Məhkəmə qərarları › İş №2(004)-197/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-197/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-197/2024 15.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32,4 kv.m yaşayış sahəsi və 22,3 kv.m köməkçi sahələrdən ibarət 3 otaqlı mənzildən Cavabdeh çıxarılması və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 32,4 kv.m yaşayış sahəsi və 22,3 kv.m köməkçi sahələrdən ibarət 3 otaqlı mənzil olmuş, lakin müvafiq sənədlər, order verilmədiyindən 2005-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən yaşayış sahəsinə order verilməsi vəzifəsi Yasamal rayon İcra hakimiyyətinə tapşırılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 685 nömrəli sərəncamına əsasən ona 32,4 kv.m olan yaşayış sahəsinə order verilməsi qərara alınmış, xx.xx.2006-cı il tarixdə 037395 saylı order və evin eskizi çəkilərək ona verilmişdir. Bir neçə il əvvəl tanışlardan birinin xahişinə əsasən Cavabdeh evi olmadığından müvəqqəti yaşamaq məqsədilə həmin mənzilə buraxdı. Bu müddətdə Cavabdeh həmin mənzildə yaşamış, hazırda mənzilə ehtiyacı olduğundan çıxmasını tələb etdikdə mənzildən çıxmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək ərizənin təmin olunmadan saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 685 nömrəli çıxarışdan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin icra edilməsi və Bakı şəhəri, F.İbrahimov küçəsi, 16d saylı evin 3 otaqdan ibarət yaşayış sahəsi 32.4 kv.m və köməkçi sahələri yaşayış fonduna daxil edilərək İddiaçı order verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 sentyabr 2023-cü il tarixli 189/g nömrəli arayışdan görünür ki, Bakı şəhəri, F.İbrahimov küçəsi, 16d saylı ev İddiaçı məxsusdur, lakin Cavabdeh qeyd olunan ünvanda qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 685 nömrəli çıxarışa əsasən Bakı şəhəri, F.İbrahimov küçəsi, 16d saylı ev İddiaçı məxsusdur. Həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 sentyabr 2023-cü il tarixli 189/g nömrəli arayışdan görünür ki, Bakı şəhəri, F.İbrahimov küçəsi, 16d saylı evdə Cavabdeh qeydiyyatsız yaşayır. Odur ki, cavabdehin qeyd olunan mübahisəli evdə hər hansı formada istifadə hüququnun olmadığı müəyyən edilmişdir. Cavabdehin mübahisəli evdə qanunsuz yaşaması iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşaması üçün hər hansısa bir sənəd yoxdur və bununla bağlı hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil sərəncam əsasında iddiaçının sahibliyinə və istifadəsinə verildiyindən, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi cavabdehin mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 32,4 kv.m yaşayış sahəsi və 22,3 kv.m köməkçi sahələrdən ibarət 3 otaqlı mənzildən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 32,4 kv.m köməkçi sahələrdən ibarət 3 otaqlı mənzildən çıxarılsın və yaşayış sahəsi boşaldılsın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar