Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2054/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh imzaladığı və möhür vurduğu saxta müqavilənin yeni etbarlı müqavilə ilə əvəz edilməsi və əks halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491-492 maddələrinə əsasən beh müqaviləsinin şərtlərinin onun tərəfindən kobudcasına pozulmasını nəzərə alaraq, ondan aldığı müqavilədə göstərildiyi kimi 10000 manat pulun iki mislini, yəni 20000 manatını ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə İnşaat konstruktor şirkətinin Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən ofisinə gələrək şirkətin inşa etdiyi tikintisi başa çatmamış yaşayış binasında 2 otaqlı mənzilin alınması üçün 10000 manat pul ödəmiş və beh nıüqaviləsi bağlamışdır. Beh müqaviləsi şirkətin möhürü və cavabdehin imzasdı ilə təsdiqlənmişdir. Lakin həmin məbləğ şirkətin hesabına köçürülmədiyinə görə ona qəbz verilməmişdir. Sonradan məlum olmuşdur ki, qeyd olunan ünvanda heç bir hündür mərtəbəli yaşayış binası tikilmir və həmin ərazidə tikinti təşkilatına aidiyyəti olmayan ikimərtəbəli ticarət obyekti fəaliyyət göstərir. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.2020-ci il tarixli beh müqaviləsinin tarixinin saxlanılması şərtiylə ona verilməli olan iki otaqlı mənzilin yerləşdiyi 16 mərtəbəli yaşayış binasının ünvanının düzgün yazılaraq Cavabdeh mənzilin satışından qalan 43000 manat pulun ondan alınaraq, mənzilin ona təhvil verilməsi, əks halda xx.xx.2020-ci il tarixli beh müqaviləsinin icraçısı olan Cavabdeh həmin müqaviləni bütövlükdə pozduğuna görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491-492 maddələrinə əsasən beh şəklində ondan aldığı 10000 manat pulun iki mislini, yəni 20000 manatının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin onun vəkili və nümayəndəsinə məhkəmə elektron sistemi vasitəsilə SMS bildirişi) göndərilmiş, eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, bildiriş cavabdehə çatdırılmışdır.Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: xx.xx.2020-ci il tarixli beh müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixə kimi, Yasamal rayonu Şərifzadə küçəsi, 33 ünvanında yerləşən yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində, 218 saylı mənzilə dair 53000 manat məbləğə alqısatqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşlər. Beh verən gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi beh alana 10000 manat beh vermişdir. Xəzər RPİ-nin təhqiqatçısı, polis baş leytenantı Z.Babayevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı hazırki iddia ərizəsində göstərilən məsələ ilə bağlı Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət edərək Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, aparılmış araşdırma zamanı hər hansı bir cinayət tərkibi aşkar edilmədiyindən və iddiaçının iddia ərizəsi üzrə işə Yasamal rayon məhkəməsi tərəfindən baxıldığı nəzərə alınaraq, cinayət işinin başlanması rədd edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərin birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışında araşdırılmış sübutlarla İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixli beh müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə kimi, Yasamal rayonu Şərifzadə küçəsi, 33 ünvanında yerləşən yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində, 218 saylı mənzilə dair 53000 manat məbləğə alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmələri, iddiaçı tərəfindən cavabdehə 10000 manat beh verilməsi, lakin cavabdeh tərəfindən müqavilə şərtləri pozulması təsdiq olunduğundan iddia tələbi beh məbləğinin iki mislinin qaytarılması hissəsində təmin edilməli, 10000 manat behin iki misli, yəni 20000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.2020-ci il tarixli beh müqaviləsinə əsasən ona veriləcək 2 otaqlı mənzilin yerləşdiyi 16 mərtəbəli yaşayış binasının ünvanının düzgün yazılması, tərəfindən 43000 manat ödənilmək şərti ilə mənzilin ona təhvil verilməsi” hissəsində təmin olunmamalıdır. Belə ki, ümumiyyətlə, cavabdehin və ya əməkdaşı olduğu şirkətin yaşayış binalarının tikintisi üzrə fəaliyyətlə məşğul olması məhkəmə baxışında müəyyən olunmamış, həmin tələbi təsdiq edən mötəbər sübutları iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli beh müqaviləsinə əsasən beh kimi verilmiş 10000 (on min) manat məbləğində pulun iki misli, yəni 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməllidir. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2054/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2054/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver