Məhkəmə qərarları › İş №2(004)-2094/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2094/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2094/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı Mənzil İnşaat Kooperativinin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh və onun vəkili X9 iştirakı ilə, İddiaçı Mənzil İnşaat Kooperativinin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil İnşaat Kooperativi iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin İddiaçı Mənzil İnşaat Kooperativinin balansında olan 204 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Yeni Yasamal 2, Kənar Dairəvi küçə 11 ünvanında 204 saylı mənzil müqavilə əsasında X2 məxsus olmuşdur. X7 mənzilini satmaq üçün ofisə müraciət etmişdir. Bu ərəfədə Cavabdeh da mənzil almaq üçün ofisə müraciət etmişdir. O mənzilə baxdıqdan sonra həmin mənzili almaq qərarına gəlmişdir. X8 Təranəni tanıdığından və onunla aralarında sərin münasibət olduğundan onunla görüşmədən ofis vasitəsilə razılaşma etmişdir. Razılaşmaya əsasən 204 saylı 3 otaqlı mənzil Cavabdeh 44 (qırx dörd) min manata satmağa qərarlaşdırılmışdır. Cavabdeh yaxın zamanda ödəniş edəcəyinə söz vermişdir. Cavabdeh 06 sentyabr 2009-cu il tarixində razılaşdırılmış 44 (qırx dörd) min manatdan 29600 (iyirmi doqquz min altı yüz) manat hissəsini ödəmiş, qalan 14 400 (on dord min dörd yüz) borcunu üç ay müddətinə ödəməyə söz vermişdir. Şifahi razılaşmaya əsasən Cavabdeh mənzilin razılaşdırılmış qiymətini bir ay müddətində ödəməzsə 14.400 (on dord min dörd yüz) man borcunu həmin günün dollar məzənnəsinə uyğun olan 18000 (on səkkiz min) ABŞ dollarına ekvivalent manatla ödəməyi öhdəsinə götürmüşdür. Əliyeva Sevinc yazılı olaraq "İddiaçı" MİK-nə müraciət edərək xahiş etmişdir ki, tam ödənişdən sonra mənzil Cavabdeh adına sənədləşdirilsin. Hüseynova X5 borcunu 2020-ci ilə qədər ödəməmişdir. Əliyeva Sevinc pulunu ofisdən tələb edərək "İddiaçı" MİKindən 30600 manat almışdır. Cavabdeh borcunu ödəməkdən ötrü dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də bu günə qədər borcunu ödəməmişdir. Ödənişdən yayınmaq və ya vaxtını uzatmaqdan ötrü müxtəlif orqanlara müraciət etmiş və şikayətinin heç biri öz təsdiqini tapmamışdır. Nəhayət o məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi Cavabdeh İddiaçı MİK-ə qarşı müqavilə şərtlərinin dəyişdirilməsi tələbinə dair iddiasını rədd edilmişdir. Həmin iş üzrə qətnamə materiallarından da göründüyü kimi Cavabdeh ilə MİK və ya Əliyeva Sevinc ilə heç bir yazılı müqavilə bağlanılmamışdır. Həmin mənzil müqavilə əsasında X2 məxsusdur. S.N.Əliyevanın ərizəsinə əsasən Cavabdeh ödənişi tam ödədikdən sonra S.Əliyevanın adına olan 204 saylı mənzil Cavabdeh adına sənədləşdirilməli idi. Lakin Cavabdeh borcunu ödəmədiyindən onun adına heç bir sənədləşmə aparılmamışdır. Hazırda 204 saylı mənzil İddiaçı MİK-in balansındadır. Ona görə də, Cavabdeh və ailə üzvlərinin İddiaçı Mənzil İnşaat Kooperativinin balansında olan 204 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Daha sonra İddiaçı Mənzil İnşaat Kooperativi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ailə üzvləri 03.07.2001-ci il təvəllüdlü X3 və 02.07.2005-ci il təvəllüdlü X4 ilə birlikdə İddiaçı Mənzil İstehlak Kooperativinin balansında olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilindən çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Mənzil İnşaat Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 15 mart 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 2008-ci ildə İddiaçı Mənzil İnşaat Kooperativinin İdarə Heyətinin sədri Aydın Cəfərovla razılaşmış və iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilini almışdır. Bu zaman vəsaitin ondan alınması ilə bağlı qəbz verilsə də, müqavilə bağlanmamışdır. Həmin əmlakı almaq üçün iddiaçıya 35000 ABŞ dolları ödəmişdir. O, Sevinc adlı şəxsi tanımır. Pulu MTK sədrinə ödəmişdir. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X14 cavabdehin izahatı ilə oxşar məzmunlu izahat verərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2094/2021 saylı 05 dekabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı Mənzil İnşaat Kooperativinə qarşı müqavilə şərtlərinin dəyişdirilməsini tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3479/2018 saylı 14 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya çikayətinin rədd edilməsi, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2094/2021 saylı 05 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan İddiaçı MİK-nin Cavabdeh ünvanlanmış 20 oktyabr 2011-ci il tarixli 43 saylı məktubundan görünür ki, 204 saylı mənzilə görə onun X2 18000 ABŞ dolları borcu qalmışdır, borcun təcili ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı MİK-nin Cavabdeh ünvanlanmış 14 may 2013-cü il tarixli 21 saylı məktubundan görünür ki, 204 saylı 3 otaqlı mənzilə görə onun X2 18000 ABŞ dolları borcu qalmışdır, borcun təcili ödənilməsi və yaxud mənzilin boşaldılaraq etdiyi ödənişin geri götürülməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı MİK-nin Cavabdeh ünvanlanmış 20 fevral 2017-ci il tarixli 04 saylı məktubundan görünür ki, İddiaçı MİK-nə olan borcun 1 həftə müddətində ödənilməməsi təqdirdə mənzildən çıxarılma məsələsinə baxılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı MİK-nin Cavabdeh ünvanlanmış 18 iyul 2017-ci il tarixli 11 saylı məktubundan görünür ki, İddiaçı MİK-nə olan borcun 1 həftə müddətində ödənilməməsi təqdirdə mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin kserosurətindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzili ilə bağlı 29600 (yirmi doqquz min altı yüz) manat ödənilmiş, 18000 ABŞ dolları qalıq qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MİK-nin məhkəməyə ünvanlanmış 06.04.2021-ci il tarixli 13 nömrəli məlumatından görünür ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Xarici Dairəvi yolunda yerləşən 11 saylı yaşayış binası İddiaçı MİK-nə məxsusdur və 204 saylı mənzil MİK-nin balansındadır. İş materiallarına əlavə edilmiş İddiaçı MİK ilə payçı X6 arasında bağlanmış kooperativ mənzil istehlak haqqında 204 saylı 15 mart 2007-ci il tarixli müqavilədən görünür ki, kooperativ inşa edilmiş binanın 6-ci giriş 10-cu mərtəbə 204 saylı mənzilini payçıya təhvil verməyi, payçı isə mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, mənzilin dəyəri 45000 (qırx beş min) manat təşkil edir. İş materiallarına əlavə edilmiş 07 mart 2009-cu il tarixli məxaric xəzinə orderinin surətindən görünür ki, X6 204 saylı müqaviləyə əsasən 29600 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 15 dekabr 2020-ci il tarixli məxaric xəzinə orderinin surətindən görünür ki, X6 204 saylı müqaviləyə əsasən 30600 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisə obyekti olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzili İddiaçı MİK-nin balansındadır. Cavabdeh ilə iddiaçı arasında sözügedən mənzillə bağlı hər hansı müqavilə yoxdur. Eyni zamanda, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş qəbz həmin daşınmaz əmlakın ümumi dəyərinin ödənilməsi kimi sübuta yetmir. Məhkəmə eyni zamanda, qeyd edir ki, İddiaçı MİK 204 saylı 15 mart 2007-ci il tarixli müqavilənin 2.1-ci bəndi ilə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilinin X2 təhvil verilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin Cavabdeh müqavilə və ya qanuni əsas olmadan İddiaçı MİK-nin balansında olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilini zəbt etdiyindən, iddiaçı müqavilə öhdəliklərini yerinə yetirə bilmir, X2 mübahisəli mənzili təhvil verə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Mənzil İnşaat Kooperativinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilindən ailə üzvləri X1 və 02.07.2005-ci il təvəllüdlü X4 ilə birlikdə çıxarılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri 03.07.2001-ci il təvəllüdlü X1 və 02.07.2005-ci il təvəllüdlü X4 ilə birlikdə İddiaçı Mənzil İstehlak Kooperativinin balansında olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 2, Dairəvi küçə, 11 saylı evin 204 saylı mənzilindən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar