Məhkəmə qərarları › İş №2(004)-2120/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2120/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2120/2022 16.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “əmlak və pul, əşyaların əvəzinin ödənilməsindən imtina edildikdə cavabdehin mənzilinə tutma yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi ev 12, mənzil 6-da qalmış cəmi 11.250 (on bir min iki yüz əlli) manat dəyərində əşyalarının (Qonaq otağı mebel dəsti: tərkibi: bir ədəd stol və altı ədəd stul, televizor altı, künc divanı, dəyəri 2.500 manat, bir ədəd Samsung markalı televizor dəyəri 1.000 manat, Yataq otağı mebel dəsti: tərkibi: iki nəfərlik çarpayı, iki ədəd tumba, qarderob, dəyəri 2.000 manat, Soyuducu, “Beko” markalı dəyəri 1.100 manat, Paltaryuyan “Beko” markalı, dəyəri 400 manat, Mikrodalğalı soba “Samsung” markalı, dəyəri 300 manat, Mətbəx stolu və dörd ədəd stul, dəyəri 550 manat, Yemək qabları, qaşıq, çəngəl və bıçaqlar, dəyəri 700 manat, Paltarlar, dəyəri-500 manat) və Suvenirlər 900 manat, qadın çəkməsi -500 manat, əl çantası-800 manat,) həmin mənzilin təmirinə xərclədiyi 21.000 (iyirmi bir min) manat pulun cavabdeh tərəfindən ona geri qaytarılması, qaytarılması mümkün olmadıqda pul formasında əvəzinin cavabdeh tərəfindən ödənilməsi, cavabdeh əşyalarının və təmirə xərclədiyi pulun əvəzini ödəməkdən imtina etdikdə ona vurulmuş maddi ziyanın ödənilməsi üçün tutulmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi ev 12, mənzil 6-a yönləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Gürcüstan Respublikasinin vətəndaşıdır. Uzun müddət Avropa ölkələrində şirkətdə rəhbər vəzifələrində çalışmışdır. Valideyinləri Bakı şəhərinə köçdüyü üçün o da təxminən 2019-cu ilin dekabr ayında müvəqqəti olaraq Bakı şəhərinə köçmək niyyətinə düşmüş. Bu səbəbdən də Bakıda uzunmüddətli kirayədə qalmaq üçün ev axtarmış, bu zaman ortaq tanış şəxslər vasitəsi ilə Cavabdeh1 məxsus Bakı şəhəri,Yasamal Rayonu, Mikayıl Müşviq küçəsi, ev 12, 6 saylı mənzilə baxış keçirtmiş, mənzil təmirsiz olmasına baxmayaraq kirayə götürmək qərarına gəlmiş, buna görə də onlar cavabdehlə razılaşmışlar ki, aylıq kirayə haqqı 500 manat məbləğində müəyyən edilsin, lakin ev qismən təmirsiz olduğu üçün o, öz vəsaiti hesabına evi təmir etdirəcək və təmir haqqını kirayə haqqı ilə əvəzləşdirəcək. Buna görədə o, cavabdehin razılığı ilə evi təmir etdirmiş və təmirə 21.000 (iyirmi bir min) manat pul xərcləmiş və cavabdeh bildirmişdir ki, 42 (qırx iki) ay müddətinə buna görə ondan kirayə haqqı almayacaqdır. Evin təmiri təminən 4 ay müddətinə çəkmişdir. Həmçinin evdə normal şəraitdə yaşamaq üçün zəruri əşyalar olmadığı üçün Cavabdeh1lə razılaşmışdır ki, o, özünə məxsus əşyaları kirayə müddətində mənzilə yerləşdirir və kirayədən çıxdığı zaman əşyaları geri götürəcək. Buna görə də o, cəmi 11250 (on bir min iki yüz əlli) manat dəyərində -qonaq otağı mebel dəsti tərkibi: bir ədəd stol və altı ədəd stul,televizor altı,künc divanı:dəyəri -2.500 manat, bir ədəd Samsung markalı televizor, dəyəri -1.000 manat, yataq otağı mebel dəsti tərkibi: iki nəfərlik çarpayı, iki ədəd tumba, qarderob. dəyəri -2.000 manat, Soyuducu “Beko” markalı dəyəri -1.100 manat, paltaryuyan ”Beko”markalı, dəyəri -400 manat, mikrodalğalı soba “Samsung” markah-dəyəri -300 manat, mətbəx stolu və dörd ədəd stul, dəyəri -550 manat, yemək qabları,qaşıq,çəngəl və bıçaqlar.dəyəri-700 manat, paltarlar 1 ədəd russiya dəyəri -500 manat, suvenirlər 900 manat, qadın çəkməsi -1 ədəd-dəyəri-500 manat, əl çantası -2 ədəd dəyəri 800 manat dəyərində əşyalarını kirayədə qaldığı mənzilə gətirmişdir.Təxminən 2020-ci ilin mart ayında iki həftə müddətində o valideyninin xəstəliyi ilə əlaqədar kirayədə qaldığın evdə olmamış və valideyninin yanında qalmışdır. Evə geri qayıtdıqda Cavabdeh1 mənzilin qapısının açarlarını dəyişdiyini görmüşdür. Buna görə də o, mənzilə daxil ola bilməmiş, o Cavabdeh1 bu hərəkətinin səbəblərini soruşduqda, məntiqli heç bir cavab verməmişdir. Bundan başqa Cavabdeh1 ona mənzildəki əşyalarını və təmirə xərclədiyi pulları qaytarmaqdan imtina etmişdir. Halbuki onun kirayəyə görə heç bir borcu yoxdur. Uzun müddətdir ki, o, öz əşyalarını geri qaytara bilməmiş və bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, o, əşyalarını qaytara bilmədiyi üçün əşyalarıyla bağlı sahiblik, sərəncam və istifadə hüquqlarından istifadə edə bilmir. Bundan başqa cavabdeh onun təmirə xərclədiyi 21.000 (iyirmi bir min) manat pulu qaytarmamaqla, ona maddi ziyan vurmuşdur. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan ünvanlanmış 12.08.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Cavabdeh1 Vaqif oğlunun adına Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 12, 6 saylı mənzil 19 saylı DNK-nın 12.01,2005-ci il tarixli 4Ə/43 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 Vaqif oğlunun adına Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 0,08ha torpaq sahəsi 24.11.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir. Lakin Abşeron rayon 1 saylı DNK-nın 4Ə-03-427 reyestr nömrəli 05.05.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə məxsus mənzildə kirayədə yaşadığını, aralarında kirayə müqaviləsinin mövcud olmasını iddia ərizəsində qeyd etsə də buna dair hər hansı sübutu –kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçı onun tərəfindən cavabdehin mülkiyyətində olan mənzildə hər hansı təmir işləri aparmasını, həmin mənzildə olan əşyaların ona məxsus olmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının iddia tələbi sadəcə mülahizələrdən ibarətdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “əmlak və pul, əşyaların əvəzinin ödənilməsindən imtina edildikdə cavabdehin mənzilinə tutma yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar