Məhkəmə qərarları › İş №2(004)-210/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-210/2022

17.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-210/2022 17.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi ilə Ərizəçi daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, B.Səfəroğlu ünvanında yerləşən 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən ona məxsus ümumi sahəsi 60,8 kv.m köməkçi sahə üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnun hüquqi əhəmiyyəti olan faktın kimi tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən "xxxx" MTK ilə bağlanmış 09.02.2005-ci il tarixli müqaviləyə əsasən cavabdeh B.Səfəroğlu ünvanında tikiləcək 2 saylı binanın 1-ci mərtəbəsində yerləşən ona məxsus ümumi sahəsi 60,8 kv.m köməkçi sahəni ərizəçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə həmin sahənin dəyəri ərizəçi tərəfindən tam ödənildiyindən "xxxx" MTK tərəfindən 09.02.2005-ci il tarixli order təqdim edilmişdir. Müqavilə dəyərinin tam ödənilməsi MTK tərəfindən verilmiş 09.02.2005-ci il tarixli 371595 nömrəli mədaxil qəbzi ilə təsdiq edilir. Bakı Şəhər İcra Hakimiyyətinin 25.06.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi” haqqında dövlət qəbul komissiyasının aktına əsasən B.Səfəroğlu küçəsi 5, 7, 13 saylı ünvanda yerləşən 2 ədəd 15 mərtəbəli bina istismara qəbul edilmişdir. "xxxx" MTK-nın fəaliyyəti Vergi orqanına təqdim etdikləri ərizəyə əsasən 02.02.2018-ci il tarixdən 02.02.2023-ü il tarixədək dayandırılmışdır. Qeyd edilən ünvanda köməkçi sahə üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilməsi zamanı təqdim edilməsi tələb edilən maliyyə arayışı və MTK-nın protokolundan çıxarış "xxxx" MTK-nın fəaliyyətini dayandırması səbəbindən müvafiq sənədlərin MTK-nın möhürü ilə təsdiq edilib ərizəçiyə təqdim edilməsi mümkün olmamışdır. Qeyd edilən sahə üzərində sahiblik, istifadə və sərəncam hüququnun hüquqi əhəmiyyəti olan fakt kimi xüsusi icraat qaydasında tanınması mülkiyyət hüququna dair müvafiq çıxarış əldə edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilməsi üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı deyil və aşağıdakılara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.11.2021-ci il tarixli, **********24 saylı məktubdan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əlavə edilməlidir. Bundan başqa, qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24-cü maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin edilməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 115-ci maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər. İstinad olunan maddənin tələbinə əsasən kooperativin üzvlüyünə qəbul edilməsi və kooperativdə sahənin verilməsi kooperativ üzvlərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 111.3.3-cü maddəsinə əsasən də kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Ərizəçi onun "xxxx" MTK-nın üzvlüyünə qəbul olunması və ona köməkçi sahənin verilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarını təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş 09 fevral 2005-ci il tarixli müqaviləyə əsasən ərizəçi kooperativin üzvlüyünə kooperativin sədri ilə bağlanmış müqaviləyə əsasən qəbul edilmişdir. Halbuki Mülki Məcəllənin 111.4-cü maddəsinin tələblərinə əsasən kooperativin ümumi yığıncağının və ya müşahidə şurasının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri onlar həll edilmək üçün kooperativin icra orqanlarına verə bilməzlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : Ərizə rədd edilsin. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar