Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-200/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı, üçüncü şəxs X2 iştirakı ilə “mənzilin sahibliyə və istifadəyə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişində, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m olan 4 otaqlı, 68 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 24 fevral 2020-ci il tarixli, A/16-68 №-li Müqavilənin 1-ci bəndinə əsasən «Kooperativ» «Payçı»ya 68 saylı mənzili satır, əsasən «Payçı» isə həmin mənzili qəbul edir və Müqavilə lə razılaşdırılmış qaydada mənzilin dəyərini «Kooperativ»ə ödəyir. Həmin Müqavilənin 2-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən «Kooperativ» ünvan 2 ünvanda tikilən binada 68№-li mənzili «Payçı»ya verməsini öz üzərinə götürür. «Payçı» mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürür. Göstərilən mənzil 4 otaqdan ibarətdir, giriş 1, mərtəbə 16, mənzilin ümumi sahəsi 164,5 kv.m., yaşayış sahəsi 94,5 kv.m. təşkil edir. Onun tərəfindən həmin müqavilə üzrə üzərinə götürülmüş bütün öhdəliklər yerinə yetirilərək mənzilin ümumi dəyərini təşkil edən 279650 manat məbləğində pul vəsaitinin Cavabdeh Mənzil Tikinti Kooperativinə ödənilməsi təmin edilmiş və bu barədə ona 24 avqust 2020-ci il tarixli Arayış verilmişdir. Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq, 68№-li mənzilin ona verilməsinə dair müqavilə öhdəliyi Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən yerinə yetirilməmişdir. Bu halın davam etməsi onun qanunla qorunan mülkiyyət hüquqlarnın pozulması ilə nəticələnir. Sadalanan xüsusatlara və qanunvericliyin tələbinə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektorn SMS vasitəsi ilə məlumatlandırılmış) məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iddia tələbinə aidiyyəti üzrə baxılmasına dair ərizəsini də, nəzərə alaraq, işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin təmin edilməməsini xahiş edərək bildirdi ki, mübahisəli mənzil üzrə Nərgiz Mahmudovanın Cavabdeh MTK-ya qarşı qaldırdığı iddia ilə əlaqədar məsələyə məhkəmələr tərəfindən qiymət verilmiş, Ali Məhkəmənin iş üzrə 23.12.2021-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Həmin Qərara əsasən, mübahisəli mənzilin X2 mülkiyyətində olması faktı təsdiq edilmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iştirak edən tərəflin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 24.02.2020-ci il tarixli A/16-68 nömrəli müqavilədən, kassa-mədaxil orderlərindən və 24.08.202-ci il tarixli 35 nömrəli Arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişində, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m olan 4 otaqlı, 68 nömrəli mənzil İddiaçı mülkiyyətinə verilmişdir, sonuncu tərəfindən mənzilin kv.m dəyəri 1700 AZN olmaqla, 279650 manat məbləğində pul iddiaçı tərəfindən MTK-ya ödənilmişdir. - İddiaçı X2 Cavabdeh MTK-ya qarşı müqavilələr üzrə öhdəliyin yerinə yetirilməsi, müqavilə predmetinin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə ilkin, Cavabdeh MTK-nın X3 qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi” barədə qarşılıqlı iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-617/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, iddiaçı X4 və Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 03.02.2015-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110,2 kv.m, yaşayış sahəsi isə 56,0 kv.m olan 3 otaqlı 66 saylı mənzilinin; 03.02.2015-ci il tarixli 14 nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 123,9 kv.m, yaşayış sahəsi isə 74,5 kv.m olan 3 otaqlı 67 saylı mənzilinin; 03.02.2015-ci il tarixli 15 nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m, yaşayış sahəsi isə 94,5 kv.m olan 4 otaqlı 68 saylı mənzilinin iddiaçı X3 təhvil verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması; iddiaçı X2 iddia tələbinin qalan, yəni - “ünvan 3 ünvanda inşa edilmiş binanın zirzəmisində yerləşən avtodayanacağında 2 ədəd avtomaşın üçün dayanacaq yerinin X3 ayırılması öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, vurulmuş maddi və mənəvi zərərə görə 10.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 10.030 manat vəsaitin Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı X3 ödənilməsi” hissəsində rədd edilməsi qərara alınmış; Cavabdeh Mənzil Tikinti Kooperativinin iddiaçı X3 qarşı Cavabdeh Mənzil Tikinti Kooperativi ilə X4 arasında bağlanmış 03.02.2015¬ci il tarixli 13, 14 və 15 nömrəli müqavilələrin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7224/2021 nömrəli 25.08.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)- 617/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23.12.2021-ci il tarixli, 2(102)-7103/2021 nömrəli Qərarı ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X4, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən ayrı-ayrılıqda verillmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7224/2021 nömrəli 25.08.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərar alınmışdır. Bundan başqa, iddiaçı Cavabdeh MTK-nın cavabdeh Nərgiz Mahmudovaya qarşı “mənzillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(004)-4909/2021 nömrəli Qətnaməsi ilə iddiaçı Cavabdeh MTK-nın cavabdeh X3 qarşı 03.02.2015-ci il tarixli 13, 14 və 15 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından göründüyü kimi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin e-2(004)-617/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə X4 və Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış 03.02.2015-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 110,2 kv.m, yaşayış sahəsi isə 56,0 kv.m olan 3 otaqlı 66 saylı mənzili, 03.02.2015-ci il tarixli 14 nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 123,9 kv.m, yaşayış sahəsi isə 74,5 kv.m olan 3 otaqlı 67 saylı mənzili və o cümlədən də, hazırk iddia tələbi üzrə mübahisə predmeti olan ünvan 4 ünvanda inşa edilmiş binanın 1-ci girişinin 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m, yaşayış sahəsi isə 94,5 kv.m olan 4 otaqlı 68 saylı mənzili 03.02.2015ci il tarixli 15 nömrəli müqaviləyə əsasən X4 Cavabdeh Mənzil Tikinti Kooperativindən hər bir kvadratmetr üçün 1.600 manat ödəməklə satın alması, Cavabdeh 03.02.2015-ci il tarixli, 25 saylı arayışına əsasən, X2 Cavabdeh MTK tərəfindən inşa edilmiş ünvan 5 ünvanında yerləşən binanın A blokun 16-cı mərtəbəsində, 4 otaqlı, 68 saylı mənzilə dair borcunun olmaması müəyyən edilmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən mübahisəli, ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişində, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m olan 4 otaqlı, 68 nömrəli mənzil Cavabdeh MTK ilə bağlanmış 03.02.2015-ci il tarixli 15 saylı müqavilə əsasında X1 və istifadəsinə verilmişdir. Hazırda İddiaçı, Cavabdeh MTK ilə arasında bağlanmış 24.02.2020-ci il tarixli A/16-68 nömrəli müqaviləyə əsaslanaraq mənzilin onun sahibliyinə və istifadəsinə verilməsini tələb edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi mənzilə dair X2 hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunduğundan, İddiaçı həmin mənzillə bağlı iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Mülki-prosessual qanunvericiliyin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını inztizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halları təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə həmçinin, İddiaçı ilə cavabdeh MTK arasında bağlanmış 24 fevral 2021ci il tarixli müqaviləyə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, “fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir”. Normanın mənasından görünür ki, mübahisəli mənzillərə dair müqavilələr ilk öncə Nərgiz Mahmudova ilə bağlandığından və ilkin olaraq o, həmin mənzillə bağlı iddia irəli sürdüyündən, fərdi müəyyən əşyanın daha əvvəl İddiaçı tərəfindən əldə edilməsi işin hallarından müəyyən olunmadığından, eləcə də, mübahhisəli mənzilə dair qanuni qüvvəsini almş məhkəmə qətnaməsi olduğundan iddiaçının mübahisəli mənzilə dair tələb hüququ aradan qalxmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7224/2021 nömrəli 25.08.2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı ilə MTK arasında qeyd olunan müqaviləyə artıq münasibət bildirilərək müəyyən edilmişdirki, İddiaçı ilə MTK arasında bağlanılmış müqavilə məhz X4 ilə Cavabdeh MTK arasında qeyd edilən mənzillərlə bağlı mübahisələr aparılan dövrdə bağlanmış, fərdi müəyyən əşya məhz MTKnın qəsdi ilə üçüncü şəxs Nərgiz Mahmudovanın istifadəsinə verilməmiş və bu müddət ərzində mənzil barəsində ikinci bir şəxslə (İddiaçı) müqavilə bağlanaraq süni şəkildə mübahisə yaradılmasına nail olunmuşdur. Belə olan halda, məhkəmənin qənaətinə görə həmin müqavilə, yəni sonradan İddiaçı ilə MTK arasında “24 fevral 2021-ci il” tarixli bağlanmış müqavilə etibarlı müqavilə kimi qəbul oluna və hazırkı iş üçün iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən binanın 1-ci girişində, 16-cı mərtəbəsində yerləşən ümumi sahəsi 164,5 kv.m olan 4 otaqlı, 68 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-200/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-200/2022
28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver