Məhkəmə qərarları › İş №2(004)-2015/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2015/2021

05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2015/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış sahəsindən istifadə və sahiblik hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı 23 aprel 2011-ci il tarixli yaşayış sahəsi haqqında müqaviləyə əsasən tam dəyərini təşkil edən 66800 manat ödədiyi və tikilərək təhvil verilməli olan Yasamal rayonu, Xiyabani küçəsi ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınması, eyni zamanda həmin mənzilin sahibliyinə və istifadəsinə verilməsi Cavabdeh MTK-ya həvalə edilməsi və mübahisəli yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh MTK ilə 23 aprel 2011-ci il tarixdə yaşayış sahəsi haqqında müqavilə bağlayaraq ünvan 1ndə tikilməkdə olan yaşayış binasına dair pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. Göstərilən kooperativ binasının 2-ci mərtəbəsində, binanın 2 saylı girişi, 4 otaqdan ibarət 122 nömrəli 167 kv.m yaşayış sahəsinin tikintisi haqqında müqavilənin şərtlərini tam icra edərək almışdır. 23 aprel 2011-ci il tarixdə Cavabdeh MTK tərəfindən verilmiş “Maliyyə arayışı”-na əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2 girişi, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 167 kv.m olan yaşayış sahəsindən ibarətdir. Eyni zamanda yaşayış sahənin ümumi dəyəri 66800 manat göstərilir. Əlavə edilən sənədlərdən də göründüyü kimi Cavabdeh MTK-nın 23 aprel 2011-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunur ki, müqaviləyə əsasən 66800 manat onun tərəfindən ödənilmişdir. Yəni aralarında bağlanmış müqavilə şərtləri onun tərəfindən yerinə yetirilmiş, ödəniş tam şəkildə aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, faktiki olaraq ona məxsus olan yaşayış sahəsindən istifadə edə bilmir. Belə ki, mübahisəli yaşayış sahəsinin istifadəsinə maneçilik yaradılaraq, ora daxil ola bilmir. Bu səbəbdən də onun mülkiyyət hüquqları kobud şəkildə pozulur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən mənzil iddiaçı tərəfindən satın alınıb və pulu da tam şəkildə cavabdehə ödənilib, bununla bağlı cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı da təqdim edilib. Lakin cavabdeh tərəfindən yaradılan süni maneələr səbəbindən iddiaçı mənzilə daxil ola bilmir. Süni maneələr ondan ibarətdir ki, həmin MTK-da mənzillər bir neçə adama satılır və həmin adamlardan kim öz hüquqlarını tələb edə bilirsə, həmin adamlar mənzilə buraxılır, digərlərini isə öz mənzilinə buraxmırlar. O, bu MTK ilə bağlı bir neçə cinayət işlərində də nümayəndə qismində iştirak edib. Hal-hazırda MTK-nın rəhbəri həbsdədir. MTK-nın hal-hazırda iddiaçını mənzilə buraxmaması ilə bağlı tutarlı bir arqumenti belə yoxdur. Komendant iddiaçının mənzilə buraxılmağı üçün məhkəmə sənədi təqdim etməyini tələb edir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X5 ifadəsində bildirmişdir ki, o, Cavabdeh MTKda təchizat işləri üzrə icraçı direktor işləyirdi. Bir müddət tikinti işlərində durğunluq dövrü oldu. Tikinti materialları alınması üçün nağd pul lazım idi və bu işlərə birbaşa o cavabdeh idi. Həmin vaxtı o, dostu Mərdana müraciət etmişdir. Mərdan qohumu ilə gəlib 167 kv metr sahəsi olan 122 saylı mənzili bəyənmiş, MTK-nın sədri Cahangir Alışovla mənzilin qiymətini 68 min manata razılaşdılar. Onun, Mərdanın və Vəfadarın iştirakı ilə pul sayılıb MTK-ya verildi, müqavilələr bağlanıldı və maliyyə arayışı verildi. Kassada pul Samir Baxşəliyev adlı şəxsə verilmişdir. İddiaçı qabaq o ev heç kimə satılmayıb və ev birbaşa iddiaçıya aiddir. Bu evlə bağlı nə Ağır Cinayətlər Məhkəməsində, nə də Korrupsiya İdarəsində zərərçəkmiş kimi heç kimin ərizəsi yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 23 aprel 2011-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqının vaxtında cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən müqavilənin ümumi məbləği 66800 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK-nin sədri C.H.Alışov tərəfindən verilmiş 23 aprel 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan mənzili üçün İddiaçı şirkətə 66800 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan X6 tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 23 aprel 2011-ci il tarixli müqavilə və maliyyə arayışına əsasən, Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsində hündürmərtəbəli yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində yerləşən 122 №li, 167 kv/m sahəsi olan mənzilin pulu (X2 iştirakı ilə) alıcı tərəfindən tam ödənilmişdir. Həmin vaxt sözü gedən MTK-da o, təchizat üzrə icraçı direktor vəzifəsində işləyirmiş. Müəssisənin rəhbərliyi, o, alıcı İddiaçı və X4 ilə birlikdə baxış keçirmişlər. Mənzil alıcı tərəfindən bəyənildiyinə görə 66800 manat ödəyərək müqavilə əsasında almışdır. İş materiallarında olan Ağır Cinayətlər Məhkəməsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 26 fevral 2021-ci il tarixli, 2(004)-2015/2021 nömrəli sorğuya verilmiş cavabdan görünür ki, sorğuda qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1 -ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-61/2021 nömrəli cinayət işi üzrə ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 167 m2 olan, 122 saylı mənzil üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən hər hansı şəxsə qarşı cinayət törədilməsinə dair ittiham elan edilməmiş, sorğuda qeyd olunan İddiaçı məhkəmənin icraatında olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamış, eləcə də məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısına şahid olaraq da əlavə edilməmişdir. ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış binasının 2-ci giriş, 2-ci mərtəbəsində, ümumi sahəsi 167 m2 olan, 122 №-li mənzilə dair vətəndaş İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış hər hansı müqaviləyə, eləcə də həmin mənzilə dair maliyyə arayışı və ya ödəniş qəbzlərinə cinayət işinin materiallarında rast gəlinməmişdir. Eyni zamanda bildirilmişdir ki, X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2. 29,178.3.2, 308.2, 313 və 320.1 -ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-61 /2021 nömrəli cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir və yekun məhkəmə aktı qəbul edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında ünvan 1 ünvanında yerləşən çoxmənzili yaşayış binasının 2 girişinin 2-ci mərtəbəsində, 4 otaqdan ibarət 122 saylı, ümumi sahəsi 167 kv.m olan mənzil tikintisi ilə bağlı 23 aprel 2011-ci il tarixdə müqavilə imzalanmış, müqaviləyə əsasən mənzilin ümumi dəyəri 66800 manat məbləğində dəyərləndirilmişdir. İddiaçı, payçı tərəfindən MTK-ya mənzilin dəyəri 66800 manat məbləğində pul tam ödənilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında mənzil tikintisi haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qanunvericiliyin mənasına görə icra müddəti təyin edilməmiş, habelə bu müddəti təyin etmək mümkün olmayan öhdəliyi borclu ağlabatan müddətdə icra etməlidir. Burada ağlabatan müddət öhdəliyin mahiyyətindən, həcmindən, mürəkkəbliyindən asılı olaraq müəyyən edilir. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, 23.04.2011-ci il tarixli müqavillənin bağlandığı andan cavabdeh üzərinə düşən öhdəliyi 10 ildən artıq müddət ərzində icra etməməsi müqavilənin ağlabatan müddətdə icra edilməməsi kimi hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının pay haqqını tam verdiyi mənzilə sahiblik və istifadə etmək hüququ yarandığından, cavabdehin mənzili iddiaçıya təhvil verməkdən yayınması qanusuz olmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, ünvan 1ndə yerləşən çoxmənzilli yaşayış binasının 2-ci girişinin 2-ci mərtəbəsində olan 4 otaqdan ibarət ümumi sahəsi 167 kv.m olan 122 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınmalı, Cavabdeh MTK tərəfindən ünvan 1ndə yerləşən çoxmənzilli yaşayış binasının 2-ci girişinin 2-ci mərtəbəsində olan 4 otaqdan ibarət ümumi sahəsi 167 kv.m olan 122 saylı mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilməli və iddiaçı həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 1ndə yerləşən çoxmənzilli yaşayış binasının 2-ci girişinin 2-ci mərtəbəsində olan 4 otaqdan ibarət ümumi sahəsi 167 kv.m olan 122 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Cavabdeh MTK tərəfindən ünvan 1ndə yerləşən çoxmənzilli yaşayış binasının 2-ci girişinin 2-ci mərtəbəsində olan 4 otaqdan ibarət ümumi sahəsi 167 kv.m olan 122 saylı mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilsin və iddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar