Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2040/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə nəzərdə tutulmuş mənzillərin təhvil verilməsi" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə nəzərdə tutulmuş mənzillərin təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçılar arasında "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi, və yeni mənzilələ təmin edilməsi haqqında" Müqavilə bağlanmışdır. Lakin, iddiaçılarla cavabdeh arasında indiyə qədər razılaşma əldə edilməmiş və nəticədə iddiaçılar mənzillə təmin edilməmişlər. Belə ki, müvafiq ərazidə cavabdeh tərəfindən 2 bina inşa edilmişdir. İddiaçıların tələbi dəniz mənzərəli mənzillə təmin edilməkdir. Lakin, cavabdeh tərəfindən tələb təmin edilməmişdir. Cavabdeh tərəfindən təklif edilən mənzillərin mənzərəsi, mərtəbəsi və digər şərtləri nəzərə alınmaqla iddiaçılar müvafiq şərtlərə cavab verən mənzillərlə təmin edilmələrini xahiş edirlər. Qeyd olunanlar nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.S.Əliyev iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə izahat verərək iddiaçıların mənzillə təmin olunmasına razı olduqlarını, lakin, iddiaçıların konkret tələbi üzrə müvafiq binada mənzillərlə təmin edilmək tələbinin təmin edilməsinin mümkün olmadığını bildirmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı1 ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi, və yeni mənzilələ təmin edilməsi haqqında" Müqavilə bağlanmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı3 ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi, və yeni mənzilələ təmin edilməsi haqqında" Müqavilə bağlanmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı2 ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi, və yeni mənzilələ təmin edilməsi haqqında" Müqavilə bağlanmışdır. "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi, və yeni mənzillə təmin edilməsi haqqında" Müqavilələrə əsasən müəyyən edilir ki, İddiaçı1 cavabdeh "xxxx" MMC tərəfindən həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20 faizə qədər əlavə sahəsi təmirli olmaq şərtilə İddiaçı1 təhvil verməlidir (xx.xx.2017-ci il tarixli müqavilənin 1-ci bəndi). Sözügedən müqavilənin 4.1.1-ci maddəsinə əsasən mənzilin ümumi sahəsi təhvil götürülən mənzilin sahəsindən az olmamalıdır. Digər iddiaçılar İddiaçı2 və İddiaçı2 Cabbar qızı ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin şərtləri İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin şərtləri ilə eynilik təşkil edir (müvafiq olaraq müqavilələrin 1-ci və 4.1.1-ci bəndlər). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılarla cavabdeh MMC arasında müqavilələr bağlanmamışdan əvvəl sözügedən əraziyə yaxın yerdə (təxminən 150 metr aralıda) inşa edilmiş B bloklu bina mövcud olmuşdur. Hazırda cavabdeh MMC tərəfindən iddiaçılara sözügedən B bloklu binadan mənzillər təklif edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılarla cavabdeh MMC arasında müqavilələr bağlandıqdan sonra isə sözügedən ərazidə, məhz müqavilə predmeti olan iddiaçılara məxsus olmuş və sökülmüş evlərin yerində A bloklu bina inşa edilmişdir. Nəticə etibarilə, iddiaçılarla cavabdeh arasında "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi, və yeni mənzillə təmin edilməsi haqqında" Müqavilələr bağlanmamışdan əvvəl B bloku bina artıq hazır bina olmuşdur və inşası tam yekunlaşmışdır. Lakin, müqavilənin şərti olan “.....həmin mənzilin əvəzində inşa ediləcək binada mənzillə təmin edilmə” bəndinin tətbiq ediləcəyi A bloklu bina məhz müqavilədə nəzərdə tutulmuş bina olaraq sonradan inşa edilmişdir. Hazırki iş üzrə isə cavabdeh MMC iddiaçılara B bloku binadan mənzillər təklif edir. Bunun səbəbi, A bloklu binada olan mənzillərin qiymətinin B binasında olan mənzillərin qiymətinə nisbətən daha dəyərli (bahalı) olmasıdır. Yuxarıda göstərilən xüsusatlar mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tərəflər arasında yaranmış mübahisənin hüquqi əsası qismində müvafiq "Mənzilə dair hüquqların ötürülməsi, istifadəçinin köçürülməsi, və yeni mənzillə təmin edilməsi haqqında" Müqavilələr çıxış edir və müqavilələr üzrə tərəflər iradələrini ifadə etməklə hüquq və öhdəliklər barədə razılaşmışlar. Müqavilələrin predmeti inşa edilmiş sözügedən ərazidə inşa edilmiş A bloku binasında müqavilə şərtlərinə uyğun olaraq mənzillərlə təmin edilmədir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, A bloku binada təmir-tikinti işləri yekunlaşmaq üzrədir və təminən 3 ay ərzində bina tam təhvil veriləcəkdir. Lakin, təqdim ediləcək mənzillərin digər fərdi xüsusiyyətləri (mərtəbə, mənzərə və s.) bağlanmış müqavilələr üzrə müəyyən edilmədiyindən təmin edilməli olan mənzillərin mərtəbəsi, mənzərəsi (panarama) ağlabatanlıq prinsipləri nəzərə alınmaqla iddiaçılar və cavabdehin maraq və mənafeləri rəhbər götürülməklə qarşılıqlı razılıq əsasında müəyyən edilməlidir. Lakin, tərəflərə münasibətdə hüquqdan sui-istifadə istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi təmin edilməli, sökülmüş ümumi sahəsi 111.3 kv.m. olan 4 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə İddiaçı1 həmin yerdə inşa edilmiş A bloku binasından təmirli mənzilin verilməsi, sökülmüş ümumi sahəsi 106.7 kv.m. olan 3 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə İddiaçı2 həmin yerdə inşa edilmiş A bloku binasından təmirli mənzilin verilməsi və sökülmüş ümumi sahəsi 117.4. kv.m. olan 4 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin yerdə inşa edilmiş A bloku binasından təmirli mənzilin İddiaçı3 mənzilin verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə nəzərdə tutulmuş mənzillərin təhvil verilməsi" tələbinə dair iddiası təmin edilsin. Sökülmüş ümumi sahəsi 111.3 kv.m. olan 4 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə İddiaçı1 həmin yerdə inşa edilmiş A bloku binasından təmirli mənzilin verilməsi, sökülmüş ümumi sahəsi 106.7 kv.m. olan 3 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə İddiaçı2 həmin yerdə inşa edilmiş A bloku binasından təmirli mənzilin verilməsi və sökülmüş ümumi sahəsi 117.4. kv.m. olan 4 otaqlı mənzilin sahəsinə 20 faiz əlavə edilməklə həmin yerdə inşa edilmiş A bloku binasından təmirli mənzilin İddiaçı3 mənzilin verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2040/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2040/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver