Məhkəmə qərarları › İş №2(004)-2129/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2129/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2129/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin və 494,50 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəl dostluq münasibətlərdə olduğu iş üzrə cavabdeh 2017-ci ilin aprel-may aylarında Bakı şəhəri, H.Cavid prospektində "Ministerium” adlı restoranı icarəyə götürmüşdür. Cavabdeh həmin restoranın təmirinə görə onun dostu Natik Sadıqov adlı şəxsdən 120.000 ABŞ dollarını borc götürülməsi barədə xahiş etmişdir. Bu səbəbdən cavabdeh xahiş etdi ki, “gəl səni dostum Natiqlə tanış edim və sən güya həmin pul vəsaitini "xxxx" MMC-nin fəaliyyəti üçün istəyirsən və mən həmin pul vəsaitini gəlirlərlə birlikdə Natiq Sadıqova ödəyəcəyəm”. Cavabdeh dönə-dönə xahiş etmişdir ki, “Ministerium" adlı restoran və onun təmiri barədə onun dostu Natiq Sadıqova heçnə deməsin. O, cavabdehin təklifinə və sözünə inanaraq onunla razılaşdı və sonra cavabdeh onu Natik Sadıqovla tanış etmişdir. Natik Sadıqov cavabdehi dinlədikdən sonra, ona bildirmişdir ki, onun 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin olmadığı üçün 100.000 ABŞ dolları əvəzinə ona məxsus Bakı şəhəri, İnşaatçılar prospektində yerləşən yeni tikili binada 2 otaqlı mənzili və əlavə olaraq 20.000 ABŞ dollarını verə biləcəyini təklif etdi. Cavabdeh onun adından həmin təklifi qəbul edərək Natiq Sadıqovdan 20.000 ABŞ dollarını alıb guya çatdırmaq əvəzinə, həmin pul vəsaitini özünə götürmüş və eyni ilə də həmin mənzilin satışından əldə edilmiş 135.000 manatı Bakı şəhəri, Hüseyn Cavid prospektində olan “Ministerium" adlı restoranın təmirinə xərcləmişdir.Cavabdeh yenə də onu ümid etdi ki, "narahat olma bütün pulları mən sənin adından Natiq Sadıqova qaytaracam". Lakin, sonunda, cavabdeh həmin pulları Natiq Sadıqova qaytarmamış və bütün məsuliyyəti onun üstünə atmaqla, yoxa çıxmışdır. Bu səbəbdən Natiq Sadıqov məhkəmə qaydasında həmin pulu ondan tələb etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(102)-5515/2022 saylı qərarı ilə Nərimanov rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(005)-1149/2021 saylı qətnaməsi qüvvədə saxlanılmaqla, iddia ərizəsi qismən təmin edilərək ondan 120.000 ABŞ Dolları məbləğində dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla ödənilmiş 30 manat məbləğində dövlət rüsumu X3 xeyrinə tutulması və iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh 2017-ci ilin noyabr ayının 18-dən həmin restoranın açılışını həyata keçirtməklə 2018-ci ilin aprel ayı daxil olmaqla həmin restoranı işlətmişdir. Lakin, buna baxmayaraq, onun adından götürdüyü pul vəsaitini nə ona nə də Natiq Sadıqova qaytarmamışdır. Bu halı yuxarıda qeyd edilən məhkəmə qərarı təsdiq edir. Beləliklə, məhkəmə qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh götürdüyü pul vəsaitini qaytamavıb və ümumiyyətlə qaytarmaq niyyətində deyil. İşin hallarından görünür ki, həqiqətən Natiq Sadıqov tərəfindən ümümlikdə 120000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehə verilmişdir ki, həmin pul vəsaiti ona verilsin. Lakin, cavabdeh həmin pul vəsaitini aydın məsələdir ki, razılığa görə ona vermək əvəzinə yuxarıda qeyd etdiyi restoranın təmirinə xərcləmişdir. Lakin, sonra cavabdeh söz verdiyi kimi, həmin pul vəsaitini nə Natiq Sadıqova nə də ona qaytarmayıb. Baxmayaraq, ki, onun maddi durumu çox pis vəziyyətdədir, yaşamaq üçün nə onun nə də valideyninin (anası X2) şəxsi yaşayış yeri yoxdur, onun ailəsi bu işə görə dağılmış və valdeynli ilə birlikdə hal-hazırda ünvan 1 ünvanında yerləşən mənzildə kirayədə yaşayır. Cavabdehin dostu Natiq Sadıqov 24 aprel 2019-cu il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərarın 8 və 9-cu səhifəsində öz izahatında qeyd etmişdir ki, “təxminən 2-3 gündən sonra o, İddiaçıla kafedə görüşərək 20.000 dolları miqdarında pulu nəğd şəklində verərək ona bildirmişdir ki, həmin pulları, yəni ümumlikdə mənzilin dəyərinə aid olan pullarla birlikdə 120.000 dolları cəmi 1 il müddətinə ona verir və 1 ilin tamamında pulları ondan tam miqdarda geri tələb edəcəkdir". Lakin Nərimanov rayon məhkəməsində 2(005)-3716/2019 saylı iş üzrə hakim X14 oğlunun sədrliyi ilə Xanızadə Əminənin iddiasına baxılan zaman Natiq Sadıqov şahid qismində fərqli olaraq izahat verərək bildirmişdir ki, “Zaur adlı dostunun vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Samirlə razılaşmışlar ki, Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər, lakin Natiqdə 120.000 ABŞ dolları tam olmadığından əvəzində evini müvəqqəti olaraq Samirə təklif etmiş və Samirlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, "müqavilə üzrə qalan 20.000 ABŞ dollarını Zaura vermişdir ki, Samirə çatdırsın”. İş materiallarında olan 24 aprel 2019-cu il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın 13-cü səhifəsində izahatında qeyd etmişdir ki, “eyni olaraq yuxarıda göstərilən müqavilənin olmasına baxmayaraq....Natiq Sadıqovdan heç bir miqdarda pul götürmədiyini bildirmişdir.” Bundan başqa Nərimanov rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı iş üzrə hakim X14 oğlunun sədrliyi ilə Xanızadə Əminənin iddiasına baxılan zaman o, izahatında bildirmişdir ki, “o, digər cavabdeh Sənubər İsmayılovanın oğludur. Anası xəstə olduğu üçün cəmiyyətin işləri ilə müvəqqəti olaraq özü məşğul olurdu. Dostu Zaur ona təklif etmişdir ki, biznesi davam etdirmək üçün ona pul lazımdır. Əgər pul olsa Zaur icarəyə götürdüyü restoranı təmir etdirə bilər. O da Zaur adlı dostunun vasitəsilə Natiq adlı adamla tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Natiqlə danışaraq razılaşmışlar ki, Natiq 120 000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər. Natiqlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, müqavilənin bağlanması üçün 20000 ABŞ Dolları əlavə olaraq götürməmiş, dostu Zaur həmin pulu götürmüşdür. Həmin mənzili Zaurla birlikdə 135000 manata satmışlar və Zaur əldə olunan vəsaitlə restoranı təmir etdirmişdor. Zaurun adı müqavilədə göstərilməsə də, pullar Samirə çatmamış, bütün pul Zaura çatmışdır. İlkin iddia üzrə iddiaçı X8ynanasıdır". Nərimanov rayon məhkəməsində 2(005)-3716/2019 saylı iş üzrə hakim X14 oğlunun sədrliyi ilə Xanızadə Əminənin iddiasına baxılan zaman digər cavabdeh Sənubər İsmayılova izahatında bildirmişdir ki, "o Mobiskv MMC-nin təsisçisidir. Lakin sözügedən müqavilədən xəbərsiz olmuş və müqaviləni imzalamamışdır. Müqavilə bağlandığı tarixlərdə xəstə olduğu üçün möhürü müvəqqəti olaraq oğlu İddiaçı versə də belə müqavilənin bağlanmasını Zaur Yasamal rayon polis idarəsinə şikayət verən zaman onlara məlum olmuşdur”. Bundan başqa Bakı Apellyasiya Məhkəməsində 2(103)- 4467/2020 saylı iş üzrə Qurbanov Raqib Əliddin oğlunun sədrliyi ilə Xanızadə Əminənin apellyasiya şikayətinə baxılan zaman müəyyən edilmişdir ki, "belə ki, tərəflərin və apelyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş X3 izahatlarında mübahisəsiz müəyyən olunur ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi X13 İsmayılov arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin müqavilədə göstərilən 120.000 ABŞ dolları məbləğində pul vəsaiti Natiq Sadıqova məxsus olmuşdur. Eyni zamanda cavabdeh İddiaçı həmin pul vəsaitini Cavabdeh tərəfindən istifadə edildiyini, Natiq Sadıqov isə cavabdehin özünə verdiyini bildirir". Nərimanov rayon məhkəməsində 2(005)-1149/2021 saylı iş üzrə hakim X15 qızının sədrliyi ilə Natiq Sadıqovun iddiasına baxılan zaman, birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, "həmçinin Apellyasiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(103)- 4467/2020 saylı qətnaməsi ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi X13 İsmayılov arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin müqavilədə göstərilən 120 000 ABŞ dolları məbləğində pul vəsaiti Natiq Sadıqova məxsus olmuşdur. Eyni zamanda cavabdeh İddiaçı həmin pul vəsaitini Cavabdeh tərəfindən istifadə edildiyini, Natiq Sadıqov isə cavabdehin özünə verdiyini bildirir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının tələb etdiyi pul vəsaiti cavabdehlərə verilməmişdir. Belə ki, cavabdehlər həmin pul vəsaiti Cavabdeh tərəfindən qəbul edilərək icarəyə götürdüyü Bakı şəhəri, H.Cavid prospektində yerləşmiş "Ministerium” adlı restoranın təmirinə xərcləndiyindən, o, əsl cavabdeh kimi işə cəlb olunmalı və həmin pul vəsaiti ondan tutulmalıdır. İddiaçı isə pulun məhz cavabdehlərə 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə verdiyini bildirir. Bundan başqa, Nərimanov rayon məhkəməsində iddiaçı Natiq Sadıqovun iddiasına baxılan zaman, iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, 100.000 ABŞ dolları məbləğində qiymətləndirilmiş mənzil müqavilə əsasında iddiaçı tərəfindən güya verilmiş və iş üzrə hakim Solmaz Ədilova mənzilin ona verilməsi ilə bağlı müqavilənin təqdim edilməsini tələb etməsinə baxmayaraq, növbəti məhkəmə iclaslarında həmin müqavilə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə, işin həqiqi hallarından və tədqiq olunmuş sübutlardan müəyyən olundu ki, 15 avqust 2017-ci il tarixli müqavilə üzrə heçbir ödəniş olmayıb və həmin müqavilə etibarsız hesab olunub, həmin pul əvəzinə iddiaçı Natiq Sadıqov öz mənzilini təklif edib "...son nəticədə o, 2017-ci ilin avqust ayının əvvəlində həmin mənzili İddiaçı vermişdir....". Həmin mənzilin verilməsi və həmin mənzilin satılması ilə bağlı iddiaçı hər-hansı bir sübut məhkəməyə təqdim etməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1149/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla və 30 manat məbləğində dövlət rüsumunun X3 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9239/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1149/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5515/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 9239/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 3716/2019 saylı qətnaməsinə əsasən iddiaçı X4 cavabdehlər "xxxx" MMC, İddiaçı və X1 qarşı “pul” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, "xxxx" MMC-nin X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi və "xxxx" MMC ilə X9 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4467/2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3716/2019 saylı qətnaməsi ləğv edilərək iddiaçı X4 cavabdehlər "xxxx" MMC, İddiaçı və X1 qarşı “pul” tələbinə dair ilkin iddiasının təmin edilməsi, cavabdehlərdən 186000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, qarşılıqlı iddianın təmin edilməsi və "xxxx" MMC ilə X9 arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1148/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər "xxxx" MMC və İddiaçı 20000 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh oğluna ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4244/2021 saylı 05 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər "xxxx" MMC və İddiaçı 240000 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh oğluna ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-539/2022 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və "xxxx" MMC-nin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1148/2021 saylı 22 iyul 2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4244/2021 saylı 05 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdeh İddiaçı 1003,30 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, İddiaçı xalası oğludur. 120.000 ABŞ Dolları kim tərəfindən kimə verildiyini özü şəxsən görməmişdir. Zaur və Samir dost idilər, Zaur restoran icarəyə götürmüşdür. Sonradan Zaur həmin restoranı təmir etdirmək istəyirmiş, lakin pul yox idi. Samirdən xahiş etdi ki, Natiqdən onun adı olmadan pul götürsünlər. Onun yanında xahiş etməmişdir. Onlar sonradan Zauru Samirlə birlikdə axtarırmışlar. Zauru həyatda çox görmüşdür. Bu məsələ ilə bağlı yanında dəfələrlə bu barədə, yəni təmirə pul lazım olması barədə telefonla danışmışlar. Zaurun Samirə onun üçün pul götürməsi barədə xahiş etməsinin şahidi olmamışdlr. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, İddiaçı anasıdır. 47 ildir Bakı Dövlət Universitetində fəlsəfə elmləri doktoru işləyir. Oğlunun Zaur adında dostu olub, yaxın dost olublar, dəfələrlə onlara gedib-gəliblər. Bir dəfə Zaur Samirdən xahiş etmişdi ki, H.Cavid küçəsində restoran götürüb, adı "Ministerium”dur. İndiki “Cinici” mağazasının binasında icarəyə götürmüşdür, restoranı təmir etmək istəyirdi, pula ehtiyacı var idi. Zaur Samirə demişdi ki, Natiq adında dostu var, Samirin adından borc pul götürsün, sərmayeyə qoysun. Restoran haqqında Natiqin xəbəri olmamışdır. Natiqdən pulu Zaur almışdı, pulun əvəzinə ev verdi. Zaur pulu Natiqdən götürdükdən sonra restoranı təmir etdi, bahalı avadanlıqlarla təmir olundu və bir neçə ay işlədikdən sonra işlədə bilmədi. Restoranı təhvil verdi, avadanlıqları satdı, şəhərdən qaçdı, borcu da oğlu Samirin üstünə atdı. Bu məsələlərə görə oğlunun ailəsi dağıldı. Zaur Samirə demişdi ki, Natiqdən pul istəyəcək, şirkətə sərmaye qoyulsun. Həmin pul Samirin adından Zaur tərəfindən Natiqdən şirkətə sərmaye qoyulması üçün götürülmüşdür, amma sərmayə qoyulmadı, restoran təmir olundu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hamlet Daşdəmirov ifadəsində bildirmişdir ki, Samirgilin ailəsinin yaxınıdır, evlərinə gedib-gələn adamdır. Zaur və Samir yaxın dost, qardaş kimi idilər. Həmişə bir yerdə idilər. Zaur bir gün Samirə demişdir ki, H.Cavid prospektində restoran icarəyə götürmüşdür, ora üçün pul lazımdır. Zaur Natiq adında dostundan təmir üçün pul götürmək istəyir. Sonradan Zaur 120.000 ABŞ dolları Natiqdən götürmüşdür. Həmin pulu Samirin adından Zaur götürüb, restoranın təmirinə xərclənmiş, təmirdən sonra restoran 5-6 ay işləmiş, restoran da özünü doğrultmamış və bağlanmışdır, Zaur sonradan Natiqə pulu qaytara bilməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Zaurun Natiqdən pul aldığını özü şəxsən görməmiş, yəni pul götürəndə yanlarında olmamışdır, ailədaxili söhbətlərdən eşitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə ki, İddiaçı hazırda Cavabdeh 120000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ödənilməsini tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, yəni məhkəmə tərəfindən öz təsdiqini tapmamışdır. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı tərəfindən tələb olunan pul vəsaitinin Cavabdeh oğlu tərəfindən götürülməsi təqdim olunan qərarlarda və digər iş materiallarında öz təsdiqini tapmamışdır. Həmçinin şahid qismində məhkəmədə çıxış edən şəxslərin ifadələrində də 120 000 ABŞ dolları pulun Natiq adlı şəxsdən iddiaçı tərəfindən götürülən pulun cavabdehə verilməsinə dair hallar barədə məlumatlar olmadığından və müəyyən ziddiyyətlər mövcud olduğundan, şahid ifadələri iddia ərizəsindəki halları təsdiq etmədiyindən, eyni zamanda şahidlərin iddiaçı ilə yaxın münasibətlərin olmasını nəzərə alaraq mötəbər sübut kimi qiymətləndirilməməli, iddia tələbi əsassız hesab edilməli və İddiaçı Cavabdeh qarşı 120 000 ABŞ dolları məbləğində pul tələbinə iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 120 000 ABŞ dolları məbləğində pul tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar