Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2166/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Milli X2 və Aqrokimya İnstitutunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli X2 və Aqrokimya İnstitutuna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X2 və Aqrokimya İnstitutuna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Milli X2 və X1 və mikrogübrələr labaratoriyasında böyük lobarant vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixli 239 saylı əmrlə xx.xx.2020-ci il tarixindən əmək müqaviləsinin bitməsini nəzərə alamq qanunsuz olaraq bayram günü xitam verilmişdir. Qanunsuzluqlar barədə AMEA-nın rəhbərliyinə, Azərbaycan Respublikasının prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse prezidentinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyinə ünvanladığı şikayət ərizəsinə xx.xx.2020-ci il tarixli **********0 saylı məktubla cavab verilməsinə baxmayaraq cavab məktubu onun ünvanına çatmamış və xx.xx.2021-ci il tarixində DƏMX-nin Bakı şəhəri İdarəsinə gedərək cavab məktubunu almışdır. DƏMX-nin Bak şəhər idarəsinin cavab məktubunda onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilmədiyindən müəsissənin rəhbərliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta hüququnda protokol tərtib edildiyi və xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi bildirilmişdir. Pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməyi tövsüyə olunmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institunun direktoru tərəfindən verilmiş xx.xx.2019-cu il tarixlu 239 saylı əmrin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, 2019-ci ilin 31 dekabr ayına kimi işləmişdir. Lakin əmri isə 13 dekabrda verilmişdir. O, məcburi olaraq aylıq əmək haqqını almaq üçün işə gəlib getmişdir. Rəhbərlik onu məcbur edərək işdən çıxma barədə ərizə yazdırmış, bunun qarşılığında isə onunla bağlanmış əmək müqaviləsinin uzadılması bildirilmişdir. O, qanunsuz olaraq işindən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsi 6 ay müddətinə uzadılmışdır. Akademiyada yaş həddi yoxdur. O, bu barədə müfəttişlikdən məlumat almışdır. Müfəttişliyə müraciət etdiyi üçün cavabdeh barəsində İnzibati Protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Milli X2 və Aqrokimya İnstitutunun nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı öz ərizəsi ilə işindən azad edilmişdir. Belə ki, iddiaçı ərizə yazaraq xx.xx.2020-ci il tarixdə işdən azad edilməsini xahiş edilmişdir. Yaşları 70-dən yuxarı olan şəxslər ilə müddətli əmək müqaviləsi bağlanılır. İddiaçıda bu yaş kateqoriyasına düşdüyü üçün onunla müddətli müqavilə bağlanmışdır. Daha sonra iddiaçı ərizə ilə onlara müraciət edərək, müqavilənin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılmasını və həmin müddət bitdikdən sonra isə öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. Bundan başqa iddiaçı qanunvericliklə müəyyən edilmiş müddət keçdikdən sonra, yəni 1 il müddət keçdikdən sonra belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə İddiaçı cavabdeh Azərbaycan Milli X2 və Aqrokimya İnstitutuna qarşı iddiası üzrə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb tədqiq edərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə Azərbaycan Milli X2 və Aqrokimya İnstitunun direktoru arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Milli X2 və Aqrokimya İnstitunda böyük laborant vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 8.2-ci maddəsinin c bəndində əsasən sonuncu ilə bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixədək uzadılmışdır. - İddiaçı Azərbaycan Milli X2 və Aqrokimya İnstitunun direktoruna ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, sonuncu onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2019-cu il tarixədək uzadılmasını və xx.xx.2020-ci il tarixdən isə işdən azad edilməsini xahiş etmişdir. - Azərbaycan Milli X2 və Aqrokimya İnstitunun 239 nömrəli, xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdə bitdiyinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə baxışı zamanı cavabdeh tərəf şifahi vəsatət ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməsini xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı 1 ildən artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Azərbaycan Milli X2 və Aqrokimya İnstitunda böyük laborant vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı Azərbaycan Milli X2 və Aqrokimya İnstitunun direktoruna xx.xx.2019-cu il tarixli ərizə ünvanlayaraq, onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2019-cu il tarixədək uzadılmasını və xx.xx.2020-ci il tarixdən isə işdən azad edilməsini xahiş etmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Azərbaycan Milli X2 və Aqrokimya İnstitunun 239 nömrəli, xx.xx.2019-cu il tarixli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixdə bitdiyinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “b” bəndi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia müddətinin buraxılmasını səbəbini müxtəlif qurumlara müraciət etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə çıx surətdə bağlıdır. Vətəndşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360- 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X2 və Aqrokimya İnstitutuna qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2166/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2166/2021
19.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver