Məhkəmə qərarları › İş №2(004)-2178/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2178/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2178/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsə qarşı “ödənilmiş 4500 manat təhsil haqqının geri qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsə qarşı “ödənilmiş 4500 manat təhsil haqqının geri qaytarılması” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BDU Hüquq fakültəsinin 3-cü kurs tələbəsidir. X6 Laçın rayonundan məcburi köçkündür və ünvan 1 ünvanında məskunlaşmışlar. İddiaçının məcburi köçkün statusu olmuşdur və o, illərlə məcburi köçkün kimi verilən yardımlardan istifadə etmişdir. Universitetə qəbul olunduqdan sonra Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edərək BDU-ya təqdim etmək üçün məcburi köçkün vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin, sözügedən inzibati orqan məcburi köçkün vəsiqəsi verməkdən imtina etmişdir. İddiaçının anası X3 bununla əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddiaçıya məcburi köçkün statusu barədə vəsiqə verilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Nəticədə, iddiaçıya 24 may 2023-cü il tarixdə müvafiq vəsiqə verilmişdir. Həmin vəsiqə BDU-ya təqdim edilərək iddiaçı təhsil haqqından azad edilmişdir. Lakin, ona vəsiqə gec verildiyindən 2022-ci il üçün 4500 manat təhsil haqqını ödəmişdir. Odur ki, ödənilmiş 4500 manat təhsil haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia qaldırılmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsi məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixlıi 2- 1(118)-1008/2023 nömrəli qərarına əsasən müəyyən edilir ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə olunmuşdur. İş materiallarında olan Laçın Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, X1 və onun övladı 2005-ci il təvəllüdlü İddiaçı NKnın xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən vahid aylıq müavinət alır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixlıi 2-1(118)-1008/2023 nömrəli qərarına əsasən, İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə həvalə olunmuşdur. Yəni, iddiaçının məhz məcburi köçkün statusu “qazanılmış hüquq” olaraq öncədən deyil, sözügedən məhkəmə qərarı əsasında yaranmışdır. İddia tələbi üzrə müvafiq pul vəsaitini ödədikdən sonra məhkəməyə müraciət edərək sözügedən statusu əldə etmişdir. Həmin statusu məhkəmə qərarı əsasında əldə etdikdən sonra isə təhsil haqqında azad olmuşdur. Sözügedən məhkəmə qərarı dövlət adından qəbul edildiyindən və qanuni qüvvəyə mindiyindən onun, xüsusən gəlinən nəticələrin hüquqiliyinin mübahisələndirilməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə isə qeyd olunan şərtlərdən 1 və 2-cisi ödənilsə də, 3-cü şərt ödənilmir. Belə ki, sözügedən təhsil haqqı cavabdeh BDU-ya qanuni əsaslarla ödənilmişdir, həmin əsas sonradan da aradan qalxmamışdır. Çünki, sözügedən vəsait ödənilən zaman hüquqi baxımdan iddiaçının məcburi köçkün statusu olmamışdır, statusun məhz özü məhkəmə qərarı əsasında yaranmışdır. Laçın Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, X1 və onun övladı 2005-ci il təvəllüdlü İddiaçı NK-nın xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən vahid aylıq müavinət alması qeyd edilsə də, iddiaçıya münasibətdə hansı tarixdən etibarən sözügedən müavinətin ödənilməsi qeyd edilməmişdir. Cavabdehə münasibətdə məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə cavabdeh Elm və Təhsil Nazirliyi deyil, məhz BDU olmalıdır. Çünki, iddiaçı ilə ödənilmiş təhsil haqqına münasibətdə hüquq münasibəti məhz publik hüquqi şəxs olan BDU arasında yaranmışdır. Yəni, müvafiq təhsil ödənişi sanki təshil xidməti qarşılığında universitetin büdcəsinə ödənilmişdir. Elm və Təhsil Nazirliyinin oxşar situasiyalarda funksiyası isə məhz dövlət hesabına təhsil alan tələbələrin siyahısının Maliyyə Nazirliyinə göndərməkdən, yəni, sadəcə data təqdim etməkdən ibarətdir. Əgər məsələ həmin siyahı ilə bağlı olsa bu halda mübahisənin publik hüquq münasibətlərindən doğması nəzərə alınmaqla məhkəmə aidiyyətinin inzibati məhkəmə icraatı olması nəzərdən keçirilə bilər. Bu halda da, inzibati orqanının hərəkətlərində qanunsuzluğun olub-olmamasına hüquqi qiymət verilməsi üçün ilk öncə iddianın mümkünlüyü məsələsi qiymətləndirilməlidir. Həmçinin, cavabdeh publik hüquqi şəxs kimi BDU olsa da, məhkəmə hesab edir ki, hazırki mübahisənin kökündə publik hüquq münasibətləri deyil, məhz əsassız varlanma kimi mülki hüquq münasibətləri (xüsusi hüquq) dayanır. Çünki, ödənilən təhsil haqqı universitetlə tələbə arasındaki ödənişli təhsil, təhsil haqqının ödənilməsi ilə bağlı xüsusi hüquq münasibətlərindən (müqavilə) doğur. Yəni, tələbə təhsil haqqını ödəyir, publik hüquqi şəxs isə qarşılığında ona təhsil verir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sonuncu hüquqi mövqeyi genişləndirilməməli, məsələ “inzibati müqavilə” kontekstindən qiymətləndirilməməlidir. Çünki, KMP-nin hüquqi mövqeyi dar çərçivədən baxıldıqda məhz konkret situasiya (özünüməşğulluq və oxşar digər situasiyalar) ilə bağlı məsələdir. Sözügedən şərhin analogiya üzrə tətbiq edilərək genişləndirilməsi müvafiq situasiyalar üzrə inzibati və digər məhkəmə aidiyyatlarının (mülki, kommersiya) sərhədlərinin qarışmasına səbəb ola bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsə qarşı “ödənilmiş 4500 manat təhsil haqqının geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar