Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2116/2021 22.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4na qarşı “yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4na qarşı “yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 artıq ona məxsus olan evdən qeydiyyatdan çıxaraq öz mülkiyyətindəki Bakı şəhəri Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 10 nömrəli evin 357 nömrəli mənzilinə qeydiyyata alınmışdır. Bu səbəbdən iddia tələbinin həcmini azaldır və digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 25.07.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin ev vərəsəlik hüququ əsasında anasından iddiaçıya miras qalmışdır. İddiaçının anası X9 15.11.2018-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçının mülkiyyətində olan evdə anası X5 uzaq qohumları olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 pasport qeydiyyatında düşmüşlər. Qısa müddət orada yaşayandan sonra X1 həmin evdən köçərək getmişlər, lakin formal olaraq qeydiyyatda qalmışlar. Cavabdehlər iddiaçıya məxsus ünvan 1 ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 10 nömrəli evin 357 nömrəli mənzilində öz ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh1 iddiaçıya məxsus olan evdən qeydiyyatdan çıxaraq, öz mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, Cavabdeh1 digər ailə üzvləri arvadı Cavabdeh2, uşaqları - Cavabdeh3 və Cavabdeh4 isə iddiaçıya məxsus olan evdən qeydiyyatdan çıxmamışlar. Nəticədə iddiaçının mülkiyyət hüquqarı məhdudlaşdırır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsindəki 17 nömrəli evdə yaşamadıqları qonşuların notarial qaydada təsdiq edilmiş ərizələri ilə də təsdiq edilir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun qeydiyyatda olduqları ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş göndərilmişdir. Lakin cavabdehlər orada yaşamadığına görə bildirişi onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə 56 nömrəli MKİS tərəfindən müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun yaşadıqları Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş göndərilmişdir. Lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-in 147-ci və 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və rəsmi sənədlərdən müəyyən edilir ki, cavabdehlər iddiaçının anasının uzaq qohumları olmuşdur. Cavabdehlər iddiaçının anasının sağlığında qeydiyyata düşməklə bir müddət ünvan 1 ünvanda yaşamış və sonradan köçərək başqa ünvana getmişlər. Bununla da mübahisəli evdə yaşayış sahəsinə ehtiyaclar aradan qalxmışdır. X9 07.08.2018-ci il tarixdə vəsiyyətnamə yazaraq Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsi 17 nömrəli evini oğlu İddiaçı vəsiyyət etmişdir. X9 15.11.2018-ci il tarixdə vəfat etdikdən sonra 07.08.2018-ci il tarixli 2V-120 nömrəli vəsiyyətnaməyə əsasən 04.07.2019-cu il tarixli 2V-166 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsindəki 17 nömrəli fərdi yaşayış evi miras əmlak kimi İddiaçı mülkiyyətinə keçmişdir və 25.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli **********69-10301 reyestr nömrəli elektron çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsindəki ümumi sahəsi 43,90 kv.m olan 17 nömrəli fərdi yaşayış evi İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata qeydiyyata alınmışdır. İddiaçı mübahisəli evə mülkiyyət hüququ əldə etdikdən sonra cavabdehlər həmin evdə yaşamamış və iddiaçıya münasibətdə evə dair hər hansı hüquq əldə etməmişlər. Cavabdehlərin iddiaçının mükiyyətində olan mənzildə yaşamamaları İddiaçı Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava (H.Hüseynov) küçəsində qeydiyyatda olan qonşuları X2, X8 və X6 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrlə də təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 29.01.2020-ci il tarixli və 56 saylı MKİS tərəfindən verilmiş 17.04.2021-ci il tarixli 143 nömrəli arayışlara əsasən Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava (H.Hüseynov) küçəsindəki 17 nömrəli evdə iddiaçıdan başqa qeydiyyatda olan şəxslər arasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 16.04.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1 ünvan 4 ünvandan qeydiyyatdan çıxmışdır, cavabdehlər isə həmin evdə qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26.10.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 10 nömrəli evin 357 nömrəli mənzili Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsi 10 nömrəli evin 357 nömrəli mənzilinin mülkiyyətçisi Cavabdeh1 ailə üzvləridir. Cavabdeh1 11.10.2020-ci il tarixdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsindəki 17 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxaraq, öz mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu 3006-cı məhəllə Məmmədcəfər Cəfərov küçəsi 10 nömrəli evin 357 nömrəli mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınsa da, onun ailə üzvləri olan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus olan evdə qeydiyyatda qalmışlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus olan Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsindəki 17 nömrəli evi, daimi olaraq başqa ünvana köçmələri ilə bağlı tərk etdiklərindən, iddiaçıya məxsus olan yaşayış sahəsinə ehtiyaclar aradan qalxmışdır. Bu səbəbdən cavabdehlərin iddiaçıya məxsus evə olan istifadə hüquqlarına xitam verilməsi kompensasiya ödənilmədən mümkündür. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının ailə üzvləri deyildir, onunla birlikdə həmin evdə yaşamamışlar və iddiaçıya münasibətdə evdən istifadə hüququ əldə etməmişlər. Cavabdehlər iddiaçının anasının sağlığında həmin evdən köçüb digər yaşayış sahəsinə getdiklərinə görə, istifadə hüquqlarını getdikləri vaxtdan itirmişlər. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 29.03.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsindəki 17 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsindəki 17 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4nun Bakı şəhəri Yasamal rayonu H.Hüseynov küçəsindəki 17 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalar üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2116/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2116/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver