Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2146/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Hüquq və X5” publik hüquqi şəxsə qarşı “müvafiq xasiyyətnamənin yenisi ilə əvəz edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Hüquq və X5” publik hüquqi şəxsə qarşı “müvafiq xasiyyətnamənin yenisi ilə əvəz edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya təqdim edilmiş müvafiq xasiyyətnamə əsassızdır və İddiaçı barədə həqiqə vəziyyəti əks etdirməməklə qərəzli formada tərtib edilmişdir. Odur ki, yeni xasiyyətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Hüquq və X5” publik hüquqi şəxsin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına “Hüquq və X5” publik hüquqi şəxsin hüquq təhqiqatçısı-aparıcı mütəxəssis vəzifəsində işləmiş İddiaçı barəsində tərtib edilmiş mübahisə predmeti olan xasiyyətnamə əlavə edilmişdir (məhkəmə xasiyyətnamə iş materiallarında olduğundan məzmununu qətnaməyə köçürməyi zəruri hesab etmir). İş materiallarına İddiaçı tərəfindən tərtib edilmiş görülən işlərə dair fərdi hesabat əlavə edilmişdir. İş materiallarına şahid qismində dindirilmiş X1, X6 və X2 izahatları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən, işəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə cavabdeh “Hüquq və X5” publik hüquqi şəxs arasında 01 oktyabr 2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində əmək münasibətləri mövcud olmuşdur. İddiaçı vəzifəsi Hüquqi təhqiqat şöbəsinin hüquq tədqiqatçısı (junior- Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericilik) olmuşdur. İddiaçı ixtisasca filoloqdur. Hüquq təhsili yoxdur. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, əmək münasibətləri xüsusi hüquq münasibətləri olmaqla hüquqi baxımdan tərəflərin bərabərliyinə əsaslanır. Hazırki mülki iş üzrə tərəflər arasındakı münasibətlər müqaviləyə əsaslandığından xarakter etibarilə hakimiyyət xarakterli deyildir. Mülki hüququn alt sahəsi olan əmək hüquq münasibətləri üzrə tərəflərə qarşı ayrımçılıq etmək istisna olunur. Əmək mübahisələri üzrə sübutetmə yükü işəgötürənin üzərində olsa da, hazırki iddia tələbinin mahiyyəti nəzərə alınmaqla xasiyyətnamənin əsassızlığını sübut etmək yükü iddiaçının üzərindədir. Mübahisə predmeti olan xasiyyətnamənin əsassızlığı xüsusatları müəyyən edilmir. Belə ki, xasiyyətnamə işəgötürənin qiymətləndirmə azadlığına əsasən sonuncunun hüquqi qiymətləndirmə meyarları əsasında həm forma, həm də məzmun baxımından əsaslı tərtib edilmişdir. Xasiyyətnamənin vizual öyrənilməsi zamanı müəyyən edilir ki, xasiyyətnamə üzrə işçinin həm pozitiv, həm də neqavit xüsusiyyətləri qeyd edilməklə obyektivlik meyarlarına uyğundur. İddiaçı xasiyyətnaməni mübahisələndirsə də, məhz özünün təklifini (xasiyyətnamə layihəsi) təqdim etməmiş, sadəcə xasiyyətnamə üzrə neqativ fikirlərin xasiyyətnamədən çıxarılmasını xahiş etmişdir. Məhkəmə izah edir ki, xasiyyətnamə tərifnamə olmamaqla işçi barədə işəgötürən tərəfindən verilən qiymətləndirici xarakterli hüquqi aktdır. İşəgötürənin üzərinə qeyri-legitim əsaslarla müvafiq öhdəliyin qoyulması əsaslı hesab edilə bilməz. İddiaçı tərəfindən tərtib edilmiş görülən işlərə dair fərdi hesabat məhkəməyə təqdim edilsə də, həmin hesabat üzrə qeyd olunanların həqiqiliyini təsdiq edən müvafiq sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında izahat vermiş şahidlər X1, X6 və X4 da izahat verərək xasiyyətnamənin məzmununa uyğun fikirlər bildirmişlər (izahatlar ətraflı şəkildə məhkəmə iclas protokolunda qeyd edilmişdir). Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə müstəvisində mübahisəyə baxılır. Yəni, ilk öncə tərəflər arasında mübahisə mövcud olmalıdır. Hazırki iddia tələbi üzrə mübahisənin mahiyyəti, iddia tələbi üzrə iddiaçının hüquqi və ya iqtisadi marağı qeyrimüəyyəndir. Yəni, hazırda həmin xasiyyətnamənin hər hansı işəgötörərən təqdim edilməsi və ya yeni işəgötürən tərəfindən tələb edilməsi halı müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən mübahisənin mahiyyəti üzrə əsaslandırıcı prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin sübut edilməsi icra edilməmişdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Hüquq və X5” publik hüquqi şəxsə qarşı “müvafiq xasiyyətnamənin yenisi ilə əvəz edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2146/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2146/2024
07.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver