Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1987/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin (ödədiyi günün məzənnəsinə uyğun olaraq) və dövlət rüsumu olaraq ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı idddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 18.400 (on səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaitinin (ödədiyi günün məzənnəsinə uyğun olaraq) və dövlət rüsumu olaraq ödənilmiş 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2018-ci il may ayının əvvələrində İddiaçı iş qurmaq məqsədi ilə 20.000 (iyirmi min) ABŞ dolları (34.000 manat) pul vəsaitini borc olaraq istəmişdir. İddiaçı aralarında olan qohumluq əlaqələrinə görə köməklik göstərmək qərarı almışdır və Cavabdeh iddiaçıya onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evini girov qoyub pul götürməsini və həmin pul borcunu qısa müddətdə qaytaracagını, mənzilin də qısa müddətdə girovdan azad edəcəyini vəd etmişdi. Cavabdeh sözü gedən məbləği 3 ay müddətində qaytaracağını bildirmişdir. Lakin borcun 1600 (min altı yüz) ABŞ dollarını qaytarsa da qalan 18400 (on səkkiz min dörd yüz) ABŞ dolları qaytarmışdır. Dəfələrlə cavabdehdən aldığı 20.000 (iyirmi min) ABŞ dolları pul vəsaitini qaytarılması tələb edilsə də, o müxtəlif bəhanələrlə bundan yayınmışdır. Daha sonra bu məsələ Abşeron rayon Polis İdarəsində araşdırılmış və mülki xarakterli olmaması səbəbi ilə ”cinayət işinin başlanımasına rədd edilməsi” qərarı verilmiş lakin aidiyyatı polis orqanı araşdırması zamanı cavabdehin iddiaçıdan həmin pul vəsaitinin alması və qaytarmaması faktları öz təsdiqini tapmışdır. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh xalamqızıdır. O 2018-də Magia diş klinikasında tibb bacısı vəzifəsində çalışırdı. Həmin vaxtlar isə diş implantlarının qoyulması çox yayılmış diş müalicə üsulu idi. O iddiaçıya 2018-ci ilin may ayında yaxınlaşaraq diş implantlarının qoyulması üçün çənə rentgen aparatanın olduğunu, həmin aparatla dişlərin çəkilməsinin 1 xəstə üçün 70 manata başa gəldiyini, aparatın bütün gətirmə xərcləri ilə birlikdə 30.000- 35.000 arası pula başa gələcəyini bildirmiş və məlumat vermişdir ki, klinikanın baş həkimi ona həmin aparatı xaricdən klinikaya gətirməyi və ondan əldən olunan gəliri yarı-yarıya öz aralarında bölməklə işləməyə təklif etmişdir. Bütün bunları qeyd etdikdən sonra cavabdeh iddiaçının atasından ona miras qalan və eyni zamanda, qeydiyyatda olduğu evini girova qoymağını və əldə olunan puldan ona 20.000 dollar borc verməyini xahiş etmişdir. O uzun təkidlərdən sonra ona 20.000 dollar borc vermişdir. Bir müddət sonra cavabdehin başqa borcları ortaya çıxmışdır. Onun borcları ilə bağlı cavabdehin qardaşı da onunla Şamaxinka adlanan yerdə görüşmüş və Daxili Qoşunlarda işlədiyini deyərək digər borc sahibləri ilə hesabı bağladıqdan sonra iddiaçının borcunu da ödəyəcəklərini bildirmişdir. Lakin iddiaçı özü də 20.000 ABŞ dolları kimdənsə borc alıb cavabdehə vermiş və borc sahibi öz borcunu istəmişdir. Cavabdeh, eyni zamanda, başqa bi şəxsdən götürüb verdiyi 20.000 dollara görə ona məxsus kiçik torpaq sahəsini borclu olduğum şəxsə verməyini də təklif etmiş, lakin borc sahibi bununla razılaşmamışdır. Cavabdeh daha sonra ondan 1 ay vaxt istəmiş, iyun ayında ödəcəyini demiş. lakin ödəniş etməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, cavabdeh ümumilikdə 1600 ABŞ dolları ödəniş etmişdir. Axırıncı ödənişi 2022-ci ilin aprel ayında olmuşdur. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı xalasıqızıdır. Nurlanə ona pulu 2018-ci ilin may ayının 20-sində işlədiyi klinikada təqdim etmişdir. Həmin vaxt iddiaçı vəkil yox, hüquqşünas idi, o isə tibb bacısı olaraq çalışırdı. Həmin dövrlərdə hər ikisinin maddi vəziyyətində problemlər olduğu üçün ona borca pul götürməyi təklif etmiş, o isə qəbul etmişdir. Bir neçə gün sonra iddiaçı özü Fəxrəddin adlı bir sələmçidən borc götürmək üçün razılaşmış, lakin sələmçi girov istədiyini demişdir. İddiaçı özü bildirmişdir ki, atasından adına keçən evi girov qoyacaq. Cavabdeh Fəxrəddin adlı şəxsi heç vaxt görməmişdir, onun bütün danışıqları iddiaçı ilə olmuşdur. İddiaçı ona bildirmişdir ki, birinci dəfə 15.000 dollara yaxın pul götürəcək, bu isə 25.500 manata yaxın pul edirdi, sələmçiyə 15.500 manat “şapka pulu” verdikdən sonra 10.000 manatı ona verəcəkdir. O isə bu məbləğlə razılaşdı. O həmin məbləği cavabdehin işyerində saat 5-6 radələrində verdi və o isə aylıq 2000- 2500 manat şəklində geri ödəniş edə biləcəyini bildirdi. Ona müqaviləni hansı məbləğə bağladığını demədi. Bir həftə sonra onun yenidən pula ehtiyacı olduğundan Nurlanəyə müraciət etdi. O da öz ehtiyacları olduğunu bildirərək, müqaviləni artıra biləcəyini, 10.000 dollar daha borc ala biləcəyini dedi. Bu isə 17.000 manat məbləğində pul idi. Bundan sonra o 7.000 manatı özünə götürüb ona 10.000 manat pul verdi. Nəhayət, 20.000 manat pul borcunu faizi ilə birlikdə ayda 2000 manat ödəniş etməklə ümumilikdə 26.000 manat borcu qaytarmalı olduğunu dedi. Ödənişləri fərqli adlı kartlara ödədi. İlk aylar 2000, 2200, 2500 manat ödənişlər etdi Daha sonra qardaşının işi ilə bağlı bankdan pul götürməli oldu. Lakin qardaşının işi uzandı, alınmadı, bu müddət ərzində həmin ödənişləri banka etdi. Mən xalamqızından bu məsələ ilə bağlı həmin şəxsdən 10.000 manat borc istəməsini xahiş etdi. Həmin vaxt da xalası qızına olan borcu 10.000 manat təşkil edirdi. Füzuli adlı şəxs vasitəsilə 2021-ci ilin mart ayı onda 6.000 manatı, daha sonra 4000 manatı göndərmişdir. İddiaçı ona 20.000 manat verrmiş, o isə 26.000 manat qaytarmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, heç vaxt ona dollarla pul verməyib. İddia tələbinin rədd ediləsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri 50 saylı mərkəzində notariat kontorunun xususi notariusu tərəfindən təsdiq edilmiş reyestrdə 3M-441 nömrəsi ilə qeydə alınmış 19 may 2018-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, borc verən X3 borcalan İddiaçı 20.000 (iyirmi min) ABŞ dolları məbləğində borc pul verir, borcalan İddiaçı isə həmin pul məbləğini 19 iyul 2018-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən öhdəliyin icra edildiyi gün Azərbaycan manatının ABŞ dollarına olan konventasiya nəzərə almaqla həyata keçiriləcək. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Abşeron rayon RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X6 19 yanvar 2023-cü il tarixli qərarla İddiaçı şikayəti əsasında toplanmış materiallar əsasında cinayət işinin başlanmasını rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh vermiş olduğu izahatında bildirmişdir ki, 20148-ci ilin əvvəllərində Nurlanə özünə məxsus olan mənzilini Fəxrəddinə girov qoyaraq ondan 15000 ABŞ dolları götürmək barədə razılıq almış, yəni götürülmüş 25500 manat puldan 15000 manatını ona vermiş, qalan 10500 manat isə onda qalmışdır. Lakin bir neçə gün sonra Nurlanə yenidən verdiyi puldan 5000 manatını geri almışdır. Bu minvalla 2018-ci ilin axırlarından başlayaraq 2020-ci ilin əvvəllərinə qədər 1 il yarım ərzində bəzi aylar istisna olmaqla mütəmadi olaraq hər ay 2000-2200-2500 arası Nurlanəyə pul ödəməklə götürdüyü pula görə əsas borc və faiz hesabı olaraq Nurlanəyə vermişdir. Buna görə də onun Nurlanəyə heç bir borcu yoxdur. Nurlanənin 3 il sonra onun barəsində şikayət edərək guya ona 18400 ABŞ dolları pul borcu olmağı barədə göstərdikləri həqiqətə uyğun deyildir. Nurlanə özü faizə götürdüyü pulu ödəyə bilməməsi səbəbindən onun barəsində şikayət etdikləri üçün o çıxılmaz vəziyyətdə qalaraq həmin borcun onun tərəfində ödənilməsinin istədiyindən qərəzli şəkildə şikayət etdiyini göstərmişdir. Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təstiq edilmiş 19 may 2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, müqavilə X8 oglu ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci tarixli kredit müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 814 kv/m olan 4 otaqlı mənzili tam mülkiyyəti üzrə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən X1 hesabına 10.000 ABŞ dolları pul köçürülmüşdür. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, Nurlanə və Jaləni tanıyır. Nurlananın Jaləyə borc pul verdiyindən xəbəri olmuşdur. Jalə bir neçə dəfə borc pulu qaytarması üçün 4000 manat və 6000 manat məbləğində pul vermiş, o da Nurlanəyə aparıb qaytarmışdır. 11 mart 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2- ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, borc verən İddiaçı borcalan Cavabdeh 20.000 (iyirmi min) ABŞ dolları məbləğində borc pul verdiyini bildirir. Cavabdeh isə iddiaçının ona borca 20.000 manat məbləğində pul verdiyini bildirir. Məhkəmə borcun həqiqətən də verilməsinə dair hissədə bu halı cavabdehin qismən etirafı, yəni 20.000 manat məbləğində pulun borc verilməsi kimi qiymətləndirir. Hərçənd iddiaçı borcun manatla deyil, dollarla verildiyini bildirsə də bunu sübut edə bilməmişdir. İddiaçı 1600 ABŞ dolları borcun cavabdeh tərəfindən qaytarıldığını bildirmişdir. Məhkəmə iddiaçının bu hissədə etirafını nəzərə alaraq qeyd edir ki, 1600 ABŞ dolları manat məzənnəsi ilə, yəni 1600x1.70=2720 manat pulun cavabdeh tərəfindən qaytarılması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında dinlənilərək araşdırılmış cd-disklərə münasibətdə məhkəmə qeyd edir ki, səs yazılarından cavabdehin borcunun olması müəyyən edilsə də iddiaçı tərəfindən cavabdehə hansı məzənnə ilə, dəqiq hansı məbləğdə pul verməsi aydın deyildir. Və səs yazılarından cavabdehin borcunu qaytaracağına söz verdiyi aydın olur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 20000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının ona borc olaraq 20.000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 20.000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 20.000 manat puldan qaytardığı 2720 manat pul çıxılmaqla qalıq 17280 (on yeddi min iki yüz səksən) manat məbləğində pulu ona geri qaytarmalıdır. Məhkməmə şahid ifadəsinə münasibətdə qeyd edir ki, cavabdehin məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq verdiyi cavabından da müəyyən olunur ki, şahid F.Məhərrəmovun onunla yaxın münasibətləri vardır. İddiaçının və şahidin bildirməsindən də aydın olur ki, şahid F.Məhərrəmovun iddiaçı ilə aralarında keçmiş xüsusatlarla bağlı hazırda da gərgin münasibətlər mövcuddur. Bu səbəbdən şahid F.Məhərrəmovun məhkəməyə vermiş olduğu ifadə borcun ödənilməsi ilə bağlı mötəbər sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17.280 (on yeddi min iki yüz səksən) manat məbləğində borc pul Cavabdeh İddiaçınun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 190 (yüz doxsan) manat məbləğində dövlət rüsumunun 142 (yüz qırx iki) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17.280 (on yeddi min iki yüz səksən) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 142 (yüz qırx iki) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1987/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1987/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver