Məhkəmə qərarları › İş №2(004)-2148/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2148/2024

22.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2148/2024 22.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Hüseynova Elnarə Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, İddiaçı cavabdeh “Hüquq və X4” publik hüquqi şəxsə qarşı “peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə dair nəticələrin surətinin təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Hüquq və X4” publik hüquqi şəxsə qarşı “peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə dair nəticələrin surətinin təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən işçi qismində iddiaçı barədə müvafiq qiymətləndirilmə aparılsa da, həmin qiymətləndirmənin nəticəsi barədə müvafiq sənəd iddiaçıya təqdim edilməmişdir. Odur ki, iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Hüquq və X4” publik hüquqi şəxsin nümayəndələri Nümayəndə və X2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına işəgötürən “Hüquq və X4” publik hüquqi şəxsi ilə hüquq təhqiqatçısı-aparıcı mütəxəssis vəzifəsində işləmiş İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən “İşçinin qarşısında qoyulmuş fərdi hədəflərə çatmaq məqsədilə işəgötürən tərəfindən altı aydan bir peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi həyata keçirilə bilər”. İş materiallarına İddiaçı tərəfindən müvafiq votsap yazışmaları əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Həmin maddənin 2-ci bəndinə əsasən, işəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə cavabdeh “Hüquq və X4” publik hüquqi şəxs arasında 01 oktyabr 2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində əmək münasibətləri mövcud olmuşdur. İddiaçı vəzifəsi Hüquqi təhqiqat şöbəsinin hüquq tədqiqatçısı (junior- Beynəlxalq ümumi və xüsusi hüquq, ətraf mühitə dair qanunvericilik) olmuşdur. İddiaçı ixtisasca filoloqdur. Hüquq təhsili yoxdur. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, əmək münasibətləri xüsusi hüquq münasibətləri olmaqla hüquqi baxımdan tərəflərin bərabərliyinə əsaslanır. Hazırki mülki iş üzrə tərəflər arasındakı münasibətlər müqaviləyə əsaslandığından xarakter etibarilə hakimiyyət xarakterli deyildir. Mülki hüququn alt sahəsi olan əmək hüquq münasibətləri üzrə tərəflərə qarşı ayrımçılıq etmək istisna olunur. Əmək mübahisələri üzrə sübutetmə yükü işəgötürənin üzərində olsa da, hazırki iddia tələbinin mahiyyəti nəzərə alınmaqla iddianı sübut etmək yükü iddiaçının üzərindədir. Məhkəmə qeyd edir ki, işəgötürən “Hüquq və X4” publik hüquqi şəxsi ilə hüquq təhqiqatçısı-aparıcı mütəxəssis vəzifəsində işləmiş İddiaçı arasında bağlanmış əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən “İşçinin qarşısında qoyulmuş fərdi hədəflərə çatmaq məqsədilə işəgötürən tərəfindən altı aydan bir peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi həyata keçirilə bilər” müddəası imperativ deyil, səlahiyyətverici xarakterlidir və müvafiq hüquq (səlahiyyət) işəgötürənə məxsusdur. Yəni, sözügedən şərt işəgötürənin üzərinə vəzifə qoymur, əksinə ona hüquq verir. Hüquqdan istifadə etmək isə hüquq sahibinə məxsusdur. Subyektin üzərinə qeyrilegitim əsaslarla öhdəliyin qoyulması istisna edilir. Tərəflər arasında əmək münasibətlərinə xitam verilməsinin əsası qismində məhz hazırki mübahisə predmeti olan müvafiq qiymətləndirilmə çıxış etsəydi, bu halda həmin qiymətləndirilmənin təqdim edilməsi xüsusatının araşdırılması həyata keçirilə bilərdi. Həmçinin, iddiaçı iddia edir ki, işəgötürən tərəfindən işçi qismində iddiaçı barədə müvafiq qiymətləndirilmə aparılsa da, həmin qiymətləndirmənin nəticəsi barədə müvafiq sənəd iddiaçıya təqdim edilməmişdir. Sözügedən arqument iş materiallarına əsasən sübuta yetirilmir, iddiaçının sübuta yetməyən mülahizəsi kimi məhkəmə tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə müstəvisində mübahisəyə baxılır. Yəni, ilk öncə tərəflər arasında mübahisə mövcud olmalıdır. Hazırki iddia tələbi üzrə mübahisənin mahiyyəti, iddia tələbi üzrə iddiaçının hüquqi və ya iqtisadi marağı qeyrimüəyyəndir. Yəni, hazırda mübahisə predmeti olan sənədin hər hansı işəgötörərən təqdim edilməsi və ya yeni işəgötürən tərəfindən tələb edilməsi halı müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən mübahisənin mahiyyəti üzrə əsaslandırıcı prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin sübut edilməsi icra edilməmişdir. Məhkəmə yalnız mülki işdə olan sənədlər əsasında qərar qəbul etməyi zəruri hesab edir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və proses iştirakçılarının izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Hüquq və X4” publik hüquqi şəxsə qarşı “peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə dair nəticələrin surətinin təsdiq edilərək iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar