Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1987/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair idda ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun saxlanılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia tələbi üzrə İddiaçı ilk iddia tələbi üzrə Cavabdeh qarşı “mənzildən istifadə hüququ olmayan hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilin boşaldaraq oradan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X9 Cavabdeh ilə xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Cavabdeh oğlu ilə ailə qurduğu zaman iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınmışdır. Cavabdehin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması hazırki mübahisəyə təsir etmir. Çünki qeydiyyat əmlak hüquqları yaratmır. Göstərilənlərə əsasən Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilin boşaldaraq oradan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, onun və ilkin iddia üzrə iddiaçının oğlu X9 ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək X7 məxsus Bakı şəhəri M.Müşfiq küçəsi ev 15/17, 89 saylı mənzilə istifadə hüquqlarının saxlanılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək onun və onun oğlu X9 ilə nikahlarına xitam verilməməsinə baxmayaraq iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi və həmin mənzili boşaldaraq oradan çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiaçının oğlu X9 ilə xx.xx.2011 -ci il tarixdə rəsmi qaydada ailə qurmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən evə köçmüşdür, cehiz əmlakı ora yerləşdirilmiş, birgə təsərrüfat aparmışdırlar, bir ailə kimi 10 ilə yaxın həmin evdə yaşamışdır. Cavabdehin oğlu X9 ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Mələk, xx.xx.2015-ci il tarixdə isə Zəhra adlı qızları anadan olmuşdur. X9 tərəfindən ona və uşaqlarına qarşı laqeyd münasibət gördüyündən və orada yaşamağı çətin olduğundan onu məcbur etmişlər ki, həmin binada qonşuluqda yerləşən dar ata evinə yerləşsin. Sonradan ailənin bərpası üçün heç bir dəyişiklik olmamış, əksinə ona və uşaqlarına qarşı daha da soyuq münasibət göstərilmişdir. İddiaçının (qaynatasının) evi 4 otaqdan ibarət olmaqla genişdir və onlar bir otaqda ayrıca qalırmışlar. Burda uşaqlarının tərbiyəsi, təhsili ilə sakit bir şəkildə məşğul ola bilirdi. Ata evi isə əksinə çox balacadır. Cəmi 2 otaqdan (29.7 km) ibarət olması onun iki uşağı ilə orda yerləşməyinə, uşaqlarının sağlam və rahat böyüməsinə, dərsləri ilə məşğul olmasına maneə yaradır. Bu səbəbdən, hesab edir ki, ilkin iddia əsassızdır, onun uşaqlarının hüquqlarını pozduğu, yaşayış şəraitinin pisləşməsi baxımından rədd edilməlidir. Bundan əlavə, İddiaçı məhkəməyə qarşılıqlı iddia ərizəsinə etiraz ünvanlayaraq ərizəsində bildirmişdir ki, oğlunun yoldaşı olan və hal-hazırda boşanmaq prosesi gedən Cavabdeh ilə bir evdə yaşamaq mümkünsüzdür. Sahibi olduğu evə gələn gündən problem yaratmış, hər gün dava salmışdır. İddiaçı 1-ci qrup əlildir, insult keçirmiş, bu səbəbdən, evdə hökm sürən əsəbi atmosfer onun səhhətinə çox mənfi təsir edir və onların eyni evdə yaşamağı qəti mümkün deyildir. Bu neçə ildə oğlu ailəni dağıtmamaq istəyi ilə ona güzəştə getdikcə, cavabdeh daha çox tələblər irəli sürmüşdür. Oğlundan hər gün ona 30 manat qazanc gətirməyi tələb etmiş, gətirmədiyi təqdirdə evə gəlməməyi bidirmişdir. Son münaqişələri də, bu səbəbdən baş vermiş, oğlunun üz və boğaz nahiyələrini cırmaqlamış, çəngəl ilə xəsarət yetirmişdir. Həmin münaqişədən sonra hətta, oğlu ailəni dağıtmaq niyyəti olmaması səbəbindən, xəsarətlərə dair arayış almamışdır. Oğlu ailəni saxlamaq üçün əlindən gələni etmiş, qazandığını yoldışına versə də, cavabdeh ailə büdcəsinin əksər hissəsini öz xarici görünüşünə, geyiminə xərcləmişdir. Evdə isə, qarşı tərəfin işləməməsinə barmayaraq, natəmizlik hökm sürmüşdür. Onun sahib olduğu, sözü gedən mənzildə övladlarının anası X8 yaşayır, cavabdeh onunla da mütəmadi olaraq münaqişə yaradaraq, aqressiv davranmış, bəzi hallarda fiziki güc tətbiq edərək xəsarət yetirmişdir. Belə ki, 2019-cu ildə qarşı tərəf, Babayeva Aybənizə üz və boğaz nahiyələrini cırmaqlayaraq xəsarət yetirmiş və bıçaqla hədələmiş, faktla bağlı müvafiq qaydada polisə müraciət olunmuşdur, video görüntü vardır. 2020-ci ilin dekabr ayında isə Babayeva Azbəniz yenidən polisə müraciət etməyə məcbur olmuşdur. Buna səbəb cavabdeh Babayeva Aybənizi dəfələrlə ölümlə hədələyərək dekabr ayının 24-də "başına oyun açacağını" bildirərək psixoloji təsir göstərməsi olmuşdur. Hal hazırda sahibi olduğu evin, onlar üçün ayrılmış otaqlarda olan mebel və əşyalar cavabdeh tərəfindən boşaldılmışdır, hal-hazırda onun evində heç bir mebel və ya digər əşyası yoxdur. Oğlu ondan faktiki olaraq boşanmış, hal-hazırda boşanma məsələsi məhkəmədə baxılır və oğlu ona aliment ödəyir. Mebel və qızıl zinət əşyalarını, həmin evin qonşu blokunda yaşayan anasının evinə daşımışdır. Onun evinə isə ziyan vurmaq və əsəbləri korlamaq məqsədi ilə gəlir. Cavabdeh sözügedən mənzildə gecələmir, tez-tez həmin evə rəfiqələrini yığaraq əylənirlər, Aybəniz Babayevanı mütəmadi olaraq təhqir edirlər, hədələyirlər. Həmin evdə suyu, işığı, qazı qəsdən açıq qoyurlar, hətta qaldığı otağın işığını və elektrik qızdırıcısını açıq qoyaraq otağın qapısını açarla bağlayıb gedir və günlərlə gəlmir. Bununla o onun büdcəsinə (komunal xərclərinin onun tərəfindən ödənildiyi üçün) külli miqdarda ziyan vurmuşdur. Ona görə də onun ilk iddia ərizəsinin təmin edərək, Cavabdeh Şəmsəddin qızının ünvan 6 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsi və mənzili boşaldaraq oradan çıxarılması, cavabdehin qarşılıqlı iddia ərizəsini rədd edilməsi və qarşılıqlı iddia ərizəsində qeyd olunan müddətdə istifadə hüququnun verilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil verdiyi izahatında ilk iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia ərizəsi təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 15/17, 89 saylı mənzil İddiaçı adına xx xxx 1996-cı ildə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 624 saylı reyestr kitabında 93687 səhifədə 30/93687 qeydə alınma nömrəsi ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayonu 64 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X9 Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi ev 15/17, 89 saylı mənzilində qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-1699/69 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, X9 ilə X2 nikahı haqqında xx xxxxxxxx 2011-ci il tarixdə 1272 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Akimzadə soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi rətəfindən verilmiş 05/Q-1697/69 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, X12 xx xxxx 2012ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Cavabdehdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-1698/69 nömrəli xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, X13 xx xxxxxx 2015-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X1, anası Cavabdehdır. xx xxxxxx 2021-ci il tarixli 12790 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1751/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin edilməsi, cavabdeh X3 xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxx 2021-ci il tarixli qərarından görünür ki, vət. X4 və Cavabdeh ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, vət. X8 ilə Cavabdeh arasında gələcəkdə baş verə biləcək hər hansı bir cinayət hadisəsinin qarşısının alınması məqsədilə profilaktiki tədbirlər görülməsi üçün qərarın surətinin 26-cı Polis Bölməsinin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzili ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətindədir. Cavabdeh ilkin iddia üzrə İddiaçı oğlu X9 ilə xx xxxxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilində qeydiyyata alınmışdır. Cavabdeh hər hansı hüquqi əsas olmadan mülkiyyətçi İddiaçı məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla qorunan hüquqlarını məhdudlaşdırır. Eyni zamanda, qarşılıqlı iddia ərizəsindən və tərəflərin məhkəmə araşdırması zamanı vermiş olduğu izahatlardan görünür ki, Cavabdeh gün ərzində Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilinə gedib-gəlsə də, hal-hazırda faktiki olaraq 2 uşağı ilə birlikdə 2 otaqlı ata evində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki mübahisəyə dair tərəflər arasında hüquq münasibətləri 2011-ci ilin sentyabr ayından sonra yarandığından məhkəmə hesab edir ki, bu mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda qeyd olunur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Göründüyü kimi, cavabdeh mənzilin mülkiyyətçisinə münasibətdə sonuncunun ailə üzvü olmamaqla yanaşı, özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə də daxil deyildir. Məhkəmə araşdırması zamanı mənzilin mülkiyyətçisi olan iddiaçı və Cavabdeh arasında mənzildən istifadə ilə bağlı razılaşma (notarial qaydada bağlanmış və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilənin) olması müəyyən olunmadı. İlk iddia üzrə Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olmasına gəldikdə isə qeyd olunmalıdır ki, yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Həmin Qanunun 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə, Cavabdeh onun və ilkin iddia üzrə iddiaçının oğlu X9 ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək X7 məxsus Bakı şəhəri M.Müşfiq küçəsi ev 15/17, 89 saylı mənzilə istifadə hüquqlarının saxlanılması tələbi ilə bağlı qeyd edir ki, araşdırma zamanı Cavabdeh sözügedən mənzilə istifadə hüququ yaranmadığı müəyyən edildi. Yetkinlik yaşına çatmayan övladları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 istifadə hüququnun saxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan şəxslərin öz valideynləri ilə yaşamaq hüquqları vardır. Bu onların mənzildən istifadə hüquqlarının saxlanılması kimi qiymətləndirilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İlk iddia tələbi üzrə iddia təmin edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İlk iddia tələbi üzrə Cavabdeh qızı Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən istifadə hüquqlarının olmaması müəyyən edilməli, Cavabdeh Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı oğluna təhvil verilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh və ilkin iddia üzrə iddiaçının oğlu X9 ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək X7 məxsus Bakı şəhəri M.Müşfiq küçəsi ev 15/17, 89 saylı mənzilə istifadə hüquqlarının saxlanılması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. İlkin iddia üzrə Cavabdeh Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsi 15/17 saylı evin 89 saylı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq ilk iddia üzrə İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçının oğlu X9 ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X13 ilə birlikdə uşaqlar yetkinlik yaşına çatanadək X7 məxsus Bakı şəhəri M.Müşfiq küçəsi ev 15/17, 89 saylı mənzilə istifadə hüquqlarının saxlanılması barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1987/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1987/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver