Məhkəmə qərarları › İş №2(004)-2192/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2192/2021

30.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2192/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC – nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC – yə qarşı “işə bərpa, məcburi iş buraxmaya və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC – yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC – də işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və iş vaxtından artıq vaxt ərzində görülən işə görə Cavabdeh MMC – dən 1249.44 (bir min iki yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2020-ci il tarixdə Cavabdeh MMC – də inzibatçı vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddətdə hər ay 500 manat əmək haqqı almışdır. İşlədiyi müddət ərzində şirkətin maraq və mənafelərini yüksək səviyyədə qorunub saxlanmasına xidmət etmişdir. Cavabdeh MMC onun barəsində qanunsuz və əsassız şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. İşlədiyi müddət ərzində heç vaxt iş buraxmamışdır. Lakin, cavabdeh onun heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi bəhanəsi ilə barəsində xx xxxxxx 2020-ci il tarixli 1227/K əmr qəbul etmişdir. Həmin əmr və ona məxsus əmək kitabçası yalnız onun xx xxxxxx 2021-ci il tarixdə ərizə yazması nəticəsində əldə olunmuşdur. Belə ki, sözügedən əmri xx xxxxxx 2021-ci il tarixdə poçt vasitəsilə qəbul etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş tabel jurnalından da göründüyü kimi, o, 38 gün iş vaxtından 6 saat əlavə işə cəlb olunmuşdur. Cavabdeh şirkət işlədiyi müddətdə hər gün 6 saat onu iş saatından əlavə işə cəlb etmişdir. Lakin, əmək haqqını 500 manat hesablamaqla əlavə iş saatına görə ona hər hansı əmək haqqı verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək üzrsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC – yə üzrsüz iş buraxmasını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Bununla əlaqədar İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək ondan tələb olunmuşdur ki, 3 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq sübutlarla birgə yazılı izahatını təqdim etsin. Əks halda, onunla bağlanmış X5 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada xitam verilə bilməsi nəzərinə çatdırılmışdır. Bundan sonra, İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə onun barəsində xx xxxxxx 2020-ci il tarixli 1227/K nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmr qəbul edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı 586/K nömrəli, xx xxxx 2020-ci il tarixli əmrlə Cavabdeh MMC – yə inzibatçı vəzifəsinə işə qəbul edilmişdir. Şirvan ŞPŞ tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 B ünvanında qeydiyyatdadır. İş materiallarında olan 1227/K nömrəli xx xxxxxx 2020-ci il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məclləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən, İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə xx xxxxxx 2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdən həmin günə qədər işəgötürənə heç bir məlumat vermədən, işlədiyi Cavabdeh MMC – nin “Yurdum market” mağazasına işə gəlməyərək icazəsiz iş günü buraxmışdır. Bu hal isə, onunla onunla Cavabdeh MMC arasında bağlanmış X5 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsasdır. Bununla əlaqədar ondan tələb olunmuşdur ki, 3 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq sübutlarla birgə yazılı izahatını təqdim etsin. Əks halda, onunla bağlanmış X5 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada xitam verilə bilməsi nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 108 nömrəli aktın surətindən görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək üzrsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC – yə üzrsüz iş buraxmasını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 112 nömrəli aktın surətindən görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək üzrsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC – yə üzrsüz iş buraxmasını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli 128 nömrəli aktın surətindən görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək üzrsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC – yə üzrsüz iş buraxmasını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş “X6”ində işləyən işçilərin davamiyyəti barədə tabel jurnalının surətlərindən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək hər gün jurnala imza etməklə işdə olması təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılır. Məhkəmədə müəyyən olunmuşdur ki, tərəflərin qarşılıqlı münasibətləri əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilməsi üzrə yaranan əmək mübahisəsidir və həmin mübahisə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsini tənzimləyən müddəalarına əsasən həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi əmək fəaliyyəti zamanı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi nəticəsində xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 586/K nömrəli, xx xxxx 2020-ci il tarixli əmrlə Cavabdeh MMC – yə inzibatçı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı işəgötürənə heç bir məlumat vermədən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, xx xxxxxxx 2020ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək üzrsüz iş buraxmışdır. İşçi Cavabdeh MMC – yə üzrsüz iş buraxmasını əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Yekun nəticə olaraq, 1227/K nömrəli xx xxxxxx 2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məclləsinin 70-ci maddəsinin ”ç” bəndinə əsasən, İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə xx xxxxxx 2020-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinə görə işəgötürənin hüquq və vəzifəsi olduğundan, işəgötürənin, yəni Cavabdeh MMC – nin İnsan Resursları Departamentinin direktor müavininin 1227/K nömrəli xx xxxxxx 2020-ci il tarixli əmri qanuni və əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, həmin əmrin ləğv olunması və işə bərpa ilə bağlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə, eyni zamanda iddiaçının işə hər gün vaxtında getməsi və iş günü buraxmaması, bununla bağlı məhkəməyə “X6”ində işləyən işçilərin davamiyyəti barədə tabel jurnalını təqdim etməsi ilə bağlı qeyd edir ki, İddiaçı xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək hər gün jurnala imza etməklə iş yerində olması təsdiq edilir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin xitamına səbəb isə, İddiaçı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi olmuşdur. Məhkəmə, iddia üzrə " işə bərpa " tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “məcburi iş buraxmaya və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əmək haqqının ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "işə bərpa" hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “məcburi iş buraxmaya və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əmək haqqının ödənilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Bundan başqa, Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edilir.

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd olunan norma baxımından da hesab edir ki, cavabehin rəhbərinin 1227/K nömrəli xx xxxxxx 2020-ci il tarixli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 84-cü maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmışdır, yəni, İddiaçı Cavabdeh MMC – də inzibatçı vəzifəsindən azad olunarkən işəgötürən tərəfindən onun əmək fəaliyyəti zamanı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi və onun işdən azad edilməsi barədə Cavabdeh MMC – nin İnsan Resursları Departamentinin direktor müavininin 1227/K nömrəli xx xxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi üçün əsas olmadığından İddiaçı Cavabdeh MMC – yə qarşı “işə bərpa, məcburi iş buraxmaya və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əmək haqqının ödənilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh MMC – yə qarşı “işə bərpa, məcburi iş buraxmaya və iş vaxtından artıq vaxt ərzində görülən işə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar