Məhkəmə qərarları › İş №2(004)-2100/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2100/2025

15.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2100/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi, Cavabdeh2nə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Su Ehtiyatları Agentliyini “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və “Regional Su və Meliorasiya Xidməti” publik şəxsi Şamaxı su və X1 idarəsinində əvvəlki işinə bərpa edilməyi, 17 dekabr 2024-cü il tarixdən hal-hazıra kimi qalan əmək haqqının ona ödənilməsi, 16 iyul 2024-cü tarixli xəbərdarlıq məktubu və 16 dekabr 2024-cü il tarixli işdən azad edilmə əmrinin əslini təqdim etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin fevral ayında "xxxx" ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin Şamaxı Sukanal sahəsinə nəzarətçi peşəsinə qəbul edilmişdir. Bu peşədə 8 il 10 ay qüsursuz işləmiş, hər gün işdə olmuş, işinin öhdəsindən layiqincə gəlmiş, heç bir töhmət və ya xəbərdarlıq almamışdır. 14 oktyabr 2024-cü il tarixdə ADSEA “Regional Su və Meliorasiya Xidməti” publik hüquqi şəxsin Şamaxı su və X1 idarəsinin yeni rəisi Əhəd Əzizov birləşmə ilə əlaqədar 2 saylı Regional Sukanal İdarəsinin X16 işçilərini yenidən işə qəbul etsə də, bəzilərinin adlarının qarşısına “imtina" sözü yazılmış siyahını Regional İdarəyə göndərərək həmin işçiləri işə qəbul etməyəcəyini bildirmişdir. Həmin siyahıda onun da adının qarşısına imtina yazılmışdır. Sonradan həmin işçiləri işə qəbul etsə də, onu qərəzli şəkildə işə qəbul etməmişdir. Buna görə, dəfələrlə Əhəd Əzizovun qəbulunda olmuş, şikayət ərizələri ilə müraciət etsə də, Əhəd Əzizov ona bildirmişdir ki, “hara istəyirsən get, kimə istəyirsən yaz mən səni işə qəbul etməyəcəm”. 17 dekabr 2024-cü ilə kimi hər gün işdə olmuş və işə davamiyyət jurnalına imza etmişdir. 17 dekabr 2024-cü il tarixdə onu qanunsuz olaraq işdən azad etmişlər. O şikayət etmişdir ki, niyə xəbərdarlıq etmədən işdən azad edilmişdir. Ona 19 dekabr 2024 - cü il tarixdə 2 saylı Regional Sukanal İdarəsinin 16 iyul 2024-cü il tarixli 101 saylı “Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” məktubunu verib bildirmişlər ki, ona həmin tarixdə xəbərdarlıq məktubu verilmiş məktub idarədə qalmışdır. O bildirmişdir ki, bu xəbərdarlıqdakı imza və xətt onun deyil. X16 rəisi Eldəniz Şeydayev bildirmişdir ki, xəbərdarlıq iyul ayından idarədə qalmışdır. ADSEA “Regional Su və Meliorasiya Xidməti” publik hüquqi şəxsin Şamaxı su və X1 idarəsinin ştat cədvəlində onun işlədiyi ştat ixtisara düşmədiyi halda onu ixtisar adı altında işdən azad etmişlər. Ona heç bir iş təklif edilməmişdir. Birinci işə o, qəbul edilməli olduğu halda qıraqdan 15-dən çox işçi işə qəbul edilmişdir. Hətta onun ştat vahidi olan nəzarətçi peşəsinə də işçi qəbul edilmişdir. O, dəfələrlə ADSEA-ya işdən qanunsuz çıxarılmağı ilə bağlı yazılı müraciət etmiş, müraciətinə cavab olaraq Agentlikdə vakansiya ilə bağlı işlər müvəqqəti dayandırıldığı, işlə bağlı Məşğulluq idarəsinə müraciət edilməsi yazılmış rəsmi məktubla cavab vermişlər. O, yenidən Agentliyə məktubla müraciət etmişdir ki, əgər yazılan kimi işə qəbul dayandırılıbsa, niyə onu işdən azad edəndən sonra qıraqdan 15-dən çox işçini işə qəbul etmisiz? Bu barədə ona heç bir cavab verilməmiş, işə bərpa edilməyi ilə bağlı 23 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının birinci vitseprezidenti Mehriban xanım Əliyevanın qəbulunda olmuş, vəziyyətini ərizə ilə birlikdə Mehriban xanıma bildirmişdir. Ona deyilmişdir ki, işinə bərpa ediləcək və eyni zamanda Administrasiyadan ADSEA-ya işə bərpa edilməyi ilə bağlı məktub da göndərilmişdir. Daha sonra 17 yanvar 2025-ci il tarixdə Quba şəhərində ADSEA sədri Zaur Mikayılovun qəbulunda olmuş, Zaur Mikayılov da bildirmişdir ki, 3 ya 4 gündən sonra əlaqə saxlanılacaq və nəticə barədə məlumat veriləcək. Lakin bu günə kimi bir zəng də edilməmişdir. Odur ki, işinə bərpa edilməklə qalan əmək haqqının alınması ilə bağlı mediasiyaya müraciət etmişdir. Cavabdeh tərəflər mediasiyaya gəlməkdən imtina etmişlər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və “Regional Su və Meliorasiya Xidməti” publik şəxsi Şamaxı Su və X1 İdarəsində əvvəlki işinə bərpa edilməyi barədə iddia tələbinin təmin olunması, 17 dekabr 2024-cü il tarixdən hal-hazıra kimi qalan əmək haqqısının ona ödənilməsi, 16 iyul 2024-cü tarixli xəbərdarlıq məktubu və 16 dekabr 2024-cü il tarixli işdən azad edilmə əmrinin əslini təqdim etmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin fevral ayında “Azərsu" ASC - nin 2 nömrəli Regional Sukanal İdarəsinin Şamaxı Sukanal sahəsinə nəzarətçi vəzifəsinə qəbul edilmişdir. Bu vəzifədə 8 il 10 ay qüsursuz işləmiş, hər gün işdə olmuş, işinin öhdəsindən layiqincə gəlmiş, heç bir töhmət və ya xəbərdarlıq almamışdır. 14 oktyabr 2024 - cü il tarixdə ADSEA “Regional Su və Meliorasiya Xidməti” publik hüquqi şəxsin Şamaxı Su və X1 İdarəsinin yeni rəisi Əhəd Əzizov birləşmə ilə əlaqədar 2 saylı Regional Sukanal İdarəsinin X16 işçilərini yenidən işə qəbul etsə də, bəzilərinin adlarının qarşısına “imtina” sözü yazılmış siyahını Regional İdarəyə göndərərək həmin işçiləri işə qəbul etməyəcəyini bildirmişdir. Həmin siyahıda onun da adının qarşısına imtina yazılmışdır. Sonradan həmin işçiləri işə qəbul etsə də, onu qərəzli şəkildə işə qəbul etməmişdir. Buna görə, dəfələrlə Əhəd Əzizovun qəbulunda olmuş, şikayət ərizələri ilə müraciət etsə də, Əhəd Əzizov ona bildirmişdir ki, “hara istəyirsən get, kimə istəyirsən yaz mən səni işə qəbul etməyəcəm”. 17 dekabr 2024 - cü ilə kimi hər gün işdə olmuş və işə davamiyyət jurnalına imza etmişdir. Beləliklə, 17 dekabr 2024-cü il tarixdə onu qanunsuz olaraq işdən azad etmişlər. O şikayət etmişdir ki, niyə xəbərdarlıq etmədən işdən azad edilmişdir. Ona 19 dekabr 2024 - cü il tarixdə 2 saylı Regional Sukanal İdarəsinin 16 iyul 2024-cü il tarixli 101 saylı “Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” məktubunu verib bildirmişər ki, həmin tarixdə xəbərdarlıq məktubu verilmiş məktub idarədə qalmışdır. O bildirmişdir ki, bu xəbərdarlıqdakı imza və xətt onun deyil. X16 rəisi Eldəniz Şeydayev bildirmişdir ki, xəbərdarlıq iyul ayından idarədə qalmışdır. ADSEA “Regional Su və Meliorasiya Xidməti” publik hüquqi şəxsin Şamaxı su və X1 idarəsinin ştat cədvəlində onun işlədiyi ştat ixtisara düşmədiyi halda, onu ixtisar adı altında işdən azad etmişlər. Ona heç bir iş təklif edilməmişdir. Birinci işə o qəbul edilməli olduğu halda, kənardan 15-dən çox işçi işə qəbul edilmişdir. Hətta onun ştat vahidi olan nəzarətçi vəzifəsinə də işçi qəbul edilmişdir. O, dəfələrlə ADSEA-ya işdən qanunsuz çıxarılmağı ilə bağlı yazılı müraciət etmiş, müraciətinə cavab olaraq Agentlikdə vakansiya ilə bağlı işlər müvəqqəti dayandırıldığı, işlə bağlı Məşğulluq idarəsinə müraciət edilməsi yazılmış rəsmi məktubla cavab vermişlər. O yenidən Agentliyə məktubla müraciət etmişdir ki, əgər yazılan kimi işə qəbul dayandırılıbsa, niyə onu işdən azad edəndən sonra qıraqdan 15-dən çox işçini işə qəbul edilmişdir? Bu barədə ona heç bir cavab verilməmişdir. İşə bərpa edilməyi ilə bağlı 23 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevanın qəbulunda olmuş, vəziyyətini ərizə ilə birlikdə Mehriban xanıma bildirmişdir. Ona deyilmişdir ki, işinə bərpa ediləcək və eyni zamanda Administrasiyadan ADSEA-ya işə bərpa edilməyi ilə bağlı məktub da göndərilmişdir. Daha sonra 17 yanvar 2025-ci il tarixdə Quba şəhərində ADSEA sədri Zaur Mikayılovun qəbulunda olmuş, o da bildirmişdir ki, 3 ya 4 gündən sonra əlaqə saxlanılacaq və nəticə barədə məlumat veriləcəkdir. Lakin bu günə kimi bir zəng də edilməmişdir. Odur ki, işinə bərpa edilməklə qalan əmək haqqının alınması ilə bağlı mediasiyaya müraciət etmişdir. Cavabdeh tərəflər mediasiyaya gəlməkdən imtina etmişlər. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ADSEA “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin 518 - K saylı “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” olan əmrinin ləğv olunması, əvvəlki işinə bərpa olunmağı və məcburi iş buraxılmaya görə ayların əmək haqqının ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddianın onlara aid hisədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 2 nömrəli Regional Sukanal İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2 nömrəli Regional Sukanal İdarəsinin X16 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçisi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 101 nömrəli “ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən bağlanmış əmək müqaviləsi 6 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilməklə, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 2 nömrəli Regional Sukanal İdarəsinin 17 dekabr 2024cü il tarixli, 518-K nömrəli “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən İddiaçı - 2 №-li Regional Sukanal İdarəsinin X16 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin "b" bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixdən ləğv edilsin. İddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən 2 №-li Regional Sukanal İdarəsində 8 il 4 ay 22 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 1.7 misli miqdarı işdənçıxarma müavinəti verilsin. xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 27 təqvim günü pul əvəzi ödənilsin. İş materiallarında olan ştat cədvəlinə əsasən 85 nəfər yenidən işə qəbul olunmuş, 8 nəfərə imtina verilmişdir. 30000263 tabel nömrəli İddiaçı imtina verilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 130 nömrəli “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xİdməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinin icrasının Tahir Xəlilova həvalə edilməsi haqqında” əmrinə əsasən

1. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası “iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini X6 həvalə edilsin. 2. Ümu mi şöbəyə (T.Kərimli) tapşırılsın ki, əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/1 nömrəli “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xİdməti” publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında” əmrinə əsasən 1. Agentliyin tabeliyindəki "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin strukturu və ştat cədvəl' təsdiq edilsin (əlavə olunur). 2. "İri Şəhərlərin Birləşmiş X28 publik hüquqi şəxsin işçilərinin say hədai 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilsin. 3.“iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ' publik hüquqi şəxsin idarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edənə (K. Həsənov) tapşırılsın: - təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində strukturuna daxil olan qurumlann ştat cədvəllərinin hazıılanması; - ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə (F.Quliyev) təqdim edilməsini; - yerləşdirilməsi mümkün olmayan işçilər barədə Əmək Məcəlləsinə uyğun tədbirlərin görülməsini; - bu əmrdən irəli gələn məsələlərin həllini təmin etsin. 5. Aparatın rəhbəri (F.Quliyev) əməkdaşların yerləşdirilməsi barədə təklifləri razılaşdırılması üçün Agentliyin sədrinə təqdim edilsin. 6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. İş materiallarında olan Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X21 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-53-2/2-İ-027/11-1/2025 nömrəli müraciətə cavab məktubuna əsasən işə qəbul üçün müraciət edən vətəndaşların, işə qəbulu zamanı ixtisasına, peşəsinə, peşəkarlıq səviyyəsi daha yüksək olan şəxslərə, şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə və qaçqınlıq statusu olan şəxslərə üstünlük verilir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 3-cü bəndinə əsasən idarə tərəfindən vakansiyalar yarandığı halda X7 Regional Məşğulluq filialına elektron qaydada məlumat verilir. Qeyd edilənləri nəzərə alaraq, işlə təmin olunmaq üçün X7 Regional Məşğulluq filialına müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X21 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-53-2/2-İ-027/xx-xx/2025 nömrəli müraciətə cavab məktubuna əsasən Şamaxı Su X1 İdarəsinin rəisi Əhəd Əzizovun işçiləri vəzifəyə təyin etmək üçün onlardan pul alması, fəaliyyətində digər nöqsan və çatışmazlıqlara yol verməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş və digər müraciətlərə X20 Xidmətində baxılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatlan Agentliyinin 27 may 2024-cü il tarixli 001/f nömrəli əmri ilə X20 Xidməti Publik Hüquqi Şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X13 İdarəsinin vəzifələr üzrə ştat vahidləri 13 avqust 2024-cü il tarixdən ixtisara düşmüşdür. X20 Xidmətinin tabeliyində olan qurumlarda, o cümlədən Şamaxı Su X1 İdarəsində də aparılmış struktur dəyişikliyinə uyğun olaraq işçilərin işə qəbulu ilə bağlı işlər həyata keçirilir. İdarədə işçilər seçilib vəzifəyə təyin olunarkən onların təhsili və ixtisasları, bilik və bacarıq səviyyələri, tutduqları vəzifəyə uyğun olubolmamaları nəzərə alınır. Şamaxı Su X1 İdarəsinin məlumatına əsasən idarəyə işə qəbul olunmaq barədə xahişi təmin olunmadığına görə idarə rəhbərliyinin müsbət işinə kölgə salmaq niyyəti daşıyan, həqiqətə uyğun olmayan hallar barədə qərəzli olaraq dövlət orqanlarına müraciətlər etdiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X21 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-53-2/2-İ-1206-1/2025 nömrəli müraciətə cavab məktubuna əsasən 2 nömrəli Regional Sukanal İdarəsinin X17 işləmiş, struktur dəyişikliyi ilə əlaqədar olaraq qanuna müvafiq qaydada bildiriş təqdim edilmiş, bildiriş müddəti bitdikdən sonra bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, 77-ci maddəsinə əsasən işdən çıxma müavinəti, eləcə də son haqq-hesabı ödənildiyi bildirilmişdir. Müraciətdə qeyd edilən digər xüsusatlarla bağlı iddialar öz əksini tapmamışdır. Eyni zamanda, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 3-cü bəndinə əsasən idarə tərəfindən vakansiyalar yarandığı halda X7 Regional Məşğulluq filialına elektron qaydada məlumat verilir. Qeyd edilənləri nəzərə alaraq, işlə təmin olunmaq üçün X7 Regional Məşğulluq filialına müraciət etməyi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X21 xx.xx.2025-ci il tarixli, 3-53-2/2-1751/2025 nömrəli sorğuya cavab məktubuna əsasən “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 №li fərmanına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh2 yaradılmışdır. Keçmiş 2№li Regional Sukanal İdarəsinin xx.xx.2024-ci il tarixli, 101 nömrəli məktubuna əsasən, “abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi” vəzifəsində işləyən İddiaçı və digər 92 (doxsan iki) işçiyə ştat vahidinin ixtisara düşməsi ilə bağlı xəbərdarlıq bildirişləri təqdim edilmişdir. 2 №li Regional Sukanal İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 518 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məlumat üçün bildirilir ki, keçmiş 2 №li Regional Sukanal İdarəsinin 92 nəfər işçisi ixtisara düşmüş, onlardan 86 nəfəri ilə X20 Xidməti publik hüquqi şəxsin Şamaxı Su X1 İdarəsi arasında yenidən əmək müqaviləsi bağlanmışdır. İddiaçı daha əvvəl X10 filialının Şamaxı poçtunun xx.xx.2001-ci il tarixli, 341 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi onunla digər işçilər arasında qiymətləndirmənin aparılması zamanı mənfi xarakterizə edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X20 Xidməti publik hüquqi şəxsin Şamaxı Su X1 İdarəsinin 28 dekabr 2024-cü il tarixdə təsdiqlənmiş ştat cədvəlinə əsasən Ştat cədvəli üzrə cəmi 142 işçi təsdiq edilmiş, fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə 5 nəfər, iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə 2 nəfər işçi ştata alınmışdır. İş materiallarında olan çıxarışa əsasən X18, X19, X8, X23, X12, X2 İdris Toğrul oğlu ilə yenidən əmək müqaviləsi bağlanılmış və onlar su kəməri təsərrüfatında nəzarətçi vəzifələrinə bərpa edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2 nömrəli Regional Sukanal İdarəsi Ucar sukanal sahəsinin 2 nömrəli Regional Sukanal İdarəsinin rəsii cənab Fərhad Heydərova ünvanladığı xx.xx.2024-cü il tarixli, 01/05 nömrəli “Ştat vahidinin ixtisarı ilə bağlı əmək müqaviləsinin ləğvedilməsinə razılıq verilməsi haqqında” müraciət məktubuna əsasən X11, X5 daxil olmuş xx.xx.2024-cü il tarixli 13-16-9- 2/2-01/3-403/2024 saylı məktubuna tərəflərindən baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 21,06.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən, 2 №-li Regional Sukanal idarəsinin əməkdaşlarının tutduqları vəzifələr üzrə ştat vahidləri ixtisara düşmüşdür. Ştat vahidləri ixtisara düşmüş işçilərin əmək müqavilələrinə xitam verilən zaman, əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin əmək müqavilələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2024-cü il tarixli 518-K nömrəli əmrlə Azərbaycan Respublikasının 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə əmək müqaviləsi ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aiddir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-nin Şamaxı Sukanal İdarəsində 2-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə 4-cü dərəcə ilə Müştəri Xidmətlər qrupunun su kəməri təsərrüfatına nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə 4-cü dərəcə ilə "xxxx" MMC-nin 2№-li Regional Sukanal İdarəsinin Şamaxı abonent işləri sahəsinin iş əmrlərinin yoxlanması, qanunsuz istifadə və debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə 4-cü dərəcə ilə 2 saylı Regional Sukanal İdarəsinin Şamaxı SKS-nin iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu mddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin 2 №-li Regional Sukanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən X16 iş əmrlərinin yoxlanılması, qanunsuz istifadə və debitor borclarla iş qrupuna 4-cü dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə X16 Abonentlərlə iş qrupuna 4-cü dərəcə ilə su kəməri təsərrüfatınında nəzarətçi peşəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən Azərbaycan Meliorasiya və X31 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. X20 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxs kimi müəyyən olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. xx.xx.2024-cü il tarixdə işəgötürən tərəfindən işçi İddiaçı rəsmi xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə əmək müqaviləsi ləğv edilmişdir. Keçmiş 2 №-li Regional Sukanal İdarəsinin 92 nəfər işçisi ixtisara düşmüş, onlardan 86 nəfəri ilə X20 Xidməti publik hüquqi şəxsin Şamaxı Su X1 İdarəsi arasında yenidən əmək müqaviləsi bağlansa da, İddiaçı daha əvvəl X10 filialının Şamaxı poçtunun xx.xx.2001-ci il tarixli, 341 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi onunla digər işçilər arasında qiymətləndirmənin aparılması zamanı mənfi xarakterizə edildiyinə görə onunla yenidən əmək müqaviləsi bağlanmamışdır. Hazırda İddiaçı “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsin 2 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli 518-K nömrli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinin ləğv olunması, əvvəlki işinə bərpa olunmağı və məcburi iş buraxılmaya görə ayların əmək haqqının ona ödənilməsi barədə qərar qəbul edilməsini tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk öncə məhkəmə qeyd edir ki, işçilərinin sayının və ştatının ixtisarı zamanı aşağıdakı şərtlər mövcud olduqda işçilərlə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır; işdə saxlanmaq üçün üstünlük hüququna riayət olunmalıdır (ƏM-in 78-ci maddəsi); işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyyən olunan əmək stajından asılı olaraq müəyyənləşdirilən müddətlərdə rəsmi xəbərdar edilməlidir (ƏM-in 77-ci maddəsi); xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir (ƏM-in 77-ci maddəsi); işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı hökmən araşdırılmalıdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli Plenum Qərarında işçilərin sayının azaldılması və ştatların azaldılması ilə bağlı qeyd olunmuşdur ki, ƏM-in 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə İddiaçı əmək müqaviləsi ləğv edilərkən, ona başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmiş, ixtisardan sonra 2 №-li Regional Sukanal İdarəsinin X17 7 nəfər nəzarətçi vəzifəsinə bərpa edilmiş, nəzarətçilərdən yalnız İddiaçı ilə yenidən əmək müqaviləsi bağlanmamış, sonradan idarədə yeni ştat cədvəli tərtib edilmiş və ştat vahidləri artırılmışdır. İddiaçının uzun illər xidmət etməsinə baxmayaraq, onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi, sonradan digər şəxslərlə əmək müqavilələri bağlanaraq onların işə götürülməsi, həmin işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2, o cümlədən 2 №-li Regional Sukanal İdarəsinin X16 hazırkı strukturu və ştat cədvəli, ştat vahidi barədə məlumatların əldə olunması ilə əlaqədar məhkəmə tərəfindən sorğu verilsə də, sorğuya cavab verilməmişdir. Bundan başqa, ƏM-in 80.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məcəllənin 80.2.-ci maddəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X5 əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmkarlar ittifaqı təşkilatı işçinin işdən azad olunmasına razılıq vermədiyi halda, işəgötürən Həmkarlar ittifaqı təşkilatının qərarı ilə razılaşmırsa və işçi ilə bağlanmış müqaviləsinin ləğv olunmasında israrlıdırsa o, bu halı əsaslandırmaqla qərar qəbul etməlidir. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı təqdim etməmiş, işəgötürənə məktub ünvanlamaqla məsələyə münasibət bildirmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 2 nömrəli Regional Sukanal İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 518-K nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X21 2 nömrəli Regional Sukanal İdarəsinin X16 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilməli və məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X21 2 nömrəli Regional Sukanal İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 518-K nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X21 2 nömrəli Regional Sukanal İdarəsinin X16 Abonentlərlə iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar