Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2077/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdeh Zaferoğlu Elektrik MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Zaferoğlu Elektrik MMC -yə qarşı qərarın ləğv edilməsi, işə bərpa, əmək haqqı və pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zaferoğlu Elektrik MMC-yə qarşı qərarın ləğv edilməsi, işə bərpa, əmək haqqı və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təsisçisi X1 onun Cavabdeh direktoru vəzifəsindən azad edilməsi barədə 22.12.2021-ci il tarixli, 02 saylı qərarınin ləğv edilməsi; onun əvvəlki Cavabdeh direktoru vəzifəsinə bərpa edilməsi; ona ödənilməmiş 11130,79 manat məbləğin Cavabdeh tərəfindən ödənilməsi; ona 22.12.2021-ci ildən başlayaraq öz işinə (Cavabdeh MMC-nin direktoru vəzifəsinə) bərpa olunanadək buraxılmış günlərə görə (aylıq 3000 manat olmaqla) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh təsisçisi X1 15.04.2021-ci il tarixli qərarı ilə Cavabdeh direktoru vəzifəsinə təyin olunmuşdur. Onların arasında 22.12.2021-ci ildə “Qarşılıqlı öhdəliyə dair Müqavilə" bağlanmışdır. Cavabdeh təsisçisi X1 22.12.2021-ci il tarixli, 02 saylı qərarı ilə “Zəfəroğlu Elektrik" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilmişdir. Bildirmək istəyir ki, o, işlədiyi müddət ərzində öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Həmçinin o Cavabdeh MMC-nin təsisçisinin vədlərinə inanaraq Bakıda öz qurduğu işini dayandırıb Gəncə şəhərinə getmiş və nəzərdə tutulan işi qurmuşdur. Hətta anasının xəstə olmağına baxmayaraq Gəncədə qalıb bu işi layiqincə yerinə yetirmiş və müəssisə 2021-ci ilin noyabr ayından ibarət istehsala başlamışdır. Ona görə də işdən hansı əsasla azad olunmağı ona aydın deyildir. Tərəflər arasında bağlanmış 22.12 2021-ci il tarixli “Qarşılıqlı öhdəliyə dair Müqavilə”nin 2.4.2-ci bəndinə görə onun aylıq maaşı 1500 manat (min beş yüz), həmin Müqavilənin 2.4.3-cü bəndinə görə isə istehsal başladıqdan sonra isə maaşı 3000 manat (üç min) təşkil etməli idi. Lakin o, işlədiyi müddətdə ayda 500 manat (beş yüz) maaş almışdır. Bildirmək istəyir ki, o indiyə kimi direktor kimi həmin müəssisədən 3069,21 manat maaş almışdır. Əslində 7 ay üçün ona 10500 manat (7 ay x 1500 m = 10500 manat), istehsal müddətində isə 1 ay 7 gün üçün 3700 manat (1 ay 7 gün x 3000 m =3700 manat), cəmi 14200 manat (on dörd min iki yüz) əmək haqqı hesablanmalı idi. İşlədiyi müddətdə onun, ödənilməmiş (hesablanmamış) əmək haqqı 11130,79 manat təşkil etmişdir. Həmçinin uzun müddət Bakıda qurduğu öz işindən ayrılmış, ailəsindən uzaq düşmüş, xəstə anasının qeydinə layiqincə qala bilməmiş, bütün bunlara rəğmən onun əsassız olaraq işdən uzaqlaşdırılmağı və təsisçi tərəfindən ona qarşı törədilən digər haqsız əməllər ona çox pis təsir etmiş və o bu hadisələrdən mənəvi sarsıntı keçirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ilk Əmək Müqaviləsinin 01.05.2021-ci ildə bağlanmasına baxmayaraq, həmin Müqavilə təsisçi tərəfindən dəyişdirilmiş və onun göstərişi ilə Bildiriş 14.07.2021-ci ildə sistemə daxil edilmişdir. O, 25.07.2021-ci ildə işdən çıxmaq üçün ərizə yazmış və təsisçinin 26.07.2021-ci il tarixli 06 nömrəli əmri ilə işdən azad olunmuşdur. X6 01.08.2021-ci ildə bağlanmasına baxmayaraq, həmin Müqavilə də təsisçi tərəfindən dəyişdirilmiş və onun göstərişi ilə bildiriş 19.08.2021-ci ildə istemə daxil edilmişdir. Hər iki müqavilənin bağlanması tarixinə və elektron informasiya sisteminə daxil edilməsi vaxtlarına baxdıqda Təsisiçının saxtakarlıq etdiyi aşkar görünür. Qanunvericiliyin tələbinə görə əvvəlcə bildiriş göndərilməli, Bildirişə cavab gəldikdən sonra Müqavilə qüvvəyə minməlidir. Onun İşəgötürən və İşçi kimi bağladığı Müqavilə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Çünki həmin Müqavilələrin 4.1-ci bəndində (kağız formatında) əmək haqqı 1500 manat (min beş yüz) göstərilmiş və 4.35-ci bəndində isə İstehsal başlayandan sonra əmək haqqının 3000 manat (üç min) olcağı barədə əlavə şərt razılaşdırılmışdır. Əmək Məcəlləsinin 7. 2-ci maddəsində deyilir: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Təsisçinin 22.12.2021-ci il tarixli 01 nömrəli Əmri ilə o Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmuşdur. Həmin Əmrdə göstərilir: 22.12.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinuin “Ç” bəndinə əsasən-vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. Əsas: 20.12.2021-ci il tarixli şirkətin faktiki ünvanına təsisçi tərəfindən göndərilən 02 nömrəli xəbərdarlıq məktubu. Təsisçinin həmin tarixli (22.12.2021-ci il) 02 nömrəli Əmri ilə Əmək Məcəlləsinin 186.2-ci maddəsi ilə ona Xəbərdarlıqla Töhmət verilib. Bu Əmrlərdə də Təsisçinin saxtakarlığı etdiyi aşkar görünür. Belə ki, eyni gündə, əvvəlcə 01 saylı Əmrlə onu işdən azad edir və 02 saylı əmrlə ona Xəbərdarlıqla Töhmət verilir. Həmçinin Əmək Məcəlləsinin 186.2-ci maddəsində Xəbərdarliqla Töhmət tənbehi nəzərdə tutulmamışdır. Digər tərəfdən onun işdən çıxarılmağı haqqında əmrdə yazılır ki, əmək müqaviləsi ləğv edilsin. Halbuki Əmək Məcəlləsində işçi işdən azad olunarkən əmək müqaviləsinə xitam verilməsi kimi göstərilməlidir. Əmrdə göstərilənlərin yalan olması bir yana, təkcə əmrin tərtib olunmasında buraxılmış kobud səhvlərə həmin əmr ləğv edilməlidir. Həmçinin Əmək məcəlləsinin 71.2-ci maddəsində deyilir: Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasia əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsində deyilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin Əmrdə heç bir əsaslandırma yoxdur və bu barədə heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Etirazda göstərilənlərlə əlaqədar bildirir ki, onun tərəfindən aralarında bağlanmış Müqaviləyə tamamilə əməl olunmuş və zavod istehsal üçün hazır vəziyyətə gətirilmiş, açılış keçirilmiş və elə həmin gün də Təsisçi üzərinə götürdüyü öhdəliyə əməl etməmək üçün onu işdən uzaqlaşdırmış, öz qanunsuz əməlinə haqq qazandırmaq üçün lazım olmadığı halda Polis orqanına müraciət etmişdir. Həmin gündən sonra zavodun istehsal fəaliyyətinin olmamasının səbəbi bu sahəyə heç bir aidiyyəti olmayan şəxsin direktor təyin olunmasıdır. Təsisçinin polisə müraciət etməsi və digər hərəkətlərin onun qanunsuz işdən azad olunmağına heç bir aidiyyatı yoxdur. Əksinə, polis orqanına edilən müraciətə və Nizami rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 28 yanvar 2022-ci il tarixli qərarla tanış olduqdan sonra Təsisçinin nə qədər qeyri-səmimi olduğu aydın görünür: 22.12.2022-ci ildə işdən çıxarılmağım barədə əmr verir, həmin əmrdə möhürün və digər sənədlərin yeni təyin etdiyi direktora təhvil verilməsini tələb edir, həmin gün polis orqanına (yeni direktorun adından) onun möhürü və digər sənədlərin təhvil verilməsindən imtina etdiyim barədə ərizə ilə müraciət edir, 23 yanvar 2022-ci ildə artıq yeni möhür hazırlatdırır və ondan istifadə edir. O, heç bir səbədləri verməkdən imtina etməmiş, ona işdən azad lunması elə həmin gün bəlli olmuş, sadəcə hüquqçünaslar ona zən edərək təhvil-təslimə gədiklərini bildirdiklərində isə o bundan yanında vəkili olmadığı üçün imtina etmişdir. Məhkəməyə gec müraciət etməsinin səbəbi isə, ilk öncə tərəflər arasında barışığa cəhd etməsi və mediasiya şurasına müraciət etəməsi olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Zaferoğlu Elektrik MMC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, ilk olaraq bildirir ki, İddiaçı "xxxx" MMC-nin təsisçisi X1 müvafiq Qərarına əsasən MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Bundan sonra Cəmiyyətin direktoru kimi, işəgötürən qismində İddiaçı özü ilə əmək müqaviləsi bağlamış və Cəmiyyətin idarə olunmasında iştirka etməyə başlamışdır. Əmək müqaviləsindən də göründüyü kimi əməyin ödnilməsi vaxtamuzd müəyyən edilməklə 500 manat əmək haqqı müəyyən edilmişdir. Təsisçi ilə aralarında olan şifahi razılaşmaya əsasən İddiaçı "xxxx" MMC-nin Gəncə şəhərində yaradılan istehsal sexinin bütün təmir, tikinti, istehsal sahələrinin tam hazır vəziyyətə gətirilməsini, malların istehsal edilməsini öz öhdəsinə götürmüşdür. Lakin şərtlərə əməl etmədiyi üçün, götürdüyü öhdəlikləri vaxtında icra edə bilmədiyi üçün İddiaçı 25.07.2021-ci il tarixində öz ərizəsi ilə işdən azad edilmişdir. Təsisçinin 26.07.2021-ci il tarixli Qərarı ilə Nəbiyev vəzifəsindən azad edilmişdir. Lakin sonradan münasibətlər düzəlmiş və tərəflər arasında 29.07.2021-ci il tarixli “Qarşılıqlı öhdəliyə dair” Müqavilə imzalanmışdır. Həmin müqavilənin bağlanmasının əsas məqsədi hər bir tərəfin öz öhdəliyini gələcəkdə yerinə yetirməsini təmin etmək olmuşdur. "xxxx" MMC-nin təsisçisi Zəfər Məmmədovun şəxsi vəsaiti və həmçinin Sahibkarlığa dəstək milli Fondundan alınan kredit hesabına inşa edilən bu istehsal müəssisəsinə ******* manatdan çox vəsait qoyulsa da, hazırkı günə kimi sexlər fəaliyyət göstərmir. Tərəflə arasında bağlanan və İddiaçı istinad etdiyi müqavilənin 1 -ci hissəsi müqavilənin predmetini təşkil edir: 1.1-ci bənddə tərəflər razılaşırlar ki, "xxxx" adlanan şəxs MMC-nin fəaliyyətini təşkil edir, istehsal sexlərinin təmiri və tikintisini həyata keçirir; 1.2-ci bənddə "xxxx" müəssisənin istehsal sahələrinin tam hazır vəziyyətə gətirilməsi və malların istehsalna tam məsuliyyət daşımasını tənzimləyir; 1.3-cü bəndə əsasən müəssisədə istehsal olunan malların keyfiyyətinə cavabdehlik daşıyır və s. Həmin müqavilənin 2.4.7-ci bəndinə əsasən “avadanlıq və xammallar gəldikdən sonra onların quraşdırılmasını dörd ay ərzində təmin etmək və istehsala başlamaq, həmçinin dörd aydan sonra minimum 200 000 manat məbləğində mal istehsal etmək şərti müəyyən edilmişdir. Lakin 29.07.2021-ci il tarixindən 22.12.2021-ci il tarixinə kimi İddiaçı müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hazırkı günə kimi istehsal sexləri işə salınmamış, alınan avadanlıqlar qeyri-işlək vəziyyətdə saxlanılmaqdadır. Bu da Cəmiyyətin maddi itkilərinə səbəb olur. Hazırkı gündə təsisçi Zəfər Məmmədov götürülən kreditin ödənişlərini şəxsi vəsaiti hesabına ödəməkdədir. Halbuki, İddiaçı dörd ay ərzində müəssisəni işlək vəziyyətə gətirməklə mal istehsal edib satmaq öhdəliyini götürmüşdür. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı müqavilədə göstərilən məbləğdə əməkhaqqı tələb etməsi mqavilə şərtlərinə ziddir. İddiaçı direktor kimi öz vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirə bilmədiyi, işçilərlə normal münasibətlər qura bilmədiyi, istehsal sexində istehsal üçün normal şərait yarada bilmədiyi, işdən azad edildiyi günə kimi bir manatlıq mal belə istehsal edə bilmədiyi üçün təsisçinin müvafiq qərarı əsasəndan işdən azad edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi İddiaçı "xxxx" MMC-nin təsisçisi X1 Qərarına əsasən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş 25.07.2021-ci il tarixli öz ərizəsin əsasən təsisçinin 26.07.2021-ci il tarixli Qərarı ilə işdən azad edilmişdir. Daha sonra razılıq əldə edildiyi üçün 13.08.021-ci il tarixində öz vəzifəsinə bərpa edilmişdir. İddiaçının istinad etdiyi müqavilə 29.07.2021-ci ildə imzalanmış İddiaçı 13.08.2021-ci il tarixində Təsisçinin qərarı əsasında təkrar işə qəbul edilmiş və əməkhaqqı 500 manat müəyyən edilmişdir. Əgər həqiqətəndə İddiaçı iddia etdiyi kimi aylıq əməkhaqqı 1500 manat kimi razılaşdırılmışdısa o zaman nəyə görə təkrarən 500 manat əməkhaqqı ilə əmək müqaviəsi bağlayırdı? Müqavilənin mətnindən də aydın olur ki, iddiaçı müqavilə üzrə götürdüyü öhdəlikləri icra etdikdən, Cəmiyyətə qazanc gətirdikdən sonra həmin məbləğlər ona veriləcəkdi. 2021-ci ilin dekabr ayında müəssisədə baş verən neqativ, qanunsuz hallara görə təsisçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3-cü maddəsində nəzərdə tutulan səlahiyyətlərindən istifadə edərək özünün 22.12.2021-ci il tarixli 2 saylı Qərarı ilə İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü maddəsi məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərini müəyyən edir. Məcəllənin 91.3.2-ci maddəsində deyilir: “cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək”; Təsisçinin 22.12.2021-ci il tarixli 2 saylı Qərarının 2-ci bəndinə əsasən X5 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Qərarın 3-cü bəndinə əsasən İddiaçı Cəmiyyətin fəaliyyəti ilə əlaqədar təsis sənədləri daxil olmaqla digər bütün sənədləri və Cəmiyyətin möhürünü təhvil verməli olduğu halda bundan boyun qaçırmış və bugünə kimi Cəmiyyətin bütün sənədlərini özündə saxlamaqda davam etməkdədir. İddiaçı bugünə kimi özünün və işçilərin əmək müqavilələri, iş vaxtı uçotu barədə tabellər, digər şirkət və fiziki şəxslərlə bağlana müqavilələri və Cəmiyyətin möhürünü təhvil verməmişdir. Qeyd edilən qanun pozuntusu ilə əlaqədar olaraq 22.12.2021-ci il tarixində rəsmi olaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Aparılan araşdırmalar zamanı İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326-cı maddəsinin (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) tərkib əlamətləri aşkar edildiyindən toplanmış materiallar Gəncə şəhər Prokkurorluğuna göndərilmişdir. Gəncə şəhər Prokkurorluğu isə aidiyyat qaydalarına uyğun olaraq işin araşdırılmasını Gəncə şəhər Polis İdarəsinə həvalə etmişdir. Hazırda iş üzrə ekspertiza təyin edilmişdir. "xxxx" MMC-nə İddiaçı rəhbərlik etdiyi dövr ərzində mövcud olan bütün sənədləri özündə saxlamaqla Cəmiyyətə təhvil verməkdən boyun qaçırır. İddiaçının iddia ərizəsində tələb etdiyi birinci xahiş təsisçinin 22.12.2021-ci il tarixli, 02 saylı Qərarının ləğv edilməsinə dair tələbi Mülki Məcəllənin yuxarıda göstərilən 91.3.2-ci maddəsinə zidd olduğu üçün təmin edilə bilməz. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək təsisçiyə aid səlahiyyət olduğu üçün Əmək Məcəlləsinin müddəalarına istinad edilə bilməz. Öz vəzifə səlahiyyətlərini lazımınca icra etmədiyi və Cəmiyyətin maraqlarına zərər vurduğu üçün İddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddia ərizəsinin 2-ci tələbi də qanuni baxımdan təmin edilə bilməz. X7 Cəmiyyətin direktoru Cəmiyyətin Təsisçisi tərəfindən təyin edilirsə təsisçini heç kim bununla bağlı qərar verməyə məcbur edə bilməz. Əməkhaqqı barədə iddiaçının iddiaları isə ümumiyyətlə əsassızdır. Yuxarıda da qeyd etdiyi kimi təsisçi və icraçı arasında bağlanan 29.07.2021-ci il tarixli müqavilənin ödənişləri nəzərdə tutuan bəndləri yalnız istehsalatın başlamasından sonra icra olunacaq öhdəliklərdir. Müqavilə bağlandığı tarixdən 4 ay müddətində istehsal sexlərini işlək vəziyyətə gətirməli olan İddiaçı bu öhdəliyi yerinə yetirə bilməmişdir. Odur ki, həmin məbləğləri tələb etməsi müqaviləyə ziddir. İddiaçının Cəmiyyətə vurduğu zərərlə bağlı sərbəst Auditə müraciət edilmiş və adit aktına əsasən, iddiaçının fəaliyyət dövründə cəmiyyətə xeyli miqdarda zərər vurmuşdur. İddiaçı tərəfindən "xxxx" MMC-yə verilən malların dəyəri olan 49999.13 manatın böyük bir qismini bugünə kimi geri ala bilmirlər. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün iddia müddəti də ötürülmüşdür. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan və iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh MMC-nin təsisçisi X1 15.04.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Cəmiyyətin Direktor vəzifəsinə təyin edilmiş və Cavabdeh MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X12 Qeydiyyatı İdarəsində dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarının əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi İddiaçı həvalə edilmişdir. Cavabdeh MMC-nin direktoru İddiaçı MMC-nin təsisçisinə ünvanladığı 25.07.2021ci il tarixli ərizəsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də tutduğu Direktor vəzifəsindən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin təsisçisinin 26.07.2021-ci il tarixli 01 nörməli qərarından görünür ki, Cavabdeh MMC-nin direktoru İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdeh MMC-nin təsisçisinin 26.07.2021-ci il tarixli 06 nömrəli əmrindən görünür ki, İddiaçı 26.07.2021-ci il tarixdən AR ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 26.07.2021-ci il tarixdə İddiaçı AR ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsi barədə bildiriş sistemə daxil edilmişdir. Qarşılıqlı öhdəliyə dair 29.07.2021-ci il tarixli müqavilədən görünür ki, təsisçi "xxxx" MMC-nin təsisçisi X8 və icraçı İddiaçı qarşılıqlı öhdəliyə dair müqavilə bağlayaraq müqavilədə nəzərdə tutulmuş vəzifələrinin vaxtında və lazımi qaydada yerinə yetirmək barədə razılığa gəlmişlər. Həmin müqavilə ilə icraçının texniki direktor vəzifəsini icra etməsi və 2.4.2-ci bəndə əsasən aylıq maaşının 1500 manat, istehsal başladığı andan və 2.4.3-cü bəndə əsasən isə minimum satış dəyəri 200000 manat həcmində məhsul istehsal ediləcəyi təqdirdə 3000 manat olacağı müəyyən edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 13.08.2021-ci il tarixində İddiaçı Cavabdeh MMC-də direktor vəzifəsinə təyin edilməsi barədə bildiriş sistemə daxil edilmişdir. Cavabdeh MMC-nin təsisçisinin 22.12.2021-ci il tarixli 01 nömrəli əmrindən görünür ki, İddiaçı 22.12.2021-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən vəzifə səlahiyyətlərini düzgün icra etmədiyi üçün tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh MMC-nin təsisçisinin 22.12.2021-ci il tarixli 02 nömrəli inzibati tənbeh vermə barədə əmrindən görünür ki, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Cavabdeh MMC-nin direktoru İddiaçı AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xəbərdarlıq töhmət verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 17.01.2022-ci il tarixdə İddiaçı AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsi barədə bildiriş sistemə daxil edilmişdir. Cavabdeh MMC-nin təsisçisinin 22.12.2021-ci il tarixli 02 nörməli qərarından görünür ki, Cavabdeh MMC-nin direktoru İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdeh MMC-nin direktorunun səlahiyyətlərinin icrası müvəqqəti olaraq X2 həvalə edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X12 Qeydiyyatı İdarəsinin çıxarışından görünür ki, Cavabdeh MMC-nin əvvəlki qanuni təmsilçisi İddiaçı, hazırki təmsilçisi isə X3r. X9 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 10.01.2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, X9 "xxxx" MMC-yə işə bərpaya dair mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi barədə təklif ünvanlamışdır. Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfindən verilmiş 294 nömrəli, 17.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi 17.02.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində medisiyaya dair xərc ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məhkəmə baxışı zamanı cavabdeh tərəf yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci bındində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin təsisçisi X1 15.04.2021-ci il tarixli qərarına əsasən, İddiaçı Cəmiyyətin Direktor vəzifəsinə təyin edilmiş və Cavabdeh MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X12 Qeydiyyatı İdarəsində dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarının əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi İddiaçı həvalə edilmişdir. İddiaçı 25.07.2021-ci il tarixdə MMC-nin təsisçisinə ərizə ünvanlayaraq, Cavabdeh MMC-də tutduğu Direktor vəzifəsindən azad edilməsini xahiş etmiş və təsisçisinin 26.07.2021-ci il tarixli 01 nörməli qərarı ilə Cavabdeh MMC-nin direktoru İddiaçı 26.07.2021-ci il tarixdən AR ƏM-nin 68-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş. Daha sonra tərəflər arasında bağlanmış qarşılıqlı öhdəliyə dair 29.07.2021-ci il tarixli müqaviləyə əsasən, təsisçi "xxxx" MMC-nin təsisçisi X8 və icraçı İddiaçı qarşılıqlı öhdəliyə dair müqavilə bağlayaraq müqavilədə nəzərdə tutulmuş vəzifələrinin vaxtında və lazımi qaydada yerinə yetirmək barədə razılığa gəlmişlər. Həmin müqavilə ilə icraçının texniki direktor vəzifəsini icra etməsi və aylıq maaşının 1500 manat, istehsal başladığı andan 3000 manat olacağı müəyyən edilmişdir. 13.08.2021-ci il tarixində İddiaçı Cavabdeh MMCdə direktor vəzifəsinə təyin edilməsi barədə bildiriş sistemə daxil edilmiş və sonuncunun əmək haqqı 500 manat göstərilmişdir. İddiaçı vəzifə səlahiyyətlərini düzgün icra etmədiyi üçün təsisçisinin 22.12.2021-ci il tarixli 01 nömrəli əmri ilə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Eyni zamanda həmin tarixdə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Cavabdeh MMC-nin direktoru İddiaçı AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xəbərdarlıq töhmət verilmişdir. Cavabdeh MMC-nin direktorunun səlahiyyətlərinin icrası müvəqqəti olaraq X2 həvalə edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf, əmrin verildiyi gündən bu barədə xəbərdar olmasını etiraf edərək, iddia müddətinin buraxılmasını səbəbini mediasiya şurasına müraciət etməsi ilə əsaslandırmışdır. İş materialları ilə iddiaçının müraciətinin mediasiya şurasına daxil olması tarixinin müəyyən edilməsi mümkün olmasa da, X4 "xxxx" MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif ünvanlamasına dair ərizəsinin 10.01.2022-ci il tarixində imzalanması və bundan sonra Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfindən verilmiş 294 nömrəli, 17.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verilməməsi müəyyən edilmişdir. Göründüyü kimi hətta iddiaçının müraciət ərizəsinin imzalandığı tarixdən hesablanmış olsa belə, iddiaçı tərəfindən işə bərpa tələbinə dair işlər üzrə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktaybr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə iddia tələbinin əmək haqqı hissəsi ilə bağlı qeyd edir ki, iddia təəbi bu hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış və elektron sistemə daxil emil əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Zaferoğlu Elektrik MMC-də direktor vəzifəsinə işə qəbul edilmiş və işçinin aylıq əmək haqqı 500 manat məbləğində müəyyən edilmişdir. Sözü gedən bu hal, iddiaçı tərəfindən nə müəssisənin qanuni təmsilçisi kimi iddiaçı ilə əmək müqaviləsi bağlanarkən, nə də, bundan sonrakı işlədiyi dövrdə də, mübahisələndirilməmişdir. İddiaçı ona müqavilə üzrə 3000 manat məbləğində aylıq əmək haqqının verilməsinin nəzərdə tutulmağına baxmayaraq ödəniş edilmədiyini bildirsə də, iş materiallarında olan müqavilə və tərəflərin izahatları ilə sözü gedən məbləğin istehsal başladığı andan verilməsinin nəzərdə tutulduğu, lakin iddiaçının vəzifə səlahiyyətlərini düzgün icra etmədiyi və məhz öhdəliklərini tam yerinə yetimədiyi, yəni üzərinə götürdüyü öhdəliyə əsasən müəssisənin nəzərdə tutulmuş müddətdə və həcmdə istehsalata başlamasını təmin etmədiyi üçün, təsisçisinin 22.12.2021-ci il tarixli 01 nömrəli əmri ilə AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360-362ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Zaferoğlu Elektrik MMC -yə qarşı qərarın ləğv edilməsi, işə bərpa, əmək haqqı və pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2077/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2077/2022
23.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver