olardı və bu barədə müvafiq sənədlər və sübutlar məhkəməyə təqdim edərdi. Onu da qeyd edir ki, iddiaçıya məxsus yarımçıq tikilinin bir tərəfi qonşusu X8 aid həyətin hasarı olmuş, digər 3 tərəfi isə açıq olmuşdur. Bu faktları təsdiq edən foto şəkillər tərəflərindən məhkəməyə təqdim edilir. Bildirirlər ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 №-li Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 N№-li sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəflərindən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və qanunsuz tikililərin real qiyməti və sahəsi barədə tərəflərindən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X2 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. "X4" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 56 №- li rəyə əsasən cavabdeh İddiaçı məxsus M-111 nömrəli ünvanda inşa edilmiş yarımçıq tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikilinin real bazar dəyəri - 2.500 (iki min beş yüz) manatdır. Ekspertiza rəyinin məzmunundan, yarımçıq tikili kimi inşa olunmuş qanunsuz tikililərin fotoşəkillərdən görünür ki, həmin tikililər tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, yarımçıq tikililərdir, ümumilikdə istifadə üçün yararsızdır və bərbad vəziyyətdədirlər. İlkin iddia İddiaçı qarşılıqlı iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı 22 saylı jekin ərazisində olan Qanlıgöl qəsəbəsində 111 №-li həyətə qeydiyyatı, 10 sot torpağın içində 72 kv.m evi və 40 illik zəhmət çəkib böyütdüyü meyvə ağacları var. 2 ilə yaxın olar ki, Bakı Kristal Abşeron şirkətinin nümayəndəsi Məmmədov Fikrət mənim xəbərim olmadan, bağımın əhatəsini yəni çəpərini sökdürərək həyəti viran vəziyyətinə düşməsinə səbəbkar olub. Belə ki, zaborsuz qalan bağı kimlərsə tərəfindən talan edilib. Evin dəmir qapısı, damörtüyünün dəmir atmaları 1,5 metrdən bir vurulmuşdu heç biri yoxdu. Həyətdə olan bir çox əşya aparılıb. Bunların hamısının günahkarı zaborunu sökdürərək ona ziyan vuran (maddi və mənəvi ziyan) Fikrət Məmmədovdur. Hal-hazırda isə həmin şəxs ona “sənin evin yarım tikili sayıldığı üçün sənə heç nə düşmür” demişdir. 2 ilə yaxındır ki bağının meyvələrini yığa bilmir. Açıqda qaldığı üçün yoldan ötən dərib aparır. Halbuki iddiaçı o bağın meyvələrini sataraq illərdir dolanır. X6 qəbulunda olmuşdur. Onun şikayətini təmin etmədən, boş vədlər verərək onu yola salıb. Məhayət Nəbiyevin də qəbuluna getmişdir amma monu köməkçisi qəbul edərək şikayətini dinləyib və onun yanında Fikrət Məmmədova zəng edərək şikayətini nəzərə almasını tapşırsa da bir nəticə əldə etməmişdir. Yekun olaraq o səlahiyyətli orqanlara müvafiq şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlib. Qeyd edir ki, cavabdeh tərəfindən sonuncu məhkəmə iclasında məhkəməyə bildirilmişdir ki, guya onun həmin ərazidə hasarı və evi olmamış, ümumiyyətlə MKİS-də də qeydiyyatı olmamışdır. Qeyd etməyi zəruridir ki, həmin torpaq sahəsinə dair bütün vergi və kommunal ödənişlər tərəflərindən ödənilmişdir. Həmin ödənişlər mərhum həyat yoldaşı X3 tərəfindən icra edilmişdir. MKİS-də də onun adına qeydiyyat mövcuddur. Lakin 22 MKİS tərəfindən ona müvafiq sənədlər təqdim edilməməkdədir. Hazırda müvafiq vəsatətlə məhkəməyə müraciət etmişdir. Cavabdehin təklif etdiyi 2500 manat razı deyil. Həmin əmlakın hazırda 100000 manata yaxın dəyəri vardır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan tikili 22 saylı MKİS-də mərhum yoldaşı Hacıağa Hüseynova adına qeydə alınmışdır. Oradan bağ kimi istifadə edirdilər. Fındıq, qaysı, üzüm, albalı, alma, armud, əncir, gavalı, heyva, nar ağacları vardı. Həmin ağacların meyvəsini qonşulara satırdı. Ətrafda qonşular yaşayırdı, lakin indi hamısı köçüb gedib. Məhkəməyə təqdim etdiyi fotoşəkillər qış ayında çəkilib. Ora su xətti çəkdirməmişdilər. Qonşu həyətdə bacısıgil yaşayırdı, onların suyundan istifadə edirdilər. Qarşılıqlı iddia ilə razı deyil. Cavabdehdən ən az 25.000 manat məbləğində kompensasiya tələb edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli, 340 nömrəli sərancamının 1-ci maddəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların İstifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. "xxxx" ASC (satıcı) ilə X9 (alıcı) arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, **********35250 saylı alğı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən "Satıcı" Bakı şəhər, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən yaşayış kompleksində inşa olunan 11-ci bina, 2-ci blok. 2-ci mərtəbə, 104 (blok 2 mərtəbə 2 mənzil 2) No-li. 3 otaqlı mənzili tikib və "Alıcı"nın mülkiyyətinə verməyi öhdəsinə götürür. "Alıcı" bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 11-ci bina. 2-ci blok. 2-ci mərtəbə. 104 (blok 2 mərtəbə 2 mənzil 2) Ne-li, 3 otaqlı mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri ödənilməsini və həmçinin yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Müqavilənin qiyməti Müqavilənin ümumi dəyəri 188258 (ƏDV daxil) manat məbləğində vəsait təşkil edir. Müqavilə dəyərinin ilkin ödənişi 26,69 faiz, yəni 50258 (ƏDV daxil) manat məbləğində vəsait təşkil edir. "Alıcı" 50258 (ODV daxil) manat məbləğində ilkin ödənişi bu müqavilənin imzalanmasından sonrakı 5 iş günü ərzində "Satıcı"nın bu müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürür. 2.3 Müqavilə dəyərinin qalan 138000 (ODV daxil) manat məbləğində hissəsi, "Alıcı" ilə "xxxx" ASC (irəlidə "Bank" adlanacaq) arasında bağlanacaq Kredit müqaviləsinə əsasən "Alıcı"ya veriləcək kreditin hesabına hissəvi şəkildə ödənilməsi ilə həyata keçiriləcək. "Bank" tərəfindən aylar üzrə ödənişin əsas hissəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış və ya təminat qeydi verildikdən sonra 30 (otuz) gün müddətində borc verənin xeyrinə ipoteka ilə yüklü edildikdən sonra qalan hissəsi ödəniləcəkdir. X2 56 nömrəli, 05 aprel 2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun "Yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında" 340 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə, "xxxx" ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsində) yerləşən torpaq sahəsində İddiaçı tərəfindən M-111 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 2500,00 (iki min beş yüz) manat məbləğində müəyyən edilir. Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli 406/g saylı məktubunun məzmunundan görürür ki, Yasamal rayon MKTB-nin 22 saylı Mənzil-Kommunal İstismar Sahəsində olan mövcud sənədlərə əsasən Qanlı Gölün şimal-qərb hissəsində yerləşən 111 saylı tikilinin kimə məxsus olması barədə hər-hansı məlumat mövcud deyildir. Yasamal rayon 22 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 16 may 2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, Yasamal rayonu, Qanlı Gölün şimal-qərb hissəsində yerləşən 111 saylı tikilinin kimə məxsus olması barədə 22 saylı MKİS-də heç bir sənəd mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yerləşən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaq sahəsi, onun üzərində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində həyata keçirən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli, 340 nömrəli sərancamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş tikili özbaşına tikilidir. Təqdim olunmuş ekspert rəyi ilə tikilinin real bazar qiyməti 2500 manat məbləğində müəyyən edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC 5000 manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə iddiaçıya məxsus özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi təmin edilərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 (beş min) manat məbləğində pul ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün şimal-qərb hissəsində yerləşən ərazidə İddiaçı məxsus özbaşına tikili sökülməlidir. İlkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5000 (beş min) manat məbləğində pul ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Qanlı gölün şimal-qərb hissəsində yerləşən ərazidə İddiaçı məxsus özbaşına tikili sökülsün. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu işdə iştirak edən şəxslərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar