Məhkəmə qərarları › İş №2(004)-1993/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1993/2023

26.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1993/2023 26.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müvafiq əmrin verilməsinə hüquqi əsas təşkil edən həmkarlar ittifaqının rəyi ilə bağlı o, həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməmiş, iclasda onun iştirakı təmin olunmamış və iclasın yekun qərarı ona təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçının mübahisləndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmaması xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsinə əsasən müəyyən olunur ki, İşəgötürən qismində DSMF publik hüquqi şəxsi ilə İşçi qismində İddiaçı əmək münasibətləri rəsmiləşdirilmiş və İddiaçı DSMF-nin Şabran rayon xidmət nümayəndəliyinin sənədlərlə iş və vətəndaş qəbulu sektoruna Böyük mütəxəssis vəzifəsinə qəbul edilmişdir. İş materiallarında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(105)- 371/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilmişdir ki, iddiaçı DSMF-nin Şabran rayon xidmət nümayəndəliyinin sənədlərlə iş və vətəndaş qəbulu sektoruna Böyük mütəxəssisi İddiaçı “.... cinayət işi materiallarına əsasən xx.xx.2016-cı il tarixli 1582 saylı arayışı öz imzası ilə təsdiq etdikdən sonra həmin arayış əsasında faktiki olaraq pensiya alan şəxsin adına müavinətin ödənilməsi ilə Günay Muradovanın adına xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 3.390,0 manat, həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-13-cü maddələrinə əsasən pensiya ödənilən əlillik dərəcəsi verilmiş şəxslərin əlillik dərəcəsi etibarsız hesab edildiyi andan əlilliyə görə əmək pensiyasının ödənişi dayandırılmalı olduğu halda, əlillik dərəcəsi etibarsız hesab edildiyi tarixdən vətəndaşların adlarına ödənilən pensiya ödənişlərinin dayandırılmasını təmin etməyib .... DSMF-yə məxsus ümumilikdə 119.502,01 manat məbləğində vəsaitinin köçürülməklə .... dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etmişdir....”. Göstərilən əməllərə görə İddiaçı təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə məhkum edilmişdir. İş materiallarında olan həmkarlar ittifaqı komitəsinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə ünvanladığı xx.xx.2022-ci il tarixli rəyə əsasən, komitənin İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etməməsi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialının Şabran rayon qəbul şöbəsinin böyük mütəxəssisi İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” bəndi çıxış edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Müvafiq əmrin verilməsinə hüquqi əsas təşkil edən həmkarlar ittifaqı təşkilatının rəyi ilə bağlı iddiaçının həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməməsi, iclasda iştirakının təmin olunmaması və iclasın yekun qərarının iddiaçıya təqdim edilməməsi məsələnin prosessual tərəfləri olmaqla müvafiq əmrin qanunsuz hesab olunmasına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının qeyd etdiyi xüsusatlar qanunvericiliyin imperativ tələbi deyil, ayrı-ayrı hüquqşünas alimlərin hüquqi fikirləridir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə boşluq və ya kolliziya olduqda hüquqşünas alimlərin hüquqi fikirləri konkret situasiyaya uyğun hüquqi mənbə kimi istisna hallarda qiymətləndirilə bilər. Hazırki iddia tələbi üzrə mübahisə qanunvericiliklə aydın, müəyyən və əsaslı formada tənzimlənmişdir. Lakin, hazırki iş üzrə müvafiq əmrin verilməsinə əsas kimi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(105)-371/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarı çıxış edir ki, müvafiq qərar hüquqi fakt olaraq qüvvədədir, sübut qismində qiymətləndirilir və yalnız həmin qərar kassasiya icraatı qaydasında bəraətverici əsaslarla ləğv edildikdə müvafiq əmrin qanunsuz olması faktı ortaya çıxa bilər. Məhz, iddiaçının həmkarlar ittifaqı təşkilatının iclasında iştirakı və onun dinlənilməsi müvafiq rəyin verilməsi üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Həmkarlar ittifaqının rəyinin alınması xüsusatı əmək münasibətləri üzrə işçinin hüquqlarının qorunması funksiyasını icra edir. Məsələn, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə xitam verilməsi halında həmkarlar ittifaqı təşkilatı işçilərin hüquqlarının müdafiə edən seçkili orqan olmaqla müvafiq işçinin dinlənilmə hüququnun təmin olunmasında özü maraqlı ola bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir. Lakin, müqavilə azadlığı prinsipi, dövlət müəssisəsi kimi ictimai reputasiya və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Nəticə etibarilə, mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “e” bəndinin dispozitiv şərtləri ilə iddia tələbinin hüquqi və faktiki xüsusatları eynilik təşkil edir. Beləliklə, müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(105)-371/2022 nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən, İddiaçı əmək müqaviləsi üzrə əmək vəzifələrinin icrası ilə bağlı dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq edərək cavabdeh DSMF-yə məxsus ümumilikdə 119.502,01 manat məbləğində maddi zərər vurmuşdur. Nəticə etibarilə, İddiaçı tərəfindən cavabdeh DSMF-nin qanuni mənafelərinə ciddi zərər vurulmuşdur. Bu səbəbdən, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi əsas götürülməklə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli **********2 nömrəli əmri ilə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Quba-Xaçmaz regional filialının Şabran rayon qəbul şöbəsinin böyük mütəxəssisi İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar