Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2128/2024 10.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı alınmamış məzuniyyət pulunun verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı alınmamış məzuniyyət pulunun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1999-cu ildən başlayaraq 2019cu ilədək alınmamış məzuniyyət pulunun əvəzinin alınaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, tərəflərin nümayəndələri məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və barışıq sazişinin təsdiq olunmasını xahiş etmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" QSC arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:
1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı televiziyada işlədiyi müddət ərzində çıxmadığı məzuniyyət illərinə görə cəmi 4247 (dörd min iki yüz qırx yeddi) manatı birdəfəlik ödəməyi öz öhdəsinə götürür.
2. İddiaçı yuxarıda qeyd edilən məzuniyyət pulunu aldıqdan sonra "xxxx" QSC-yə qarşı məhkəmədə irəli sürdüyü iddia tələbindən imtina edir. İddiaçı və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı alınmamış məzuniyyət pulunun verilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.
1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı televiziyada işlədiyi müddət ərzində çıxmadığı məzuniyyət illərinə görə cəmi 4247 (dörd min iki yüz qırx yeddi) manatı birdəfəlik ödəməyi öz öhdəsinə götürür.
2. İddiaçı yuxarıda qeyd edilən məzuniyyət pulunu aldıqdan sonra "xxxx" QSC-yə qarşı məhkəmədə irəli sürdüyü iddia tələbindən imtina edir. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı alınmamış məzuniyyət pulunun verilməsi tələbinə dair 2(004)-2128/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Toğrul Axundov