Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2063/2021 31.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2020-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2201 nömrə ilə qeydə alınmış nikahlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə ad günündə tanış olmuşdur. Sonradan evlənmək məqsədi ilə bir-birilərini tanımaq qərarına gəlmişlər. Sonradan valideynlərin təkidi və məcburiyyəti ilə könülsüz və razılıqsız şəkildə “Asan Xidmət” mərkəzinə gedərək nikah bağlamışlar. Bunun təbii nəticəsi olaraq münasibətlər uyğun gəlməmiş və sadəcə rəsmiyyət kəsb edən nikah qeydinin ləğv edilməsi barədə razılığa gəliblər. Aralarında ailə münasibəti heç vaxt olmadığından iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz etməyərək, onlar arasında olan nikahın formal xarakter daşıdığını, toy mərasimlərinin olmamasını və onun qəlin köçməməsini təsdiqləyərək, onlar arasında olan nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa – nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər nikahlarını rəsmiləşdirilmələrinə baxmayaraq, onlar arasında olan nikah bağlanıldığı andan formal xarakter daşımışdır. Məhkəmə sübutlara hüquqi qiymət verərək, eyni zamanda tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək tərəflər arasında bağlanılmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 25 oktyabr 2020-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2201 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2063/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2063/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver