Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2026/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə müraciət edərək üzrlü əsaslar olduğundan buraxılmış iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş, yazılı etiraz təqdim edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 358ü nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi 4 saylı regional meşə təsərrüfatı mərkəzinin Dənizkənarı meşəbəyliyinin meşəbəyisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrə əsasən ağacların qanunsuz kəsilməsinə görə meşə fonduna vurulmuş zərərin həcmi 42297,47 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli 358ü nömrəli əmrin surəti İddiaçı məktubla göndərilmişdir. İş materiallarında olan Meşələrin İnkişafı Xidmətinin Həmkarlar ittifaqı komitəsinin rəyinə əsasən müəyyən edilir ki, 4 saylı regional meşə təsərrüfatı mərkəzinin Dənizkənarı meşəbəyliyinin meşəbəyisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İş materiallarına Meşələrin İnkişafı Xidmətinin Həmkarlar ittifaqı komitəsinin iclasının protokolu və fotoşəkillər əlavə edilmişdir. İş materiallarına tərtib edilmiş aktlar, kəsilmiş ağacların siyahısı, fotoşəkilləri, həcmqiymət cədvəli əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə, müəyyən edilir ki, işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli 358ü nömrəli əmrinə əsasən işçi 4 saylı regional meşə təsərrüfatı mərkəzinin Dənizkənarı meşəbəyliyinin meşəbəyisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə işçi İddiaçı onun əmək müqaviləsinə xitam verilməsi məlum olmuşdur (məhkəmə iclasındakı izahatına əsasən). 128 ədəd ağacın qanunsuz kəsilməsinə görə meşə fonduna vurulmuş zərərin həcmi 42297,47 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixli 358ü nömrəli əmrin surəti İddiaçı məktubla göndərilmişdir. Meşələrin İnkişafı Xidmətinin Həmkarlar ittifaqı komitəsinin rəyinə əsasən 4 saylı regional meşə təsərrüfatı mərkəzinin Dənizkənarı meşəbəyliyinin meşəbəyisi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. 128 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində 42297,47 manat zərər vurulması faktı ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən vurulmuş zərər əsasında cinayət faktı ilə bağlı prokurorluq orqanlarına müraciət edilmişdir. İddiaçının deməsinə görə, 2024-cü ilin iyul ayında qəbul edilmiş müvafiq qərara əsasən vurulmuş zərər tam ödənilmiş və cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2025-ci il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən müəyyən edilir ki, İddiaçı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti arasındakı mediasiya prosedurası xx.xx.2024cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilməklə başlamış və proses xx.xx.2025-ci il tarixdə bitmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı olması vaxtından sonra 1 aylıq iddia müddətini 1 il 5 aydan artıq ötürülməklə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia müddətinin ötürülməsini üzrlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etsə də, müddətin ötürülməsinin qanunla müəyyən edilmiş üzrlü əsasları müəyyən edilmir. Məhkəmənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, prokurorluq orqanların aparılan araşdırmanın nəticəsində onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Lakin, iddiaçı məhz müddətin buraxılmasının üzrlü əsasları barədə əsaslı arqument, fikir bildirməmişdir. İddiaçının özünün izahatına əsasən onun barədə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının 2024-cü ilin iyul ayında qəbul edilməsi və bunun həmin vaxt iddiaçıya məlum olması xüsusatı diqqətə alınmaqla, həmin vaxtdan hesablandıqda belə iddia müddəti xeyli vaxt ötürülmüşdür. İddia müddətinin ötürülməsinin üzrlü səbəb(lər)i müəyyən edilməmişdir. Məhkəmə iddiaçı vətəndaş İddiaçı qanunu bilməməsi ehtimalını nəzərə alır. Lakin, məhkəmə iddiaçı vətəndaşa izah edir ki, məhkəmənin özü də qanundan asılıdır və imperativ (məcburi) hüquq normasını tətbiq etməkdən başqa hüquqi imkanı mövcud deyildir. Törədilmiş intizam xətasının halları nəzərə alınır. Odur ki, pozuntu üzrə hakimiyyət orqanı olaraq işəgötürən ictimai və dövlət maraqlarını qorumaq üçün müvafiq tədbirlər görməkdə mükəlləfdir. Müəyyən edilir ki, işçi barədə intizam tənbehinin tətbiq edilməsinin hüquqi və faktiki əsasları mövcud olmuşdur. Bu səbəbdən, işəgötürənin mübahisə predmeti olan əmri qanuni və əsaslıdır. Məsuliyyətin növləri kimi konstitusion, cinayət, inzibati, mülki və intizam məsuliyyətləri mövcuddur. Bu məsuliyyət növləri biri digərindən asılı deyildir. Sözügedən məsuliyyət əsasları eyni fakt üzrə birlikdə və ya ayrı-ayrılıqda mövcud ola bilər. Odur ki, şəxs barədə cinayət işinin başlanılmasının rədd edilməsi onun işəgötürən qarşısında intizam məsuliyyəti daşımasının istisna edilməsinə əsas deyildir. Yəni, fakt üzrə cinayət tərkibinin olmaması digər məsuliyyət növlərinin aradan qalxmasına səbəb olmur. Çünki, müvafiq məsuliyyət növlərinin yaranmasının dispozitiv şərtləri fərqlidir. Bundan əlavə, 128 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində işəgötürənə 42297,47 manat zərər vurulması mülki işin mübahisəsiz halı olduğundan iddiaçının meşəbəyi kimi vəzifə səlahiyyətlərini layiqincə icra etməməsi müəyyən edilir. Yəni, iddiaçı işçi kimi işəgötürən qarşısında vəzifə öhdəliklərini layiqincə icra etməmiş (ƏM 72-ci maddə “e” bəndi), nəticədə işəgötürənə maddi zərər vurulmuşdur. Odur ki, mübahisə predmeti olan əmr qanuni və əsaslıdır. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2026/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2026/2025
03.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver