Məhkəmə qərarları › İş №2(004)-1982/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1982/2021

10.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1982/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Cavabdeh Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X1, Üçüncü şəxs X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı «işə bərpa və əmək haqqının ödənilməsi» tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin direktorunun 16 noyabr 2020-ci il tarixli **********7 saylı əmrinin ləğv olunması, işə bərpa olunması, cavabdehin direktorunun qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının, istifadə olunmamış məzuniyyət haqqlarının hesablanıb cavabdeh tərəfindən ona ödənilməsi, işlədiyi müddətdə ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı 12.02.2020-ci il tarixində, Cavabdeh1nə Bakı şəhəri Binəqədi rayonu üzrə “Təmizlik işləri və Sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə işə qəbul edilmiş və onunla həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. Aylıq əmək haqqısı 250 manat təşkil edirdi. Əsas işi Binəqədi rayonu ərazisində parklarda təmizlik, suvarma və yaşıllaşdırma işlərində köməklik göstərmək olmuşdur. Nazirlər Kabinertinin müvafiq qərarına əsasən, 2020-ci il iyun ayının 19-dan sonra Respubilikada sərt karantin rejimi tətbiq olunduğu üçün işə getmək icazə vasitəsilə həyata keçirilirdi. O da həmin vaxt Cavabdeh1 MMC-yə ona icazə vərəqəsinin alınması üçün müraciət etmişdir. Lakin Cavabdeh1 MMC-də ona icazə vərəqəsi verməkdən imtina edilmiş və bildirilmişdir ki, “iki satlıq SMS götür gəl işə, qayıdanda da birtəhər gedərsən.” Beləliklə ona icazə sənədi verilmədiyi üçün və o da cərimələnəcəyindən qorxduğu üçün işə gedə bilməmişdir. 2020-ci ilin iyun ayı üçün ona 250 manat maaşı olduğu halda 168 manat əmək haqqı verilmişdir. O da bununla bağlı Binəqədi rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədən ona verilən 20.07.2020-ci il tarixli məktubda ərizə ilə əlaqədar iddia qaldırmağı məsləhət görülmüşdür. 2020-ci ilin iyul ayında isə maaşı ödənilməmişdir. Bundan sonra o Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ərizə ilə müraciət etmişdir. X3 ərizəsini Cavabdeh1 MMC-yə göndərmiş, Cavabdeh1 MMC-də 09.09.2020-ci il tarixli cavab məktubu göndərmiş və bildirmişdir ki, guya işə davamiyyət cədvəlində onun adı olmamışdır, buna görə də ona əmək haqqı ödənilməmişdir. Halbuki, o hər gün işə gedəndə ona davamiyyət cədvəli təqdim edilməmişdir, o da kimdən tələb ediləcəyini bilməmişdir. Bundan sonra o Azərbaycan Respublikasının Prezidentinə şikayət ərizəsi yazmışdır ki, onun əmək haqqısının verilməsinə köməklik göstərilsin. Ərizəsi Cavabdeh1 MMC-nə göndərilmiş və Cavabdeh1 MMC-dən əvvəlki eyni məzmunlu 20.11.2020-ci il tarixli məktubla ona cavab göndərmişdir. Bundan sonra 25 noyabr 2020-ci il tarixində o “Koronavirus” xəstəliyinə tutulmuşdur. 25 dekabr 2020-ci il tarixinə kimi o xəstə olmuşdur. 29 dekabr 2020-ci il tarixində o, əmək qabiliyyətinin olmaması barədə ona verilmiş tibbi arayışı işlədiyi Cavabdeh1 MMC-nə təqdim etmişdir. 2021-ci ilin yanvar ayının 5-də o yenidən Cavabdeh1 MMC-nin Yasamal rayonu ərazisində yerləşən yeni ofisinə getmiş və xəstəliyi ilə bağlı əmək haqqını tələb etmişdir. Oradan ona əmək müqaviləsnə xitam verildiyi bildirmişdir. O 05 yanvar 2021-ci il tarixində işdən çıxarılmağı barədə əmrin surətini istəmiş, lakin ona əmrin surəti verilməmiş və sonra gəlməsi bildirmilşdir. 15 yanvar 2021-ci il tarixində ona əmək kitabçası təqdim edilmişdir. Əmək kitabçasına baxdıqda 16.11.2020-ci il tarixli, **********7 nömrəli əmrlə işdən çıxarıldığı ona məlum olmuşdur. 29 yanvar 2021-ci il tarixində işdən çıxarılmağı barədə əmrin təsdiq edilmiş surəti və xitam barədə elektron çıxarış rəsmi şəkildə ona təqdim edilmişdir. Əmrə əsasən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə və “a” bəndi ilə “özünün xətəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halı istisna olmaqla, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi” səbəbilə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə o qanunsuz olaraq, işdən çıxarılmış və onun Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əmək hüququ pozulmuşdur. Hesab edir ki, Cavabdeh1 MMC-nin direktorunun 16.11.2020-ci il tarixli **********7 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və onun əmək hüquqları təmin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələblərini tam müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək göstərmişdir ki, İddiaçı ilə Mərkəz arasında 24.10.2019-cu il tarixində əmək müqaviləsi bağlanılaraq Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə təmizlik işləri və Sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. İddiaçı Cavabdeh1nə gələrək 08.11.2019-cu il tarixində işdən azad olması ilə bağlı ərizə yazmışdır. İddiaçı ərizəsi nəzərə alınaraq, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü əsasında) maddəsinə uyğun olaraq 13.11.2019-cu il tarixində **********3 nömrəli əmrlə xitam verilmişdir. İddiaçı yenidən işlə təmin olunmaqla bağlı müraciəti nəzərə alınaraq, onunla Mərkəz arasında 12.02.2020-ci il tarixində əmək müqaviləsi bağlanılmış və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Bildiririk ki, haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Cavabdeh1 arasında 10.01.2019-cu ilə bağlanmış ‘İşçi qüvvəsinin təmin edilməsinə dair Sazişlə müəyyən edilmiş qayda və prinsiplərinə əsasən tənzimlənir. “Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istrahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların iş yerlərinin təşkilinə, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər. İctimai işçilərin əmək haqları təhkim olunduqları İcraçı qurum (Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi) tərəfindən Cavabdeh1nə təqdim edilən davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. Binəqədi rayonu üzrə ictimai işçilərin Mərkəzə təqdim edilmiş işə davamiyyət cədvəllərinə əsasən İddiaçı adına 2020-ci ilin fevral ayı üçün 13, mart ayı üçün 16, aprel ayı üçün 22, may ayı üçün 16, iyun ayı üçün 14, 156.81 manat, mart ayı üçün 241.25 manat, aprel ayı üçün 241.25 manat, may ayı üçün 241.25 manat, iyun ayı üçün 168.18 manat əmək haqqı hesablanaraq İddiaçı bank hesabına köçürülmüşdür.2020-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün Cavabdeh1nə göndərilmiş işə davamiyyət cədvəllərində İddiaçı adı qeyd edilmədiyindən ona əmək haqqı hesablanmamışdır. İddiaçı 01.05.2020-ci il tarixindən-31.08.2020-ci il tarixinədək işə mənfi davamiyyəti ilə bağlı tərtib edilmiş 16.09.2020-ci il tarixli akt Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 21.09.2020-ci il tarixli 618 nömrəli müşayiət məktubu ilə Mərkəzə daxil olmuşdur. İddiaçı iddia ərizəsində Cavabdeh1 MMC-yə icazə vərəqəsinin verilməsi barədə müraciət etdiyini bildirmiş lakin bu barədə Mərkəzə heç bir rəsmi müraciət daxil olmamışdır. Bununla bağlı tərəflərindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq 08.10.2020-ci il tarixli **********6 nömrəli xəbərdarlıq məktubu İddiaçı qeydiyyatda olduğu ünvana poçtla göndərilmişdir. İcraçı qurum tərəfindən adı akta düşmüş işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70. “ç” maddəsinə əsasən xitam verilməsinə münasibət bildirilməsi üçün Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin elektron poçt ünvanına məktub göndərilmiş və məktuba cavab olaraq Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən etiraz edilmədiyi bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçıla bağlanılmış əmək müqaviləsinə 16.11.2020-ci il tarixində Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) bəndinə əsasən xitam verilmiş və son haqq-hesab olaraq 58.63 manat 11.12.2020-ci il tarixində İddiaçı bank hesabına köçürülmüşdür. İddiaçı 2020-ci ilin avqust, sentyabr, oktyabr aylarında etdiyi müraciətlərində əmək qabiliyyətinin olmadığını bildirmişdir. Lakin bununla bağlı Mərkəzə əmək qabiliyyətinin olmaması ilə bağllı sənəd təqdim etməmişdir. İddiaçı işə qəbul olunarkən praktiki sağlam olması haqqında Bakı Baş Səhiyyə İdarəsi, Binəqədi rayonu 15 nömrəli poliklinika tərəfindən verilmiş 86 formalı arayış təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial ekspertiza və Reablitasiya xidməti 25 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən hazırlanmış məlumata əsasən İddiaçı məhdud əmək qabiliyyətli olduğu göstərilmişdir. İddiaçı iddia ərizəsində Koronovirusla bağlı xəstə oluğunu və bununla bağlı arayış təqdim etdiyini bildirmişdir. İddiaçı Mərkəzə təqdim etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsində onun 03.12.2020-ci il tarixindən-17.12.2020-ci il tarixinə qədər xəstə olduğu göstərilmişdir. E.Q Həsənovun əmək müqaviləsinə 16.11 2020-ci il tarixində xitam verildiyindən əmək qabiliyyətinin olmaması vərəqəsi əhəmiyyət daşımamışdır. Yuxarıda sadalananlara istinadən qeyd olunan iddia tələbi əsassızdır. Buna görə də İddiaçı iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin etibarnamə əsasında digər nümayəndəsi Nümayəndə2 iddia tələblərinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı E.Y.Həsənov 12.02.2020-ci il tarixdən işə cəlb edilmiş, 2020-ci ilin iyun ayının sonunadək işlədiyi günlər nəzərə alınmaqla təsdiq olunmuş cədvəl Cavabdeh1 MMC-yə təqdim edilmiş, lakin iyul-noyabr aylarında üzürlü səbəb göstərmədən işə çıxmamış və heç bir sənəd təqdim etmədiyindən sazişin şərtlərinə uyğun olaraq müvafiq akt tərtib edilərək MMC-yə göndərilmişdir. Karantin müddətində ictimai işlərə cəlb edilmiş işçilər yaşayış yerlərinə yaxın ərazilərdə müəyyən olunmuş qrafikdə ictimai işlərdə iştirak etmişlər. Karantin müddətində E.Oəsənov üçün icazə alınmamışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyində briqadir işləyir. E.Y.Həsənov 12.02.2020-ci il tarixdən sosial işçi kimi MKTB-yə göndərilmiş, Binəqədi parkında yaşıllaşdırma işlərinə cəlb edilmiş, 2020-ci ilin iyun ayında doqquz gün, iyul ayında isə ümumiyyətlə işə çıxmamış və bunun səbəblərini pandemiya ilə izah etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sübutlarla –Binəqədi MKTB –nin əməkdaşları tərəfindən tərtib edilmiş akt, məhkəmədə dindirilmiş şahid ifadəsi ilə iddiaçının 21 iyun 2020-ci il tarixdən noyabr ayınadək işə çıxmaması təsdiq edilmişdir. İddiaçı bunu həmin dövrdə Respublikada müəyyən olunmuş karantin rejimi ilə əlaqədar işə getməyin icazə vasitəsi ilə həyata keçirilməsi və cavabdeh tərəfindən onun barəsində müvafiq icazənin alınmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 saylı qərarı ilə 2020-ci ilin iyun ayının 21-dən Bakı şəhərində bir çox sahələrin əməkdaşlarının, o cümlədən yerli icra hakimiyyəti əməkdaşlarının fəaliyyyətinə həmin şəxslər barəsində məlumatların işəgötürən tərəfindən gücləndirilmiş el.imzadan istifadə etməklə «icazə.eqov.az» portalına daxil edildikdən sonra icazə verilmişdir. Həmin Qaydalar Nazirlər Kabinetinin 04 avqust 2020-ci il tarixli 278 saylı qərarına əsasən 05 avqust 2020-ci il tarixdən ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 05 avqust 2020-ci il tarixdən noyabr ayınadək üzrsüz səbəbdən işə çıxmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin a) bəndinə əsasən a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əsaslı olaraq İddiaçıla bağlanılmış əmək müqaviləsinə 16.11.2020-ci il tarixində Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia Cavabdeh1nin 16 noyabr 2020-ci il tarixli **********7 saylı əmrinin ləğv olunması və işə bərpa olunma hissəsində əsassızdır və rədd edilməldir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ləğv edildiyindən iddia məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia iddiaçının onunla əmək müquviləsinə xitam verilənədək, yəni işlədiyi müddətdə ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi tələbi hissəsində qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, təqdim olunmuş sübutlardan, o cümlədən tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən işəgötürən olaraq Nazirlər Kabinetinin yuxarıda istinad olunan Qərarının tələblərinə əməl olunmamış və iddiaçıya işə çıxması üçün icazə alınmamışdır. Odur ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində 21 iyun 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək olan dövrdə işə çıxmadığından cavabdehin üzərinə iddiaçıya həmin dövr üçün əmək haqqının ödənilməsi vəzifəsi qoyulmalıdır. İddia əmək haqqı tələbinə aid qalan hissədə isə iddiaçıya işdən çıxarılarkən son haqq-hesab verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçının iddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, 10 manat məbləğində dövlət rüsumu Cavabdeh1 MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-nin üzərinə 21 iyun 2020-ci il tarixdən 05 avqust 2020-ci il tarixədək olan müddət üçün İddiaçı əmək haqqı ödənilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh1 MMC-dən 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar