Məhkəmə qərarları › İş №2(004)-201/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-201/2023

11.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-201/2023 11.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, K-362 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2016-ci il tarixli 31/K nömrəli əmrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləmişdir. Lakin bununla bağlı işəgötürənlə aralarında əmək müqaviləsi imzalanmamışdır. xx.xx.2021-ci il tarixində ona müraciət edilərək bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin yeni strukturunun təstiq edilməsi nəzərdə tutulur. Yeni strukturda onun tutduğu vəzifə üzrə ştat ixtisar olunur və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcək. Beləliklə də xx.xx.2022ci il tarixli əmrlə əmək müqaviləmə xitam verilmişdir. Həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, 42 il fasiləsiz olaraq işlədiyi yerdə ixtisar olunmağının səbəbi əsaslandırılmamışdır. Əslində isə cavabdeh qurumda ona qarşı qərəzli münasibət xeyli əvvəl başlamış, bununla bağlı müvafiq dövlət orqanlarına çoxsaylı şikayətlər ünvanlamışdır. Cavabdeh işdən azad etmək üçün tutarlı bir səbəb tapmadığına görə onu saxta ixtisar yolu ilə işdən azad etmişdir. Belə ki, məlum ixtisardan sonra cavabdeh təşkilatda ştat sayı azaldılmamış, əksinə artırılmışdır. Hal-hazırda isə əldə etdiyi məlumata görə xeyli sayda vakant vəzifələr vardır. Həmin vəzifələr isə məhz onun bu günə qədər orada işlədiyi əmək funksiyalarına uyğundur. Cavabdeh qurum onu ixtisar edərək heç bir təcrübəsi olmayan işçiləri işə qəbul edir. xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixindən məzuniyyətə getməyini xahiş etmişdir. Buna dair əmrin xx.xx.2019-cu il tarixindən verilməsinə baxmayaraq ona məzuniyyətdə olmağı xx.xx.2019-cu il tarixində bildirilmişdir. Yəni 3 gün məzuniyyətdə olduğu vaxt əslində işdə olmuşdur. Bu barədə iradını bildirdikdə rəhbərliklə aralarında narazılıq yaranmış və səhhətində problemlər yarandığından təcili yardıma müraciət etmişdir. İlkin yardımdan sonra 5 saylı xəstəxanaya yerləşdirilmişdir. Bu kimi hallarla bağlı aidiyyatı dövlət orqanlarına müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxslərinin hərəkətlərinə (hərəkətsizliyinə) hüquqi qiymət verilərək tədbir görülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Göstərilən hallarla bağlı hal-hazırda cavabdehə qarşı iddia ərizəsi üzrə məhkəmə mübahisəsi davam edir. İşəgötürənin işçilərin sayını ixtisar etmək hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İxtisarın aparılmasının zəruriliyi əsaslandırılmalıdır. Əgər ixtisar əsaslandırılmırsa, bu o deməkdir ki, işəgötürən ixtisar aparmaq hüququndan işçini işdən azad etmək üçün sui istifadə edir. İşçilərin ixtisarı barədə qərar qəbul edilməsi üçün fəaliyyətin analizi aparılır, müzakirə olunur və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilir, müzakirə olunur və qərar verilir. Lakin onun ixtisar olunma məsələsi üzrə cavabdeh qurumda, o cümlədən Həmkarlar təşkilatında hər hansı müzakirə yaxud araşdırmanın aparılması barədə ona məlumat verilməmişdir. xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğu üçün təqaüd yaşı çatmışdır. Buna baxmayaraq əmək fəaliyyətinin davamı üzrə işəgötürən cavabdeh təşkilatın əmri yaxud hansı bir digər rəsmi bir sənədi yoxdur. Eyni zamanda, cavabdehin qeyd olunan qeyri-qanuni hərəkətləri onun hüquqlarının mütəmadi qaydada pozulmasına və mənəvi zərərə məruz qalmağına gətirib çıxarmışdır. Belə ki, 42 il fasiləsiz mütəxəssis kimi fəaliyyət göstərdiyi, hörmət, nüfuz qazandığı qurumdan təqaüd yaşına çatdıqda sanki lazımsız adam kimi çıxarılmağı bir ailə başçısı kimi həyatına mənfi təsir göstərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etdi, habelə izahatında qeyd etdi ki, iddia ərizəsi işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlıdır. Onun cavabdeh idarədə 42 ildən artıq əmək stajı var. Cavabdeh tərəfindən Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin Q.Qarayev şöbəsi, Xəzər rayon şöbəsi, Suraxanı rayon şöbəsi, Sabunçu rayon şöbəsinin ləğv edilməsinə baxmayaraq heç kimin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməyib. Onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə cavabdeh tərəfindən ona qarşı edilmiş ayrı-seçkilik və bilərəkdən edilmiş qərəzli münasibətdən başqa bir şey deyil. Eyni zamanda bildirir ki, xx.xx.2021-ci ildə o müvəqqəti əmək qabiliyyətini itirmişdir. Əmək qabiliyyətini itirməyindən bir il sonra ona xəbərdarlıq məktubu gəlib ki, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq struktur dəyişikliyi ilə əlaqədar xitam veriləcəkdir. Bu xəbərdarlıq məktubunda və əmr verilən zaman həmkarlar təşkilatı ilə razılaşdırılıb-razılaşdırılmaması ilə bağlı ona hər hansı bir məlumat verilməyib. Həmkarlar təşkilatının razılığı olmadan, müvafiq qərar qəbul edilmədən struktur dəyişikliyi ilə əlaqədar olaraq hər hansı bir işçinin işdən çıxarılmasına yol verilmir. Həmkarlar ittifaqının razılığı olsa belə, onun məlumatı olmayıb, iclasda onun iştirakı təmin olunmayıb. Eyni zamanda struktur dəyişikliyi ilə əlaqədar olaraq fevral ayının 17-də 1 saylı Bakı Ərazi İdarəsi üzrə bütün əmək kollektivinin əmək müqaviləsinə xitam verilib, yeni əmək müqaviləsi bağlanılıb. Lakin həmin tarixdən onun əmək müqaviləsinə xitam verildiyi tarixədək onunla hər hansı bir yeni əmək müqaviləsi bağlanılmayıb. Həmçinin 2016-cı ilin yanvar ayının 29-da struktur dəyişikliyi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş onun baş ekspert vəzifəsində işləməyi ilə bağlı əmək müqaviləsində onun imzası yoxdur. Belə bir müqaviləyə imza atmamışdırsa, həmin müqavilədə hər hansısa bir dəyişikliyin hüquqi qüvvəsi yoxdur. 1 may 2020-ci il tarixli cavabdeh tərəfindən verilmiş cavab məktubundan görülür ki, ona qısaldılmış iş rejmi tətbiq olunur. 29 iyul 2021-ci il tarixdə ona cavab verilir ki, onun əmək müqaviləsində edilmiş dəyişikliyə imzalamaqla imtina etmişdir. Bu cavablar bir-birilərinin ziddinədir. Eyni zamanda 25 sentyabr 2020-ci ildə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona verilmiş cavab məktubunda göstərilir ki, o, qısaldılmış iş rejimindən istifadə etməmiş və 2017-ci ilin noyabr ayının 6-dan məktubun verildiyi tarixə qədər 313 gün əmək haqqı aldığı tabeldə ona 8 saat iş rejimi kimi yazılır. O, 1 saylı Bakı Ərazi İdarəsində 8 saat işədiyi halda cavabdeh necə deyə bilər ki, ona qısaldılmış iş rejimi tətbiq olunub. Əmək Məcəlləsinin 91-ci maddəsinin 2-ci hissəsinə əsasən o, ikinci qrup əlil olduğuna görə həftədə 36 saatdan artıq işləməməlidir. 36 saatdan artıq işlədiyinə görə həmin gündən bu günki günə qədər onun səhhətində problemlər yaranır. Eyni zamanda təqdim etdiyi əlavə sənədlərdə xx.xx.2021-ci ildə 2012-ci ildən qalmış əmək məzuniyyətinin verilməsi ilə bağlı ərizə yazmışdır. Həmin ərizəyə bu günə kimi cavab verilməyib. 01 noyabr 2021-ci ildə növbəti əmək məzuniyyətinə çıxmağı ilə bağlı ona icazə verilsin. Həmin ərizəsinin də 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına baxmayaraq cavabdeh qurum bu günə kimi ona cavab verməmişdir. 2016-cı ilin yanvar ayının 29-da verilmiş əmrə əsasən onun vəzifəsi hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert olub. Lakin həmin əmrə əsasən onunla əmək müqaviləsinin bağlanılıb-bağlanılmaması sual altındadır. Həmin tarixdən sonra işdən çıxdığı günə qədər əmək müqaviləsində hansı dəyişikliklər olubsa, onu təqdim etsinlər. 2022-ci ilin fevral ayının 17-də struktur dəyişikliyindən sonra iyul ayının 20-nə qədər o, hansı ixtisasda işləmişdirsə, hansı vəzifəni daşımışdırsa, bununla bağlı məlumat versinlər. Vəzifənin adı dəyişsə də, onun funksiyaları, fəaliyyəti yerində qalır. 2018-ci aprel ayının 2-də o, həmin sektorda faktiki olaraq işləməmişdir. Hüquqların dövlət qeydiyyatı şöbəsində baş ekspert vəzifəsində işləmişdir. Sənədlərdə rəsmi şəkildə isə onun vəzifəsi sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsidir. Müqavilənin əsli təqdim olunmalıdır. O, belə bir sənədə imza atmamışdır. Buradakı imza onun 2009-cu ildə imza atdığı sənədin səhifəsidir. Bu müqavilədə möhür də yoxdur. Yazı da köhnə müqavilədən qalıb. Tarix sonradan əlavə olunub. 2022-ci il tarixli əmək müqaviləsi bildirişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İşə başlama tarixi xx.xx.2013-cü il tarixi qeyd olunur. DOST mərkəzindən əldə etdiyi sənəddən görünür ki, onun 2016-cı ildə əmək müqaviləsi yoxdur. 1 mart 2013-cü il tarixində işə başlamağı ilə bağlı əmr əmək kitabçasında da var. Həmin vaxt şöbədə fəaliyyət göstərmiş, sonra sektora keçmişdir. Əmək kitabçasında da göstərilir ki, 01 mart 2013-cü ildə Bakı Şəhər Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin ilkin ekspertizası və qəbulu şöbəsinə hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsinə keçirilmişdir. 2016-cı ildə qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsinə keçirilmişdir. 2018-ci ildə isə sadəcə olaraq Bakı Şəhər Ərazi İdarəsi 1 saylı Bakı Şəhər Ərazi İdarəsi adlandırılıb. Onun hazırda mübahisələndirdiyi məsələ ixtisara düşməyi ilə bağlı məsələdir. Bakı şəhəri üzrə niyə məhz o, ixtisara düşmüşdür. 4 şöbə ləğv olunub. Həmin şöbələrdə minimum 35 işçi var. Həmin işçilərin hər biri hal-hazırda işləyir. İşçiləri aldadıb işdən çıxmaqla bağlı ərizə yazdırdılar. O, isə həmin ərizəni yazmamışdır. Ona görə də onu ixtisara salmışlar. Baş ekspert vəzifəsi ləğv olunub, baş mütəxəssis yaradılıb. Onların funksiyaları eynidir. Kərimov Ələsgər 13-cü dərəcə üzrə onunla bərabər ekspert idi. İndi baş mütəxəssis kimi fəaliyyət göstərir. O, bilir ki, idarə üzrə ekspert və baş ekspert var. Lakin onlardan heç biri, ümumiyyətlə Bakı şəhəri üzrə ondan başqa heç kəs ixtisara düşməyib. Dəyişiklik olduqdan sonra 13-cü dərəcə üzrə baş ekspertin adını dəyişib baş mütəxəssis etdilər. Eksperti dəyişərək mütəxəssis, baş eksperti isə baş mütəxəssis etdilər və onlar hər biri hazırda fəaliyyət göstərirlər, lakin o, ixtisara düşmüşdür. Eyni zamanda, 4 rayonda 4 şöbə var idi. Həmin şöbələrdə də heç kim ixtisara düşməyib. Şöbədə şöbə müdiri, müdir müavini var idi, şöbə ləğv olunsa da, onlara iş verildi. Lakin ona verilmədi. Çünki o, haqqını tələb edir. 13 ekspert və qeydiyyatçı hamısı 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarıdırlar. O, bilir ki, o qanunsuz olaraq çıxarılmışdır. Əgər sübut təqdim olunmursa, qarşı tərəf iddianı qəbul etsin. Cavabdeh tərəf sənədləri təqdim etməlidir, ya da iddianı qəbul etməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında qeyd etdi ki, iddianı qəbul etmirlər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiçının əmək müqaviləsinə xitam verilmişdir. İşçilərin sayı, ştat ixtisar olunanda onlarda struktur dəyişliyi baş verib. 2022-ci il fevralın 17-də struktur dəyişdi. Elə şöbələr oldu ki, işçilərin ixtisarı baş verdi, elə şöbələr oldu ki, adı dəyişdirildi və ya işçilərin sayı artırıldı. Bununla bağlı Əmək Məcəlləsinin 80-ci maddəsi var ki, əvvəlcədən işçiyə bununla bağlı xəbərdarlıq edilir. İddiaçı tərəf özü də bildirdi ki, bununla bağlı onlar ona xəbərdarlıq etmişlər. Rəhbərlik tərəfindən xəbərdarlıq olunub ki, ştatlar təxirə salınacaq, bununla bağlı imkan da yaradılır ki, həftənin bir günü işdən azad olunursunuz ki, əlavə iş axtarmaq imkanınız olsun. Bununla bağlı 28 dekabr 2021-ci ildə iddiaçıya məlumat verilib. Həmkarlar ittifaqının üzvü olduğu üçün həmkarlar ittifaqı yığıncaq keçirib, protokol da var. Struktur dəyişikliyi ilə əlaqədar işçilərdə ixtisar prosesi gedə bilər. Eyni zamanda xəstəliyi ilə əlaqədar uzunmüddətli bülletenlərə çıxır. Bu səbəbdən iddiaçının işində faktiki olaraq gecikmələr baş verir, işin keyfiyyətinə təsir edir. 2021-ci ildə iddiaçının işlədiyi baş ekspert vəzifəsi ilə birlikdə və 2022-ci ilin fevral ayının 17-dən sonra hazırlanan və təhvil olunan ştat cədvəlini də məhkəməyə təqdim edilib. Ştat cədvəlindən də görünür ki, iddiaçının işlədiyi ştat – baş ekspert üçün sadəcə bir işçi nəzərdə tutulub. Əmr 20 iyul 2022-ci il tarixində olub. 2022-ci ilə aid olan ştat cədvəli təsdiqlənəndən sonra iddiaçı həmin ştat cədvəli üzrə ixtisara düşüb. 2021-ci ilə aid olan ştat cədvəlində iddiaçının ixtisası sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert kimi müəyyən olunur. Həmin vəzifə üzrə sadəcə bir ştat vahidi var. 1386 manat onun vəzifə maaşıdır. Onların strukturda dərəcələr var. Həmin dərəcələr VTC üzrə dərəcələr kimi göstərilir. 2022-ci ilin ştat cəvdəlində sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsi nəzərdə tutulmur. Sənədlərin qəbulu sektoru dəyişdirilərək sənədlərin qəbulu və verilməsi sektoru adlanıb. Onların idarədə 2016-cı ilə qədər yalnız şöbə fəaliyyət göstərib. 2016-cı ildə isə artıq sektor struktur bölmələr yaradılmağa başlanılmışdır. İddiaçı 2016-cı ilə qədər sırf şöbədə fəaliyyət göstərmişdir. 2016-cı ildə sektorlar yaradılmış, işlər bölüşdürülmüşdür. 2016-cı ildə iddiaçının da əmək müqaviləsinə dəyişiklik olmuş və o artıq şöbənin daxilində sektorda fəaliyyət göstərməyə başlamışdır. 2022-ci ildə dəyişiklik oldu və şöbələrdə dəyişiklik olub, qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin nəzdində sənədlərin qəbulu və verilməsi sektoru fəaliyyət göstərib. 2022-ci ildə sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi var. Lakin iddiaçının vəzifəsi baş ekspert olub. Həmin vəzifələr fərqlidir. Vətəndaşlar tərəfindən təqdim olunan sənədlərin qeydiyyatının aparılması başqa bir prosedurdur, daha sonra həmin sənədlərin ekspertizadan keçməsi başqa prosedurdur. İddiaçı da baş ekspert kimi ekspertizada fəaliyyət göstərmişdir. İddiaçının vəzifəsi 2022-ci ildə artıq ixtisara düşüb. Hal-hazırda həmin vəzifə yoxdur. İxtisara düşüb. Baş ekspert vəzifəsi üzrə sadəcə iddiaçı fəaliyyət göstərib. Həmin vəzifə də 2022-ci ildə struktur dəyişikliyi olan zaman ixtisara düşüb. Digər ekspertlərlə bağlı məlumatı yoxdur. İşdən çıxanlar arasında ərizə yazanlar da, ixtisara düşənlər də var idi. Dəqiq say ilə bağlı məlumatı yoxdur. 2021-ci ildə ümumi ştat sayı 317-dir. Hazır da isə ümumi ştat sayı 458-dir. Digər şöbələrdə yeni sektorlar yaradıldığı üçün ştatın sayı artıb. Sırf iddiaçının fəaliyyət göstərdiyi ixtisasa münasibətdə həmin vəzifə ixtisara düşüb. İddiaçıya başqa bir vəzifənin təklif olunub-olunmaması ilə bağlı məlumatı yoxdur. İddiaçıdan başqa kimin ixtisara salınması ilə bağlı o, məlumat əldə etmişdir. Strukturun təsdiqindən sonra yalnız İddiaçı ixtisar olunaraq işdən çıxarılıb. Digər işdən çıxma halları olub, lakin onlar öz ərizələri ilə və digər bəndlərlə işdən çıxıblar. İxtisarla işdən çıxarılma isə baş ekspert olduğu üçün sadəcə iddiaçıya münasibətdə tətbiq olunub. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ünvanladığı 28 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni strukturu təsdiq edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin yeni strukturunun təsdiq edilməsi nəzərdə tutulur. Yeni strukturda onun tutduğu vəzifə üzrə ştat ixtisar olunur və bu səbəbdən onunla bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, K-362 №-li əmrinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 iyul 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə ləğv edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X18 Təşkilatının sədri X9 ünvanladığı xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə münasibətin bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X18 Təşkilatının 11 iyul 2022-ci il tarixli 9 nömrəli Çıxarışına əsasən 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsinə etiraz edilməməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31/K saylı, 29 yanvar 2016-cı il tarixli Əmrinə əsasən İddiaçı Bakı Şəhər Ərazi İdarəsinin Qeydiyyat Sənədlərinin ilkin ekspertizası və qəbulu şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti 30 yanvar 2016-cı il tarixdən 13-cü dərəcə vəzifə maaşı ilə Bakı şəhər Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 162 nömrəli, 30 yanvar 2016-cı il tarixli Əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli Ştat Cədvəlindən görünür ki, Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsi üzrə 1, hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi mövcuddur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli Ştat Cədvəlindən görünür ki, Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 33 ştat vahidi mövcuddur. Bundan əlavə sektorun nəzdində 3 ştat üzrə baş mütəxəssis, 2 ştat üzrə mütəxəssis və 15 ştat üzrə mütəxəssis vəzifəsi mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 27 dekabr 2022-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci il tarixlu ştat cədvəlinə əsasən Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsində Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən 5 nəfər əməkdaşın kimlər olması, hazırda hansı şöbədə işləməsi və 202-ci ilin ştat cədvəlinə əsasən Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı və mütəxəssis vəzifələrində işləyən əməkdaşlar barədə məlumatlar təqdim olunur. Eyni zamanda bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə təlimatları hazırlanma mərhələsində olduğundan vəzifə təlimatlarının təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4310/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-ə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-895/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci ilin 01 mart tarixindən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsi Sənədlərin qəbulu sektorunda Hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi üzrə işçilər vardır. Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsi Sənədlərin qəbulu sektorunda Hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən şəxslər X13, X5, X8, X11, X4r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2022-ci ilin 10 fevral tarixindən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin şöbəsi Sənədlərin qəbulu və verilməsi sektorunda Hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, Hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 32 ştat vahidi üzrə işçilər vardır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2021-ci ilin 01 mart tarixindən qüvvədə olan Ştat cədvəli üzrə ekspertlər hazırki ştat cədvəli üzrə: X13 - Daşınmaz əmlakın dövlət reyestrinin aparılması şöbəsi Sənədlərin ekspertizası sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı; X5 - Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsi Vətəndaş müraciətləri ilə iş sektorunda baş mütəxəssis; X8 – Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsi Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı; X11 – Daşınmaz əmlakın dövlət reyestrinin aparılması şöbəsi Sənədlərin ekspertizası sektorunda hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı; X1 qəbulu və vətəndaşlara xidmət şöbəsi Xidmətlərin təşkilinə nəzarət sektorunda mütəxəssis vəzifəsinə keçirilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli çıxarış vərəqəsindən görünür ki, İddiaçı ikinci dərəcə əlildir. Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Göründüyü kimi, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Həmin Məcəllənin 80.1 və 80.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarına əlavə olunmuş sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 31/K saylı, 29 yanvar 2016-cı il tarixli Əmrinə əsasən İddiaçı Bakı Şəhər Ərazi İdarəsinin Qeydiyyat Sənədlərinin ilkin ekspertizası və qəbulu şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti 30 yanvar 2016-cı il tarixdən 13-cü dərəcə vəzifə maaşı ilə Bakı şəhər Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti vəzifəsinə keçirilmişdir. Daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, K-362 №-li əmrinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş eksperti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 iyul 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə ləğv edilmişdir. Hazırda İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, K-362 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarına əlavə edilmiş işçi İddiaçı işdən azad olunmazdan əvvəl və sonrakı ştat cədvəllərinin müqayisəli təhlilindən görünür ki, işçinin işdən azad olunmasına səbəb kimi göstərilən “işçilərin sayı və ya ştatların ixtisar edilməsi” əsas olmamışdır. Belə ki, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və iş materiallarından da görünür ki, əksinə ştat vahidlərinin sayında artım müşahidə edilmiş, işçi İddiaçı ilə eyni vəzifədə çalışan digər işçilər başqa vəzifəyə keçirilərək işlə təmin olunmuşlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07 may 2021-ci il tarixli Ştat Cədvəlindən görünür ki, Sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsi üzrə 1, hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsi üzrə 5 ştat vahidi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 fevral 2022-ci il tarixli Ştat Cədvəlindən isə görünür ki, Sənədlərin qəbulu və verilməsi sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi üzrə 3, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsi üzrə 33 ştat vahidi mövcuddur. Bundan əlavə sektorun nəzdində 3 ştat üzrə baş mütəxəssis, 2 ştat üzrə mütəxəssis və 15 ştat üzrə mütəxəssis vəzifəsi mövcuddur. Həmçinin təqdim olunan sənədlərdən müəyyən olunur ki, əvvəlki ştat vahidi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin Sənədlərin qəbulu sektorunda ixtisar prosesindən əvvəl hüquqların dövlət qeydiyyatı üzrə ekspert vəzifəsində işləyən əməkdaşlar (X13, X5, X8, X11, X6) hal hazırda da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müxtəlif şöbələrində və sektorlarında qeydiyyatçı və mütəxəssis vəzifəsində çalışırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatları ixtisar edildikə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Belə ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunqanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir; -ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; -işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; -ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; - xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr. Məhkəmə qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Belə ki, ştatları ixtisar etmək işəgötürənin hüququ olmaqla bu hüquq Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndində nəzərdə tutulmuşdur. Lakin bu hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bxx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən zəif tərəfdir. İşçinin əmək haqqı onun və ailə üzvlərinin əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Habelə Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verməsi və onunla eyni vəzifədə olan digər ekspertlərin başqa vəzifəyə keçirilib, yalnız onunla əmək müqaviləsinə xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrıseçkiliyin əsası kimi hesab olunmalıdır. Ona görə də məhkəmə belə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, K-362 №-li əmri qanunsuzdur və həmin əmr ləğv edilməli, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tutmuş olduğu vəzifənin ixtisara salınmış olması müvafiq nəticəyə gəlinməsinə maneə törədən hal kimi qiymətləndirilə bilməz; belə ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və, məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edilən əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmçinin məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də əsaslı olduğundan, təmin olunmalı və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı İddiaçı cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022ci il tarixli, K-362 №-li əmri ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində əvvəlki vəzifəsinə bərpa olunsun, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı İddiaçı cavabdeh tərəfindən ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar