Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1994/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 7000 manat məbləğində kompensasiya verilməklə onun Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsi, ev 4, mənzil 32-yə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri ilə birgə nikahlarından uşaqları olmadığı üçün uşaq götürmək qərarına gəlmişlər. Əri ilə qarşılıqlı razılıqlarına əsasən Cavabdeh Tayyar oğlunu övladlığa götürmüşlər. Cavabdeh yetkinlik yaşına çatanadək onun bütün tələbatları iddiaçı tərəfindən ödənilmişdir. O, cavabdehi övladlığa götürərkən onu cəmiyyətə xeyirli bir insan kimi yetişdirməyi, ona təhsil verməyi qarşısına məqsəd qoymuşdur, eyni zamanda düşünürdü ki, onun övladı olmadığı üçün cavabdeh ona övladlıq edər və ağır günlərində, ahıl yaşlarında onun dayağı olar. Lakin çox təəssüf olsun ki, zaman keçdikcə cavabdeh ona bəslənən bütün ümidləri puç elədi. Belə ki, o, pis vərdişlərə qurşandı, evə gec-gec gəlməyə başladı. Daha sonra ona məlum oldu ki, cavabdeh narkotik vasitə aludəçisidir. Cavabdeh dəfələrlə iddiaçını döyüb təhqir etmiş, ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Bununla bağlı dəfələrlə polisə müraciət etmişdir, lakin heç bir nəticəsi olmamış və məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehlə birlikdə yaşamaq artıq qeyrimümkündür, o çox təhlükəli insandır. Onun üçün heç bir mənəvi dəyər anlayışı yoxdur. Ona maraqlı olan ancaq narkotik vasitə üçün pulu haradan və necə əldə etməkdir. Cavabdeh onu ölümlə hədələyərək hər dəfə pul tələb edir, pul olmayanda isə ona özünə məxsus kəsiçi alətlərlə hədələyərək öldürəcəyini bildirir. O, qorxusundan Sumqayıt şəhərində yaşayan bacısına məxsus mənzildə yaşamaq məcburiyyətində qalmışdır , faktiki olaraq öz mülkiyyətindən məhrum olmuşdur. Cavabdeh demək olar ki, mənzildə olan bütün əşyaları satıb. Artıq vəziyyət dözülməz həddə çatmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini tam müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsi, ev 4, mənzil 32 İddiaçı adına xüsusi mülkiyyət kimi 17 noyabr 2016cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında 21 sentyabr 2020-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsi, ev 4, mənzil 32də İddiaçı, Cavabdeh daimi qeydiyyatdadırlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh İddiaçı övladıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır, istifadəçiyə isə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. X2 Məhkəməsi həmçinin bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 7000 manat məbləğində kompensasiya məbləği cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə oxşar olan şəraitdə yaşamaq imkanı verdiyi üçün, cavabdehə mənzilə istifadə hüququna xitam verilməsi üçün təklif edilən kompensasiyanın məbləği ədalətli hesab olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətçi kimi kompensasiya ödənilməklə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi Mülki Məcəllənin 228.2-ci maddəsinə görə əsaslıdır və onun tərəfindən Cavabdeh 7000 manat məbləğində kompensasiya verilməklə sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsi, ev 4, mənzil 32-yə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1 küçəsi, ev 4, mənzil 32-yə olan istifadə hüququna xitam verilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1994/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1994/2021
17.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver