Məhkəmə qərarları › İş №2(004)-2203/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2203/2021

18.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2203/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat olan CavabdehSC -nin Nəzarət Ölçü Cihazları İdarəsinin Avtomatika və metrologiya şöbəsinin 8 saylı Regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri ilə, yəni onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə olan xx.xx.2021-ci il tarixli 50-k nömrəli əmrin ləğv edilməsinə və onun işə bərpa olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixində Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi Avtomatika və metrologiya şöbəsinin 8 saylı regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə təyin edilmişdir. İşlədiyi müddətdə həmişə işinin öhdəsindən layiqincə gəlmişdir. Cavabdeh təşkilatın xx.xx.2021-cı il tarixli 50-K №-li əmri ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. O, cavabdeh təşkilatın işdən çıxarma barədə verdiyi əmrlə razı deyildir. Onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin səbəbi kimi onun əmək vəzifələrini kobud şəkildə pozduğu (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri,hüquq pozuntuları nəticəsində işəgötürənin,müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) göstərilmişdir. 2020-ci ilin dekabr ayında rəhbərlik tərəfindən ona bildirilmişdir ki, onun barəsində 3 nəfər abonentdən şikayət ərizəsi daxil olmuşdur. Ərizələrlə tanış olanda görüb ki, onun barəsində deyilənlər şər və böhtandan ibarətdir, həqiqətə uyğun deyildir. Şikayət ərizəsini yazanlar onlardan xidmətə görə artıq pul aldığını göstərmişdirlər. O, şikayətçilərlə görüşüb nə üçün ona böhtan atdıqlarını soruşmuşdur. Onlar anlaşılmazlıq olduğunu bildirmişlər və məhkəmənin adına yazdıqları ərizədə hadisənin həqiqətən necə olduğunu göstərmişdirlər. Şikayət ərizəsini yazan Məmmədov Elvinin çağırışı əsasında onun evinə su xətti çəkilmiş, sayğac qoyulan vaxt onunla birlikdə mağazalara gedib 150 (yüz əlli) manat lazım olan materiallara, 50 manat fəhləyə vermişdirlər. Onun maşını ilə mağazalara getdiklərinə görə maşına 20 manatlıq benzin vurdurmuşdur. (Ev qaynanası Kərimova Natiqənin adına olduğuna görə sayğac onun adına qeyd edilib). Digər şikayətçi X1 isə ümumiyyətlə o tanımır. Onun oğlu Kamran ondan soruşub ki, su sayğacının qiyməti neçəyədir. O, da demişdir ki, 70 manatdır. O, onlara heç bir xidmət göstərməmişdir, nə də onlardan pul götürməmişdir. Şikayətçi məhkəməyə yazdığı izahatda bunu təsdiq edir. Üçüncü şikayətçini tapa bilmədiyi üçün izahatını ərizəsinə əlavə edə bilməmişdir. Məhkəmə iclasında təqdim edəcəkdir. O, idarədə yazdığı izahatda ona olan iradlara münasibətini bildirmişdir və hadisənin əslində necə olduğunu göstərmişdir. Lakin müdiriyyət onun dediklərini nəzərə almamışdır. Nəticədə onu qeyriqanuni olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ən ağır bəndi ilə işdən azad etmişdir.Həmin maddə ilə işdən azad edildiyinə görə bundan sonra onu heç yerdə işə götürməzlər. Ailəli olmaqla, himayəsində həyat yoldaşı, azyaşlı övladı vardır. Ailədə yeganə qazanc gətirən odur. Onun işdən azad edilməyi nəticəsində ailəsi acınacaqlı vəziyyətə düşəcəkdir. O, ərizədə göstərilən nöqsanlara yol verməmişdir. Əgər hər hansı bir nöqsanı varsa işə götürən ona daha yüngül inzibati tənbeh tətbiq edə bilərdi. Əgər onunla işləmək istəmirlərsə,yerinə başqa adam götürmək fikirləri var idisə o, öz ərizəsi ilə də işdən azad ola bilərdi. Çünki yuxarıda qeyd etdiyi kimi əmrdə göstərilən maddə ilə işdən azad edilsə,başqa yerdə iş tapa bilməyəcəkdir. İndiki zamanda isə iş tapmaq çox çətindir. Lakin müdiriyyət onun bu təklifi ilə razılaşmadı. Ona qarşı kimlərinsə təşkil etdiyi qərəzli şər- böhtana görə işdən azad edilməyini qanunsuz hesab edir. Bundan başqa onun işdən azad edilməyi ilə əlaqədar həmkarlar ittifaqı komitəsinin iclası keçirilən vaxtı o, xəstə olmuşdur. Bu barədə müdiriyyətə xəbər göndərsə də iclas onun iştirakı olmadan keçirilmişdir. Onun özünü müdafiə etmək və izahat vermək hüququ pozulmuşdur. İşəgötürən əsil həqiqətin üzə çıxarılması üçün olanları hərtərəfli araşdırmamış onunla bağlanmış müqaviləni ləğv etmişdir. Ona görə də idarənin əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-cı il tarixli 50-K №-li Əmri ləğv olunmalıdır. Göstərilənlərə əsasən cavabdeh təşkilat olan Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin Avtomatika və metrologiya şöbəsinin 8 saylı Regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri ilə, yəni onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə olan xx.xx.2021-ci il tarixli 50-k №-li əmrin ləğv edilməsinə və onun işə bərpa olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iş əmrlərinin yerinə yetirilməsindəki nöqsanlarını və abonentlərin bəzilərindən kiçik məbləğlərdə pul aldığını qəbul edir, lakin həmin məbləğləri sayğacların və onların nasaz hissələrinin alınması üçün götürmüş, həmin məbləğlərdən ona da sayğacları təmir etdiyi üçün və ya abonent tərəfindən hörmət kimi qalırmış. Eyni zamanda bildirdi ki, onda koronivirus aşkar edilmiş, dekabr ayının 29-dan yanvar ayının 23-nə kimi xəstə olmuş, Həmkarlar İttifaqı Komitəsinin iclası barədə məlumat verilmiş, Bakıya iclasın mahiyyəti barədə məlumat verilməsə də, dəvət edilmişdir, bu səbəbdən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixində İddiaçıla bağlanmış əmək müqaviləsi ilə o, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi Avtomatika və metrologiya şöbəsinin 8 saylı regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul olunmuşdur. Yaqub işlədiyi müddət ərzində öz işinə məsuliyyətsiz yanaşmış, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmamışdır. Belə ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Avtomatika və Metrologiya şöbəsinin mütəxəssisləri tərəfindən NÖC İdarəsi 8 nömrəli RSK İdarəsi üzrə işçi qrupun iş fəaliyyəti yoxlanılmış və yoxlama nəticəsində İddiaçı iş fəaliyyətində nöqsanlar aşkar edilmiş və bu səbəbdən onun barəsində xx.xx.2020-ci il tarixdə 142 nömrəli Əmrlə barəsində Şiddətli töhmət elan edilmiş, bundan sonra xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə8 nömrəli RSK İdarəsi üzrə işçi qrupun iş fəaliyyəti yenidən yoxlanılmış, bu yoxlama nəticəsində iddiaçının iş əmrlərinin icrası zamanı ciddi nöqsanlara yol verməsi aşkarlanmışdır. Onun barəsində, eyni zamanda, abonentlərdən sayğaclarla quraşdırılması ilə və vəzifə səlahiyyətlərini aşaraq pul istənilməsi barədə də şikayət ərizələri daxil olmuş, həmin şikayətlər əsasında xidməti araşdırma aparılmış, yol verilmiş nöqsanlar öz təsdiqini tapmışdır. İddiaçı barəsində toplanmış xidməti məlumatlar X3 Komitəsinə iddiaçının AR ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsi ilə bağlı İdarə rəisi tərəfindən təqdimat verilmiş, xx.xx.2021-ci il tarixdə keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin iclası barədə rəsmi məlumat verilmiş, iddiaçı xəstə olduğunu bildirmiş, daha sonra xx.xx.2021-ci il tarixdə keçiriləcək iclas barədə məlumat verilmiş, lakin iddiaçı yenidən iştirak etməmiş və xx.xx.2021-ci il tarixdə keçirilmiş iclas barədə məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin 8 saylı Regional SKİ üzrə SCQT və İN qrupunun Şəmkir SKS üzrə NÖC və avtomatika üzrə çilingəri İddiaçı tərəfindən əmək və icra intizamının pozulmasının araşdırılması haqqında HİK-nin sədri, HİK-nin üzvləri və hüquq məsləhətçisi olaraq onun iştirakı ilə iclas keçirilmiş, araşdırma aparılmış və işçi İddiaçı tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində istehsalatın, əmək və icra intizamının normal ahənginin pozulmasına gətirib çıxarması səbəbindən onunla əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. Hesab edir ki, əmrin ləğv edilməsinə heç bir əsas yoxdur. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli Ə-312/2020 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı arasında hər ay 388 (üç yüz səksən səkkiz) manat məbləğində əmək haqqı ödənilmək şərti ilə, 01 (bir) il müddətinə İdarənin 8 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması təmiri və İstismarına nəzarət qrupunun Şəmkir Sukanal sahəsi üzrə 4-cü dərəcə ilə nazarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin xx.xx.2020-ci il tarixli 329 K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən 8 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması təmiri və İstismarına nəzarət qrupunun Şəmkir Sukanal sahəsi üzrə 4-cü dərəcə ilə nazarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş xxxxxxxOOO600 nömrəli xx.xx.2020-ci il tarixli “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi birdirişi”ndən və həmin bildirişin qeydiyyata alınması barədə məlumatdan görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli Ə-312/2020 nömrəli əmək müqaviləsielektron informasiya sistemində qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Xidməti məlumatdan müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixində Şəmkir rayonu, Rüstəm Əliyev küçəsində yaşayan Bəxtiyar Cəfərovdan smart tipli su sayğacını mexanikiyə keçirtmək üçün 15(on beş) manat pul istəmişdir. Bu faktla bağlı izahatında İddiaçı peşman olçluğunu və bir daha belə nöqsanlara yol verməyəcəyini bildirmişdir. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində sayğac bərpa olundu qeyd etmiş, lakin sayğac üzərində heç bir əməliyyat aparılmamışdır. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində sayğac mexanikiyə keçirildi qeyd edilib, lakin sayğac üzərində heç bir əməliyyat aparılmayıb və iş əmri tam doldurulmayıb. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində sayğac bərpa olundu qeyd etmişdir. Lakin sayğac mənfiyə işləyir, klapanı işləmir. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində motor və batareya çıxarıldı (mexanikiyə keçirildi) qeyd edilib. Lakin baxış zamanı məlum olmuşdur ki, bu əməliyyatlar icra edilməmişdir. ******* saylı (37 Smartkart tipli su sayğacının təmiri) iş əmrində sayğac bərpa olundu qeyd etmişdir. Lakin sayğac mənfiyə işləyir, klapanı işləmir. ******* iş əmrində sayğac mexanikiyə keçirildi qeyd edilib, lakin sayğac üzərində heç bir əməliyyat aparılmamışdır, sayğac mənfiyə işləyir. Bu faktlarla bağlı verdiyi izahatda İddiaçı qeyd edilmiş nöqsanları qəbul etmiş, bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin xx.xx.2020-ci il tarixli 142 nömrəli əmrindən görünür ki, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin 8 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması təmiri və İstismarına nəzarət qrupunun Şəmkir Sukanal sahəsi üzrə 4-cü dərəcə ilə nazarət-ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” elan edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Cavabdeh ASC NÖCİ-nin mühəndisləri Ayxan Nəbiyev və Fariz Hacıyev tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, çilingər İddiaçı abonenti məlumatlandırmadan və ünvana yaxınlaşmadan su sayğacını baza üzərindən mexaniki hissəyə çevirmişdir. Sayğacın motor və bateriyalarını sökməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli Cavabdeh ASC NÖCİ-nin mühəndisləri Ayxan Nəbiyev və Fariz Hacıyev tərəfindən tərtib edilmiş aktdan və İddiaçı xx.xx.2020-ci il tarixli izahatından məlum olur ki, Şəmkir rayonu N.Nərimanov küçəsində su sayğacına baxış keçirilərkən qüsur aşkar edilmiş və çilingər İddiaçı bir daha belə halları təkrarlamayacağını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Xidməti məlumatdan məlum olur ki, avtomatika və metrologiya şöbəsinin mühəndisləri tərəfindən xx.xx.2020ci il tarixindən xx.xx.2020-ci il tarixinədək yoxlama aparılmış və İddiaçı tərəfindən iş əmrlərini icra edərkən nöqsanlara yol verdiyi aşkar olunmuşdur. Belə ki, ünvan 1 ünvanında icra etdiyi ******* saylı (37 smart-kart tipli su sayğacının təmiri) İş əmrdə “ünvanda olan smart tipli su sayğacın batereyasını tərəfimizdən sayğac bərpa olundu” kimi qeyd aparmışdır. Lakin sayğac mexanikiyə keçirilməmiş və İş əmri də düzgün doldurulmamışdır. Bundan əlavə, Şəmkir şəhəri, F.Əmirov küçəsi , ev 1/B ünvanında icra etdiyi ******* saylı (37 smart-kart tipli su sayğacının təmiri) İş əmrdə “ünvanda olan smart tipli su sayğacın elektron hissəsi işləmədiyi üçün mexaniki hissəyə çevrildi” kimi qeyd aparmışdır. Lakin sayğac mexanikiyə keçirilməmiş, motor və bateriyası sökülməmişdir. Daha sonra Şəmkir şəhəri, Məmmədəli Əhmədov ünvanında yaşayan Abonent Bədirov Vəkilə məxsus su sayğacının gövdəsi dağıldığı üçün dəyişdirilməsinə ehtiyac yaranmışdır. İddiaçı Abonent Bədirov Vəkildən yeni sayğac quraşdırması üçün 60(altmış) manat almışdır. Ünvanda quraşdırılmış yeni sayğac və plomb baza üzərində qeydiyyata salınmamışdır. Sanra ünvan 4 ünvanında yaşayan X4 xx.xx.2020-ci il tarixində NÖCİ-nə ərizə ilə müraciət etmişdir. Şamama İsayeva su sayğacının təmir edilməsi məqsədi ilə İddiaçı zəng edərək dəvət etmişdir. İddiaçı isə təmir məqsədi Şamama İsayeva ilə 20 (iyirmi)manat almışdır. Səhəri gün ehtiyyat hissə almaq adı ilə daha 20 (iyirmi) manat almış və ssayğacı təmir etmişdir. Təxminən 2(iki) ay sonra sayğac yenə də su buraxmağa başlamışdır. Şamama İsayeva yenə İddiaçı zəng etmişdir. İddiaçı sayğacı söküb aparmış, yerinə mexaniki sayğac gətirmişdir. Şamama İsayeva etiraz edərək smart-kart tipli sayğac istəmişdir. İddiaçı isə bildirmişdir ki, smartkart tipli sayğac 120(bir yüz iyirmi) manatdır, sən 40 (qırx)manat verdiyini 60 (altmış) manat da verməli olduğunu bildirmişdir. Şamama İsayeva 60 (altmış) manat da verdikdən sonra İddiaçı sayğac gətirib quraşdırılmışdır. Lakin sayğacın kartını Abonentə təqdim etməmişdir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aparılmış yoxlamada Abonentlərin Şikayət ərizələri araşdırılmışdır. Belə ki, ünvan 5 ünvanında qeydiyyatda olan ünvan 6 X5 xx.xx.2020-ci il tarixində Ərizə ilə NÖCİ-nə müraciət etmişdir. X13 Əmiraslanovun təxminən 6(altı) ay əvvəl su sayğacını təmir etmək üçün 30(otuz) manat pul aldığını bildirib. Həmçinin bu ərizəni yazdığı tarixədək sayğacının təmir olunmadığını qeyd etmişdir. Bundan başqa, ünvan 7 ünvanında yaşayan X6 xx.xx.2020-ci il tarixində NÖCİ-nə Ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, evinin su sayğacı ilə təmin edilməsi üçün İddiaçıla danışaraq, ona 200 (iki yüz) manat vermişdir. İddiaçı sayğac quraşdırmış, lakin plomb vurmamışdır. Faktı təsdiq etmək üçün xx.xx.2020-ci il tarixində ünvan 7 ünvanında İddiaçı quraşdırmış olduğu sayğaca baxış keçirildi və müvafiq qaydada Akt tərtib edilmişdir. Həmin sayğacın haradan və necə şəraitdə əldə olunması ilə bağlı məlumat yoxdur. Çünki “Metlab” markalı sayğacların quraşdırılması və satışı dayandırılmışdır. Yoxlama nəticəsində sayğacın işləmədiyi aşkarlanmışdır. Bundan əlavə, ünvan 8 ünvanında yaşayan X2 xx.xx.2020-ci il tarixində NÖCİ-nə Ərizə ilə müraciət etmişdir. Təranə Hüsenova ünvanında quraşdırılmış su sayğacının xarab olduğunu və bu səbəblə İddiaçı müraciət etdiyini bildirdi. İddiaçı ondan sayğacın təmir etmək və ya yenisi ilə dəyişmək bəhanəsi ilə 70(yetmiş) manat aldığını qeyd etmişdir. Həmin söhbətdən təxminən 1(bir) ay keçməsinə baxmayaraq, İddiaçı nə sayğacı təmir etmədiyi, nə yeni sayğac gətirmədiyini nə də pulunu qaytarmadığını bildirmişdir. Faktı təsdiq etmək üçün xx.xx.2020-ci il tarixində ünvan 8 ünvanında 00111053 nömrəli sayğaca baxış keçirildi və müvafiq qaydada Akt tərtib edildi. Həmin sayğacın işləmədiyi aşkarlandı. Akt tərtib edilərkən X12 Əmiraslanova 70(yetmiş) manat verdiyini bir daha bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 49 nömrəli təqdimatından görünür ki, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin rəisi, həmin X3 Komitəsinin sədrinə, işçi İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi haqqında xx.xx.2021-ci il tarixində təqdimat göndərmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin 8 nömrəli Regional Sukanal idarəsi üzrə Suölçən cihazların quraşdırılması təmiri və İstismarına nəzarət qrupunun Şəmkir Sukanal sahəsi üzrə 4-cü dərəcə ilə nazarət-ölçü cihazları və avtomatika üzrə çilingəri İddiaçı xx.xx.2021-ci il tarixində keçiriləcək Nəzarət Ölçü Cihazları İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət edilmişdir. İş materiallarına əlavə olunmuş 8 nömrəli Regional Sukanal üzrə fakturalanma qrup rəhbəri Elçin İsmayılov, Şəmkir SKS-nin rəisi Hafiz Məmmədov, Şəmkir SKS-nin fakturalanmanın mühəndisi İsmayıl Nəcəfov və çilingər İddiaçı tərəfindən imzalanmış aktın surətindən məlum olur ki, İddiaçı xx.xx.2021-ci il tarixində Həmkarlar Komitəsinin iclasında iştirak etməsi barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 03 nömrəli Protokoldan müəyyən olur ki, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin 8 saylı Regional SKİ üzrə SCQT və İN qrupunun Şəmkir SKS üzrə NÖC və avtomatika üzrə çilingəri İddiaçı tərəfindən əmək və icra intizamının pozulmasının araşdırılması haqqında HİKnin sədri, HİK-nin üzvləri və hüquq məsləhətçisi olaraq onun iştirakı ilə iclas keçirilmiş, iclasda avtomatika və metrologiya şöbəsinin mühəndisləri tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aparılmış yoxlamalar araşdırılmış, İddiaçı aşağıdakı iş əmrlərini icra edərkən nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Abonentlərdən daxil olmuş çoxsaylı şikayətlərin araşdırılması üçün Hüquq məsləhətçisi Nümayəndə və Fakturalamanın icrası şöbəsinin mühəndisi Qurbanalı Alıyev ilə birlikdə 8 saylı Regional SKİ, Şəmkir SKS-də ezamiyyətdə olmuşdurlar. Daxil olmuş şikayətlər ilə bağlı abonentlərin iştirakı ilə müvafiq qaydada Aktlar tərtib etmişdirlər. Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsinin Həmkarlar komitəsinin xx xxxxxx 2021-ci il tarixdə keçirilən iclasında çilingər İddiaçı tərəfindən əmək və icra intizamının pozulması araşdırılmışdır. İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə xx.xx.2020-ci il tarixində 142 nömrəli Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” verilmişdir. Yekun nəticə olaraq işçi tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində Cavabdeh ASC-nin, Nəzarət Ölçü Cihazları İdarəsinin, 8 saylı Regional SKİ üzrə SCQT və İN qrupunun Şəmkir SKS üzrə NÖC və avtomatika üzrə çilingəri İddiaçı Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin xx.xx.2021-ci il tarixli 50 K nömrəli əmrindən görünür ki, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2021-ci il tarixdən ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş X2 və Elvin Mamedov tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarına əlavə olunmuş Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli evdə müşahidə edilməyə dair iltizamdan görünür ki, İddiaçı evdə müşahidəyə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixində İddiaçıla bağlanmış əmək müqaviləsi ilə o, Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi Avtomatika və metrologiya şöbəsinin 8 saylı regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul olunmuşdur. Aparılmış yoxlamalar nəticəsində İddiaçı iş əmrlərini icra edərkən nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Abonentlərdən daxil olmuş çoxsaylı şikayətlər araşdırılaraq abonentlərin iştirakı ilə müvafiq qaydada aktlar tərtib edilmişdir. İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə xx.xx.2020-ci il tarixində 142 nömrəli Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” verilmişdir. Həmkarlar komitəsinin xx.xx.2021-ci il tarixli iclasında Cavabdeh ASC-nin, Nəzarət Ölçü Cihazları İdarəsinin, 8 saylı Regional SKİ üzrə SCQT və İN qrupunun Şəmkir SKS üzrə NÖC və avtomatika üzrə çilingəri İddiaçı tərəfindən əmək və icra intizamının pozulması araşdırılmışdır. Yekun nəticə olaraq işçi tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində Cavabdeh ASC-nin, Nəzarət Ölçü Cihazları İdarəsinin, 8 saylı Regional SKİ üzrə SCQT və İN qrupunun Şəmkir SKS üzrə NÖC və avtomatika üzrə çilingəri İddiaçı Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. - 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. İşin araşdırılmış halları ilə təsdiq olunur ki, İddiaçı əmək və icra intizamı dəfələrlə pozmuş, iş əmrlərini icra edərkən nöqsanlara yol vermişdir. İşçi tərəfindən əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsinə dair cavabdehin irəli sürdüyü arqumentlər əsaslı olmuşdur. Belə ki, İddiaçı özüdə tərtib edilmiş aktlara imza etməklə, akta əlavə olunmuş izahatında, eləcə də məhkəmə iclasında şikayətlərlə bağlı ona yönəldilmiş nöqsanları qəbul etmiş, bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Bundan əlavə Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin xx.xx.2020-ci il tarixli 142 nömrəli əmri ilə onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla “Şiddətli töhmət” elan edilmişdir. Lakin barəsində verilmiş həmin Əmrdən sonra da, o, yenidən əmək funksiyasını düzgün yerinə yetirməməkdə davam etmiş, barəsində xidməti araşdırma aparılmış, yenidən nöqsanlar müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, iddiaçının Həmkarlar ittifaqı Komitəsinin iclasının keçirildiyi vaxt xəstə olmasını əsaslandıran faktiki hallar mövcud olmamışdır. xx.xx.2021-ci il tarixində keçiriləcək Nəzarət Ölçü Cihazları İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclasına dəvət edilmişdir. Bu barədə onun iştirakı ilə akt tərtib edilmiş və o özü həmin aktı imzalamışdır. Məhkəmə iclasında da İddiaçı xx xxxxxx 2021-ci il tarixinədək xəstə olduğunu, Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilərkən artıq sağaldığını və həmin iclaslar barədə məlumatı olduğunu bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmışdır, yəni, İddiaçı Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin Avtomatika və metrologiya şöbəsinin 8 saylı Regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun Şəmkir sukanal sahəsi üzrə nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsindən azad olunarkən işəgötürən tərəfindən onun əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi ilə müşaiyət olunan hərəkətləri ilə əlaqədar əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilməsi və onun işdən azad edilməsi barədə Cavabdeh ASCnin Nəzarət Ölçü Cihazları İdarəsinin xx.xx.2021-ci il tarixli, 50K nömrəli əmrinin ləğv edilməsi üçün əsas olmadığından İddiaçı işə bərpa barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli 50-k nömrəli əmrin ləğv edilməsivə işə bərpa olunması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar