Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2096/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum eddilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 71,49 saylı mənzil onun rəhmətlik yoldaşı X2 mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya MH 152778 №-li Qeydiyyat Vəsiqəsinə əsasən Yasamal rayonu, Şərifzadə küçəsi, 71 saylı evin 49 saylı mənzil adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh onun qızıdır. Həmin mənzildə Cavabdeh formal olaraq müvəqəti qeydiyyatdadır. O, 2012-ci il tarixdə evdən çıxaraq birdəfəlik Türkiyə Respublikasına köçmüş və onlarla bütün əlaqələri kəsmişdir. Cavabdeh öz atası X2 yas mərasiminə gəlməkdən imtina etmişdir. Bundan başqa o, özü yarım ildən çox yataq xəstəsi oldu. Cavabdeh bir dəfə olsun belə zəng edib onun səhhəti ilə maraqlanmadı, mənəvi dəstək olmadı. O, dəfələrlə xəstələndiyi üçün xüsusi qayğı və qulluğa ehtiyyac duyur. Qızı Cavabdeh ona baxmaqdan və qayğı göstərməkdən imtina edir, onunla əlaqə saxlamaq istədikdə isə onun və ailə üzvlərinin ləyaqətini alçaldan sözlər işlədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh 2012-ci il tarixdən ailə qurmaq məqsədilə xarici ölkəyə getmişdir. Həyat yoldaşı 3 ildir ki, vəfat etmiş, o da evi öz adına rəsmiləşdirə bilmir, çünki cavabdehin iştirakı lazımdır. Cavabdehdən isə xəbər yoxdur, sonuncu dəfə onunla danışdıqda öz payını istədiyini demişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1952-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. - Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin 4069/12 nömrəli, xx.xx.2012-ci il tarixli arayışına əsasən X4 ilə X1 arasında 27 mart 1971-ci il tarixdə nikah bağlanmış və həmin nikah 325 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. - AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Cavabdeh xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ 219486 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, bu barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, 175 nömrə ilə qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 113 saylı, 14 fevral 2025-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tələbə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə əsasən miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göstərilən Məcəllənin 1203.3-cü maddəsinə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin "məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin "vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Qeyd edilən qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından göründüyü kimi, miras qoyanın uşaqlarının, valideynlərinin və arvadının (ərinin) mirasda məcburi paydan məhrum edilə bilmələri üçün onların miras qoyana qarşı Mülki Məcəllənin 1137 və ya 1138-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verməsi mütləq müəyyən edilməlidir. Digər hallarda onların məcburi paydan məhrum edilməsi yol verilməzdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. İşdən görünür ki, cavabdeh iddiaçının qızı, yəni xx.xx.2022-ci il tarixdə vəfat etmiş ərinin övladıdır. İddiaçının əri (cavabdehin atası) xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və cavabdeh birinci növbəli vərəsədir. Hazırki iş üzrə iddiaçının irəli sürdüyü tələb cavabdehin miras əmlakdan məhrum olması barədədir və iddia tələbi belə əsaslandırılır ki, cavabdeh miras qoyanın dəfnində iştirak etməmiş, onun iradəsinin ziddinə mənəviyyatsız hərəkətlər etmiş, eləcə də iddiaçının qayğısına qalmamış, onunla maraqlanmamış, qulluq etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə məcburi pay almaq hüququndan məhrumetmə ilə bağlı konkret şərtləri müəyyənləşdirilmişdir: miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneənin törədilməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərilməsi; vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətin törədilməsi. Hazırki iş üzrə isə belə halların mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2l7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməsi tələbi barədə iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab olunaraq vərəsəlik hüququndan məhrum edilməsinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2096/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2096/2025
03.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver