Məhkəmə qərarları › İş №2(004)-1970/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1970/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1970/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması, ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış 18.06.2010-cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə 40494,73 manat əsas, 2468,93 manat faiz, 5,1 manat cərimə borcu olmaqla, ümumilikdə 42968,76 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, 0,40 manat bank xidməti haqqı və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 31,5 manat olmaqla, ümumilikdə 43030,66 (qırx üç min otuz manat altmış altı qəpik) manat məbləğində pulun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlər mənzildən çıxmadıqda, əmlakın məcburi qaydada tam boşaldılması, mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı Kapital Bank” ASC-nin 2 saylı Səbail rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2010-cu il tarixli, 18 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 300 ay müddətinə illik 8% olmaqla 50000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin 2 saylı Səbail rayon filialı ilə Cavabdeh1 ilə 18 iyun 2010-cu il tarixli, 18 saylı alğı-satqı və ipoteka müqaviləsi bağlanmş və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən 45,19 kv.m. ümumi, 29,89 kv.m. yaşayış, 15,3 kv.m. yardımçı sahədən ibarət olan 7a saylı evin 30 saylı mənzili Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonradan Cavabdeh1 ilə keçmiş həyat yoldaşı Cavabdeh2 arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə məhkəmə mübahisəsi yarandığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-846/2017 saylı 14.04.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, bina № 7A-da yerləşən 30 nömrəli mənzilin 3/5 hissəsinə iddiaçı Cavabdeh2, 2/5 hissəsinə isə Cavabdeh1 payları müəyyən edilməsi və həmin mənzilə görə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 nömrəli, 18.06.2010-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməli olan aylıq kredit məbləğinin 3/5 hissədə iddiaçı Cavabdeh2, 2/5 hissədə Cavabdeh1 aid edilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən göründüyü kimi Cavabdeh2 Bankla Cavabdeh1 arasında 18 iyun 2010-cu il tarixdə bağlanmış 18 saylı kredit müqaviləsinin tərəfi olmasada hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-846/2017 saylı 14.04.2017-ci il tarixli qətnaməsi ilə müqavilənin tərəfinə çevirilmişdir. Əlavə olaraq qeyd edirik ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 01.06.2020-ci il tarixli çıxarışla Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 7a, 30 saylı mənzil 2/5 hissədə Cavabdeh1, 3/5 hissədə isə Cavabdeh2 qızma məxsusdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafıkinə əsasən Cavabdeh1 və Cavabdeh2 hər ay ödəniş etməli olduqları halda, onlar bu öhdəliyi normal yerinə yetirməmişdirlər. Beləliklə 05.02.2021-ci il tarixə olan maliyyə arayışına əsasən cavabdehlərin banka 40 494,73 manat əsas, 2468,93 manat faiz, 5.10 manat cərimə, ümumilikdə 42 968,76 manat borcu qalmışdır. Cavabdehlərə kreditin qaytarılması haqqında bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də bank olaraq öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, 2015-ci ildən bugünə qədər həmin mənzilin bölgüsü davam edir. Digər cavabdehlə 3/5 və 2/5 hissədə mənzil və borc məbləği onların aralarında bölünmüşdür. O, öz üzərinə düşən borcu ödəmiş, digər cavabdeh isə ödəməmişdir. Həmin evdə hazırda uşaqları ilə yaşayır. Digər cavabdeh həmin evdə yaşamır, Ukrayna da yaşayır. İki il əvvəl digər cavabdehin öz payını ona verməsi üçün bir dəfə də qiymətləndirmə olmuşdur. Məhkəmədən sonra o, hər iki tərəfin üzərinə düşən məbləği ödəyirdi. Evin bazar qiymətini bilmir. Ekspertlər evə gəlmiş və şəkillər çəkilmişdir, həmin vaxt o da evdə olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, ekspert rəyi ilə razı deyil. Belə ki, ipoteka ilə yüklü edilmiş mənzilin yerləşdiyi ərazidə olan mənzillərin qiyməti artıqdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə «Borc verən» qismində “Kapital Bank» ASC ilə digər tərəfdən «borc alan» qismində Cavabdeh1 arasında bağlanmış 18.06.2010-cu il tarixli, 18 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 təmir-tikinti işlərinin aparılması məqsədi ilə istifadə etmək üçün 300 ay müddətinə, illik 8 %-lə, 50000 manat məbləğində kredit verilmişdir. İş üzrə “ipoteka saxlayan” qismində İddiaçı ASC ilə “ipoteka qoyan” qismində Cavabdeh1 arasında bağlanılmış 18.06.2010-cu il tarixli, 18 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən 18.06.2010-cu il tarixli, 18 nömrəli kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzil satış qiyməti 59500 manat olmaqla ipoteka qoyanın mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, 01000196 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzil 25 il müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə 06.08.2010-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-846/2017 saylı, 14.04.2017-ci il tarixli qətnaməsin əsasən Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzilə 3/5 hissədə Cavabdeh2, 2/5 hissədə isə Cavabdeh1 payları müəyyən edilmiş, həmin mənzilə görə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2010-cu il tarixli, 18 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan aylıq kredit məbləği 3\5 hissədə Cavabdeh2, 2/5 hissədə Cavabdeh1 aid edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzil paylı mülkiyyət hüququ üzrə 3/5 hissədə 01.06.2020-ci il tarixdə ********** nömrə ilə Cavabdeh2, 2/5 hissədə X1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 16.12.2020-ci tarixdə ünvanlanmış bildirişin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzilə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan bildirişin qeydə alınması haqqında 14.01.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Məcidov küçəsi, 7a saylı evin 30 saylı mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş 09.02.2021-ci il tarixli, 135000/90 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 18.06.2010-cu il tarixli, 18 nömrəli kredit müqaviləsi üzrə 05.02.2020-ci il tarixə 40494,73 manat əsas, 2468,93 manat faiz, cəmi 42968,76 manat borcu var. İş üzrə «X3 Mərkəzi» MMC tərəfindən verilmiş 08.09.2021-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatından görünür ki, mənzilin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzilə hazırki tarixə olan bazar qiyməti 78100 manat, likvid dəyəri isə 68500 manat təşkil edir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 18.06.2010-cu il tarixli, 18 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 300 ay müddətinə, illik 8%-lə, 50000 manat məbləğində verilmişdir. Həmin kredit müqavilələrinin təminatı kimi bankla borcalan Cavabdeh1 arasında 18.06.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən 18.06.2010-cu il tarixli, 18 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc tərəflərin paylarına mütənasib olaraq aralarında bölünmüşdür. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyi lazımınca icra etməmiş və bununla da onun banka ödənilməmiş borcları yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən borcun tərəflərin paylarına mütənasib bölünməsini nəzərə alaraq qeyd edir ki, iddia tələbi borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində qismən əsaslıdır. Belə ki, borc 3/5 hissədə Cavabdeh2, 2/5 hissədə Cavabdeh1 aid edildiyindən cavabdehlərdən müştərək qaydada deyil, paylarına uyğun olaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli qərarına əsasən . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Məhkəmə iddia tələbinin tutulacaq borcun cavabdehlərin paylı mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərdən tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Beləliklə məhkəmə hesab edir ki, mənzilin ilkin satış qiyməti (likvid dəyər) – 68500 manat müəyyən edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldildikdən sonra həmin əmlak boşaldılmalıdır. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada borclulardan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2010-cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə 40494,73 manat əsas, 2468,93 manat faiz, 5,1 manat cərimə borcu olmaqla, ümumilikdə 42968,76 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, 0,40 manat bank xidməti haqqı və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 31,5 manat olmaqla, ümumilikdə 43030,66 (qırx üç min otuz manat altmış altı qəpik) manat məbləğində pul paylarına müvafiq olaraq 3/5 hissədə Cavabdeh2, 2/5 hissədə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzilinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti 68500 (altmış səkkiz min beş yüz) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılmalı və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli, əmlak satıldıqdan sonra cavabdehlər mənzildən çıxmadıqda, əmlak məcburi qaydada tam boşaldılmalı, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlərə qaytarılmalı, mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.06.2010-cu il tarixli, 18 saylı kredit müqaviləsi üzrə 40494,73 manat əsas, 2468,93 manat faiz, 5,1 manat cərimə borcu olmaqla, ümumilikdə 42968,76 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, 0,40 manat bank xidməti haqqı və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 31,5 manat olmaqla, ümumilikdə 43030,66 (qırx üç min otuz manat altmış altı qəpik) manat məbləğində pul paylarına müvafiq olaraq 3/5 hissədə Cavabdeh2, 2/5 hissədə Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 7a saylı evin 30 saylı mənzilinə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 68500 (altmış səkkiz min beş yüz) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Əmlak satıldıqdan sonra cavabdehlər mənzildən çıxmadıqda, əmlak məcburi qaydada tam boşaldısın. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq cavabdehlərə qaytarılsın. Mənzilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğ ümumi qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar