Məhkəmə qərarları › İş №2(004)-2082/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2082/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2082/2021 06.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 16.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə bağlanmış 30.05.2007-ci il tarixli müqaviləyə əsasən aldığı ünvan 1 ünvanda yerləşən 255 saylı mənzilin dəyərindən 30.05.2007-ci il və 12.08.2011-ci il tarixlərdə ondan artıq alınmış 6.131 manat (6.654 ABŞ dolları) vəsaitin, həmçinin artıq hesablanmış 6.131 manat vəsait cəmi 10.192 manat (12.671 ABŞ dolları) əldən çıxmış faydanın Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 30.05.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanda inşa etdiyi ümumi sahəsi 50,0 kv.m olan 255 nömrəli mənzili İddiaçı 1 kv.m 620 manatdan olmaqla, 31.000 manata satmışdır. İddiaçı 30.05.2007-ci il tarixdə 31.000 manatı tam şəkildə Cavabdeh MTK-ya ödəmişdir. İddiaçı 31.000 manatı ödənməsi və borcu olmaması barədə Cavabdeh MTK tərəfindən 30.05.2007-ci il tarixli 271/91/1 nömrəli arayış verilmişdir. Sonradan Cavabdeh MTK 12.08.2011-ci ildə guya mənzilin sahəsinin düzgün hesablanmadığını, əslində sahənin 50,0 kv.m deyil, 52,5 kv.m olduğunu bildirmiş və əlavə olaraq 2,5 kv.m sahə üçün 1.550 manat pulu İddiaçı almış və bu barədə ona 12.08.2011-ci il tarixli 2762/92/2 nömrəli yeni arayış vermişdir. İddiaçı mənzilini özəlləşdirmək üçün sənədlərini DƏDRX-yə təqdim etmiş və 16.04.2020-ci ildə çıxarış əldə etmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 16.04.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışda İddiaçı mülkiyyətinə verilmiş ünvan 1, 2-ci giriş, mənzil 255 ünvandakı mənzilin ümumi sahəsinin 43,30 kv.m olduğu göstərilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, onun mənzilinin ümumi sahəsi Cavabdeh MTK-nın bildirdiyi kimi 52,5 kv.m deyil, əslində 43,30 kv.m təşkil edir. Odur ki, Cavabdeh MTK iddiaçını aldadaraq ona 9,2 kv.m az sahə satmış və artıq pul almışdır. Cavabdeh mənzilin sahəsini hesablayarkən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin tələblərinə əməl etməmiş, iddiaçını aldatmışdır. Bu səbəbdən, iddiaçının mənzilinin ümumi sahəsi 43.30 kv.m-dir və mövcud olmayan 9.2 kv.m. mənzil sahəsi üçün 5.704 manat artıq ödəniş etmişdir. Azərbaycan manatının sabit valyuta olan ABŞ dollarına məzənnəsi 30 may 2007-ci ildə təxminən 1 ABŞ dolları - 0.8941 manat, 12.08.2011-ci ildə isə 1 ABŞ dolları - 0.7869 manat təşkil edib. Cavabdeh MTK iddiaçıya 9.2 kv.m az sahə satmaqla 5.704 manat, yəni 6.654 ABŞ dolları artıq pul almışdır. Bu məbləğə görə iddiaçının hazırkı vaxta kimi cəmi 10.192 manat, yəni 12.671 ABŞ dolları faydası əldən çıxmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MTK-nın nümayəndəsi X2 06.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 30.05.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanda inşa etdiyi ümumi sahəsi 50,0 kv.m olan 255 nömrəli mənzili İddiaçı 1 kv.m 620 manatdan olmaqla, 31.000 manata satmışdır. İddiaçı 30.05.2007-ci il tarixdə 31.000 manatı tam şəkildə Cavabdeh MTK-ya ödəmişdir. İddiaçı 31.000 manatı ödənməsi və borcu olmaması barədə Cavabdeh MTK tərəfindən 30.05.2007-ci il tarixli 271/91/1 nömrəli arayış verilmişdir. Sonradan Cavabdeh MTK 12.08.2011-ci ildə mənzilin sahəsi dəqiqləşdirilmiş və əslində sahənin 50,0 kv.m deyil, 52,5 kv.m olduğu müəyyən edilmiş və əlavə olaraq 2,5 kv.m sahə üçün İddiaçı 1.550 manat pul alınmış və bu barədə ona 12.08.2011-ci il tarixli 2762/92/2 nömrəli yeni arayış vermişdir. İddiaçı mənzilini özəlləşdirmək üçün sənədlərini DƏDRX-yə təqdim etmiş və 16.04.2020-ci ildə çıxarış əldə etmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 16.04.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışda İddiaçı mülkiyyətinə verilmiş ünvan 1, 2-ci giriş, mənzil 255 ünvandakı mənzilin ümumi sahəsinin 43,30 kv.m olduğu göstərilmişdir. Hesab edir ki, çıxarış da mənzilin sahəsi faktiki sahədən 9,2 kv.m az alduğu göstərilmiş, mənzilin eyvanı olmadığı halda, mənzilin lociyası eyvan kimi nəzərə alınaraq, həmin sahə mənzilin ölçüsünə daxil etməmişdir. Analoji işlərlə bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, həmin binada yerləşən mənzillərə dair DƏDRX-nın verdiyi çıxarışda göstərilən sahə ölçüsü ilə, mənzilin faktiki sahə ölçüsü arasında nəzərə çarpan dərəcədə fərqlər mövcuddur. Bundan əlavə, DƏDRX-nın eyni ölçülü və eyni layihəli mənzillərə dair verdiyi çıxarışlarda da, sahələrin ölçüləri arasında ciddi fərqlər mövcuddur. Mübahisəli mənzilin faktiki ümumi sahəsi ilə bağlı ziddiyyətlər mövcuddur və iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının müvafiq rəyi olmadan həmin ölçülərin dəqiq müəyyən edilməsi mümkün deyildir. Odur ki, vəsatət verərək, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli 2(004)2082/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə məhkəmə mühəndis-texniki (inşaat) ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 16.04.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3169-cu məhəllədə yerləşən 59K nömrəli binanın 2-ci girişindəki ümumi sahəsinin 43,30 kv.m olduğu göstərilən 255 nömrəli mənzilin, faktiki ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsinin tələbləri nəzərə alınmaqla nə qədər təşkil etdiyinin müəyyən edilməsi barədə ekspert qarşısında sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.07.2021ci il tarixli 10/1619 nömrəli ekspert rəyi 13.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli 2(004)2082/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və məhkəmə iclası 06.09.2021-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Bu barədə Cavabdeh Mənzil Tikinti Kooperativinə rəsmi qaydada məlumat verilmişdir. Cavabdeh MTK öz nümayəndəsini məhkəməyə göndərməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri və mühəndis-texniki (inşaat) ekspertizasının rəyini nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 30.05.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MTK ünvan 1 ünvanda inşa etdiyi ümumi sahəsi 50,0 kv.m olan 255 nömrəli mənzili İddiaçı 1 kv.m 620 manatdan olmaqla, 31.000 manata satmışdır. Mənzilin eskiz layihəsinə əsasən sahəsi 50 kv.metrdir. İddiaçı 30.05.2007-ci il tarixdə 31.000 manatı tam şəkildə Cavabdeh MTK-ya ödəmişdir. İddiaçı 31.000 manatı ödənməsi və borcu olmaması barədə Cavabdeh MTK tərəfindən 30.05.2007ci il tarixli 271/91/1 nömrəli arayış verilmişdir. Sonradan Cavabdeh MTK 12.08.2011-ci il tarixdə mənzilin sahəsinin düzgün hesablanmadığını, əslində sahənin 50,0 kv.m deyil, 52,5 kv.m olduğunu bildirmiş və əlavə olaraq 2,5 kv.m sahə üçün İddiaçı 1.550 manat pul almış və bu barədə ona 12.08.2011-ci il tarixli 2762/92/2 nömrəli yeni arayış vermişdir. İddiaçı mənzilini özəlləşdirmək üçün sənədlərini DƏDRX-yə təqdim etmiş və 16.04.2020-ci ildə çıxarış əldə etmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilmiş 16.04.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışda İddiaçı mülkiyyətinə verilmiş ünvan 1, 2-ci giriş, mənzil 255 ünvandakı mənzilin ümumi sahəsinin 43,30 kv.m olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 26.07.2021-ci il tarixli 10/1619 nömrəli ekspert rəyinə əsasən ünvan 1, 2-ci giriş, mənzil 255 ünvanda yerləşən mənzilin ümumi sahəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərari ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 44,52 kvadrat metr təşkil etdiyi müəyyən olunur. Eyni zamanda qeyd olunur ki, sözügedən mənzilin faktiki ümumi sahəsi (lociyaya azalma əmsalı tətbiq olunmadıqda) 47,02 kvadrat metr müəyyən olunur. Göründüyü kimi, Cavabdeh MTK Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3169-cu məhəllə 59K nömrəli evin 255 nömrəli mənzilinin ümumi sahəsinin 52,5 kv.m olduğunu göstərməklə, İddiaçı 52,5 kv.m sahəsi üçün 1 kv.m 620 manat olmaqla vəsait almışdır. Ekspert rəyinə əsasən mənzilin ümumi sahəsinin 47,02 kv.m olduğu müəyyən edildiyinə görə, cavabdeh iddiaçıdan 5,48 kv.m sahə üçün artıq vəsait almışdır. Bu səbəbdən mövcud olmayan sahə üçün ödənilmiş vəsait cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Çünki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 30.05.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativindən aldığı ünvan 1 ünvanda yerləşən faktiki ümumi sahəsi 47,02 kv.m olan 255 saylı mənzilinin dəyərindən artıq ödədiyi (mövcud olmayan 5,48 kv.m sahəsi üçün alınmış 5,48 kv.m x 620 manat = 3.397,60 manat) 3.397,60 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.427,60 manat pul Cavabdeh MTK-dan alınaraq İddiaçı qaytarılmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 30.05.2007-ci il tarixli müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativindən aldığı ünvan 1 ünvanda yerləşən faktiki ümumi sahəsi 47,02 kv.m olan 255 saylı mənzilinin dəyərindən artıq ödədiyi (mövcud olmayan 5,48 kv.m sahəsi üçün alınmış 5,48 kv.m x 620 manat = 3.397,60 manat) 3.397,60 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.427,60 (üç min dörd yüz iyirmi yeddi manat altmış qəpik) manat pul Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 (yüz) manat pul Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar